Azərbaycan-Yunanıstan biznes
forumu
Xəbər verdiyimiz kimi,
fevralın 17-də Afinada "İşgüzar əməkdaşlığın
imkanları" mövzusunda Azərbaycan-Yunanıstan biznes
forumu keçirilmişdir.
Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki nüfuzundan, Azərbaycan-Yunanıstan əməkdaşlığının inkişafından narahatlıqlarını gizlədə bilməyən Afinadakı bir qrup erməni forumun keçirildiyi binanın qarşısında ucuz şou yaratdılar. Lakin 5-10 erməninin bu hərəkəti, təbii ki, küçədən keçən insanların diqqətini cəlb etmədi.
Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezidenti Karolos Papulyas, bu ölkənin Baş naziri Kostas Karamanlis biznes forumun açılışında iştirak etmişlər.
Azərbaycanda İnvestisiyaların İxracı və Təşviqi Fondunun və Afina Ticarət və Sənaye Palatasının birgə təşkil etdiyi görüşü palatanın prezidenti Konstantinos Mixalos açaraq dedi ki, biznes forumda Yunanıstanın 100-dək, Azərbaycanın isə 20-yə yaxın şirkəti təmsil olunmuşdur. Əminik ki, forum iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.
Forumun açılışında dövlət başçıları, Yunanıstanın Baş naziri çıxış etdilər.
Yunanıstan Prezidenti Karolos
Papulyasın çıxışı
- Cənab Azərbaycan Respublikasının Prezidenti!
Cənab Baş nazir!
Xanımlar və cənablar, nazirlər, hörmətli Afina Sənaye və Ticarət Palatasının prezidenti!
Əziz dostlar!
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, onun xanımını və Azərbaycan nümayəndə heyətini Yunanıstanda salamlamaqdan olduqca məmnunam. Bu səfər uğurlu olmuşdur və səfər çərçivəsində bir çox sazişlər imzalanmışdır. Hesab edirəm ki, bunlar ölkələrimiz arasında münasibətlərin gələcəkdə daha dinamik inkişafına imkan yaradacaqdır. Bildirirəm ki, bu sazişlər iqtisadi, siyasi və mədəni sahədə əməkdaşlığımızı daha da artıracaqdır. Bu gün Azərbaycandan gəlmiş işgüzar dairələrin burada olmasının xüsusi əhəmiyyəti vardır.
Cənab Prezident!
Xanımlar və cənablar!
Bu gün bizim əməkdaşlığımız
xüsusi əhəmiyyət daşıyır. Çünki
hazırda bütün dünyada böhran var və ölkələrimizin
iqtisadi əməkdaşlıq perspektivləri olduqca
böyükdür.
Mən Sizin Yunanıstana səfəriniz
çərçivəsində yunan şirkətlərinə
edilmiş dəvətdən çox şad oldum. Hesab edirəm
ki, Azərbaycanla enerji sektorundakı apardığımız əməkdaşlıq
digər sahələrdə də əlaqələrə zəmin
yaradacaqdır. Bunun böyük perspektivləri var. Beləliklə,
biz çox istəyirik ki, artıq mövcud olan əməkdaşlıq
genişlənsin. Yunanıstan tərəfi texnologiyalarla
bölüşə və birgə tədbirlər həyata
keçirə bilər. Turizmdə və digər sahələrdə
bir çox yeniliklər gətirə bilər. Bizim elmi
potensialımız və bu sahədə təcrübəmiz
var.
Siz məni səfəriniz
çərçivəsində Azərbaycana dəvət
etdiniz. Bildirmək istəyirəm ki, mən bu dəvəti qəbul
etməkdən çox məmnun oldum.
Təşəkkür edirəm.
Azərbaycan Prezidenti İlham Əliyevın
çıxışı
- Hörmətli cənab
Prezident, hörmətli cənab Baş nazir, xanımlar və
cənablar!
İlk növbədə,
Yunanıstana dövlət səfərim zamanı mənə
və nümayəndə heyətimə göstərilmiş
səmimi qonaqpərvərliyə görə cənab Prezidentə
və cənab Baş nazirə minnətdarlığımı
bildirmək istəyirəm. Səfər çox uğurlu olmuşdur.
