Xatirələri yaşadan ünvan
Bu qapını bir zaman dramaturq, şair, publisist, kino xadimi Cəfər Cabbarlı da açıb-örtərdi. İşdən qayıdanda həyətdəki iri gövdəli, qollu-budaqlı tut ağacının altında bir qədər ayaq saxlar, sonra içəri keçərdi. Sadə mənzilində möhtəşəm əsərlər yaradardı. Artıq neçə vaxtdır ki, bu ünvan ev-muzeyi kimi fəaliyyət göstərir. Bir neçə gün əvvəl biz də bu ocaqda olduq. Eksponatlara baxdıq, əməkdaşlarla görüşdük. Muzeyin baş elmi işçisi Qəmər Seyfəddinqızına gəlişimizin məqsədini bildirdik. O dedi:
- Bildiyiniz kimi, Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də Xızı kəndində anadan olmuşdur. Ədəbi fəaliyyətə uşaq yaşında şeirlə başlamış, sonralar dram əsərləri yazıb-yaratmış dramaturq və teatr xadimi kimi şöhrət qazanmışdır. O, eyni zamanda istedadlı jurnalist, tərcüməçi, kino xadimi kimi də tanınmışdır. Cəmi 35 il yaşamasına baxmayaraq, gələcək nəsillər üçün dəyərli ədəbi irs qoymuşdur.
Onun vaxtı ilə yaşayıb-yaratdığı bu mənzil ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində 1979-cu ildə ev-muzeyi statusu almış, rəsmi açılışı isə dramaturqun 80 illik yubileyi günündə olmuşdu.
Muzey əməkdaşları Cabbarlı irsinin toplanmasına, öyrənilməsinə aid xeyli tədqiqat aparmış, fondun zənginləşməsinə çalışmışlar. Hazırda burada 9 mindən artıq eksponat saxlanılır. Ekspozisiyada onun həyat-yaradıcılığını əks etdirən sənədlər, fotoşəkillər, ailəsinə məxsus şəxsi əşyalar, əl yazıları, məktublar, tamaşalarına hazırlanmış səhnə maketləri, afişalar, rəsm əsərləri, eləcə də ayrı-ayrı şəxslərin ona verdiyi hədiyyələr, yazıçının irsinin tədqiqinə aid elmi əsərlər, məqalələr ekspozisiyada nümayiş olunur.
Muzeydə mütəmadi olaraq müxtəlif mövzularda ədəbi-bədii gecələr, elmi konfranslar keçirilir. Cəfər Cabbarlının 100 illik yubileyinin respublikamızda dövlət səviyyəsində qeyd edilməsi barədə ümummilli lider Heydər Əliyev 1999-cu ildə sərəncam imzalamışdı. Bu tarixi sənədin muzeyin daha da inkişafında, fəaliyyətində böyük rolu olmuşdu. Yubiley tədbirləri zamanı bir sıra maraqlı layihələr işləyib hazırladıq, qarşıya qoyulan planları, tapşırıqları başa çatdırdıq. Yazıçının əsərlərindən ibarət "Mənim tanrım - gözəllikdir" toplusunu nəşr etdirdik. Kitabda müəllifin müxtəlif illərdə nəşr olunmuş əsərləri ilə yanaşı, oxucu auditoriyasına məlum olmayan pyesləri, hekayə, şeir, məqalə və məktubları toplanıb. Toplu çox böyük maraqla qarşılandı.
2001-ci ildə ev-muzeyin təzə layihəsi əsasında bp şirkətinin sponsorluğu ilə "Cəfər Cabbarlı mükafatı" təsis edildi. Mükafat yazıçının 100 illiyi münasibətilə teatr xadimlərinə və dram əsərləri yazanlara hədiyyə edildi. Tədbir respublikamızın mədəni həyatında ədəbi hadisə kimi qarşılandı, ədəbiyyat və incəsənət xadimlərinin böyük marağına səbəb oldu.
Muzeyin başqa bir layihəsinə əsasən "XX əsr Azərbaycan incəsənətinin inkişafında C.Cabbarlının rolu" toplusu da işıq üzü görüb. Topluda ədibin kino, tərcümə, musiqi sahəsində fəaliyyətini əks etdirən materiallar toplanıb, əsərləri haqqında ətraflı məlumatlar verilib. Dramaturqun öz əsərlərinə özü bəstələdiyi 5 mahnıdan ibarət "Azad bir quşdum" musiqi albomunu da ərsəyə gətirdik. Ora yazıçının mahnıları ilə bərabər, "Almaz", "1905-ci ildə", "Od gəlini", "Sevil" və "Yaşar" əsərlərindən də nümunələr daxil edilmişdir. Bu işdə bəstəkar Vüqar Camalzadə bizə təmənnasız kömək göstərdi. Mahnıları xalq artistləri Ağaxan Abdullayev, Mələkxanım Əyyubova, Nisə Qasımova ifa edirlər. Sənətkarın "Gərək günəş dağları aşıb sönməyəydi" ("Almaz" əsərində Yaxşının mahnısı) şeirinə də klip çəkdirmişik.
Bəstəkar Vüqar Camalzadə ilə birgə iş nəticəsində yazıçının "Sevdiyim" şeirinə musiqi bəstələndi və mahnıya klip çəkdirib muzeyə gələnlərə hədiyyə etdik. Həmin şeir-mahnı Azərbaycan bayrağının tərənnümünə həsr olunub. İfaçılar Fidan Hacıyeva və Fərid Əliyevdir.
Əməkdaşlarımızın ssenariləri əsasında müxtəlif mövzularda bir neçə ədəbi-bədii veriliş lentə alınıb, televiziya kanallarında göstərilib. Ötən il "Olmasın" şeirinə bəstəkar Emin Sabitoğlunun bəstələdiyi mahnı xalq artisti Azər Zeynalovun ifasında ev-muzeyinə gələnlərə təqdim olunub.
Ötən il bu muzey Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mədəniyyət ocaqları arasında keçirdiyi müsabiqədə "Ən fəal muzey"i nominasiyası üzrə qalib olmuş, xüsusi diplomla mükafatlandırılmışdır.
Doğma xalqının tərəqqisi, xoşbəxtliyi, işıqlı sabahları uğrunda çalışanlar, yazıb-yaradanlar heç zaman yaddan çıxmır, daim hörmətlə xatırlanırlar. Onlardan biri Cəfər Cabbarlıdır. Xalq şairi Səməd Vurğunun yazdığı bu kəlamı xatırlamaq yerinə düşər: "Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatı tarixində ən nadir simalardan biridir. O öz yaradıcılıq xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli Axundovdan və Cəlil Məmmədquluzadə - Molla Nəsrəddindən sonra XX əsr ədəbiyyatının ən görkəmli simasıdır".
Telman Ağaoğlu
Azərbaycan.-2009.-18 fevral.-S.8.