Minillikləri milyon illərə qovuşduran tarix
Uzun illərin və gərgin əməyin məhsulu olan "Azərbaycan etnoqrafiyası" üçcildlik kitabı nəfis şəkildə nəşr edilərək oxucuların ixtiyarına verilmişdir. Yeni nəşr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf olunub. Bu kitabın işıq üzü görməsi təbii ki, Azərbaycan tarixi ədəbiyyatı, folkloru, memarlıq və incəsənəti ilə bağlı yazılacaq yeni tədqiqatların daha dolğun və zəngin olmasına böyük imkanlar yaradacaqdır. Bu cildlər aparılan ciddi araşdırmaların nəticəsidir. Etnoqrafiya elminin əhatə etdiyi bütün məsələlərin işıqlandırılması müasir tarixin öyrənilməsinə də təsir göstərəcək.
Azərbaycanda yaşayan ən qədim insanların tarixi iki milyon ilə qədərdir. Bu səbəbdən də birinci cilddə hər hansı sahənin və məsələlərin işıqlandırılmasında arxeoloji materiallar və bu sahədə aparılan araşdırmaların mühüm nəticələri nəzərə alınmışdır. Birinci cilddə əsasən Azərbaycanın təbii coğrafi şəraitindən, çoxəsrlik tarixi əkinçilik və maldarlıq mədəniyyətindən, əhalinin sosial-iqtisadi həyatındakı rolundan, həm də qədim məşğulluq sahəsi sayılan ovçuluq, balıqçılıq və arıçılığın keçdiyi inkişaf mərhələlərindən söz açılır. Səkkiz fəsildən ibarət olan birinci cilddə həmçinin el sənətkarlığı barəsində də xüsusi araşdırmalar var. Məhz son fəsildə ənənəvi sənət sahələri haqqında həm ümumi, həm də konkret məlumatlar verilir.
"Azərbaycan etnoqrafiyası" kitabının ikinci cildi altı fəsildən ibarətdir. Burada da Azərbaycan etnoqrafiyasının mühüm tərkib hissəsi olan maddi mədəniyyət və ailə-məişət məsələlərinə toxunulmuşdur. Cilddə xalqımızın çoxəsrlik tarixə malik yaşayış məskənləri, geyim bəzəkləri, yeməkləri və içkiləri, nəqliyyat vasitələri və s. kimi maddi mədəniyyət sahələrindən əhatəli şəkildə söz açılır. Kitabda həmçinin ailə, nikah, toy, uşaqların tərbiyəsi və yas mərasimi məsələləri də xüsusi işıqlandırılır.
Kitabda xüsusi bir bölmə milli geyimlərə və bəzək əşyalarına həsr olunub. Milli mətbəximizdən maraqlı söhbət açılır. Məlum olur ki, maddi mədəniyyətin ən mühafizəkar sahəsi məhz milli mətbəximiz olub. Heç bir zaman bu sahədə repressiya baş verməyib. Hər şeyin üstündən qara xətt çəkən quruluşlar da, yemək çeşidinin qarşısını almayıb, adlarını dəyişdirə bilməyib, əksinə, həmişə zənginləşən, daha da ətirli və dadlı olan Azərbaycan yeməkləri haqqında bütün ölkələrin səyyahları ağızdolusu danışıb. Yeganə bir sahədir ki, həm qədimdir, həm də uzunömürlü.
Kitabın çox maraqla oxunan bölmələrindən biri də ailə və ailə məişəti ilə bağlı olan söhbətlərdir. Xüsusilə də, toy və yas adətlərimizdən bəhs edən yazılar daha dəyərli və vacibdir.
