Konstitusiya islahatı ictimai maraqların diktə etdiyi obyektiv zərurətdir

 

İnsan hüquq və azadlıqlarının təminatı qloballaşan dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi, hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarına çevrilmişdir. Qloballaşan dünyada hər bir dövlətin beynəlxalq münasibətlər sisteminə qatılması, maraq və mənafelərini hüququn verdiyi imkanlar hesabına təmin etməsi, sivil birgəyaşayış normaları ilə tənzimlənən dünya siyasətində iştirakı ilk növbədə onun daxili siyasətindən, demokratik normalara, insan hüquq və azadlıqlarına necə əməl etməsindən asılıdır. Bu gün iqtisadi, siyasi və sosial inkişaf səviyyələrinin müxtəlifliyinə, liberal dəyərlərin mənimsənilməsi göstəricilərinin fərqliliyinə baxmayaraq, demək olar ki, bütün ölkələr insan haqlarına sadiqliklərini birmənalı bəyan etmişlər.

Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyərək ciddi uğurlara imza atan müstəqil Azərbaycanın ictimai-siyasi həyatında da özünə möhkəm yer tapmışdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim nəzarətdə saxlamışdır.

Bir ictimai-iqtisadi formasiyadan digərinə keçidlə bağlı Azərbaycanda yeni iqtisadi və siyasi-hüquqi münasibətlər sisteminin formalaşması paralel olaraq respublikada demokratik cəmiyyətin mühüm atributu olan, vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu, vətəndaşların layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyanın qəbulunu da ciddi zərurətə çevirmişdi. Bu reallığı düzgün dəyərləndirən ümummilli lider Heydər Əliyev dövlətin təməlinin möhkəm hüquqi əsaslar üzərində qurulması üçün, ilk növbədə, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanaraq qəbul edilməsini vacib saymışdır.

1995-ci ilin iyulunda yaradılmış Konstitusiya Komissiyasının iclasında çıxış edən ulu öndər Heydər Əliyev dəyərli tövsiyələrini, məsləhətlərini vermiş, Əsas Qanunun hazırlanmasında həm ölkənin tarixi keçmişindən, milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, demokratik dövlətlərin təcrübəsindən istifadəni mühüm vəzifə kimi irəli sürmüşdür. 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası da məhz bu mütərəqqi ideyalara - müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, xalqın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.

İlk milli Konstitusiyanın preambulasında dövlətin müstəqilliyinin və suverenliyinin qorunması, hüquqi, demokratik quruluşa təminat vermək, hüquqi dövlət qurmaq, insan hüquqlarının təminatlı müdafiəsinə, vətəndaş cəmiyyətinə nail olmaq kimi mühüm vəzifələr bəyan edilmişdir. Əsas Qanunda Azərbaycanın demokratik yolla inkişafının qaçılmaz olduğunu nəzərdə tutan şərt ali hakimiyyətin xalqa məxsus olmasının birmənalı şəkildə təsbit edilməsidir. Eyni zamanda, Konstitusiyada öz müqəddəratını sərbəst və müstəqil müəyyənləşdirmək Azərbaycan xalqının suveren hüququ kimi qeyd olunur. Mühüm məsələlərdən biri də xalqın hüquq və mənafeləri ilə bağlı hər bir məsələnin referendum yolu ilə həll edilməsi və xalqı təmsil etmək hüququnun yalnız onun seçdiyi nümayəndələrə verilməsidir.

Konstitusiyanın yüksək məziyyətləri insan və vətəndaş hüquqlarının kifayət qədər aydın və sadə şəkildə təsbit olunması və bunun dövlətin ali məqsədi elan edilməsidir. Konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan hüquq və azadlıqlarının qorunması Azərbaycan dövlətinin ali məqsədidir. Ümumilikdə, Konstitusiyada əksini tapmış maddələrin üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması da bu reallığı bir daha təsdiqləyir. İnsan hüquqlarına belə həssas münasibət inkişaf etmiş bir sıra dövlətlərin konstitusiyalarında bu dərəcədə aydın, dəqiq və genişliyi ilə əksini tapmamışdır. Məhz bu keyfiyyətlərinə görə Əsas Qanunumuz dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların, təcrübəli ekspertlərin diqqətini çəkmişdir. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmünün ləğv edilməsi, az sonra - iyunun 18-də isə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı Dövlət Proqramının qəbul edilməsi bu ali məqsədlərin bir daha təsdiqi olmuşdur. Konstitusiya ali hüquqi sənəd olaraq respublikada yeni dövrün tələbləri ilə uzlaşan məhkəmə-hüquq islahatlarının aparılmasını da təmin etmişdir.