Bu forum səfərimin rəsmi proqramında nəzərdə
tutulmuş sonuncu tədbirdir. Əminəm ki, ölkələrimizin
işgüzar dairələri arasında görüş Azərbaycan-Yunanıstan
ikitərəfli əlaqələrini gücləndirəcəkdir.
İnanıram ki, səfərin nəticələri yaxın
vaxtlarda hiss olunacaqdır. İmzaladığımız
sazişlər və bir çox məsələlər ətrafında
apardığımız danışıqlar ölkələrimiz
arasında anlaşmanı daha da möhkəmləndirəcək
və hüquqi çərçivəni artıq genişləndirmişdir.
Əminəm ki, bütün bunlar gələcəkdə bizə
ümumi məqsədlərə doğru irəliləməkdə
imkan yaradacaqdır.
Yunanıstan ilə Azərbaycan
arasında olduqca yüksək səviyyəli siyasi münasibətlər
var. Mənim ölkənizə səfərim bu əlaqələri
birmənalı şəkildə gücləndirəcəkdir.
Biz ölkələrimiz arasında daha sıx iqtisadi əlaqələrin
olmasına çalışırıq.
Qarşılıqlı ticarət dövriyyəsinin
artırılması üçün hələ də
çox işlər görməliyik və bu ticarətin
strukturu üzərində çalışmalıyıq. Bu
sahədə enerji komponenti əsas yer tutur. Təbii ki, bu,
müsbət haldır. Lakin əminəm ki,
iqtisadiyyatlarımızın qeyri-enerji sektorunda biznes qurmaq,
birgə layihələrdə iştirak etmək,
qarşılıqlı sərmayə imkanlarını
araşdırmaq üçün böyük imkanlar
vardır. Zənnimcə, Yunanıstan ilə Azərbaycan
arasındakı güclü ikitərəfli əlaqələri
nəzərə alaraq, işgüzar dairələr bu fürsətdən
istifadə edəcək, birbaşa təmaslar quracaqlar.
Ümidvarıq ki,
hazırkı biznes forumunun keçirilməsi nəticəsində
yeni müqavilələr yaranacaq, yeni təmaslar və əlaqələr
qurulacaqdır. Bütün bunlar isə, öz növbəsində,
ikitərəfli əlaqələrimizdə yeni istiqamətlərin
müəyyən edilməsinə kömək göstərəcəkdir.
Bir sözlə, insanlar arasında təmaslar çox vacibdir.
Biz yunan tərəfdaşlarımıza maksimum münasib
şəraitin yaradılması üçün əlimizdən
gələni edəcəyik.
Müstəqil dövlət
kimi Azərbaycan nisbətən gəncdir. Müstəqillik
tariximiz 17 ildən bir az artıqdır. Biz öz taleyimizi və
atacağımız addımları özümüz həll
edirik. Həmin müddət ərzində biz böyük
tarixi keçid yolunu keçmişik. Azərbaycan 1991-ci ildə
müstəqilliyini qazananda özəl sektorda ÜDM-in həcmi
sıfır faiz idi. Hər şey dövlətə məxsus
idi. İndi isə ÜDM-in 85 faizi özəl sektorumuz tərəfindən
təmin edilir. Biz çox ciddi iqtisadi islahatlar, olduqca liberal
iqtisadi siyasət, açıq qapı siyasəti həyata
keçiririk. Bu siyasət birbaşa xarici sərmayələrə
təkan verir. Fərəh hissi ilə bildirirəm ki, Azərbaycan
adambaşına düşən birbaşa xarici sərmayələrin
həcminə görə keçmiş SSRİ ölkələri
arasında birinci yeri tutur. Dünyanın müxtəlif yerlərindən
olduqca geniş tərəfdaşlar şəbəkəsinə
malikik. Təbii ki, sərmayələr təkcə enerji
sektoruna yatırılmır, halbuki bu, ən əsas cəlbedici
sahə idi. Lakin hazırda Azərbaycanda şaxələndirilmiş
iqtisadiyyatın inkişaf etdirilməsi ilə qeyri-enerji
sektorunda da daha çox imkanlar açılır. İqtisadi
islahatların aparılması ölkəmizi möhkəmləndirir.
