Prezident İlham Əliyevin və
Baş nazir Kostas Karamanlisin mətbuat üçün bəyanatları
Yunanıstanın Baş naziri
Kostas Karamanlisin bəyanatı
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstanın Baş naziri Kostas Karamanlis fevralın 17-də Afinada keçirilən görüşdən sonra mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış etmişlər.
- Bu gün mən böyük məmnuniyyətlə Azərbaycan Respublikasının Prezidentini, əziz dostumu Afinada salamlayıram.
Sonuncu dəfə biz 2007-ci ildə görüş keçirmişik. Həmin görüş Türkiyə-Yunanıstan-İtaliya boru kəmərinin Türkiyə-Yunanıstan hissəsinin açılışına həsr olunmuşdu. Həmin vaxtdan etibarən bizim əməkdaşlığımız üçün yeni imkanlar yaranmışdır.
Azərbaycan Qafqazın çox mühüm ölkəsidir və Yunanıstanın bu ölkə ilə siyasi, iqtisadi və mədəni əlaqələri vardır. Eyni zamanda, biz həmin regionda təhlükəsizlik və sabitlik sahəsində də birgə səylərimizi göstəririk. Xüsusən də ki, Yunanıstan hazırda ATƏT-də sədrlik edir.
Yunanıstan və Azərbaycan əməkdaşlığı daha da genişləndirmək əzmindədir. Dünən biz mühüm sazişlər imzaladıq və bunların əsasında ikitərəfli münasibətlərimiz daha da inkişaf edəcəkdir. Bu gün keçiriləcək Yunanıstan-Azərbaycan biznes forumunda mən cənab Prezidentlə birgə iştirak edəcəyəm. Tədbir çərçivəsində biz iqtisadi sahədə münasibətlərimizi müzakirə edəcəyik.
Eyni zamanda, danışıqlarımız zamanı boru kəməri və enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Vaxt keçdikcə, hasilatçı və tranzit ölkə kimi Azərbaycanın rolu daha da artır. Yunanıstan birbaşa Azərbaycanda hasil edilən, oradan nəql olunan təbii qazın idxalçısıdır. Prezident Əliyev də xüsusi vurğuladı ki, bu əməkdaşlıq bizə daha yeni imkanlar açır.
Bir daha Sizi salamlayıram.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Təşəkkür edirəm,
cənab Baş nazir.
Mənim Yunanıstana
dövlət səfərim başa çatır və deyə
bilərəm ki, səfərin nəticələri çox
uğurlu olmuşdur. Səfər zamanı həm ikitərəfli
sənədlərin imzalanması, həm də aparılan
danışıqlar nəticəsində Yunanıstanla Azərbaycan
bir-birinə daha da yaxın olmuşdur. Bizim aramızda
çox yüksək siyasi dialoq aparılır. Siyasi əlaqələrimiz
çox yüksək səviyyədədir və şübhə
yoxdur ki, bu səfər əlaqələri daha da möhkəmləndirəcəkdir.
Eyni zamanda, iqtisadi sahədə,
mədəni sahədə bizim böyük planlarımız
var. Bu gün keçiriləcək müştərək
forum biznes strukturlarına da imkan verəcək ki, bu gözəl
siyasi əlaqələrin olmasından onlar da faydalansınlar.
Çünki biznes strukturları, adətən, siyasi cəhətdən
məqbul olan yerlərə getməyə daha çox
üstünlük verirlər.
Yunanıstan-Azərbaycan
münasibətləri isə bu gün tərəfdaşlıq
xarakteri daşıyır və biz çox istəyirik ki, bu
münasibətlərimizi daha da yüksək pilləyə
qaldıraq. Bu gün biz bölgədə yaranmış vəziyyət,
xüsusilə, mövcud olan təhlükələr
haqqında da fikir mübadiləsi apardıq.
Mən cənab Baş nazirə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinə dair Azərbaycanın
mövqeyini bir daha bildirdim. Söylədim ki, bütün
başqa münaqişələr kimi, bu problem də yalnız
və yalnız ölkələrin suverenliyi, ərazi
bütövlüyü, sərhədlərin toxunulmazlığı
əsasında öz həllini tapmalıdır, beynəlxalq
hüquq normalarına əsaslanmalıdır.
Əlbəttə ki, bizim
münasibətlərimizin hərtərəfli inkişafı
üçün enerji sahəsində əməkdaşlıq
böyük əhəmiyyət daşıyır. Cənab
Baş nazirin qeyd etdiyi kimi, bu sahədə artıq çox
gözəl nəticələr vardır. Yunanıstan Avropa
İttifaqının üzvü olan ilk ölkədir ki, Azərbaycan
qazı bu ölkəyə nəql edilir. Bir ildən bir az
çox müddət ərzində biz bunu edirik.