"Məhkəmələr və hakimlər haqqında" Qanunun qəbulu ilə bu sahənin müasirləşdirilməsi, üçpilləli məhkəmə sisteminin formalaşdırılması, hakimlərin test üsulu ilə, şəffaf və demokratik şəraitdə seçilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

İctimai münasibətlərin dinamik inkişafı - sosial-iqtisadi tərəqqinin başlanması, ölkənin siyasi və hüquqi sisteminin əhəmiyyətli dərəcədə təkmilləşməsi, Avropa Şurasına üzvlüklə əlaqədar Avratlantik məkana inteqrasiyanın sürətlənməsi və digər mühüm yeniliklərin Əsas Qanunda adekvat əksini tapması məqsədilə hələ 2002-ci il avqustun 24-də Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendum keçirilmişdir. Bu referendumun nəticəsi kimi Konstitusiyaya insan hüquq və azadlıqlarının daha səmərəli təminatına xidmət edən, obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilmişdir.

Bunlar proporsional seçki sisteminin ləğvini, müstəsna hallarda ölkə Prezidentinin səlahiyyətlərinin Baş nazirə keçməsini, eləcə də prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu - "50 faiz +1 səs" prinsipi ilə hesablanmasını nəzərdə tuturdu. Konstitusiya islahatı həmçinin hökumətin Milli Məclis qarşısında hesabatla çıxış etməsi, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsi, respublika Prokurorluğunun qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinə malik olmasını, hər kəsin Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması kimi vacib məsələləri əhatə etmişdir.

Ötən 7 il Konstitusiyaya əlavə və dəyişikliklərin cəmiyyət üçün müstəsna əhəmiyyətini, faydasını təsdiqləməklə yanaşı, bu sahədə dövrün tələbi ilə səsləşən bəzi islahatların aparılmasını obyektiv zərurətə çevirmişdir. 2003-cü ildən Azərbaycanda demokratik transformasiyanın yeni mərhələsinin başlanması, hüquqi, siyasi və iqtisadi islahatların paralel şəkildə aparılması, cəmiyyətdə siyasi mədəniyyətin, demokratik təfəkkürün güclənməsi, ən əsası isə vətəndaşların həyat tərzində əhəmiyyətli müsbət dəyişikliklərin qabarıq duyulması keyfiyyətcə yeni mərhələdə Konstitusiyaya müəyyən pozitiv əlavə və dəyişikliklərin edilməsinə yaranmış sosial ehtiyacı da qabarıq şəkildə üzə çıxarır.

Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı 2009-cu il martın 18-nə təyin olunmuş ümumxalq səsverməsi də məhz ölkədə həyata keçirilən hərtərəfli islahatların demokratik, liberal mahiyyətindən irəli gəlir.

Əsas Qanuna təklif edilən əlavə və dəyişikliklərin böyük əksəriyyətinin insan hüquq və azadlıqları ilə bağlı olması onların mütərəqqi mahiyyətini bir daha sübuta yetirir. Konstitusiyanın 12-ci, 15-ci və 17-ci maddələrinə təklif edilən əlavə və dəyişikliklər daha çox Azərbaycanın üstünlük verdiyi sosial yönümlü siyasətin uğurlu nəticələrinin təmini, habelə uşaq hüquqlarının qorunması istəyindən irəli gəlir. Məsələn, 12-ci maddəyə təklif olunan dəyişikliyə görə, insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi" də dövlətin ali məqsədi kimi təsdiq edilir. Bu bir daha göstərir ki, Azərbaycan azad bazar iqtisadiyyatı yolunu seçməsinə rəğmən, sosial yönümlü siyasətə üstünlük verir, hər bir vətəndaşın sosial ehtiyaclarının dolğun şəkildə ödənməsinə hesablanmış siyasət yürüdür. 15-ci maddənin II hissəsinə təklif edilən dəyişikliyə görə isə Azərbaycan dövləti bazar münasibətləri əsasında "sosial yönümlü" iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

32-ci maddəyə təklif edilən əlavə və dəyişikliklər hər kəsin şəxsi toxunulmazlıq hüququnun daha etibarlı təminatına, xüsusən də kütləvi informasiya vasitələrinin fəaliyyətində özünü göstərən bəzi neqativ halların aradan qaldırılmasına xidmət edir. Ölkədəki liberal-demokratik mühitdən sui-istifadə edərək şantaj və reketçilik yolu ilə gəlir əldə etməyi qarşısına məqsəd qoyan, ciddi jurnalistikaya da zərər gətirən bəzi "reket qəzetlər" dövlət məmurlarına, ictimai-siyasi xadimlərə, tanınmış ziyalılara böhtan atır, bəzən də onların şəxsi həyatı ilə bağlı qeyri-qanuni yolla əldə edilmiş fotoları dərc edirlər.

