Milli Təhlükəsizlik
Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi
xidmətin yüksək səviyyədə qurulmasının
rəhnidir
Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları
hər il olduğu kimi, martın 28-də öz peşə
bayramları gününü qeyd etməyə
hazırlaşırlar. Lakin bu il qeyd olunacaq bayram xüsusilə
onunla əlamətdardır ki, həmin tarixdə Azərbaycanın
təhlükəsizlik orqanlarının
yaradılmasının 90 illik yubileyi tamam olur. Vətənin,
xalqın və dövlətin müstəqilliyi və təhlükəsizliyi
keşiyində ayıq-sayıq dayanan Milli Təhlükəsizlik
Nazirliyinin əməkdaşları ümummilli lider Heydər Əliyevin
qurucusu olduğu müasir Azərbaycan Respublikasını hər
cür təhdidlərdən qoruyur, düşmən və rəqib
qüvvələrin ölkəmizə qarşı yönələn
kəşfiyyat-pozuculuq və terror-təxribat cəhdlərinin
qarşısını peşəkarlıqla alırlar.
Xüsusi xidmət
orqanlarında milli kadrların yetişdirilməsinə
xüsusi əhəmiyyət verən ulu öndər Heydər
Əliyev bu təşkilatın şəxsi heyətinin xidmət
və sosial-məişət şəraitinin
yaxşılaşdırılması sahəsində hələ
1960-cı illərin sonlarından etibarən tədbirlər
görülməsinə çalışmışdır.
İstər təhlükəsizlik orqanının sədri
kimi, istərsə də Azərbaycana rəhbərlik etdiyi
dövrdə ümummilli lider bu məsələləri daim
diqqət mərkəzində saxlamış,
qayğısını əsirgəməmişdir. Ötən
əsrin 70-ci illərinin əvvəllərində təhlükəsizlik
orqanlarında çalışan əməkdaşlar
üçün rahat, geniş və müasir tələblərə
cavab verən yeni inzibati binanın layihələşdirilməsi
məsələsi xüsusi aktuallıq kəsb edirdi. Lakin mərkəzi
hakimiyyət bu haqda heç fikirləşmirdi də. Bunu arxiv
sənədləri də təsdiq edir. Məhz ümummilli
lider Heydər Əliyevin təşəbbüsü və təkidi
ilə bu məsələ öz müsbət həllini
tapmışdır. Onun Azərbaycanın layihə
institutlarının mütəxəssisləri
qarşısında qoyduğu tələblərə uyğun
olaraq texniki və kompozisiya quruluşuna görə fərqlənəcək
layihəyə təkrar-təkrar qayıdılmış, nəticədə
1973-cü ildə 89 eskiz variantı işlənmişdir.
Ulu öndər bütün
təklifləri diqqətlə öyrənərək yüksək
peşəkarlıq və memar yanaşması ilə layihə
barədə faydalı və dəyərli məsləhətlərini
vermiş, yalnız bundan sonra yeni inzibati binanın
inşasına başlanmışdır. O zaman bu mühüm
işə tanınmış memarlar cəlb edilmişdi.
İnzibati binanın layihə müəlliflərindən
biri, respublikanın əməkdar memarı, akademik Yusif Qədimov
idi. Daim ulu öndərin diqqət və nəzarətində
olan bu binanın tikinti-inşaat işləri 1987-ci ildə
sona çatmış və istifadəyə verilmişdir.