Azərbaycan özünü təmin edən ölkədir. Təbii
sərvətlər çoxdur. Lakin biz həmin təbii sərvətləri
insan kapitalına çeviririk. Səhiyyədə və
humanitar sahələrdə, sosial problemlərin həllində
bir çox işlər görülmüşdür.
İqtisadi siyasətimiz
Dünya Bankının diqqətini cəlb etmişdir və Azərbaycan
həmin bankın "Doing Business-2008" hesabatında
dünyanın bir nömrəli islahatçı ölkəsi
elan olunmuşdur. Bu qiymət bızım siyasətimizi və
məqsədlərimizi açıq şəkildə
nümayiş etdirir. Son beş ildə iqtisadiyyatımız
dünyada ən böyük sürətlə inkişaf etmiş,
həmin dövrdə Azərbaycanın ÜDM-i 2,6 dəfə
artmışdır. Sənaye istehsalı da, demək olar ki,
eyni səviyyədə artmış, büdcə gəlirləri
12 dəfə çoxalmışdır. Bir çox
infrastruktur və sosial proqramlar həyata keçirilmək
üzrədir. Coğrafi mövqeyimizdən yararlanaraq, biz nəqliyyat
infrastrukturuna çox sərmayə yatırmışıq və
nəqliyyat qovşağına çevrilmək
üçün bir çox işlər
görmüşük. Hazırda Azərbaycan vasitəsilə
Avropanı Asiya ilə birləşdirəcək dəmir yolu
xətti üzərində çalışırıq.
Ümid edirik ki, bir neçə ildən sonra bu yol artıq
istismara veriləcəkdir.
Təbii ki, ölkəmizin
apardığı enerji siyasəti diqqət mərkəzində
olmuşdur, çünki hazırda enerji məsələlərinin
əhəmiyyəti, - xüsusən də, Avropa
üçün, - get-gedə artır. Biz
planlaşdırdığımız məqsədlərə
nail olmuşuq. 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə
edəndə keçmiş SSRİ-də ən ağır
iqtisadi vəziyyət bizdə idi. Sənaye istehsalı, o
cümlədən neft və qaz hasilatı sürətlə
azalırdı. Azərbaycan təbii qaz idxal edən ölkəyə
çevrilmişdi. Biz hər şeyi sıfırdan
başlamalı idik. Sovet İttifaqının çox aqressiv
enerji siyasəti nəticəsində ətraf mühitə
çox böyük ziyan dəymişdi. Son illər ərzində
ölkədə neft hasilatını 5 dəfədən
çox artıra bildik. Hazırda hasilatın gündəlik həcmi
təxminən 1 milyon bareldir və bu səviyyə ölkə
iqtisadiyyatı və daxildə sərmayə
yatırımları üçün kifayətdir. Son iki il ərzində
biz qaz ixrac edən ölkəyə çevrildik. 2007-ci ilə
qədər biz təbii qazı idxal edirdik. Bu nailiyyət nəinki
bizim üçün, o cümlədən tərəfdaşlarımız
üçün mühümdür.
Bu gün, ixrac əməliyyatlarımız
bir neçə ölkəni əhatə edir. Azərbaycan
qazı artıq Avropa İttifaqının bazarına daxil
olur. Dünən və bu gün apardığımız
müzakirələrin mövzularından biri də bu əməkdaşlığın
ikitərəfli və çoxtərəfli səviyyədə
genişləndirilməsi ilə bağlı idi. Yaxşı
imkanlar var. Ümumi əsaslar və maraqlar mövcuddur.
