Anadoludan əsən ruzigarlara həsrət "ceviz ağacı"

 

Moskvadakı mənzilinin pəncərəsindən nə Anadolu görünür, nə Kuvvayi Milliye şəhidlərinin məzarlığı, nə Gülhanə parkında əsən ruzigarlar ceviz ağacının yarpaqlarını xışıldadır, nə də gecənin sakitliyində mələkşələr uçuşurdu. Görünən və duyulan yalnız ona yaxınlaşmaqda olan ölüm ruzigarı idi. Sabah yox, birisi gün. Çox az qalmışdı. O, bu yolu sevə-sevə getmək istəyərdi - çiskinli, yağışlı havada, üstüaçıq maşında enli alnına yağış yağa-yağa Anadoluda bir çinar altında əbədi uyumağa. Nə yazıq ki, sabah yox, birisi gün dəli bir həsrətdən ölü düşdüyü və üzünə açıq yalnız həbsxana qapıları olan məmləkətinə deyil, Moskvanın Novodeviçiy məzarlığına əbədi yol alacaqdı. Acı-acı gülümsədi: "Heç olmasa pəncərəmdən Ankara hərbi dustaqxanası, ya da həbsxanaların ən qaranlığı, kameraların ən nəmlisi olan Bursa qalası görünərdi".

Və 1963-cü il iyunun 3-də XX əsr dünya ədəbiyyatının zirvələrindən sayılan bütün zamanların böyük şairi, doğulandan bələyini biləyinə dolayıb savaşan Nazim Hikmət dünyasını dəyişdi. Dünyanın mavi gözlü divi susmuşdu. Həmin dövrdə Nobel mükafatından imtina edən fransız şair Jan-Pol-Sartr bu ölümdən sarsılır və: "O, əsla uyumadı. Ölüm bu xarüqəladə insanın ilk və son uyqusu oldu" deyir. Yer üzünün səsi ölmüşdü sanki. Planetin hər yanından görünən bu ölüm vətənində nə duyuldu, nə göründü. Əslində isə onu vətənində pünhan sevənlərin, Ankara hərbi dustaqxanasının dəmir barmaqlıqları arasından bu mavi gözlü divi bircə dəfə canlı-canlı seyr etmək istəyənlərin, sevə-sevə nifrət edənlərin, nəhayət, arzuladığı hürrə həsrət məmləkətinin də səsi ölmüşdü. 1935-38-ci illərdə Bursa qalasında yatarkən Ankarada bir neçə şair və yazıçı Nazimin azadlığa çıxması üçün aclıq elan etmiş, gənclər nümayişə çıxmışdılar. Yetişən nəsil onu bitdiyi torpaqdan köklü-köməcli qoparmamaq üçün səslərini dünyaya yayırdı. Buna görə gənclərin bir çoxu işini itirir, kommunist tərəfdaşı kimi həbs edilirdi. Onu sevən və qaladakı barmaqlıqlardan görməyə gedən ziyalı qadınlar təqib edilir, Avropaya "ezamiyyətə" göndərilirdi. Tanınmış sapranoçu Semiha Bərksoy da tez-tez dustaqxanaya gedər, Nazimə çiçək, şəkər, val, tütün və təsbeh apararmış. Bundan xəbər tutan Ankara valisi 1935-ci ildə müğənnini yanına çağırır. Semihanın bir kommunisti sevdiyini və yanına getdiyini öz dilindən eşidəndə vali dəhşətə gəlir.

Nazim Hikmətin yaşamaq istədiyi və arzuladığı Türkiyədə nə istismarçı, nə istismar olunan vardı. İnsanlar azad yaşayırdılar. Amma nə etsin ki, onun inancına görə bu yol sosializm, kommunizm ideyalarından keçirdi. Leninin car çəkdiyi azadlıq, qardaşlıq, birgəlik, bərabərlik şüarlarına böyük sadəliklə inanırdı. O illərin sadəlövhlüyündə ağasız, qulsuz dünya uğrunda, qardaşlıq ideyaları uğrunda insanlar ölümə belə gedirdi. Bu yolu minlərlə azərbaycanlı da gedib. Repressiyalarda, təqiblərdə, müharibələrdə...

