"Elektron Azərbaycan"
Dövlət Proqramının icrası müvəffəqiyyətlə
başa çatdırılmışdır
"İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir" deyən dövlət başçısı informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqini respublikanın sosial-iqtisadi tərəqqisində prioritet məsələ elan etmişdir.
Bunun nəticəsidir ki, İKT sektoru potensial imkanlarına görə Azərbaycanda energetika sektorundan sonra ikincidir. Respublikamızın zəngin enerji resursları, mövcud nəqliyyat imkanları, əlverişli coğrafi mövqeyi və ictimai-siyasi stabilliyi İKT sahəsində iri infrastruktur, elmi-texnoloji tutumlu innovasiya layihələrinin həyata keçirilməsinə əlverişli şərait yaratmışdır. Hələ 2003-cü ilin dekabrında BMT-nin mandatı altında Cenevrədə təşkil edilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində respublikamızın bu sahədə geniş perspektivlərə malik olduğu təsdiqlənmişdir. Həmin sammitdə vurğulandığı kimi, İKT sahəsinin inkişafı Azərbaycanda sosial-iqtisadi yüksəlişin, sivil dünya dəyərlərinin, insan hüquqlarının etibarlı təminatı və demokratikləşmə prosesinin sürətləndirilməsi baxımından olduqca vacibdir. Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumu tərəfindən 2007-2008-ci illər üçün hazırlanmış "İnformasiya texnologiyalarının qlobal inkişafı haqqında hesabat"da Azərbaycan 127 ölkə sırasında 67-ci yeri tutaraq bir çox nüfuzlu ölkələri qabaqlamış, MDB dövlətləri arasında isə lider olmuşdur. Həmçinin, ölkəmiz BMT-nin "United Nations e-Government Survey 2008" hesabatında e-hazırlıq indeksi üzrə 182 dövlət arasında 89-cu yeri, e-iştirak indeksinə görə isə 182 dövlət arasında 49-cu yeri tutmuşdur.
Bu yüksək göstəricilərin arxasında İKT sektorunun və informasiya infrastrukturunun inkişafı ilə yanaşı, son illərdə informasiya texnologiyalarının ölkəmizin sosial-iqtisadi inkişafının bütün istiqamətlərində kütləvi tətbiqi və istifadəsi durur. Tanınmış İKT şirkətlərinin rəhbərlərinin respublikamıza səfərləri, eləcə də İsveçrənin Davos şəhərində keçirilən ənənəvi iqtisadi forumlarda dünyanın aparıcı şirkətləri olan "Microsoft", "Cisco" və "İntel"in rəhbərlərinin təşəbbüsü ilə ölkə başçısı cənab İlham Əliyevlə keçirilən görüşlər bir daha göstərir ki, Azərbaycanın İKT sektoru potensial investorların diqqət mərkəzindədir.
2005-2008-ci illər ərzində İKT sahəsində beynəlxalq əməkdaşlığın inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu müddətdə 53 beynəlxalq əhəmiyyətli, bilavasitə sahə üzrə isə 45 sənəd, o cümlədən 1 bəyannamə, 11 hökumətlərarası saziş, 13 memorandum, 12 protokol və 8 müxtəlif təyinatlı sənəd imzalanmış, çoxsaylı beynəlxalq biznes forumları, sərgi və konfranslar təşkil edilmişdir. Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan İKT üzrə beynəlxalq tədbirlərin fəal iştirakçısına və təşkilatçısına çevrilmişdir. Buna misal olaraq 11-14 noyabr 2008-ci il tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmiş 14-cü "Bakutel" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisini göstərmək olar. Ölkə Prezidenti İlham Əliyev sərginin açılış mərasimində iştirak etmişdir. Tanınmış İKT şirkətləri "Microsoft", "Cisco", IBM, HP və digərləri ölkəmizdə nümayəndəliklərini açmış və fəaliyyətlərini genişləndirmişlər.
Uzun illər bu sahədə çalışanların əməyinin qiymətləndirilməsi və daha yüksək nəticələrin əldə edilməsinə stimul yaradılması məqsədilə ölkə başçısının hər il dekabr ayının 6-nın "Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü" kimi qeyd olunması və bu sahənin inkişafında müstəsna xidməti olanların orden, medal və fəxri adlarla təltif edilməsi haqqında imzaladığı sərəncamlar sahə üzrə fəaliyyət göstərən insanların hədsiz sevincinə və ruh yüksəkliyinə səbəb olmuşdur.
Milli Strategiyada müəyyənləşdirilmiş strateji xəttin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2005-ci il tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)"nın icrası başa çatdırılmışdır. Bu proqram rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati, hüquqi, texniki, kadr baxımından modernləşdirilməsini nəzərdə tutan, İKT-nin hökumətin fəaliyyətində geniş tətbiqinə imkan yaradan, habelə bölgələrdə geniş yayılmasını təmin edən təkmil fəaliyyət konsepsiyası olmuşdur. Dövlət proqramının icrası nəticəsində sahə üzrə normativ-hüquqi baza inkişaf etdirilmiş, mövcud telekommunikasiya infrastrukturu ən müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmuş və genişləndirilmiş, sahəyə cəlb olunan investisiyaların həcmi artmış, yeni iş yerləri açılmış, dövlət orqanları tərəfindən İKT-nin tətbiqi ilə göstərilən xidmətlərin keyfiyyəti və əhalinin onlardan istifadə səviyyəsi yüksəldilmişdir. İnformasiya texnologiyaları bazarında azad rəqabət mühitinin yaradılması, özəl sektorun inkişaf etdirilməsi, elektron avadanlıqların və proqram təminatı məhsullarının istehsalının ölkədə, xüsusən də regionlarda təşkili istiqamətində mühüm addımlar atılmışdır. "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində təhsil, səhiyyə, elm, mədəniyyət və digər sahələrdə İKT-nin geniş tətbiqi ilə bağlı layihələr həyata keçirilmiş və ilkin elektron xidmətlərin təqdim olunmasına başlanılmışdır. Bir fakt xüsusilə qeyd olunmalıdır ki, həyata keçirilmiş tədbirlər nəticəsində 2008-ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır. Bütün bunlar Azərbaycanda İKT sahəsinin gələcəkdə daha genişmiqyaslı tərəqqi yoluna qədəm qoymasına etibarlı zəmin yaradır.