Göstərilən faktlar ulu öndərin xalqın gələcəyinə,
müstəqil Azərbaycanın bugünkü
inkişafına hesablanmış işlər
gördüyünü bir daha sübut edir. Heç təsadüfi
deyil ki, 1997-ci ilin iyul ayında ulu öndər Heydər Əliyev
Milli Təhlükəsizlik Nazirliyinə gəlişi
zamanı, şəxsi heyətlə görüşündə
memarlıq baxımından özünəməxsusluğu ilə
fərqlənən inzibati binanı özünün "əsərlərindən"
biri adlandırmışdı. Ulu öndər
Milli Təhlükəsizlik
Nazirliyinin inzibati binasının tikintisi ilə əlaqədar
deyirdi: "Bəli, bu böyük memarlıq abidəsidir,
Bakı şəhərini gözəlləşdirən
binadır və Azərbaycan xalqına bundan sonra əsrlər
boyu xidmət edəcəkdir. Bəli, mən bu binanın
tikilməsinin təşəbbüskarıyam və buna
bilavasitə rəhbərlik etmişəm. Hələ Dövlət
Təhlükəsizlik Komitəsinin sədri olarkən belə
bir binanın tikilməsi təklifini irəli
sürmüşdüm. Çünki dəniz kənarında
yerləşən bina köhnə bir bina idi. Yeni bir
binanın tikilməsi təklifini irəli
sürmüşdüm, amma o vaxt bunu edə bilmirdim,
çünki vəsait, başqa şeylər lazım idi.
Respublikaya rəhbər keçəndən sonra bu binanın
tikilməsi, eyni zamanda Prezident Sarayı adlanan binanın tikilməsi
məsələsini ortaya atdım. Məqsədimə də
nail oldum. İndi gəlmişəm, girmişəm bu binaya -
yer mərmər, divarlar mərmər, bina elə gözəldir,
böyük, monumental bir binadır, memarlıq abidəsidir, əsrlər
boyu yaşayacaqdır. Bu mənim xidmətimdir, mən bununla fəxr
edirəm".
Yeri gəlmişkən,
nazirliyin inzibati binasında son təmir-bərpa işləri də
məhz Yusif Qədimovun rəyi əsasında
aparılmışdır. Hazırda Milli Təhlükəsizlik
Nazirliyinin inzibati binasının yeni korpusunun tikintisində də
tarixi ənənələrin qorunması və davam etdirilməsi
xəttini tutaraq bu işin ulu öndərin təhlükəsizlik
orqanlarında qoyduğu zəngin irsə layiq olmasına
çalışırıq.
Ümummilli lider Heydər Əliyev
1969-1982-ci illərdə ölkəyə rəhbərlik etdiyi
və Azərbaycan xalqının israrlı tələbi ilə
1993-cü ildə ikinci dəfə hakimiyyətə
qayıdışı zamanı bütün sahələrə
olduğu kimi təhlükəsizlik orqanlarına da xüsusi
diqqət və qayğı göstərirdi. Ölkəmiz
müstəqilliyini bərpa etdikdən sonra bir neçə dəfə
Milli Təhlükəsizlik Nazirliyində şəxsi heyətlə
görüşən ulu öndər özünün tarixi
çıxışları zamanı digər məsələlərlə
yanaşı, maddi-texniki təminat işlərinin
görülməsinə də xüsusi əhəmiyyət
vermiş, müdrik tövsiyələrini
çatdırmışdır. Zəmanəmizin görkəmli
dövlət xadiminin həmin nitq və
çıxışlarında səslənən fikir,
qarşıya qoyulan proqram xarakterli vəzifələr təhlükəsizlik
orqanlarında xidmət edən hər bir əməkdaş
üçün bu gün də, sabah da aktualdır. Ulu
öndərin dəyərli məsləhətləri və
tövsiyələri nazirliyin onun adını daşıyan
akademiyasının hər bir yetirməsinin yaddaşında, qəlbindədir.