Dünya şöhrətli şair, rəssam, dramaturq, türk dünyasının böyük oğlu Nazim Hikmət 1902-ci il yanvarın 20-də əsilzadə bir ailədə dünyaya göz açıb. Lap körpəliyindən həm zahiri görünüşünə, həm də ağıl və fərasətinə görə yaşıdlarından çox fərqlənirmiş. O, 1918-ci ildə İstanbul Hərbi Dənizçilik Məktəbinə daxil olur. 1919-cu ildə Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə yazdığı şeirə görə məktəbdən qovulur. 1921-ci ildə Rusiyaya üz tutan gənc Nazim 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşləri Kommunist Universitetini bitirir. Bu dövr Rusiyada III internasionala abidə qoyulması, "futuristlərlə imajinistlər arasında dartışmalar, Meyerholdun geniş qəlbli..." açıq və küçə karvanları dövrü idi. Nazim Hikmət isə olduqca saf, sadə və həddən artıq istedadlı, eyni zamanda, kommunist olduğundan Kreml onu öz məqsədləri üçün "sevə-sevə" canına çəkdi. Hətta Moskvanın küçələrində 20 yaşlı gənci həbsxana qəhrəmanı kimi gül-çiçəklə qarşılamışdılar. Həmin gün siyasi baxışlarına görə Nazim Hikmətə qucaq açan Moskva bir neçə ildən sonra öz övladı Aleksandr Soljenitsını siyasi baxışlarına görə vətənindən qovdu, yaradıcılığını qadağan etdi. Lakin gənc Nazim elə həmin il Türkiyəyə dönüb orada yaşamaq, öyrəndiyi "kommunizm bərabərliyini və xoşbəxtliyini" vətənində yaratmaq istəyirdi. Odur ki, vaxt itirmədən inqilabi fəaliyyətə girişir. Bununla da onun kəşməkəşli, əzablı həyatı başlayır. Həbsxanalar, sürgünlər, təqiblər, maşın qəzalazrı, ölumə təhdidlər və sonunda bu yaşamdan usanaraq Şimala qaçmaq. Həmin dövrdə Türkiyənin yaşadığı siyasi mənzərəni göz önünə gətirək. İmperialist dövlətlər Sultan Türkiyəsini öz aralarında bölüşdürmək istəyirdi. Şərq vilayətləri Rusiyaya, bir hissəsi Fransaya. Mesopotamiya, habelə İzmir İngiltərəyə verilirdi. Anadolu isə Almanlar üçün nəzərdə tutulmuşdu, Türkiyəyə yalnız Anadolu yaylası qalırdı. Düşmən donanmaları İstanbul sularında üzürdü. Krallar öz ordularına "Ankaraya!" əmrini verirdi.

...1963-cü il iyunun 3-ü. Dünya onu son mənzilə yola salmağa Ankaraya deyil, Moskvaya toplaşmışdı. Arxasınca ağlayanı isə "Qarlı qayın ormanında" nəğməsi idi. Bu nəğmədə tək övladı Mehmedin xiffəti, Gülhanə parkında onsuzluqdan üşüyən ceviz ağacının xiffəti, onu xoşbəxt edəcək türkülərin, bir də Anadolu yaylasında bəxtiyarlıqdan fit çalmaq həsrəti vardı. Ən çox itirən Türkiyə idi. Nazim Hikmət vətənini sevən böyük türk şairi idi, eyni zamanda, onu bütün xalqlar sevirdi, əsərlərini, pyes və hekayələrini, 8 cildliyini öz dillərinə çevirib milyonlarla tiraj çap etdirirdi. Dünyanın Pablo Pikasso, Renato Kuttuzo, Abidin Dino kimi məşhur rəssamları onun tablosunu yaradırdı. Nazim Hikmətin yaratdıqlarında böyük türk obrazı vardı, bəşəriyyətə örnək olmuş dərsliklərin, bütün dünya dillərində izi görünən doğma türk dilinin böyüklüyü, ucalığı vardı.