Dövlət proqramının uğurlu icrasının nəticəsidir ki, 2005-2008-ci illər ərzində rabitə və informasiya texnologiyaları sahəsinin inkişafını xarakterizə edən əsas makrogöstəricilərdə davamlı artım müşahidə olunmuşdur. Bu gün artıq ölkəmizdə İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqlayır. İKT-nin qeyri-neft sektoru üzrə ümumi daxili məhsuldakı payı artır və iqtisadi hesablamalara görə, hazırda 5%-ə bərabərdir. 2008-ci il ərzində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən illə müqayisədə 28,1% artaraq 990.5 milyon manat olmuşdur. Bu artım tempi 2007-ci illə müqayisədə İKT sektorunda 28,4%, o cümlədən telekommunikasiya sektoru üzrə 28,7%, İT sektoru üzrə 25,3%, poçt sektorunda isə 6,5% təşkil etmişdir. Əldə olunan gəlirin 80,3%-i qeyri-dövlət müəssisələrinin payına düşmüşdür. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən əsas telefon aparatlarının sayı 01.01.2009-cu il tarixə 15,5 ədəd təşkil edir. Bu göstərici Bakı şəhəri üzrə 35,0, respublikanın digər ərazilərində isə 10,0 ədədə bərabərdir. Mobil abunəçilərin sayı 6548000 nəfər təşkil edir ki, bu da hər 100 nəfərə 75,0 mobil abunəçinin düşməsi deməkdir.
Nəticə etibarı ilə qeyd edə bilərik ki, "Elektron Azərbaycan" Dövlət Proqramının icrası "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın ilkin mərhələsindən irəli gələn vəzifələrin həllini təmin etmişdir.
Sahə üzrə iqtisadi-struktur islahatlarının həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında" 29 mart 2001-ci il tarixli 671 nömrəli Sərəncamına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və ona tabe müəssisələrin iştirakı ilə yaradılmış "Bakcell LTD", "Ultel", "Azərcell-Telekom" MMC və "Catel" birgə müəssisələri özəlləşdirilmiş, digərlərinin nizamnamə kapitalındakı dövlət payının inventarizasiya olunaraq yenidən qiymətləndirilməsi ilə bağlı işlər davam etdirilmişdir.
Rabitə və informasiya texnologiyaları sahəsinin normativ-hüquqi bazası mütəmadi olaraq yeni dövrün tələbləri səviyyəsində təkmilləşdirilmişdir. "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında", "Telekommunikasiya haqqında" və "Poçt rabitəsi haqqında" Azərbaycan Respublikasının qanunları qəbul olunmuş və onlardan irəli gələn 20-dən artıq qaydalar, o cümlədən "Telekommunikasiya sahəsinə dair siyasət planı" hazırlanaraq təsdiq edilmişdir.
Sahə üzrə normativ-hüquqi sənədlərin (qanunlar, qaydalar, təlimatlar və s.) hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsi zamanı istehlakçıların, eləcə də operatorların, provayderlərin hüquqlarının qorunması məsələsi daim ön plana çəkilmişdir. Abunəçilərin rahatlığını təmin etmək məqsədilə telefonların borca görə bağlanması halları xeyli sadələşdirilmiş, borclar barədə məlumatların internet vasitəsilə öyrənilməsi təşkil olunlmuş və digər uyğun qərarlar qəbul edilmişdir.
Ölkənin telekommunikasiya bazarında aylıq abunə haqları maya dəyərindən dəfələrlə aşağı, beynəlxalq danışıq haqları isə əksinə, maya dəyərindən yuxarı qiymətlərlə təqdim olunduğuna görə rabitə operatorlarının itkiləri çarpaz subsidiyalar yolu ilə tənzimlənir. Bu çatışmazlığın aradan qaldırılması məqsədilə RİTN tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilmiş, beynəlxalq telefon danışıqlarının tarifləri bir neçə dəfə aşağı salınmış, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqına müvafiq dəyişikliklər edilmişdir.
İKT sahəsi üzrə Azərbaycan Respublikasının milli standartlarının layihələrinin hazırlanması, onların ekspertizası, razılaşdırılması və beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, sahə üzrə standartlaşdırmanın vahid elmi-texniki siyasətinin formalaşdırılması, beynəlxalq standartların ölkədə tətbiqinə dair təkliflərin verilməsi, dövlətlərarası standartlaşdırma işlərində iştirak edilməsi məqsədilə 2008-ci ildə Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsi (TK 05) yaradılmışdır. Komitənin tərkibinə ölkənin İKT sahəsində aparıcı dövlət, özəl, elmi-tədris müəssisələri daxil edilmişdir. TK 05 tərəfindən beynəlxalq standartlar əsasında informasiya təhlükəsizliyi üzrə Azərbaycanın üç milli standartı hazırlanmışdır.
