"Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin təntənəli açılışı

 

Heydər Əliyev Sarayında "Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin təntənəli açılış mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

"İslam mədəniyyəti paytaxtları" proqramı barədə qətnamə İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ilin axırlarında Qətərin paytaxtı Dohada keçirilmiş III konfransında qəbul edilmişdir. 2004-cü il dekabrın 15-17-də Əlcəzairdə keçirilmiş IV konfransda 2005-2014-cü illər üçün nəzərdə tutulmuş "İslam mədəniyyətinin paytaxtları" proqramı təsdiqlənmişdir. Bu proqrama əsasən, hər hansı şəhərin islam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, islam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına malik olmalıdır. Azərbaycanın paytaxtı öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsiplərə cavab verir. Bakı həm də dini, milli və etnik tolerantlıq mərkəzi kimi dünyada tanınır.

 2007-ci il noyabrın 21-23-də Liviyanın paytaxtı Tripolidə keçirilmiş V İslam konfransında qəbul olunmuş qətnaməyə əsasən, Bakı şəhəri 2009-cu il üçün "İslam mədəniyyətinin paytaxtı" elan edilmişdir. Eyni zamanda islam ölkələrinin mədəniyyət nazirlərinin növbəti VI konfransının Bakıda keçirilməsi qərara alınmışdır.

Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk islam mədəniyyəti paytaxtı elan edilmişdi. Məkkədən sonra ərəb dünyasını, Asiya və Afrika regionlarını təmsil edən daha 30 şəhər islam mədəniyyəti paytaxtı olmalıdır.

Bakıda iki gün davam edəcək tədbirdə Avropa və islam ölkələrinin mədəniyyət nazirləri, onların müavinləri, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, İslam Konfransı Təşkilatı baş katibinin müavini Atta əl-Mənnan, dövlət qurumlarının, diplomatik nümayəndəliklərin rəhbərləri, xarici qonaqlar, ziyalılar və digər şəxslər iştirak edirdilər.

Salona toplaşanlar dövlətimizin başçısı İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və qonaqları hərarətli alqışlarla qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

(Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc edilir).

 

***

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri mərasimdə çıxış etdi. O dedi:

- Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev!

Hörmətli birinci xanım Mehriban Əliyeva!

Hörmətli xanımlar və cənablar!

Belə bir tarixi məqamda sizin qarşınızda çıxış etməkdən böyük şərəf və məmnunluq hissi duyuram. Burada biz "Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin təntənəli açılış mərasimini fərəh hissi ilə qeyd edirik. Mən, ilk növbədə, zati-aliləri, Azərbaycan Respublikasının Prezidentinə bu mərasimə rəhbərlik etdiyinə və İSESKO təşkilatına verdiyi güclü dəstəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Eyni zamanda, mən daim ürəklərimizdə yaşayan gözəl şəhərinizə gəldikdə zati-alilərinizin səmimi qonaqpərvərliyini duymaq və tərəfinizdən qəbul olunmaqdan hər zaman məmnunam. Şəhəriniz mədəniyyətlər və sivilizasiyalar arasında dialoq, birgə yaşama və həmrəylik şəhərinə, eləcə də incəsənət, elm və mədəniyyət qovşağına çevrilmişdir.

Zati-aliləri cənab Prezident!

Hörmətli birinci xanım!

Xanımlar və cənablar!

İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin 4-cü iclasında qəbul olunan İSESKO-nun "İslam mədəniyyəti paytaxtları" proqramı tarix boyu mədəniyyətə, ədəbiyyata, elm və biliyə verəcəyi töhfəni nəzərə alaraq əsasən islam mədəniyyətinin yayılmasına, yüksəlməsinə, yeniləşməsinə, xüsusilə fərqlənən bir sıra islam şəhərlərinin mədəniyyət və sizvilizasiyasının şanlı irsini qeyd etməyə yönəlibdir. Lakin proqram qətiyyən keçmişdəki uğurları xatırlatmağa xidmət etmir, onun bu cür şəhərlərin tarixi-mədəni varlığı üzərində qurulmasına xidmət edir ki, İslam sivilizasiyasının dəyərlərinə əsaslanan bu günü, həm də gələcəyi yaradaq. Bu da öz növbəsində xalqların fərqliliyinə, irqi və irsi mənsubiyyətinə, mədəniyyət köklərinə və sivilizasiya xüsusiyyətlərinə baxmayaraq, bəşəriyyətin bölüşdüyü irs olaraq qalmaqdadır. Bu mədəniyyət və sivilizasiya hədəfinə biz hər il Ərəb, Asiya və Afrika regionlarından olan üç İslam mədəniyyəti paytaxtını bir araya gətirərək mədəniyyətlərarası dialoq və sivilizasiyaların birliyi üçün qarşıya qoyulan məqsədlərlə nail olmağa çalışırıq. Beləliklə, biz İslam sivilizasiyasının fərqli cəhətlərinin birini təşkil edən keçmişi, bu günü və sabahı bir ahəngdə birləşdiririk ki, mədəniyyətlər və sivilizasiyalar arasındakı dialoqun mahiyyəti olan, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma və birgə yaşamanın əsasını təşkil edən qarşılıqlı əlaqə və zənqinləşmə təmin olunsun.

İslam mədəniyyəti paytaxtlarını qeyd etməklə biz nə indiki məsələlərdən, nə də gələcəyin problemlərini qabartmaqdan çəkinirik. Əksinə, bu günümüzün qayğısına qaldığımız kimi, indiki nəslin yaxşı gələcəyini təmin etmək üçün çalışırıq və beləliklə, dözümlü dinimizin daimi ideallarına və daim digər dünya ölkələrinə açıq olan sivilizasiyamızın bünövrəsinə əsaslanan mədəniyyətlər və sivilizasiyalararası dialoqu davamlı bir prosesə çeviririk. Bugünkü bu imkandan istifadə edərək mən bu tədbirin zəngin və rəngarəng proqramını təqdir etmək istərdim. Biz İSESKO-nun bu gözəl şəhərdə həyata keçirilməsi nəzərdə tutulan azı 15 təhsil, elm və mədəni proqramının şahidiyik.

Zati-aliləri cənab Prezident!

Hörmətli birinci xanım!

Xanımlar və cənablar!

Bu il İslam mədəniyyətinin paytaxtı olan Bakı mədəniyyəti, ədəbiyyatı və elmi İslamın Azərbaycana daxil olduğu dövrə təsadüf edən tarixi şəhərlərdən biridir. Bu, elə bir şəhərdir ki, özünün canlı olmasında əsərləri təbii olaraq ölkəsinin qürur mənbəyi olan şairlərə, elm xadimlərinə, filosoflarına, mütəfəkkirlərinə, sənətçilərinə və məşhur mədəniyyət nümunələrinə borcludur. Nəcib insanları, gözəl təbiəti, möhtəşəm elmi, ədəbiyyatı, mədəniyyəti olan, sənət və biliyin müxtəlif sahələrində dünyanın ən yüksək zirvələrindən birinə çatan bu gözəl ölkə daim yanaşı yaşama, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi ilə seçilibdir. Bu, Azərbaycanı mədəniyyətlərin, sivilizasiyaların, sənətlərin və çoxmilli ədəbiyyat ənənələrinin birləşmə nöqtəsinə, sözün həqiqi mənasında, yanaşı yaşama və mədəniyyətlərarası dialoq mərkəzinə çeviribdir.

Bu tədbir dünyanın yeni bir eraya, bəşəriyyətin bugünkü ümidsizlikdən, çaşqınlıqdan və dağıdıcı xaosdan insanların qarşılıqlı hörmət şəraitində birgə yaşadığı, mədəniyyət müxtəlifliyinin tanındığı və beynəlxalq hüquq prinsiplərinə tam riayət olunduğu zamana, ədalət və bərabərliyə söykənən sabitliyin, təhlükəsizliyin və sülhün yeni mərhələsinə can atdığı bir vaxta təsadüf edir. Biz Bakını İslam mədəniyyətinin paytaxtı kimi qeyd etməyimizi heç vaxt unutmayacağıq.

