İslam aləminin zəngin mədəniyyəti
dünyaya olduğu kimi təqdim edilməlidir
- Hörmətli xanımlar və
cənablar!
Əziz qonaqlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Bakıda, Azərbaycanda çox əlamətdar bir gündür. Biz "Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin açılışı münasibətilə yığışmışıq. Bu, Bakı şəhəri üçün böyük şərəfdir. Mən şübhə etmirəm ki, bu gözəl tədbir, açılış mərasimi və bundan sonrakı tədbirlər uğurlu keçəcək və İslam dünyasının, İslam mədəniyyətinin birləşməsi, bir-birinə daha da yaxın olması üçün öz müsbət rolunu oynayacaqdır.
Mən bu qərarın qəbul edilməsində rolu olan bütün insanları burada salamlayıram, onlara öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin toplantısında baş verdi. Bu işdə həm İslam Konfransı Təşkilatının, həm də İSESKO təşkilatının çox böyük rolu olmuşdur. Mən bu gün İSESKO-nun baş direktoru cənab əl-Tüveycrinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bu qərarın qəbul edilməsində onun çox böyük rolu olmuşdur. Cənab əl-Tüveycri Azərbaycanın böyük dostudur və onun fəaliyyəti sayəsində İSESKO ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir. Biz müxtəlif proqramlar həyata keçiririk. İSESKO-nun xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilir. Beləliklə, Azərbaycan ilə İSESKO arasında əlaqələr yeni yüksək pilləyə qalxır. Bu, çox böyük əhəmiyyətə malik bir məsələdir.
Azərbaycan müstəqil ölkə kimi nisbətən gəncdir, cəmi 17 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Biz bu illər ərzində çalışmışıq və çalışırıq ki, islam ölkələrinin həmrəyliyi, birliyi üçün öz töhfəmizi verək. Bu məqsədlə Azərbaycanda çoxsaylı tədbirlər keçirilibdir. Eyni zamanda Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində çox fəal rol oynayır. Son illər ərzində Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir: xarici işlər nazirlərinin toplantısı, mədəniyyət və turizm nazirlərinin toplantısı. Növbəti illərdə daha da çox tədbirlər keçiriləcəkdir. Beləliklə, biz öz siyasətimizlə, addımlarımızla və praktik işlərimizlə İslam aləminin bir-birinə daha da yaxın olmasına çalışırıq. İslam həmrəyliyinin daha da möhkəm olmasına çalışırıq. Buna böyük ehtiyac var. Biz bir-birimizi dəstəkləməliyik, həm siyasi sahədə, həm də iqtisadi sahədə daha da sıx əməkdaşlıq etməliyik. Biz öz iqtisadi potensialımızı bir-birimizin xidmətinə təqdim etməliyik, islam ölkələri arasında daha çox qarşılıqlı ticarət aparılmalıdır.
Şübhəsiz ki, siyasi müstəvidə, beynəlxalq təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatında islam ölkələrinin birliyi, həmrəyliyi çox böyük əhəmiyyət daşıyır. Əminəm ki, hər bir müsəlman ölkəsi bunu hiss edir. Birgə təşəbbüslərimiz çox uğurlu olur. Bütün bu təşəbbüslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, təhlükəsizlik təmin olunsun, əmin-amanlıq olsun, dünyada müharibələr olmasın və sivilizasiyalar arasında aparılan dialoq daha da möhkəm olsun və daha da yaxşı nəticələr versin. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında çox danışılır, ancaq daha da çox işlər görülməlidir. Azərbaycanın bu işlərdə rolu getdikcə artmaqdadır.
Bayaq qeyd etdiyim kimi, bizim ölkəmizdə İslam Konfransı Təşkilatı xətti ilə, İSESKO xətti ilə və Avropa strukturlarının xətti ilə çoxsaylı tədbirlər keçirilir. Bəzən bu tədbirlər birgə keçirilir. Bu da çox önəmlidir. Yəni Avropa ilə İslam dünyası arasında münasibətlərin möhkəmlənməsi bizim maraqlarımıza cavab verir. Çünki əlaqələr nə qədər çox olsa, nə qədər çox qarşılıqlı anlaşma olsa, uğurlar da bir o qədər çox olacaqdır. Biz öz tərəfimizdən İslam həmrəyliyinin daha da möhkəm olması üçün bundan sonra da səylərimizi davam etdirəcəyik.
İslam qardaşlıq dinidir, tolerantlıq, dözümlülük dinidir. Dünyada bizim müqəddəs dinimiz olduğu kimi təqdim edilməlidir. Bütün İslam dünyasının özünü təqdim etməsi üçün atılan addımlar mədəniyyət sahəsində də özünü büruzə verməlidir. Çünki İslam dünyasının çox zəngin tarixi, çox zəngin mədəniyyəti vardır. Bizim mədəniyyətimiz dünya birliyinə olduğu kimi təqdim edilməlidir.
Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan ölkədir. Bayaq qeyd etdiyim kimi, baxmayaraq ki, biz müstəqil ölkə kimi cəmi 17 ildir yaşayırıq, ancaq Azərbaycan çox böyük mədəni irsə malik olan ölkədir. Əsrlər boyu insanlar Azərbaycanda yaşayıb-yaratmışlar. Bizim tarixi abidələrimiz bunun əyani sübutudur. Bizim ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz, doğma Azərbaycan dilimiz - bunlardır Azərbaycan xalqının mənəvi əsasları. Bu möhkəm əsaslar üzərində biz müasir dövlət qururuq. Dövlət quruculuğu fəaliyyətimiz buna yönəlmişdir ki, möhkəm tarixi, mənəvi əsaslar üzərində müasir dövlət quraq, dövlətçiliyi, müstəqilliyi möhkəmləndirək, əbədi, dönməz edək və beləliklə, Azərbaycanın hərtərəfli inkişafına nail olaq. Bu işlərdə bizim böyük uğurlarımız var. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan tam şəkildə müstəqil ölkədir, öz müstəqilliyini qoruyub saxlaya, daha da möhkəmləndirə bilmişdir. Bu gün Azərbaycan istər xarici siyasətdə, istərsə də daxili işlərdə müstəqil siyasət aparan ölkədir. Bizim bütün imkanlarımız səfərbər olunubdur. Azərbaycanın bölgədəki rolunun artması, dünyadakı mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanın çox etibarlı tərəfdaşa çevrilməsi işləri - bunlar uğurla davam etdirilir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bizim həm siyasi addımlarımız, həm də regional müstəvidə atdığımız addımlar, irəli sürülmüş təşəbbüslər dostluğa, əməkdaşlığa yönəldilibdir. Biz istəyirik ki, bölgədə sülh olsun, təhlükəsizlik olsun. Belə olan halda inkişaf üçün daha da çox imkanlar olacaqdır.
O ki qaldı bizim ümumi inkişafımıza, Azərbaycan son beş il ərzində dünyada analoqu olmayan sürətlə inkişaf edibdir. Bizim iqtisadiyyatımız son beş il ərzində dünyada ən sürətlə artan iqtisadiyyat olubdur. Köklü iqtisadi və siyasi islahatlar Azərbaycanı daha da gücləndiribdir. Ölkəmiz gələcəyə çox nikbinliklə baxır. Biz gələcəyə böyük ümidlərlə baxırıq. Buna imkan verən bu vaxta qədər görülmüş işlərdir. Bizim bütün işlərimiz uğurla nəticələndi, verilən bütün sözlər yerinə yetirilir və ölkəmiz hərtərəfli inkişaf edir.
Əlbəttə ki, hər bir ölkənin hərtərəfli inkişafı üçün, ilk növbədə, mənəvi əsaslar olmalıdır. Onlar da bizdə var. Eyni zamanda düşünülmüş siyasət aparılmalıdır və biz qoyulan məqsədə ardıcıllıqla addımlamalıyıq. Hər bir ölkənin hərtərəfli inkişafı həm də mədəniyyət sahəsində inkişafı ehtiva edir. Bu sahəyə çox böyük diqqət göstərilir. Baxmayaraq ki, Azərbaycan bir neçə il bundan əvvəl demək olar ki, ən çətin iqtisadi sınaqlardan çıxa bilmişdir.
Bizim müstəqil iqtisadi inkişafımızın tarixi o qədər də böyük deyildir. Baxmayaraq ki, bugünkü dünyada maliyyə böhranı geniş vüsət alıb və ən inkişaf etmiş ölkələr bu böhrandan əziyyət çəkir və öz xərclər proqramlarına düzəlişlər edirlər, amma Azərbaycanda humanitar sahəyə, mədəniyyətə ayrılan xərclər azalmır. Azərbaycanda bundan sonra da bizim mədəni irsimizin qorunması üçün nə qədər lazımdırsa, o qədər vəsait ayrılacaqdır. Artıq biz bunu görürük. Azərbaycanda demək olar ki, bütün tarixi abidələr bərpa edilir, yeni mədəniyyət ocaqları yaradılır, teatrlar, muzeylər bərpa olunur və ən müasir, gözəl səviyyədə yeniləri tikilir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. Əlbəttə, xüsusilə dünya miqyaslı böhran zamanı iqtisadi sıxıntılar, iqtisadi problemlər qaçılmazdır. Hər bir ölkə bu və ya digər dərəcədə bu problemlərlə üzləşir. Ancaq bu o demək deyil ki, həmin problemlər bizə elə təsir etməlidir ki, bizim üçün əsas olan istiqamətlərə bir az biganə qalaq. Yox, əksinə, mən hesab edirəm ki, hər bir böhrandan çıxmaq üçün, ilk növbədə, güclü iradə olmalıdır, düşünülmüş siyasət olmalıdır və qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün qüvvələr səfərbər edilməlidir. Biz bu gün bunu Azərbaycanda görürük.
Aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən səslənən bəyanatlar da bir daha bunu göstərir. Bu bəyanatlar ondan ibarətdir ki, Azərbaycan dünya iqtisadi böhranına ən çox hazır olan ölkələrdən biridir. Bu hazırlıq göydən düşmür, son illər ərzində aparılan ardıcıl siyasət nəticəsində mümkün olubdur. Bu hazırlığı biz özümüz qazanmışıq, əldə etmişik. Bütün bunlar bizim düşünülmüş siyasətimizlə, atılan addımlarla, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrlə, iqtisadi potensialımızı şaxələndirməklə mümkün olubdur. Mən şübhə etmirəm ki, Azərbaycan dünyanı bürümüş çox ciddi, ağır iqtisadi və maliyyə böhranından şərəflə, üzüağ çıxacaqdır. Bizim inkişafımız bundan sonra da uğurlu, uzunmüddətli və dayanıqlı olacaqdır.
Bir daha demək istəyirəm ki, biz hətta bu müddət ərzində də mədəniyyətə ayrılan vəsaiti azaltmamalıyıq, öz diqqətimizi ondan əsirgəməməliyik. Azərbaycanın zəngin mədəni irsinin qorunması üçün və zənginləşdirilməsi üçün öz əməli işlərimizi bundan sonra da davam etdirməliyik.
Bakının çox gözəl memarlıq abidələri var. Əminəm ki, şəhərimizin qonaqları bu abidələrlə tanış olacaqlar. Bu abidələr Azərbaycan dövləti tərəfindən lazımi səviyyədə qorunur və bundan sonra da qorunacaqdır. Eyni zamanda, Azərbaycanın digər bölgələrində çoxsaylı tarixi və dini abidələr mövcuddur və onlar da dövlət tərəfindən qorunur. Ancaq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş torpaqlarda biz öz tarixi irsimizi qoruya bilmirik. Çünki bizim torpaqlarımız erməni işğalı altındadır. Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində bizim ərazimizin 20 faizi işğal altına düşüb və bir milyondan artıq soydaşımız qaçqın-köçkün vəziyyətində yaşayır. Bununla bərabər, orada bütün tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Bütün muzeylərimiz talan edilib, bütün dini məbədlərimiz, məscidlərimiz dağıdılıbdır. Bunu eyni zamanda beynəlxalq müşahidəçilər də vurğulayırlar. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa və işğal olunmuş digər ərazilərə səfəri zamanı hazırlanan məruzədə bütün bunlar göstərilibdir. Göstərilib ki, Ermənistan tərəfindən hər şey dağıdılıbdır. Yəni budur, erməni vandalizminin nəticələri, budur təcavüzkar işğalçı siyasətin nəticəsi. Şübhə yox ki, torpaqlarımız işğal altından çıxandan sonra biz bütün tarixi abidələrimizi bərpa edəcəyik. Bütün şəhərləri yenidən bərpa edəcəyik, bütün binaları tikəcəyik. Ancaq bunu etmək üçün münaqişəyə son qoyulmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar.
Keçən ilin mart ayında Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətlə əlaqədar qətnamə qəbul edilərkən bizə səs verən bütün ölkələri, İslam ölkələrini bu yüksək kürsüdən bir daha salamlayıram, onlara öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm, baxmayaraq ki, böyük dövlətlər, bu münaqişə ilə bilavasitə məşğul olan ölkələr qətnamənin qəbul olunmasına problemlər yaratmaq istəyiblər və əleyhinə səs vermişlər, ancaq bu qətnamə böyük səs çoxluğu ilə qəbul edilibdir. 39 ölkə qətnaməyə səs verdi və onların içində əksəriyyəti müsəlman ölkələridir. Bax, budur, real İslam həmrəyliyinin nəticələri. Budur, bizim müştərək siyasətimizin uğurları. Azərbaycan da öz tərəfindən bütün İslam ölkələrinin maraqlarının qorunması üçün töhfəsini verməyə hazırdır və bundan sonra da siyasətində bu prinsipləri rəhbər tutacaqdır.
Əziz dostlar!
Hörmətli qonaqlar!
Mən sizin hamınızı bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Bütün İslam dünyasına sülh, əmin-amanlıq arzulayıram. Bütün müsəlman bacı-qardaşlarımıza xoşbəxtlik və tərəqqi arzulayıram.
Sağ olun.
Azərbaycan.-2009.-19 fevral.-S.1.