Rabitə və informasiya texnologiyaları sahəsinə investisiyaların cəlb olunması, yerli istehsal və xidmətlərin regionlarda təşkili istiqamətində xeyli iş görülmüşdür. Belə ki, Azərbaycanda GSM standartında mobil rabitə xidməti göstərmək üçün "Azerfon" MMC-yə (üçüncü mobil operator), CDMA standartında mobil rabitə xidməti göstərmək üçün isə "Catel" BM-ə müvafiq lisenziyalar verilmişdir. Həmçinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Mingəçevir şəhərində müasir elektron avadanlıqlarının istehsalı ilə məşğul olan "Kür" MMC fəaliyyətə başlamış və hal-hazırda Azərbaycanda kompüter texnikasının ən iri istehsalçısı olmaqla, Bakı şəhərində və regionlarda çoxlu sayda satış və servis məntəqələrinə malikdir. "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" çərçivəsində "Kür" MMC tərəfindən məktəblərdə ümumilikdə 25937 ədəd kompüter və şəbəkə avadanlığı quraşdırılmışdır. "Kür" MMC ilə yanaşı AZEL şirkəti "Samsung", "Fujitsu-Siemens", "İntel" kimi tanınmış dünya istehsalçılarının dəstəyi ilə "Lazer" ticarət nişanı altında CRT və LCD monitorları, noutbukları və kompüter aksessuarlarını, "Ultra" şirkəti isə "NEXUS" ticarət nişanı altında eyni adlı noutbukları istehsal edir.
Tənzimləmə üzrə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə operatorlar arasında qarşılıqlı əlaqələrin standart prosedurlarının, müqavilə formalarının işlənib hazırlanması və universal rabitə xidmətinin təmin edilməsi ilə bağlı xeyli iş görülmüşdür. Belə ki, "Telekommunikasiya haqqında" qanunun 12-ci maddəsinə uyğun olaraq, ölkədə fəaliyyət göstərən operatorların təklifləri, eyni zamanda, daxili telekommunikasiya bazarının xüsusiyyətləri və xarici tənzimləyici qurumların ekspertlərinin rəyləri nəzərə alınmaqla arabağlantı müqavilələrinin əsas prinsipləri və şərtləri (nömrələmə və siqnallaşma, keyfiyyət standartları, texniki baxış, maliyyə məsələləri, istismar işləri, yönləndirmə prinsipləri, tərəflərin öhdəlikləri və s.), o cümlədən müqavilə formaları hazırlanmış, tətbiqi üçün bütün operatorlara göndərilmişdir.
Universal telekommunikasiya xidmətlərinin (UTX) təşkilinin təmin edilməsi ilə əlaqədar "UTX-nin təsnifatı, təşkili və göstərilməsi şərtləri", tarifləri hazırlanmış və təsdiq edilmişdir. "Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) Qaydaları" hazırlanmış və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmişdir.
UTX-nin göstərilməsi vəzifəsi "Aztelekom" İB-ə və Naxçıvan MR RİTN-ə həvalə edilmiş və onlar tərəfindən respublikanın əksər bölgələrində UTX-nin təşkili təmin edilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində peyk rabitəsi, CDMA, radiotelefonlar və yaxın ərazidə yerləşən ATS-lərdən fiziki xətlər vasitəsilə 544 yaşayış məntəqəsinin tam telefonlaşdırılması başa çatdırılmışdır.
Ölkədə sahibkarlığın inkişafına kömək məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində rabitə xidmətlərinə lisenziyaların verilməsi proseduru təkmilləşdirilmişdir. Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 29.12.2006-cı il tarixli 510 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanmış əlavə şərtlər Nazirlər Kabinetinin 03.08.2007-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Hazırda lisenziyalaşdırılan hər bir xidmət növü üzrə qaydalara və şərtlərə uyğun olaraq müvafiq sənədlər təqdim etməklə lisenziya almaq və uyğun fəaliyyət növü ilə məşğul olmaq olar.
Radiotezliklərdən istifadənin təşkili, milli tezlik spektrinin formalaşması, qorunması və səmərəli istifadəsi ilə əlaqədar, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları" hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Radiotezlik resurslarından effektiv istifadə məqsədilə "Azərbaycan Respublikasının radioxidmətləri arasında tezlik zolaqlarının ayrılması cədvəli" və radiotezliklər spektrinin perspektiv istifadə planı hazırlanmış və hər iki sənəd Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən təsdiq edilmişdir.
"Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda telekommunikasiya fəaliyyətinin əsas prinsipləri kimi dövlət tənzimləmə funksiyalarının təsərrüfat funksiyalarından ayrılması, tarif siyasətinin tənzimlənməsi, telekommunikasiya xidmətləri bazarında sağlam rəqabət mühitinin təmin edilməsi və s. nəzərdə tutulmuşdur. Bu istiqamətlərdə işləri sürətləndirmək və sahə üzrə müstəqil tənzimləyici qurumun (MTQ) mərhələlərlə yaradılması ilə bağlı əsas bazanı formalaşdırmaq məqsədilə 2005-ci ildə RİTN-in mərkəzi aparatında Tənzimləmə şöbəsi yaradılmışdır. Həmçinin, tənzimləmə sahəsində fəaliyyətin düzgün təşkili və beynəlxalq təcrübənin öyrənilməsi üzrə tədbirlər görülmüşdür. Belə ki, MTQ-nin yaradılmasında beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Avropa Birliyinin "TACİS" proqramı ilə birgə layihələr həyata keçirilmişdir. Eyni zamanda, ABŞ Ticarət və İnkişaf Agentliyi ilə RİTN arasında imzalanmış qrant sazişi əsasında ekspert şirkət tərəfindən RİTN-in institusional strukturunun təkmilləşdirilməsi və müstəqil tənzimləyici qurumun formalaşdırılması üzrə təkliflər hazırlanmışdır. MTQ-nin mərhələlərlə formalaşdırılması istiqamətində işlər davam etdirilir.