Bu əziz ölkənin, çox istədiyim Azərbaycanın ərazisinin bir hissəsi erməni işğalı altındadır. Bir çox tarixi abidələr, dini məbədlər, muzeylər, mədəniyyət və sivilizasiya məkanları dağıdılıbdır. Biz İSESKO olaraq bunu qəti şəkildə pisləyirik. Beynəlxalq ictimaiyyəti bu gözəl ölkənin zəngin və şanlı tarixini qorumaq üçün öz konstruktiv rolunu oynamağa çağırırıq.

Zati-aliləri cənab Prezident!

Hörmətli birinci xanım!

Xanımlar və cənablar!

Mən zəngin mədəniyyət dəyərlərinin təşviq olunmasına göstərdiyi xüsusi marağa və səmimi qonaqpərvərliyə, eləcə də bu şəhərin mədəniyyət, ədəbiyyat və incəsənət mərkəzinə çevrilməsinə görə cənab Prezidentə bir daha minnətdarlığımı bildirirəm. Eyni zamanda ölkənizdə mədəniyyət məsələlərinə qayğısına, xüsusi yaradıcı yanaşmasına və yorulmaz fəaliyyətinə görə onun xanımı Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Sizin müdrik rəhbərliyiniz altında paytaxtınıza ən böyük uğurlar arzulayıram.

Yaşasın Azərbaycan Respublikası!

Yaşasın İslam ölkələri xalqlarının qardaşlığı!

Qoy Allah-təala dünyanın bütün xalqlarına sülh, əmin-amanlıq və təhlükəsizlik bəxş etsin!

"Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin xatirə emblemini zati-aliləri Prezident İlham Əliyevə təqdim etməkdən böyük şərəf hissi duyuram.

(İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri xatirə emblemini dövlətimizin başçısına təqdim etdi).

 

***

Sonra İslam Konfransı Təşkilatı baş katibinin müavini Atta əl-Mənnana söz verildi. O, təşkilatın baş katibi Ekmələddin İhsanoğlunun təbrik məktubunu oxudu:

"Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev!

Hörmətli birinci xanım Əliyeva!

İSESKO-nun hörmətli baş direktoru!

Hörmətli iştirakçılar, əziz qonaqlar, xanımlar və cənablar!

Bakı şəhərinin 2009-cu il üçün İslam mədəniyyəti paytaxtı elan edilməsi münasibətilə təşkil olunmuş bu möhtəşəm toplantının iştirakçılarına müraciət etməkdən böyük məmnunluq duyuram. Bu mərasimin məhz Bakıda keçirilməsi çox önəmlidir. Bakı bu torpağın oğul və qızları tərəfindən yaradılmış bənzərsiz mədəni irsin zənginliyini əks etdirən şəhərdir. Bakı tarixi şəhərdir və bir çox sivilizasiyaların mədəniyyətlərini özündə qovuşdurur.

Bu gün Azərbaycanın ortaq tariximizə verdiyi böyük töhfəsini etiraf edirik. Ümumi keçmişimizə əsaslanaraq hazırda biz ümumi gələcəyimizi müəyyən etməkdəyik. 2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsi İslam Konfransı Təşkilatının 40-cı ildönümü ilə üst-üstə düşür. Bu təşkilat müsəlman aləminin maraqlarını qoruyan, mədəniyyətini və tarixini təşviq edən yeganə böyük təşkilatdır. Bu münasibətlə hazırkı tədbirə, onun keçirilməsinə rəhbərlik etdiyinə görə mən görkəmli lider və uzaqgörən dövlət xadimi cənab İlham Əliyevə ən səmimi təşəkkürlərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, Sizin bu mərasimdə iştirakınız bu sahədə olan təşəbbüslərə şəxsi marağınızın və islam mədəniyyətinə verdiyiniz yüksək qiymətin əyani sübutudur. Bütün bunlar mədəniyyətlərarası mübadilələrə və dünya miqyasında dialoqa töhfə verir. Bugünkü tədbirin uğurla keçirilməsi məqsədilə mədəniyyət və turizm nazirinin də göstərdiyi səyləri yüksək dəyərləndirirəm və İslam Konfransı Təşkilatına tədbirdə iştirak etmək üçün göndərdiyi dəvətə görə minnətdaram.