Şübhəsiz, hər bir vətəndaşın mətbuat, söz azadlığı digərinin də Konstitusiya ilə təsbit olunmuş şəxsi toxunulmazlıq hüququndan üstün ola bilməz. 32-ci maddəyə təklif edilmiş dəyişikliyə görə qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və "ailə həyatına" müdaxilə etmək qadağandır. Digər mühüm əlavəyə görə "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz". 32-ci maddəyə təklif edilən başqa bir prinsipial əlavə bundan ibarətdir ki, "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını tələb etmək hüququ vardır".

50-ci maddəyə təklif edilən əlavə də mahiyyət etibarilə kütləvi informasiya vasitələrində özünü göstərən neqativ halların aradan qaldırılması baxımından vacib əhəmiyyət daşıyır. Həmin maddənin III hissəsində yer alan əlavəyə görə "Hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir".

Məlumdur ki, insanların şərəf və ləyaqətinə toxunan, həqiqətə uyğun olmayan məlumatlar dərc edən bəzi qəzetlər şəxsin təkzib vermək, yaxud barəsində səslənən ittihamı cavablandırmaq hüququnu kobud şəkildə pozurlar. Bu baxımdan hər kəsin barəsində KİV-də yayılmış həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatı təkzib etmək hüququnun konstitusion əsaslarının yaradılması son dərəcə mühüm yenilik kimi vurğulanmalıdır.

Son illər Azərbaycanda ardıcıl şəkildə həyata keçirilən hüquqi islahatlar həm də məhkəmə orqanlarının müstəqilliyinin təmin olunmasına, ədalət mühakiməsinin daha səmərəli, şəffaf mexanizmlər əsasında həyata keçirilməsinə yönəlmişdir. Konstitusiyaya əlavə və dəyişikliklərin bir qisminin məhkəmələrin fəaliyyəti ilə bağlı olması da məhz bu məqsədə xidmət edir. Məsələn, 125-ci maddəyə təklif edilən əlavəyə görə "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir".

129-cu maddəyə təklif olunan əlavələrə görə isə "Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur; Məhkəmə qərarı qanuna və sübuta əsaslanmalıdır". Nəzərdə tutulan dəyişiklik və əlavələr məhkəmə qərarlarının təsir gücünün və səmərəliliyinin daha yüksək səviyyədə təminatına, məhkəmə qərarlarının icrası sahəsində bəzi problemli məqamların tamamilə aradan qaldırılmasına xidmət edir.

Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalq olduğundan, ölkədə qəbul edilən bütün qanun və digər normativ-hüquqi aktlar da məhz xalqın mənafeyinə əsaslanmalıdır. Bununla belə, mövcud Konstitusiyada xalqın qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ nəzərdə tutulmamışdır.

96-cı maddəyə təklif edilən dəyişikliyə görə Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi xalqın konstitusion hüquqlarının daha səmərəli təminatına və daha da genişləndirilməsinə xidmət edir. Bu mühüm dəyişiklik 40 min vətəndaşa dövlət idarəçiliyinin və cəmiyyət həyatının ayrı-ayrı sahələri üzrə təkliflərini qanun layihəsi şəklində Milli Məclisin müzakirəsinə çıxarmaq imkanı yaradır.

96-cı maddəyə təklif edilən digər mühüm əlavəyə görə isə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasının qanunla müəyyən edilməsi və Milli Məclisin müzakirəsinə təqdim edilən qanun və qərar layihələrinin əsaslandırılması və qəbul edilməsi məqsədlərinin göstərilməli olmasıdır.

Son illər ölkədə siyasi şüurun və dözümlülüyün güclənməsi, sivil siyasi münasibətlər sisteminin, siyasi mədəniyyətin formalaşması prosesi özünü qabarıq büruzə verir. Yaranmış vəziyyətin reallıqları nəzərə alınmaqla 108-ci maddəyə təklif olunan əlavə də bu baxımdan son dərəcə təqdirəlayiqdir. Məlumdur ki, bütün demokratik dövlətlərdə eks-prezidentlərin statusu müəyyən olunur və dövlət başçısı olmuş şəxsin hüquqları xüsusi qanunla qorunur, onun təhlükəsizliyinə, yaşayışına təminat yaradılır.