"Telekommunikasiya haqqında" qanuna müvafiq olaraq, dövlətə məxsus olan nömrə resurslarından səmərəli istifadə məqsədilə RİTN tərəfindən "Nömrə resurslarının ayrılması və istifadəsi üzrə" tariflər hazırlanmış və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı ilə təsdiq edilmişdir.
Həmçinin, "Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları" hazırlanaraq təsdiq edilmiş və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Bu qaydalara və tariflərə uyğun olaraq, operatorların, provayderlərin və digər hüquqi (fiziki) şəxslərin istifadəsində olan və yeni nömrə resurslarının ayrılması və istifadəsi məqsədilə hazırlanmış müqavilə formaları hazırda tətbiq edilir.
Azərbaycanda XXI əsrin tələblərinə cavab verən müasir informasiya və kommunikasiya infrastrukturunun yaradılması RİTN-in qarşısında duran əsas vəzifə olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində respublikanın ümumi telefon şəbəkəsi əsasən elektronlaşdırılmış, transmissiya şəbəkəsi isə tam proqramlaşdırılmışdır. Təkcə 2008-ci ildə 43 ATS rekonstruksiya olunaraq elektron ATS-lərlə əvəz olunmuş, 33 EATS tikilərək istifadəyə verilmişdir. Nəticədə telefon şəbəkələri tam elektron olan telekommunikasiya qovşaqlarının sayı 22-yə, mərkəzi ATS-ləri tam elektronlaşdırılan qovşaqların sayı 42-yə çatdırılmışdır. Bununla yanaşı, respublikanın rayon mərkəzlərinin 80%-i fiber-optik xətlə əlaqələndirilmişdir.
Beləliklə də, respublikanın telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 01.01.2009-cu il tarixə 83,1%-ə, Bakı şəhər telefon şəbəkəsində və respublikanın digər bölgələrində isə müvafiq olaraq 85,5%-ə və 80,7%-ə çatdırılmışdır. Kənd ATS-lərinin elektronlaşma səviyyəsi 01.01.2009-cu il tarixə 80,3% təşkil etmişdir.
Təqdim olunan telekommunikasiya xidmətlərinin tərkibinin genişləndirilməsi və keyfiyyətinin artırılması məqsədilə müasir texnologiyaların tətbiqi istiqamətində davamlı tədbirlər görülmüşdür. MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda NGN (Yeni nəsil şəbəkələri) texnologiyalarının tətbiqinə başlanılmış və hazırda Bakı, Sumqayıt şəhərlərinin telefon şəbəkələri ilə yanaşı, bir neçə rayonda və Naxçıvan Muxtar Respublikasında NGN texnologiyaları tətbiq olunur. "Elektron Şamaxı" layihəsi çərçivəsində Şamaxı rayonunun telefon şəbəkəsi NGN texnologiyası əsasında yenidən qurulmuşdur. Həmçinin, CDMA texnologiyalı simsiz telefon rabitəsi xidməti də tətbiq edilir. Bu xidmət növü respublika əhalisinin 50%-dən çoxunun yaşadığı ərazini əhatə edir və 2008-ci ildə abunəçilərin sayı 20300-ə çatmışdır.
Azərbaycanda elektron idarəetmə şəbəkəsinin yaradılması istiqamətində BMT-nin İnkişaf Proqramı (UNDP) və RİTN-in birgə həyata keçirdiyi "Milli E-İdarəçilik Təşəbbüsü" layihəsi çərçivəsində "Bütün regionları əhatə edən "AzDATACOM" şəbəkəsinin yaradılması" layihəsinin Bakı şəhəri, Abşeron və Sumqayıtı əhatə edən ilkin mərhələsinin icrası başa çatdırılmış və xidmətlərin təşkilinə başlanılmışdır. Bakı şəhərində 10Gb/s həcmində "AzDATACOM" şəbəkəsi yaradılmışdır. Regionlarda isə bu şəbəkə 1 Gb/s sürətlə məlumatları ötürməyə imkan verir. 2008-ci ildə layihənin növbəti mərhələsi çərçivəsində Sahil-Astara, Yevlax-Şirvan, Gəncə-Qazax istiqamətlərində optik bağlantı təmin olunmuş və şəbəkənin Gəncə seqmenti istifadəyə verilmişdir. "AzDATACOM" şəbəkəsinin tam istifadəsi respublikanın regionlarında ucuz və keyfiyyətli internet xidmətlərinin göstərilməsinə, NGN texnologiyası və İP-telefon xidmətlərinin inkişaf etdirilməsinə imkan verəcək, özəl sektorun inkişafına müsbət təsir göstərəcəkdir. Həmçinin, bu şəbəkə distant təhsil, elektron kommersiya, biznesin məsafədən idarə olunması və digər mütərəqqi fəaliyyət formalarının dünya standartlarına uyğun təşkilinə şərait yaradacaqdır.