Çox istəyirik ki, gələcəkdə
ikitərəfli əsasda Yunanıstanla Azərbaycan
arasında qaz sahəsində əməkdaşlıqda daha da
böyük nailiyyətlərə çataq. Bunu etmək
üçün bütün imkanlar var. Azərbaycanın zəngin
qaz ehtiyatları, mövcud olan boru kəmərləri və Azərbaycan
qazına Avropada, o cümlədən Yunanıstanda olan tələbat
- bütün bu amillər birlikdə və eyni zamanda, tranzit məsələlərinin
tezliklə həll olunması, əminəm ki, bu sahədə
uzunmüddətli və qarşılıqlı surətdə
faydalı əməkdaşlığın möhkəmlənməsində
daha da müsbət rol oynayacaqdır.
Bununla bərabər, bir daha
demək istəyirəm ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təmin olunması işində öz rolunu oynamağa davam edəcəkdir.
Biz buna hazırıq, bunu etməyə
başlamışıq. Avropada enerji təhlükəsizliyi məsələlərinin
həlli üçün Yunanıstan-Azərbaycan əlaqələrinin
çox böyük əhəmiyyəti var.
Mənə və nümayəndə
heyətinə göstərilən gözəl münasibətə,
böyük qonaqpərvərliyə görə bir daha dərin
minnətdarlığımı bildirmək istəyirəm. Bu
fürsətdən istifadə edərək, Baş naziri Azərbaycana
dəvət etmək istəyirəm ki, biz münasibətlərimizi
bundan sonra da uğurla irəliyə aparaq.
Təşəkkür edirəm.
* * *
Sonra Prezident İlham Əliyev
və Baş nazir Kostas Karamanlis jurnalistlərin suallarına
cavab verdilər.
- Mənim sualım cənab Prezidentə və cənab Baş nazirədir. Bildiyimiz kimi, iki ölkə arasında enerji sahəsində yaxşı əməkdaşlıq var. Bəs qeyri-enerji sektorunda əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?
KOSTAS KARAMANLİS: - Hesab edirəm ki, münasibətlərimizin xüsusiyyəti ondan ibarətdir ki, biz hər bir sektorda əməkdaşlıq edəcəyik. Prezident Əliyev və mən bəyan etdik ki, iqtisadi sahədə münasibətlərimiz yaxşı səviyyədədir və bir çox sahələr var ki, orada da əməkdaşlıq aparıla bilər. Təbii ki, enerji əsas sahələrdən biridir. Lakin biz bununla məhdudlaşmalı deyilik. İqtisadi əməkdaşlıq üçün digər sektorlar da var. Hazırda biz lazımi hüquqi çərçivəni yaratmışıq və keçiriləcək biznes forumu çərçivəsində iqtisadi münasibətlərimiz üçün daha geniş imkanlar açılacaqdır.
İLHAM ƏLİYEV: - Bu səfər çərçivəsində əməkdaşlığın bütün aspektləri müzakirə edildi və şübhəsiz ki, qeyri-enerji sektorunun inkişafı üçün lazımi tədbirlər görülməlidir. Bunun üçün artıq çox geniş hüquqi baza var və şübhə yoxdur ki, biznes aləminin bir-birinə yaxın olması və müştərək layihələrdə iştirakı bizim ümumi münasibətlərimizə çox müsbət təsir edəcəkdir.
Bildiyiniz kimi, qeyri-neft sektorunun inkişafı Azərbaycanda son illər ərzində prioritet vəzifədir, bu sahəyə çox böyük investisiyalar yatırılır. Biz daha böyük sayda yunan şirkətlərini Azərbaycanda görmək istəyirik, investorlar kimi, servis şirkətləri, yəni, podratçılar kimi görmək istəyirik. Bizim müxtəlif sahələrdə yaranmış imkanlarımız bütün yunan şirkətlərinə də açıqdır.
Bu məsələnin daha da dərindən təhlili üçün, əlbəttə ki, müvafiq tədbirlər görülməlidir. Biznes forumunun keçirilməsi biznes aləmini bir-birinə daha da yaxınlaşdıracaqdır. Ümid edirəm ki, bu biznes forumunun nəticəsində real konkret layihələr üzə çıxacaqdır. Onu da demək istəyirəm ki, artıq Azərbaycan şirkətləri də xarici ölkələrə sərmayələrin qoyulmasına başlamışlar. Son iki il ərzində xaricə bir neçə milyard dollar həcmində Azərbaycan sərmayələri qoyulmuşdur. Əlbəttə ki, Yunanıstanla bu sahədə işləmək bizim üçün də çox vacib olacaqdır.