Biz nəqletmə
imkanlarımızı mümkün qədər geniş şəkildə
şaxələndirməliyik. İndi bizim karbohidrogen
ehtiyatlarımızı müxtəlif istiqamətlərdə
nəql edən yeddi neft və qaz boru kəmərimiz var. Biz
yalnız bir nəql marşrutundan asılı deyilik. Bunun
özü böyük nailiyyətdir. İstərdik ki, bizim
istehlakçılarımız arasında daha çox ölkə
olsun. Bu sahədə Azərbaycan Yunanıstanla artıq
yaxşı əməkdaşlıq edir. Əminəm ki, səfərdən
sonra görüləcək işlər uzunmüddətli,
qarşılıqlı surətdə faydalı və hər
iki tərəfin maraqlarına cavab verəcək
razılaşmanın əldə olunması ilə nəticələnəcəkdir.
Enerji təhlükəsizliyi xarici təchizatdan asılı
olan istehlakçılar üçün vacibdir.
Enerjidaşıyıcıların nəqli yollarının
şaxələndirilməsi isə hasilatçılar və
istehlakçılar üçün əhəmiyyətlidir.
İstehlakçılar bir mənbədən
asılı olmaq istəmirlər, hasilatçılar isə
bir marşrutdan asılı olmaq arzusunda deyillər. Belə
olmasa, mövqelərimiz zəifləyə bilər. Burada
maraqlar üst-üstə düşür. Biz yalnız
ümumi maraqlar əsasında irəliyə doğru gedə
bilərik.
Bir daha demək istəyirəm
ki, ölkələrimiz arasında çox yüksək səviyyəli
münasibətlər vardır. Həmin əlaqələrə
müxtəlif komponentlərin əlavə edilməsi məqsədi
ilə biz mümkün olan bütün işləri görməliyik.
Enerji siyasəti və bu sahədə əməkdaşlıq
həmin işlərdən biridir. Mən son iki gün ərzində
apardığım müzakirələrdən çox
razıyam. Bundan əlavə, biz qeyri-neft sahəsində
mümkün olan işləri həyata keçirmək üzərində
düşünməliyik. Azərbaycandakı biznes
imkanları öyrənilməlidir: hansı baxımdan biz cəlbedici
ola bilərik? Qaydalar hansılardır? Vergilər və sərmayə
mühiti necədir? Əməkdaşlığın gələcək
sahələri hansılardır? Əminəm bütün
bunlar biznes forumunda müzakirə olunacaq və Yunanıstan-Azərbaycan
birgə iqtisadi komissiyasının ümumi səyləri,
aparıcı rolu və əlaqələndirməsi ilə biz
bu sahədə yaxşı nəticələr əldə edə
bilərik.
Bir sözlə, səfərimin
nəticələrini yekunlaşdıraraq, bir daha bildirmək
istəyirəm ki, mən bu nəticələrdən çox
razıyam. İki gün ərzində mənə göstərilmiş
qonaqpərvərliyə görə çox minnətdaram.
Hüquqi bazamızı genişləndirdik, ölkələrimiz
arasında münasibətlər daha sıx olur. Regional vəziyyət
və bizi narahat edən məsələlərlə
bağlı fikirlərimizi açıq şəkildə
bildirdik. Region ölkələri səylər göstərir.
Lakin planlaşdırdığımız bütün işlərə
nail olmaq üçün Cənubi Qafqaz regionunda sabitlik
olmalıdır. Sabitlik və təhlükəsizlik hər bir
inkişaf üçün ən vacib ilkin şərtdir.
Ölkədə sabitlik olmayanda nə sərmayələr, nə
irəliləyiş, nə də ki, etimad olur. Eyni sözləri
regiona da aid etmək olar. Əgər regional təhlükəsizlik
yüz faiz təmin olunmursa, onda daha çox risklər və
potensial təhlükələr yaranır.