Fəxrlə qeyd etmək
lazımdır ki, bu gün təməlini ulu öndərin
qoyduğu gələcəyə hesablanmış uğurlu
siyasət kursu Azərbaycan Respublikasının Prezidenti, Ali
Baş Komandan cənab İlham Əliyev tərəfindən
yeni səviyyəyə qaldırılmaqla davam etdirilir və
ölkə ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılanır. Bu taleyüklü və son dərəcə
məsuliyyətli missiyanın layiqincə yerinə yetirilməsində
digər dövlət orqanları kimi Milli Təhlükəsizlik
Nazirliyi də yaxından iştirak edir. Onu da vurğulamaq istərdim
ki, xüsusilə 2004-cü ilin iyul ayından sonra nazirliyin fəaliyyətinin
yeni tələblər səviyyəsinə
qaldırılması istiqamətindəki ardıcıl və
məqsədyönlü tədbirlər nəticəsində
ölkədə sabitliyin, təhlükəsizliyin hərtərəfli
təminatında, milli maraqların qorunmasında daha
böyük nailiyyətlər qazanılmışdır. Bu
dövrdə nazirliyin yeni rəhbərliyi tərəfindən
bütün struktur bölmələrin fəaliyyətinin və
imkanlarının diqqətlə araşdırılıb
öyrənilməsi, iş metod və üsullarının
müasir tələblərə uyğun təkmilləşdirilməsi,
əsaslı struktur dəyişiklikləri və köklü
islahatların aparılması öz müsbət nəticələrini
vermişdir. Müvafiq kompleks tədbirlər planının
hazırlanması və həyata keçirilməsi ilə
yanaşı, nazirlikdə sağlam işgüzar mühitin
formalaşması, kadrların düzgün seçilib yerləşdirilməsi,
xidmətin daha da yüksək səviyyədə təşkili,
əməkdaşlar üçün normal iş və
yaşayış şəraitinin yaradılması, ümumən
sosial müdafiənin gücləndirilməsi də uğur
qazanılmasında başlıca amillərdən olmuşdur.
Ötən bir neçə
ildə Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
görülmüş tədbirlərdən danışarkən
bir cəhəti xüsusi vurğulamaq lazımdır ki,
müvafiq struktur bölmələrin yaxından
iştirakı ilə həyata keçirilən bu işlər
hər bir əməkdaşın normal fəaliyyəti
üçün lazımi şəraitin yaradılmasına
xidmət etmişdir. Milli Təhlükəsizlik Nazirliyində
qeyd edilən istiqamətdə ciddi dönüşün təməli
isə təsərrüfat və maddi-texniki təminat işlərinin
həcminin artması, qarşıda duran vəzifələrin
daha çevik və ahəngdar yerinə yetirilməsi zərurəti
ilə əlaqədar bu sahəyə cavabdeh struktur bölmənin
təkmilləşdirilməsi və möhkəmləndirilməsi
ilə qoyulmuşdur.
Milli təhlükəsizlik
orqanlarının maddi-texniki bazasının inkişafı sahəsində
son illərin ən mühüm və uğurlu cəhətlərindən
biri görülən tədbirlərin həcm və
ardıcıllıq baxımından əvvəlki dövrdən
müsbət mənada xeyli fərqlənməsi, müasir
zamanın tələbləri ilə
uyğunlaşdırılmasıdır. Milli təhlükəsizlik
naziri general-leytenant cənab Eldar Mahmudovun təhlükəsizlik
orqanları əməkdaşlarının ötənilki
peşə bayramında qeyd etdiyi kimi: "bütün ölkədə,
eləcə də nazirliyimizdə tikinti-quruculuq işlərinin
vüsəti xeyli artmış, texniki təchizat sahəsində
vəziyyətin köklü surətdə dəyişdirilməsinə
başlanmışdır. Bu işlər yalnız mərkəzi
orqanlarda deyil, hətta ən ucqar bölgələrdə yerləşən
struktur bölmələrdə də uğurla aparılır.
Əlbəttə, bu istiqamətdə ölkə
başçısı möhtərəm İlham Əliyevin
nazirliyimizə göstərdiyi diqqət və qayğı
xüsusi əhəmiyyət kəsb etmişdir. Həmin
qayğının təzahürü olan müvafiq Dövlət
Proqramının icrasına lazımi şəraitin
yaradılmasının nəticəsidir ki, nazirliyimizdə
bütün sahələrdə inkişafa nail
olunmuşdur".
Bu baxımdan, ərazi
orqanları üçün təkcə son iki il ərzində
7 müasir tipli xidməti binanın tikilib istifadəyə
verilməsi, inşaat-quruculuq və təmir-bərpa işləri
ilə yanaşı, vaxtılə Milli Təhlükəsizlik
Nazirliyinin balansından çıxarılmış
binaların nazirliyə qaytarılması, avtoparkın yeniləşməsi
və digər işləri qeyd etmək olar.