Yeni nəşrin üçüncü cildi doqquz fəsildən ibarətdir. Burada da Azərbaycan etnoqrafiyasının mühüm tərkib hissəsi olan mənəvi mədəniyyət məsələlərinə toxunularaq çoxəsrlik tarixə malik xalq bayramlarından, qonaqpərvərlikdən, ağsaqqal və ağbirçəklik missiyalarından söz açılır, eyni zamanda, xalq təbabətindən, musiqi dünyasından, oyun və əyləncələrdən, inanclardan, dini görüşlərdən danışılır. Bu da təsadüfi deyildir. Çünki maddi mədəniyyətlə yanaşı, mənəvi mədəniyyət də etnoqrafiya elminin aparıcı qollarından biridir. Minilliklərdən üzü bəri gələn mənəvi mədəniyyət təkcə Şərqdə deyil, bütövlükdə beynəlxalq aləmdə şərəfli yer tutur. Qədim zamanlarda Azərbaycanda olmuş səyyahlar da qələmə aldıqları salnamələrdə, xatirələrdə həmişə azərbaycanlıları "Qafqazda mədəniyyət yayan xalq" kimi təqdim ediblər. Aparılan müşahidələr göstərir ki, xalqımıza məxsus elə mənəvi keyfiyyətlər var ki, onları başqa xalqlarda tapmaq qeyri-mümkündür.
Cildin xalq təbabəti bölməsində Azərbaycanda təbabət elminin inkişafında və formalaşmasında rolu olan şəxsiyyətlər haqqında, onların fəaliyyəti barədə bilgilər verilir. Farmakologiya və dərmanşünaslığın inkişafında böyük xidmətləri olan xalq təbibləri haqqında oxuculara müəyyən məlumatlar çatdırılır. Təbabət tarixinin müxtəlif dövrlərinə işıq salınaraq dərman bitkiləri və xalq təbabətində istifadə olunan müalicə üsulları barəsində də maraqlı faktlar diqqət çəkir.
Mənəvi mədəniyyətin tərkib hissələrindən biri də xalq adət-ənənəsi, ayin, mərasim, etiqad, inam və s.-dir. Onların inkişaf tarixini öyrənmək etnoqrafiyanın mühüm əhəmiyyət verdiyi əsas sahələrdən biridir. Bu mənada xalq inamları, qədim dini etiqadlar, rənglər və saylar haqqında da ətraflı söhbət açılır.
Bu cildin son bölməsi
"Xalq təqvimi"
adlanır. Bəllidir ki, vaxtı
ölçmək üçün
bütün dünya xalqları ən qədim zamanlardan Ay və Günəşin dəyişməsindən istifadə
etmişlər. Ona görə
də təqvimlər
Ay-Günəş təqviminə
bölünmüşdür. Azərbaycanda isə çox
qədim zamanlardan 12 heyvanla bağlı olaraq türk təqvimindən istifadə
olunmuşdur. Bu 12 heyvanlı
məşhur türk təqvimində hər il ayrıca
bir heyvanın (siçan, öküz-inək,
pələng, dovşan,
əjdaha, ilan, at, qoyun, meymun, toyuq-xoruz, it, donuz) adını daşıyır.
Yəni,
hər bir heyvan adı 12 ildən bir təkrarlanır. Xalq arasında
yayılmış inama
görə təzə
ilin necəliyi məhz adlandırıldığı
heyvanın əlaməti
ilə bağlıdır.
Üçcildliyin hazırlanmasında və
ərsəyə gəlməsində
Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışan əməkdaşların
xüsusi zəhməti
olmuşdur. Hətta kitabın yazılmasında
gərgin əmək sərf edən görkəmli etnoqraflardan
bəziləri artıq
haqq dünyasına qovuşmuşlar. Amma onların
cəfakeşliklə hazırladıqları
üçcildlik "Azərbaycan
etnoqrafiyası" kitabı
bu cəfakeş alimlərin müştərək
nailiyyətidir. Üçcildliyi oxuyub başa çatdırmaq xalqımızın
qədim tarixinə, adət-ənənəsinə, mədəniyyətinə bir
daha yaxından bələd olmaq deməkdir.
F.Xəlilzadə
Azərbaycan.-2009.-19 fevral.-S.7.