Əfsuslar olsun ki, Azərbaycan
mövcud və potensial təhlükələrin olduğu
regionda yerləşir. Onlardan biri yaxşı məlum olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Bildiyiniz kimi,
Dağlıq Qarabağ münaqişəsi təxminən 20
ildir davam edir. Bu iyirmi il ərzində torpaqlarımız
işğal altındadır. Ermənistanın silahlı
qüvvələri ərazimizin iyirmi faizini zəbt edib və
azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
aparılıbdır. Bunun nəticəsində 1 milyon
soydaşımız öz doğma torpaqlarından qovularaq,
qaçqın və məcburi köçkün vəziyyətinə
düşübdür. Ermənilər Azərbaycanın
işğal olunmuş ərazilərində hər şeyi
dağıdıblar. 2005-ci ildə ATƏT-in
faktaraşdırıcı missiyası Azərbaycanın
işğal olunmuş torpaqlarında yoxlama aparmış,
öz hesabatında aydın şəkildə bildirmişdir
ki, hər şey - bütün binalar, məktəblər, səhiyyə
ocaqları, zavodlar, məscidlər, qəbiristanlıqlar yerlə-yeksan
edilibdir. Bunlar Ermənistanın Azərbaycana qarşı
etdiyi təcavüzün nəticələridir. Eyni zamanda, bu,
beynəlxalq hüquq normalarının kobud şəkildə
pozulmasıdır. BMT Təhlükəsizlik
Şurasının erməni işğalçı qüvvələrinin
torpaqlarımızdan dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnaməsi
var. Lakin onlar yerinə yetirilməyibdir. ATƏT, digər beynəlxalq
təşkilatlar da işğala son qoymağa
çağıran qərarlar qəbul etmişdir. Biz
torpaqlarımızın azad olunmasını tələb
edirik. Heç bir başqa, qeyri-adi tələbimiz yoxdur. Yəni,
beynəlxalq hüququn normaları və prinsiplərinə əməl
olunmalı, erməni işğalçı qüvvələri
torpaqlarımızdan çıxarılmalı,
qaçqın və məcburi köçkünlərimiz
öz yurdlarına qayıtmaq imkanına malik
olmalıdırlar. Bu, hər bir şəxsin fundamental
hüququdur. Ermənistan tərəfindən
torpaqlarımızın işğalı nəticəsində
etnik təmizləmə siyasətinin aparılması bir milyon
azərbaycanlının ən adi insan hüquqlarının
kobud şəkildə pozulması deməkdir. Bunları ona
görə deyirəm ki, həmin münaqişə regional təhlükəsizliyə
daim təhlükə mənbəyidir. Bu təhlükə
bütün planlarımıza mənfi təsir göstərə
bilər. Mürəkkəb regional vəziyyətə
baxmayaraq, indiyə qədər biz enerji layihələrimizin
hamısını həyata keçirə bildik. Lakin gələcəkdə
Azərbaycandan və ya digər ölkələrdən
başlayan və bizim ərazimizdən keçən
uzunmüddətli sabit enerji dəhlizinə nail olmaq
üçün bütün regional münaqişələr
həll olunmalıdır. Buna aparan yeganə yol beynəlxalq
hüquq normalarına hörmətlə yanaşmadır.
Görürəm ki, ölkələrimizin
biznes icmaları bir-biri ilə işləməyə
hazırdırlar. Burada çoxlu sayda Azərbaycan və yunan
şirkətlərinin təmsil olunması bu məramın
bariz nümunəsidir. Yunanıstan Prezidenti və Baş
nazirinin bir tərəfdən, Azərbaycan Prezidentinin digər
tərəfdən bu tədbirdə iştirakı işlərin
nə dərəcədə əhəmiyyətli
olmasını nümayiş etdirir. Biz enerji, təhlükəsizlik,
müxtəlif ikitərəfli məsələlər sahəsində,
hətta biznes dairələri arasında təmas olmasa belə,
uğurla əməkdaşlıq edə bilərik. Lakin
onların təmaslarının olması
iqtisadiyyatlarımız və ölkələrimizin gələcəyi
üçün vacibdir.
Mən çox səmimi
qonaqpərvərliyə görə bizi qəbul edən tərəfə
bir daha təşəkkürümü bildirir, Yunanıstana və
yunan xalqına uğurlar və rifah arzulayıram.
Çox sağ olun.
Azərbaycan.-2009.-20 fevral.-S.2.