Hazırda Milli Təhlükəsizlik
Nazirliyi rəhbərliyinin göstərişi ilə həm
Bakı şəhərində, həm də respublikanın
bölgələrində fəaliyyət göstərən
strukturların iş, sosial və məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə
tikinti işləri davam etdirilir. 2007-ci ildə Milli Təhlükəsizlik
Nazirliyinin yeni Hərbi Hospitalının, bir neçə yerli
ərazi orqanı və müvafiq baş idarəsi
üçün nəzərdə tutulan inzibati binaların təməli
qoyulmuşdur. Bütün bu işlərin yaxın vaxtlarda
başa çatdırılması nəzərdə tutulur.
Milli Təhlükəsizlik
Nazirliyinin balansına verilmiş keçmiş Şəhriyar
adına mədəniyyət evinin yaxınlarda müasir tələblər
səviyyəsində, yüksək zövqlə təmir və
bərpa olunması isə Azərbaycanın təhlükəsizlik
orqanlarının yaradılmasının 90 illik yubileyinə
töhfədir və bizə öz təntənəli tədbirlərimizi
orada qeyd etməyə imkan verəcəkdir.
Ölkənin təhlükəsizliyinin
təmin olunmasında peşəkar, vətənə, dövlətə,
xalqa sadiq kadrların hazırlanmasını daim diqqət mərkəzində
saxlayan Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi gənclərin
təhsil və məişət şəraitinin günün
tələbləri səviyyəsində qurulması istiqamətində
ardıcıl tədbirlər görür. Bu sahədə əsas
rol oynayan Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev
adına Akademiyasının inzibati binası əsaslı təmir
olunmuş, hərtərəfli şəraitə malik yeni tədris,
idman və yataqxana kompleksi, zabit-kursant yeməkxanaları
inşa edilmişdir. Bir sözlə, ulu öndərin
adını daşıyan bu xüsusi təhsil
ocağının maddi-texniki bazasının möhkəmləndirilməsi
sahəsində həyata keçirilən kompleks tədbirlər
nəticəsində akademiya elm şəhərciyinə
çevrilmiş, onun siması fəaliyyətə
başladığı ilk illərlə müqayisə edilməz
dərəcədə dəyişmişdir. Əlbəttə,
bütün bunlar dövlət başçısının
birbaşa diqqəti və gündəlik qayğısı sayəsində
mümkün olmuşdur. Ümumiyyətlə, son illər
Milli Təhlükəsizlik Nazirliyində baş verən digər
ciddi dəyişikliklərlə yanaşı, maddi-texniki
bazanın möhkəmləndirilməsi, iş və sosial
şəraitin yaxşılaşdırılması, ən
müasir texniki vasitələrlə təminat və digər
məsələlər də əslində ölkə
başçısının göstərdiyi xüsusi
qayğının nəticəsidir.
Milli Təhlükəsizlik
Nazirliyinin Heydər Əliyev adına Akademiyasında istər
şəxsi heyətin, kursantların və dinləyicilərin,
istərsə də gələn qonaqların, elm
adamlarının daim ehtiramla baş çəkdiyi,
hamımız üçün əziz olan bir ocağın
yaradılması da xüsusi qeyd edilə bilər. Artıq
üçüncü ildir ki, burada ümummilli lider Heydər Əliyevlə
bağlı zəngin və nadir eksponatların
toplandığı "Şöhrət" muzeyi fəaliyyət
göstərir. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının
peşə bayramı ərəfəsində - 2006-cı il
mart ayının 27-də bu möhtəşəm məbədin
açılışında iştirak edən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə
bənzəri olmayan "Şöhrət" muzeyini, ümumən
təhsil ocağında görülmüş işləri
yüksək qiymətləndirmiş, akademiyaya
Döyüş bayrağını təqdim etmişdir.
Möhtərəm dövlət başçısının:
"Burada işlər yüksək səviyyədə qurulub,
akademiya ən yüksək dünya standartlarına cavab
verir" - deməsi həmin işlərin görülməsində
iştirak etmiş hər bir kəsin əməyinə verilən
böyük qiymət və bizim daha əzmkarlıqla
çalışmağımız üçün stimul
olmuşdur. Həmin tədbirin təəssüratı istər
akademiya kollektivinin, istərsə də milli təhlükəsizlik
orqanlarının şəxsi heyətinin yaddaşında daim
qalacaqdır.