Bakı ilə Naxçıvan arasında rabitə TAE magistralından istifadə olunmaqla təşkil edilmişdir. Belə ki, Naxçıvan MR-in rabitəsi İran ərazisindən keçməklə TAE optik xəttinə qoşulmuş və TAE-nin Naxçıvan-Türkiyə hissəsinin tikintisi başa çatdırılmışdır. Naxçıvan MR-in şəhər və rayon mərkəzlərində (Naxçıvan, Babək, Culfa, Ordubad, Şərur, Kəngərli, Sədərək) rabitə fiber-optik kabel üzərindən təmin edilmişdir. Bununla yanaşı, Kəngərli rayonunda rabitə şəbəkəsinin mərkəzi idarəetmə sistemi yaradılmışdır və hazırda muxtar respublika üzrə vahid idarəetmə sisteminin qurulması ilə bağlı işlər başa çatmaq üzrədir.
Sahə üzrə fəaliyyət göstərən müəssisələrdə ISO 9001:2000 beynəlxalq standartlarının tələbləri əsasında işlənilmiş keyfiyyəti idarəetmə sistemlərinin tətbiqinə dair təşkilati və metodoloji işlər aparılmışdır. Hazırda keyfiyyəti idarəetmə sistemləri "Azərcell Telekom" MMC, "Bakcell LTD" MMC, RİTN-in Məlumat Hesablama Mərkəzində və "Aztelekom" İB-in Abşeron Telekommunikasiya Qovşağında tətbiq edilir.
Ümumistifadəli telekommunikasiya, GSM, CDMA, VSAT, televiziya və radio şəbəkələrini, həmçinin yardımçı sahələri əhatə edən (Nazirlər Kabinetinin 175 nömrəli qərarına əlavə edilmiş siyahıya uyğun olaraq) telekommunikasiya vasitələri və qurğuları üzrə 700-ə yaxın uyğunluq sertifikatı verilmişdir.
Böyük hesablamalar tələb edən elmi tədqiqatların aparılması üçün nəzərdə tutulan Milli Super Kompüter Mərkəzi (MSKM) Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) köməkliyi ilə AMEA-nın Fizika İnstitutunda yaradılmışdır. Eyni zamanda, ölkəmizdə böyük hesablamalara olan tələbatın öyrənilməsi üçün işçi layihə həyata keçirilmişdir. Bu layihə çərçivəsində Mərkəzin ümumrespublika infrastrukturunun yaradılması üzrə kompleks (texniki, təşkilati, iqtisadi və s.) təkliflər işlənilmiş, MSKM-də həlli nəzərdə tutulan strateji əhəmiyyətli tətbiqi məsələlər müəyyən edilmişdir. Hazırda MSKM-in fəaliyyətinin təşkili, onun beynəlxalq GRID sisteminə qoşulması üzrə müvafiq işlər davam etdirilir.
Ən yeni texnologiyaların tətbiqi ilə müasir standartlara cavab verən İKT infrastrukturunun formalaşdırılması internetdən istifadənin genişləndirilməsində yeni mərhələnin əsasını qoymuşdur. Son illərdə internetə çıxış imkanları naqilsiz və mobil texnologiyaların tətbiqi ilə artırılmış və internetdən istifadə qiymətləri dəfələrlə aşağı düşmüşdür. Təkcə 2008-ci ildə İnternet xidmətlərinin tarifləri iki dəfə endirilmişdir. Hal-hazırda ölkədə fəaliyyət göstərən internet servis provayderlərinin sayı 30-u keçmiş, Bakı şəhəri və regionlardakı internet-klubların sayı isə 1000-i ötmüşdür. Ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 2005-ci ildə 300 Mb/san. təşkil etdiyi halda, 2008-ci ildə 10 Gb/saniyəyə çatdırılmışdır.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2008-ci il tarixli iclasında qəbul olunmuş qərara əsasən, şəhərdaxili rəqəmli kanalların və respublika daxilində təşkil olunan rəqəmli rabitə kanallarının qoşulma haqlarına, aylıq istifadə tariflərinə müvafiq endirimlərin edilməsi, həmçinin respublikada magistral internet kanallarına çıxış qiymətlərinin 2 dəfə aşağı salınması nəticəsində 01.02.2009-cu il tarixindən internet xidməti tariflərinin yenidən azaldılmasına imkan yaranmışdır.
Son 4 ildə əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 4.5 dəfədən çox artaraq 37,0-a, kompüterlərin sayı isə 3 dəfədən çox artaraq 8 ədədə bərabər olmuşdur. "AZ" domenində qeydiyyata alınan domen adlarının sayı 2004-cü ilə nisbətən 3.5 dəfə artaraq 2008-ci ildə 7800-ü keçmişdir.
Genişzolaqlı internet xidmətlərinin tətbiqi genişləndirilmiş, Bakı şəhəri və respublikanın digər bölgələrində bu növ xidmətdən istifadə edən abunəçilərin sayı 2008-ci ildə 43000-ə çatdırılmışdır. Demək olar ki, bütün rayon mərkəzlərində fiber-optik xətt vasitəsilə genişzolaqlı, o cümlədən sürətli internet xidməti üçün geniş imkanlar yaradılmışdır.
Naxçıvan MR ərazisində sürətli internet kanalı təşkil edilmişdir. "Nakhinternet.az" internet provayderinin qlobal şəbəkəyə qoşulması əvvəl peyk vasitəsilə, sonradan isə TAE magistral xətti üzərindən fiber-optik kabel vasitəsilə təmin olunmuşdur. Naxçıvan MR ərazisində internet kanalının sürəti 8 Mb/saniyəyə çatdırılmışdır.