Ona görə də hesab edirəm ki, biz enerji və qeyri-enerji sektorlarını bir-birindən ayırmamalıyıq. Onların bəzi hallarda birgə fəaliyyəti, yaxud da ki, bir yerdə olan layihələr daha da böyük uğurlara gətirib çıxarır.
- Azərbaycan qazının alınması ilə bağlı danışıqlarda hər hansı bir dəyişiklik varmı? İkincisi, Yunanıstan bir çox səylər göstərir ki, cənubdan da qaz alsın.
KOSTAS KARAMANLİS: - Bilirsiniz, hazırda Yunanıstan ilə Azərbaycan arasında gedən bu danışıqlar bizim siyasətimizə heç bir vəchlə dəyişiklik gətirmir. Azərbaycandan təbii qazın ikitərəfli və yaxud çoxtərəfli əsaslarla alınması, bunun mövcud olan boru kəməri ilə həyata keçirilməsi də həmişə bizim prioritetimiz və siyasətimizin mərkəzində olubdur. Biz - Prezident Əliyev və mən bu məsələni və Türkiyə-Yunanıstan-İtaliya boru kəməri məsələsindəki irəliləyişi müzakirə etdik. Hesab edirəm, bu, bizim birgə Avropa məqsədlərimizin ayrılmaz bir hissəsidir ki, Cənubi Avropa dəhlizi yaradılsın, bu dəhliz Xəzər dənizindən başlasın. Ona görə biz, sözün əsl mənasında, real tələbatlara cavab vermək istəyirik. Avropa İttifaqının maraqlarını nəzərə alaraq, qaz tələbatına cavab vermək istəyirik.
Türkiyə ilə münasibətlərimizə gəldikdə, biz çox yaxşı işləyirik ki, əsas layihələr irəlilədilsin və enerji resursları Avropaya çatdırılsın.
- Mənim sualım cənab Prezidentə və Baş nazirədir. Hər iki ölkə qarşılıqlı tranzit imkanlarını necə dəyərləndirir? Çünki ölkələrimiz strateji mövqeyə və böyük iqtisadi potensiala malikdir.
KOSTAS KARAMANLİS: - Yunanıstan artıq bir sıra sazişlər imzalayaraq Cənubi Avropa regionunda bir enerji qovşağına çevrilmişdir. Bu sahədə biz daim işləyirik. Hesab edirik ki, bu, bizim marağımızdadır və eyni zamanda, region dövlətlərinin, misal üçün Azərbaycanın da marağındadır. Ümumiyyətlə, bütün Avropa İttifaqının marağındadır. Biz buna nail olmaq istəyirik.
İLHAM ƏLİYEV: Bu gün, əlbəttə ki, iki ölkənin tranzit imkanları da müzakirə olundu. Bu sahədə əməkdaşlıq üçün çox yaxşı imkanlar vardır. Azərbaycan həm enerji resurslarının hasilatçısı, həm də tranzit ölkə kimi öz funksiyalarını yerinə yetirməyi davam etdirmək əzmindədir. Yunanıstanla Azərbaycan arasında enerji sahəsində olan əməkdaşlıq çərçivələri bu iki məsələni özündə ehtiva edir. Biz qaz sahəsində Yunanıstanla çoxtərəfli və ikitərəfli əsasda əməkdaşlıq etmək fikrindəyik. Bunu reallaşdırmaq üçün artıq ciddi ikitərəfli danışıqlar gedir.
Çoxtərəfli və ikitərəfli formatların fərqi ondan ibarətdir ki, mənim fikrimə görə, ikitərəfli əsasda biz daha da qısa müddət ərzində qaz anlaşmasına nail ola bilərik. Hər halda, bu iki formatı paralel şəkildə apararaq, həm ikitərəfli münasibətlərdə, həm də digər tərəfdaşlarımızla münasibətlərimizdə elə etməliyik ki, hasilatçı ölkələrin, tranzit ölkələrin və istehlakçıların birgə fəaliyyəti təşkil olunsun və onların müştərək maraqları qorunsun. Əgər hər bir layihə üçün, xüsusilə, enerji layihəsi üçün üç önəmli komponenti komanda şəklində bir araya gətirə bilsək, demək, biz öz istəyimizə tezliklə nail olacağıq.
AzərTAc
Azərbaycan.-2009.-20 fevral.-S.1-2.