Azərbaycan öz zəngin tarixinə və adət-ənənələrinə əsaslanaraq müsəlman dünyasında və islam dəyərlərinin qorunub saxlanılmasında rolunu get-gedə artırır və mühüm rol oynayır. Əsrlər boyu islam dini bu ölkədə inkişaf etmiş və digər dinlərə və mədəniyyətlərə mənsub olanlarla sülh şəraitində yaşamış və bu, birgə yaşayışın nümunəsinə çevrilmişdir. Azərbaycan xalqının zəhmətkeşliyi, bu dəyərlərə bağlılığı və sadiqliyi, onun böyük tarixi irsi qürur duymağa əsas verir. Bu, dünya xalqları üçün, o cümlədən bütün müsəlman ümməti üçün xüsusi əhəmiyyət kəsb edir.

Əsrarəngiz təbiət, gözəl iqlim şəraiti, tükənməz təbii ehtiyatlar zəngin islam mədəniyyəti ilə bir araya gələrək Bakını xüsusilə cəlbedici şəhərə çevirir. Buna görə 2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsi yerinə düşən faktdır. Ümid və arzu edirəm ki, keçmişdən götürdüyümüz dərslər sivilizasiyaların uzun əsrlər boyu formalaşdırdığı tarixi irs və mədəniyyət sahəsində quracağımız körpülər vasitəsilə biz müharibələri doğuran ayrı-seçkiliyin, yanlış konsepsiyaların və qütbləşmənin aradan qaldırılmasına nail olacağıq.

Fürsətdən istifadə edərək öz tərəfimdən sizi əmin etmək istəyirəm ki, İslam Konfransı Təşkilatı dünya miqyasında bu sahədəki quruculuq səylərini davam etdirəcəkdir və bu baxımdan İSESKO-nun fəal rolunu təqdirəlayiq hesab edirəm.

Cənab Prezident, İslam Konfransı Təşkilatının bütün fəaliyyətinin Azərbaycan tərəfindən dəstəkləndiyini görərək və islam həmrəyliyinin daha da möhkəmləndirilməsində ölkənizin səylərini nəzərə alaraq, mən bir daha təsdiqləmək istəyirəm ki, İslam Konfransı Təşkilatı Azərbaycanı tam dəstəkləyir. Azərbaycanın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı haqq işini dəstəkləyir. Cənab Prezident, bütün müsəlman ümməti Azərbaycanın qanunsuz olaraq zəbt edilmiş torpaqlarının tam azad edilməsinə və Dağlıq Qarabağın ölkənizin ayrılmaz hissəsi kimi Azərbaycana qovuşmasına qədər sizin arxanızda dayanır.

Yaratdığınız bu fürsətə görə Sizə bir daha İslam Konfransı Təşkilatı adından minnətdarlığımı bildirir, gələcək işlərinizdə uğurlar arzulayıram.

Ekmələddin İhsanoğlu,

İslam Konfransı

Təşkilatının baş katibi".

 

***

Sonra "Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin açılışı münasibətilə konsert oldu. Mərasim iştirakçıları Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Xalq Çalğı Alətləri Orkestrinin, xor kapellasının, rəqs ansamblının, aşıqların, Bakı Xoreoqrafiya Məktəbinin rəqs qruplarının, xalq artistləri Alim Qasımovun, Qərinə Kərimovanın, Avstriyadan dəvət olunmuş simli kvartetin, Litvadan beynəlxalq müsabiqələr laureatı V.Visnyauskasın ifalarını böyük maraqla qarşıladılar. Konsertdə Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, S.Hacıbəyovun, V.Adıgözəlovun, S.Ələsgərovun, N.Əliverdibəyovun, F.Əlizadənin, habelə İ.Ştrausun və C.Puççininin əsərləri səsləndi.

Azərbaycanın qədim və zəngin tarixini, mədəni abidələrini, ölkəmizin paytaxtının keçmiş və indiki mənzərəsini, dövlət tərəfindən mədəni, dini və milli dəyərlərin qorunmasına göstərilən diqqət və qayğını əks etdirən videogörüntülər iştirakçılarda böyük təəssürat doğurdu, Bakının həqiqətən də Şərq və Qərb sivilizasiyalarını bir-birinə qovuşduran çox mühüm və tarixi şəhər olmasını bir daha göstərdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-19 fevral.-S.2.