108-ci maddəyə təklif olunan əlavəyə görə "Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya ilə müəyyən edilir". Bu yenilik faktiki olaraq ölkədə eks-prezidentlik institutunun yaradılmasına imkan verməklə ölkədə milli birlik və həmrəyliyin, siyasi barışın möhkəmləndirilməsinə xidmət edir.

Konstitusiyanın 101-ci maddəsinə təklif olunan əlavə və dəyişiklik də ümumən ölkəmizin hazırkı dinamik inkişaf tempi - sosial-iqtisadi tərəqqisi, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə şərtlənir. Bu maddəyə edilən dəyişikliyə görə iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilməyə qoyulmuş məhdudiyyət aradan qaldırılır.

1995-ci ildən ötən 14 ildə respublikamızda çox böyük müsbət dəyişikliklərin baş verməsi fonunda iki dəfədən artıq təkrarən ölkə prezidenti seçilməyə məhdudiyyət qoyan müddəa əvvəlki kimi aktuallıq kəsb etmir. Çünki ölkədə seçki praktikası kifayət qədər liberallaşaraq demokratik normalara, Avropa standartlarına tam cavab verir. Azad və ədalətli seçkilərin keçirilməsində heç bir problem mövcud deyil. Çox uzaq tarix olmayan 2008-ci ilin 15 oktyabr seçkiləri Azərbaycanın demokratik inkişaf yoluna sadiqliyini bir daha təsdiqləmiş, xalqın siyasi iradəsini tamamilə azad şəkildə ifadə etməyə imkan verən təkmil seçki qanunvericiliyi bazasının mövcudluğu ilə yanaşı, demokratik seçkilər lazımi siyasi iradənin, qətiyyətin mövcudluğunu göstərmişdir.

Azərbaycanın hazırkı dinamik iqitisadi yüksəliş tempi, ictimai münasibətlərin inkişafı, hakimiyyət üzərində ictimai nəzarətin mövcudluğu Konstitusiyanın 101-ci maddəsində müvafiq təshihlər etməyə imkan verir. Çünki son nəticədə kimin prezidentliyə daha layiqli namizəd olduğunu xalqın demokratik seçkilər vasitəsilə ifadə olunan iradəsi müəyyənləşdirir.

Hər kəsin iki dəfədən artıq seçkilərdə iştirak imkanına malik olması ölkənin demokratik inkişafına, yaxud da seçki prosesinin demokratikliyinə qətiyyən mənfi təsir göstərmir. Çünki hər kəs yalnız xalqın iradəsinin ifadəsi nəticəsində prezident vəzifəsinə seçilə bilər. Əgər xalq iki dəfə seçdiyi şəxsi yenə də prezident görmək istəyirsə, bu onun azad iradəsinin ifadəsidir. Unutmaq olmaz ki, demokratiya da məhz çoxluğun - xalqın hakimiyyəti deməkdir.

Konstitusiyanın 101-ci maddəsinin V hissəsinə təklif edilmiş əlavə də müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün mühüm aktuallıq kəsb edir. Referendum aktı layihəsində həmin maddənin V hissəsinin bu redaksiyada ifadə edilməsi təklif olunur: "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir". Konstitusiyaya belə bir əlavənin edilməsi də respublikamızın müharibə şəraitində yaşaması, torpaqlarımızın 20 faizdən çoxunun düşmən tapdağı altında olması ilə şərtlənir.

Müasir dövrdə hər bir dövlətin demokratik norma və dəyərlərə münasibəti ilk növbədə onun Konstitusiyasında insan hüquq və azadlıqları ilə bağlı əksini tapmış müddəalara söykənir. Azərbaycan Respublikasının Konstitusiyası bu mənada özünün yüksək liberallığı, humanist və insanpərvər səciyyə daşıması ilə ölkəmizin davamlı surətdə demokratikləşməsinə etibarlı təminat yaradır.

Əsas Qanunumuza təklif olunan əlavə və dəyişikliklər insan hüquq və azadlıqları ilə bağlı bir sıra normalara konstitusion status vermək, mövcud prinsipləri daha da gücləndirmək məqsədi daşıyır.

Müdrik və uzaqgörən xalqımızın martın 18-də keçiriləcək referendumda fəal iştirak edəcəyinə, milli inkişafa xidmət edən mütərəqqi dəyişikliklərə səs verəcəyinə isə heç bir şübhə yoxdur.

 

 

Araz Hüseynov

Hüquqşünas

 

Azərbaycan.-2009.-18 fevral.-S.6.