Latın amerikalı şair, məşhur Pablo Neruda çox sevərmiş onu. O, vaxtilə Lenin mükafatı alarkən bütün çıxışını Nazim Hikmətə həsr edir: "Nazim Hikmət Nobel mükafatı almalıdır. Şairin taleyindəki bu halal şöhrət kəsirinin suçu onu vətən xaini elan edən Türkiyənin, öz məqsədləri xatirinə ona sahib çıxan Kremlin və onun böyüklüyünü görə bilməyən Nobel Komitəsinin boynuna düşür. Nazim Hikmət o sənətkarlardandır ki, 8 cildlik əsərlərinin içərisində diqqəti cəlb etməyən, ruhu silkələndirməyən bir misra, bir cümlə belə yoxdur".

1935-38-ci illərdə təkcə türkiyəli aydınlar deyil, bütün dünya Nazim Hikmətin azadlığı üçün çağırışlara qoşulmuş, nümayişlərə çıxmışdı. Fransız ziyalıları adından Jan-Pol-Sartr, Lui-Araqon, dahi rəssam Pablo Pikasso bu barədə tələbnamə yazaraq Parisdəki türk səfirliyinə təqdim edirlər. Latın Amerikasından olan şair və dramaturqlar - Pablo Neruda, Nikolas Qien də fransız şairlərinə qoşulur.

 

Yaşamaq üçün ayaq dirəyəcəksən,

Düşmənin acığına yaşamaq istəyəcəksən.

 

Yaşamaq istəyirdi. Assalar da, kəssələr də, didsələr də. Həyata işgəncələr içərisində keçirdiyi Bursa həbsxanasının nəmli və pinti pəncərəsindən baxsa da, yaşamaq onun üçün çox cəzibədar idi. Orada sevgi vardı, düşünmək vardı, oyatmaq istədiyi şəhidlər vardı:

 

Şehitler, Kuvvayı Milliyye şehitleri!

Sakaryada, İnönüde, Afyondakılar,

Dumlupınardakılar da elbet.

Ve de Aydında, Antepde vurulub düşenler!

Biz topraq üstündə uykudayız,

Kalkıb uyandırın bizi!

 

Altmış ildən bir az artıq yaşayan Nazim Hikmət həyatının on beş ilini məhbəslərdə keçirdi. Həm özü azadlıqdan məhrum edildi, həm şeirləri. Buna baxmayaraq ömrünü əsl yaşamaqla, yaratmaqla və dəlicəsinə sevməklə keçirdi. Onun bu qədər böyüklüyünün və qüdrətinin iki səbəbi vardı - yaşadığı bütün çətinliklərə və əzablara rəğmən sadəliyini və sevgi duyğusunu itirmədi, sona qədər sevdi. Bir də o, sözə, şeirə nə quş civiltisi kimi, nə musiqi kimi yanaşmırdı. Sözə sənət kimi, sərkərdə kimi yanaşırdı. Hər kəlməsi yeniydi, hər misrası düşündürürdü. Ona görə də dünya ədəbiyyatında xidməti olan söz-sənət adamları Nazim Hikməti div kimi qəbul edir, ondan öyrənirdilər.

Onun həbs tarixləri müxtəlifdir - Moskvadan Türkiyəyə hər gedişində məhbəs qapıları üzünə açılırdı.

Hündür boylu, ala gözlü, gözəl üzlü Nazim Hikmətin özəl həyatı da təlatümlü keçib. Elə heey sevib və heey sevilib. Həyatındakı qadınların çoxu ona həbsdəki barmaqlıqlardan baxaraq sevib. Qızılı saçlı, mavi gözlü pələng həbsxanada məhbus paltarında qandallı halda daha gözəl, daha əzəmətli görünürmüş. Gözəl üzünə həsrət qaldığı isə "Fosforlu Cevriyyə" romanının müəllifi, dövrünün yazarı Suat Dərviş olub. Çoxlu qadınları olsa da, tək övladı Məhmədi 1938-ci ildə evləndiyi dayısı qızı Münəvvər dünyaya gətirib.