Hal-hazırda dövlət orqanları üçün müasir tələblərə cavab verən, etibarlı vahid multiservis informasiya mübadiləsi şəbəkəsi yaradılmış və dövlət orqanlarının bu şəbəkəyə qoşulmasına başlanılmışdır. Dövlət orqanları üçün nəzərdə tutulan "AzStateNet" internet şəbəkəsi seqmenti genişləndirilmişdir və 96 dövlət orqanı həmin şəbəkə vasitəsilə yüksəksürətli internetlə təmin olunur. Təcili qəza xidmətinin (112) rabitə şəbəkəsi yaradılmış, şəbəkənin Bakı şəhəri və bölgələrdə tanıtdırılması və fəaliyyəti təmin edilmişdir.
Radio-TV yayımının təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin icrası nəticəsində Azərbaycanda radio-televiziya yayım şəbəkəsinin inkişafı üçün geniş imkanlar yaranmışdır. "Azərbaycan Respublikası ərazisində rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı" hazırlanmış, regionlarda rəqəmli TV yayımının təşkili ilə əlaqədar BTİ-nin tələblərinə uyğun ərazi-tezlik planı tərtib olunmuş və TV kanalları müəyyən edilmişdir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da 2012-ci ilə qədər rəqəmli TV yayımına keçidlə əlaqədar müvafiq tədbirlər görülür.
İctimai, dövlət və özəl radio-televiziya proqramlarının peyk vasitəsilə yayımı təmin olunmuşdur. Respublika ərazisində İTV proqramının əhali üzrə yayım əhatəsi hazırda 85% təşkil edir. Naxçıvan MR daxil olmaqla, respublikamızın bütün ərazisində, eləcə də Türkiyə, İran, Orta Asiya və Yaxın Şərq ölkələrində İctimai TV proqramına peyk qəbul avadanlıqlarından istifadə etməklə baxmaq olar.
AzTV proqramının əhali üzrə yayım əhatəsi 100%-ə, özəl televiziya və radio proqramlarının yayımlarının əhatə dairəsi isə təxminən 75-80%-ə çatdırılmışdır. Ölkə ərazisində TV yayımının keyfiyyətini yüksəltmək məqsədilə Ağsu rayonunda yeni radio-televiziya yayım kompleksi istismara verilmişdir.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 10 iyul 2008-ci il tarixdə "Azərbaycan Respublikasında televiziya yayımının genişləndirilməsi və efir məkanında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalanmış və 2.5 milyon manat məbləğində vəsait ayrılmışdır. Bu tədbirlərin icrası ilə bağlı respublika ərazisində televiziya proqramlarının yayımını gücləndirmək və efir məkanına xarici ölkə TV kanallarının müdaxiləsinin qarşısını almaq məqsədilə RİTN tərəfindən Bakıda 3, Naxçıvan MR-də 5, Qəbələdə 1, Qobustanda 2, Göyçayda 1, Lerikdə 2 və Füzulidə 2 ədəd müxtəlif güclü televiziya vericiləri quraşdırılmışdır.
Naxçıvan MR-in ərazisində yerli kanallar istisna olmaqla, digər radio və TV proqramlarının peyk vasitəsilə qəbulu üçün bütün stansiyalarda qəbuledici qurğular qoyulmuşdur. Həmçinin, muxtar respublikanın ərazisində proqramların yayımının texniki cəhətdən modernləşdirilməsi ilə bağlı yeni ötürücü stansiyalar quraşdırılmışdır.
Poçt sektorunun müasir tələblərə uyğunlaşdırılması və mövcud infrastrukturunun yenidən qurulması üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 2005-2008-ci illərdə 449 yeni poçt şöbəsi (PŞ), 7 poçtamt binası tikilmiş, 41 poçtamt və PŞ binası əsaslı təmir olunmuşdur. Əhalinin dünya standartlarına uyğun müasir poçt xidmətlərindən istifadəsinə şərait yaradılması məqsədilə Dünya Bankının dəstəyi ilə həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində "Azərpoçt" DM-in baş idarəsi, Bakı şəhərində yerləşən poçt şöbələri avtomatlaşdırılmışdır. Bakı, Abşeron, Sumqayıt, eləcə də rayon PŞ-ləri yeni kompüter və digər lazımi texniki-proqram vasitələri ilə təchiz edilmiş, "Azərpoçt" DM-in "İntranet" şəbəkəsi yaradılmışdır.
"Maliyyə xidmətlərinin inkişafı" layihəsinə uyğun olaraq poçt sisteminin bank-maliyyə və ümumi şəbəkəyə qoşulması məqsədilə "Azərpoçt" DM üçün Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin (AKİS) yaradılması işləri başa çatmaq üzrədir. Artıq Bakı şəhəri üzrə 50-dən çox PŞ-nin yeni sistemə qoşulması təmin olunmuşdur. "AzDATACOM" şəbəkəsinə çıxışı olan PŞ-lərdə Milli Bankın "KÖMİS" sistemi vasitəsilə kommunal ödənişlərin (elektrik, qaz, su) yığımı təşkil edilmişdir. Həmçinin, "Azərpoçt" DM-in beynəlxalq SWIFT sisteminə qoşulması nəzərdə tutulur.