Milli Təhlükəsizlik
Nazirliyinin xidməti fəaliyyətinin səmərəli və
müasir tələblər səviyyəsində təşkili
məqsədilə xüsusi texniki vasitələrin
alınmasını da qeyd etmək istərdim. Artıq xidməti
işin təşkilində istifadə olunan həmin müasir
texnologiyalar nazirliyin fəaliyyətinin yeni keyfiyyət səviyyəsinə
yüksəlməsinə əlavə imkanlar yaradır.
Həmçinin qeyd etmək
lazımdır ki, xüsusilə son dörd ildə əməkdaşların
sosial-məişət problemlərinin həlli istiqamətində
çox mühüm dəyişikliklər baş
vermişdir. Göstərilən müddətdə nazirliyin
200-dən çox əməkdaşının mənzil şəraiti
yaxşılaşdırılmış, 300 nəfərdən
artıq şəxs isə fərdi mənzil tikintisi
üçün torpaq sahəsi ilə təmin edilmişdir.
Onların arasında xidməti fəaliyyətlərində
önəmli nəticələri olan hərbi qulluqçular,
şəhid ailələri, Qarabağ müharibəsi
iştirakçıları, sıravi əməkdaşlar
vardır. Milli təhlükəsizlik naziri cənab Eldar
Mahmudov daim qeyd və tövsiyə edir ki, səmərəli fəaliyyətlə
bağlı əməkdaşın qarşısında tələblər
qoymaqdan öncə, onun üçün normal iş şəraiti
yaradılmalı, mümkün qədər məişət və
digər sosial problemlərinin həllinə diqqət yetirilməlidir.
Bu gün bizim
qarşımızda duran vəzifələrin miqyası da, səviyyəsi
də fərqlidir. Ölkənin dinamik inkişafı, beynəlxalq
münasibətlər sistemində yerinin və rolunun
artması nazirliyin bütün fəaliyyət istiqamətlərində,
o cümlədən maddi-texniki təminat sahəsində
işlərin yeni keyfiyyət səviyyəsinə
qaldırılmasını tələb edir. Milli Təhlükəsizlik
Nazirliyində bu gün də inamla davam etdirilən dəyişikliklər,
qarşıya qoyulan vəzifələrin məsuliyyətinin dərindən
dərk edilməsi xidməti işə öz müsbət təsirini
göstərməkdədir. Bu baxımdan, rəhbərliyin
maddi-texniki bazanın daha da möhkəmləndirilməsi
istiqamətindəki tapşırıq və tövsiyələrini
biz gələcək əməli fəaliyyətimizin əsası
kimi qəbul edirik.
90 illik yubileyini qeyd etməyə
hazırlaşan Milli Təhlükəsizlik Nazirliyi ölkəmizi,
dövlətimizi rəqib və düşmən dövlətlərin
hər cür terror-təxribat, kəşfiyyat-pozuculuq cəhdlərindən
qoruyur, milli maraqların təmin olunmasında bütün
qüvvə və imkanlarını səfərbər edir. Milli
təhlükəsizlik orqanlarının digər struktur
bölmələrinin əməkdaşları kimi biz də
üzərimizə düşən vəzifələrin məsuliyyətini
dərindən dərk edir, bu bayram ərəfəsində rəhbərliyin
bütün tapşırıqlarının öhdəsindən
layiqincə gəlməyə, ölkənin tərəqqisində
daha yaxından və səylə iştirak etməyə
çalışırıq.
"Mən çox sevinirəm
ki, Milli Təhlükəsizlik Nazirliyi qarşısında
duran bütün vəzifələri ləyaqətlə icra
edir" - deyən möhtərəm Prezident, Ali Baş Komandan
İlham Əliyevin etimadını doğrultmaq, xalqa və
dövlətçiliyə xidmət etmək bizim şərəf
və vəzifə borcumuzdur.
Nizaməddin Həmidov
Baş İdarə rəisi, polkovnik
Azərbaycan.-2009.-20 fevral.-S.5.