 

Nazim Hikmətin Azərbaycanla, Bakıyla böyük bağlılığı vardı. Deyilənə görə, o, Bakıya gələndə şəhərdə bir gözəllik ruzigarı əsirmiş, onu görmək üçün hamı boylanır, o, da insanlara təzimli bir sevgi göstərərmiş. Onun Bakıda ilk şeirlər kitabı olan "Günəşi içənlərin türküsü" 1928-ci ildə ərəb əlifbası ilə nəşr olunur. Ayağı Bakıya dəyən gündən bu məmləkətin mədəniyyətini, sazını, sözünü, musiqisini, ənənəsini, bircə-bircə gəzdiyi tarixi abidələrini böyük heyranlıqla sevir, öyrənir, bu barədə çoxlu sayda məqalə və xatirələr yazırmış. Əsərləri Azərbaycan dilində dönə-dönə nəşr olunub, pyesləri tamaşaya qoyulub. Dünya şöhrətli bəstəkar Arif Məlikov onun "Məhəbbət əfsanəsi" pyesi əsasında eyni adlı balet yazıb. Bir çox bəstəkarlar onun şeirlərinə mahnı və romanslar bəstələyib. R.Babayev "Kəllə" pyesinə illüstrasiya çəkib, M.Rzayeva şairin büstünü yaradıb.

Ən çox sevdiyi isə Bakıda oyanmaq imiş. Obaşdan Bakının Anadoluya bənzər küləyini ciyərinə çəkməyt çox sevərmiş.

 

Türkce sesler gelir yollardan,

Karanlığı yok eder Türkce işığı.

Bir İzmire benzer,

Bir İstanbula.

Denizle dağ karışığı,

Daha mavi, daha ak,

Baküde uyanmak.

İki olursun burda, iki yurdun olur,

İki kez anlatdığı masaldan kurtulursun.

Ölümden sonrakı diriliş var ya

Artıq seniniçin gerekmez.

Hem yakın, hes uzak.

Baküde uyanmak.

 

Azərbaycanın böyük şair və rəssamları, yazıçıları - Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mehdi Hüseyn və başqalarıyla dostluq edərmiş, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Koroğlu" operalarına böyük heyranlıqla baxarmış. Azərbaycanın bir çox bəstəkarı ilə bir yerdə yaradıcılıq əlaqələri olmuşdur.

2002-ci il böyük şairin 100 illiyi ilə əlaqədar YUNESKO tərəfindən Nazim Hikmət ili elan olunmuşdu. Ancaq nə yazıq ki, 1951-ci ildə Türkiyə hökumətinin qəbul etdiyi məlum qərar yenə də ləğv edilmədi. 1951-ci ildə türk cəza qanunun 141-142-ci maddələri ilə Nazim Hikmət Türkiyə vətəndaşlığından azad edilir. Nəhayət, 2009-cu ilin ilk günlərində Türkiyə höküməti böyük oğlu Nazim Hikmət haqqında 1951-ci ildə qəbul etdiyi həmin qərarı qüvvədən düşmüş hesab edərək ona vətəndaşlıq hüququ vermək haqqında yeni qərar qəbul etdi. Dünyanın və böyük şairin çoxdan, lap çoxdan gözlədiyi qərar. 1963-cü ildən bəri Anadoludan əsən ruzigarlara həsrət mavi gözlü divin ruhu artıq dinclik tapar, Gülhanə parkında kimsəsiz qalmış tənha ceviz ağacı məmnun-məmnun ondan xəbərsiz sevgilisini arayar.

 

 

Rəsmiyyə Rzalı

 

Azərbaycan.-2009.-19 fevral.-S.7.