Bakı şəhərinin və regionların poçt şöbələrində əhalinin internetdən istifadəsinə şərait yaradılmış, ali məktəblərə qəbulda iştirakla bağlı abituriyentlər tərəfindən elektron ərizə formalarının doldurulması və pulsuz informasiya xidmətlərinin göstərilməsi təmin olunmuşdur.
Ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində dövlət orqanlarının fəaliyyətinin və onlar tərəfindən vətəndaşlara göstərilən xidmətlərin İKT-nin tətbiqi ilə səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı, Tədbirlər Planı və göstəriləcək xidmətlərin siyahısı hazırlanmış və təsdiq olunması üçün aidiyyəti üzrə təqdim olunmuşdur.
2008-ci ildə respublikada elektron imzanın tətbiqi üzrə işlərə başlanılmış və bu sistemin əsas komponenti olan "Milli Açıq Açar" infrastrukturunun qurulması üzrə tender keçirilmişdir. Cari ildə respublikada elektron imza sisteminin tətbiqi və elektron sənəd mübadiləsinin təşkili nəzərdə tutulur. 2008-ci ildən ölkədə online ödəmə sistemi fəaliyyətdədir.
Təhsilin keyfiyyətinin yüksəldilməsində, onun dünya təhsil sisteminə inteqrasiyasında müasir informasiya texnologiyalarının rolu danılmazdır. Təhsil sisteminin təkmilləşdirilməsində İKT-nin tətbiqinin genişləndirilməsi məqsədilə qəbul edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)"na uyğun olaraq, respublikanın bir sıra ümumtəhsil məktəblərində kompüterlər quraşdırılmış, internetdən istifadə üçün şərait yaradılmışdır.
"Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası" (AzRENA) tərəfindən ali təhsil müəssisələrinin internetlə təmin olunması sahəsində mütəmadi işlər görülür. RİTN-in, BMT-nin İnkişaf Proqramının, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun və AzRENA-nın birgə həyata keçirdiyi "AzNET" layihəsi çərçivəsində orta məktəblərə pulsuz internet və texniki dəstək verilmişdir.
İKT sahəsində kadrların hazırlanması məqsədilə xarici ölkələrin müvafiq elm və tədris mərkəzləri ilə əlaqələr qurulmuşdur. Belə ki, ABŞ-ın Corc Meyson, San-Xose dövlət və Los-Anceles, Kaliforniya, İsveçin Çalmers texnologiya və informasiya texnologiyaları universitetləri ilə anlaşma memorandumları imzalanmışdır. Artıq bu müqavilələr əsasında 25 nəfər azərbaycanlı gənc müasir İKT ixtisasları üzrə dünyanın tanınmış universitetlərində təhsil alır. 30-dan çox gənc isə ixtisaslarına uyğun olaraq xarici ölkələrdə qısamüddətli hazırlıq kursları keçmişdir. Gürcüstanda yaşayan və bu ölkənin ali təhsil müəssisələrində təhsil alan 50-yə yaxın gəncə rabitə müəssisələri tərəfindən təqaüd verilir. Görülən işlərin səmərəliliyini artırmaq üçün dövlət və özəl şirkətlərin iştirakı ilə "İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu" yaradılmışdır.
İKT haqqında elmi və digər məlumatlara olan tələbatı ödəmək məqsədilə 2007-ci ildə respublikamızın 12 ali təhsil müəssisəsinə məxsus İKT üzrə kitab, jurnal və digər mənbələrin kataloqlarını özündə birləşdirən "Elektron kitabxana" yaradılmışdır.
İctimai proqramlar, lüğətlər, ensiklopedik banklar və internet-portalların yaradılması ilə bağlı xeyli iş görülmüşdür. RİTN və BMT-nin İnkişaf Proqramının birgə dəstəyi ilə "Dilmanc" maşın tərcüməsi sisteminin Azərbaycan-ingilis və İngilis-Azərbaycan versiyaları yaradılmışdır. "MS Office" mühitində Azərbaycan dili üçün orfoqrafiya sistemi hazırlanmışdır. Bu sistem "Microsoft" şirkəti ilə bağlanılmış müqavilə əsasında rəsmi olaraq "MS Office" proqramlar kompleksinin növbəti versiyalarına daxil ediləcəkdir. Eyni zamanda, MS XP, "MS Vista" əməliyyat sistemləri və "MS Office" proqram paketinin Azərbaycan dilindəki versiyaları rəsmi istifadəyə verilmişdir.
Dövlət orqanları tərəfindən ilkin elektron xidmətlərin göstərilməsinə başlanılmışdır. Elektron bəyannamələrin, ali təhsilin müxtəlif pillələrinə qəbulda iştirak etmək üçün elektron ərizələrin qəbulu, kommunal xərclər üzrə borcların online rejimində öyrənilməsi buna əyani nümunədir.
Əhalinin İKT sahəsində maarifləndirilməsi və onların informasiya resurslarına müraciət imkanlarının genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmişdir.
"Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində digər dövlət orqanları tərəfindən İKT-nin tətbiqi ilə bağlı bir çox layihələr həyata keçirilmişdir. "Elektron sağlamlıq kartı" sisteminin fəaliyyətə başlaması, ölkə əhalisinin yerləşməsi, tərkibi, miqrasiyanın dairəsi və istiqaməti, demoqrafiya və digər məsələlərə dair məlumatları özündə çəmləşdirən "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin Formalaşdırılması və İnkişafı" layihəsinin 1-ci mərhələsinin başa çatdırılması və s. bunlara əyani misaldır.
"Elektron Azərbaycan" Dövlət Proqramının icrası nəticəsində əldə olunan nailiyyətlər nəzərə alınaraq, Milli Strategiyanın növbəti mərhələsinin icrasını təmin etmək məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2009-2012-ci illər üçün yeni "Elektron Azərbaycan" Dövlət Proqramının layihəsi hazırlanmışdır. Respublikamızın İKT sahəsində əlverişli tranzit ölkəyə və regional mərkəzə çevrilməsi, telekommunikasiya infrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsinin tam başa çatdırılması və müasir xidmətlərin inkişaf etdirilməsi, telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması, elektron hökumətin formalaşdırılması və həllərinin tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyinin təmin olunması, e-imza və e-sənəd dövriyyəsinin geniş tətbiqi, elektron xidmətlərin təşkili, yerli istehsalın və onun ixrac potensialının gücləndirilməsi, internetdən istifadə səviyyəsinin artırılması yeni dövlət proqramının əsasını təşkil edir.
Azərbaycanın İKT sahəsində imkanlarının genişləndirilməsi, informasiya mübadiləsində xarici ölkələrdən asılılığının aradan qaldırılması məqsədilə telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması ölkəmizdə strateji məqsəd kimi qarşıya qoyulmuşdur. Ölkə başçısının "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli Sərəncamında Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı lazımi tədbirlərin görülməsi RİTN-ə həvalə edilmişdir. Milli telekommunikasiya peykinin orbitə çıxarılmasını nəzərdə tutan "AzərSat" layihəsi çərçivəsində iki qlobal orbital mövqeyin icarəyə götürülməsi nəzərdə tutulur. Bununla əlaqədar Beynəlxalq Telekommunikasiya İttifaqı ilə qlobal mövqelərin alınması istiqamətində müzakirələr aparılmış, bir neçə ölkə ilə memorandum imzalanmışdır. Azərbaycanın 2010-2011-ci illərdə süni peykinin orbitə çıxarılması regional baxımdan da böyük əhəmiyyət kəsb edir. Bu peyk Şərqi Avropa, Şimali Afrika, MDB, Orta, Mərkəzi və Şərqi Asiyanın bir hissəsini əhatə edəcəkdir.
İKT sahəsində daha bir irihəcmli layihə Azərbaycanda yüksək texnologiyalar üzrə texnoparkların yaradılmasını nəzərdə tutan "Regional İnnovasiya Zonası" layihəsidir. Artıq "RİZ" layihəsinin texniki-iqtisadi əsaslandırılması və konsepsiyası hazırlanmışdır. RİZ-in əsas hədəfləri ölkə iqtisadiyyatında İKT-nin xüsusi çəkisinin artırılması, intellektual potensialın inkişafı, innovasiyayönümlü istehsalın təşviqi, ölkənin ixrac imkanlarının yüksəldilməsi və Azərbaycanın regionun İKT mərkəzinə çevrilməsindən ibarətdir. RİZ-in fəaliyyətinin əsasən 5 istiqamətdə qurulması planlaşdırılır:
- İKT sahəsində kiçik və orta sahibkarlığın innovativ inkişafına şərait yaradılması;
- insan resurslarının inkişafı və beynəlxalq informasiya texnologiyaları universitetinin yaradılması ilə bağlı tədbirlərin görülməsi;
- Qərblə Şərq arasında tranzit informasiya mərkəzinin yaradılması;
- yeni, xüsusilə də birbaşa xarici sərmayələrin cəlb edilməsi üçün əlverişli mühitin formalaşdırılması;
- Azərbaycanda ixracın inkişafının təşviq edilməsi.
Azərbaycanın təşəbbüskarı olduğu və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən "Transmilli Avrasiya Super İnformasiya Magistralı" layihəsi Şərqi Avropa ölkələri, MDB, Türkiyə, İran, Mərkəzi Asiya ölkələrini, o cümlədən Əfqanıstan, Pakistanı əhatə etməklə, Çin və Hindistana çıxmaqla bu böyük regionda transmilli informasiya magistralının yaradılmasını nəzərdə tutur.
Bu layihənin reallaşması dünya miqyasında informasiya texnologiyalarının genişmiqyaslı tətbiqinə və ümumiyyətlə, regional iqtisadi inkişafa yeni təkan verəcəkdir. Layihə ölkəmizdə beynəlxalq kommutasiya mərkəzinin və qlobal informasiya bankının yaradılmasını nəzərdə tutur. "Bakutel-2008" 14-cü beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində "Transmilli Avrasiya yüksək sürətli informasiya magistralı" mövzusunda regional nazirlər toplantısı keçirilmiş və "Transmilli Avrasiya yüksək sürətli informasiya magistralı təşəbbüsü üzrə Bakı Bəyannaməsi" qəbul olunmuşdur.
Əminliklə demək olar ki, "Elektron Azərbaycan" Dövlət Proqramının icrası ölkədə İKT-nin sistemli və davamlı inkişafına əlverişli şərait yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İKT sahəsinə göstərdiyi böyük diqqət və qayğı, 2009-2012-ci illəri əhatə edən yeni "Elektron Azərbaycan" Dövlət Proqramının qəbulu və icrası Azərbaycanın yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində dünyanın qabaqcıl ölkələrinin ön sırasında olacağına böyük zəmanət verir.
Əli Abbasov,
rabitə və informasiya texnologiyaları naziri
Azərbaycan.-2009.-20 fevral.-S. 6-7.