Azərbaycan Milli Kitabxanasında "Qədim
Bakı" kitabının
təqdimatı olmuşdur
Fevralın 19-da M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasında "Bakı
- İslam mədəniyyətinin
paytaxtı-2009" Mədəniyyət ili çərçivəsində
akademik Çingiz Qacarın "Qədim Bakı" (ingilis dilində) kitabının
təqdimatı olmuşdur.
Tədbirdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Bakının artıq ikinci gündür ki, çox şərəfli
olan islam
mədəniyyəti paytaxtı
adını daşıdığını
bildirmiş, təqdimatı
keçirilən kitabın
da Bakının adı ilə bağlı olduğunu söyləmişdir. Azərbaycan barədə
məlumatların gələcək
nəsillərə çatdırılmasında
kitabların, müxtəlif
nəşrlərin əhəmiyyətini
diqqətə çatdıran
Ə.Qarayev, ölkənin,
eləcə də paytaxt Bakının tarixi haqqında yazılmış hər bir kitabın misilsiz rol oynadığını
söyləmişdir.
Əbülfəs Qarayev tanınmış alim, akademik Çingiz Qacarın Bakının qədim tarixinə həsr olunmuş kitabı ilə daha çox
oxucu kütləsinin tanışlığı üçün
bu fundamental əsərin
Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun iştirakı ilə nazirlik tərəfindən
ingilis dilinə tərcümə olunaraq nəşr etdirildiyini diqqətə çatdırmışdır. Nazir kitabı oxuyan hər kəs üçün Bakının
tarixinin, şəhərin
daxili aləminin, onun yeni xüsusiyyətlərinin
maraqlı olacağına
əminliyini bildirmiş
və "Qədim Bakı" kitabının
nüsxəsini İslam
Ölkələri Elm, Təhsil
və Mədəniyyət
Təşkilatının (İSESKO) Baş direktoru Əbdüləziz bin Osman
əl-Tüveycriyə təqdim
etmişdir.
Əbdüləziz bin Osman
əl-Tüveycri Bakının
islam mədəniyyətinin
paytaxtı elan edilməsinə həsr olunmuş tədbirlərdə
iştirak etdiyindən
məmnunluğunu, mədəniyyət
ili çərçivəsində
Bakının tarixinə
həsr olunmuş kitabın təqdimatı mərasiminə dəvətə
görə təşəkkürünü
bildirmişdir. Baş
direktor kitabın intellektin və biliyin mənbəyi olduğunu qeyd etmiş, islam
dünyasının Azərbaycanda
yaşayıb-yaratmış görkəmli alimlərini,
filosoflarını xatırlatmışdır.
Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə qurumun ölkə mədəniyyətinin,
incəsənətinin inkişafı
üçün xeyli
işlər gördüyünü
bildirmişdir. İ.Quliyev 1998-ci ildən məhz Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə üç dildə "Azərbaycan-İrs"
jurnalının nəşr
edildiyini və dünyanın bir çox ölkələrində
yayılaraq Azərbaycanın
tarixi, incəsənəti,
mədəniyyəti haqqında
dəqiq məlumatları
oxuculara çatdırdığını
vurğulamışdır. Fondun fəaliyyətində Azərbaycan
həqiqətlərinə, tarixinə, mədəniyyətinə
və digər mövzulara həsr olunmuş nəşrlərin
xarici dillərdə çap olunmasının mühüm istiqamət olduğunu söyləyən
icraçı direktor,
qurumun bu vacib işi gələcəkdə də
diqqət mərkəzində
saxlayacağını bildirmişdir.
Gürcüstan mədəniyyət,
abidələrin mühafizəsi
və idman nazirinin müavini xanım Marine Çoğoşvili,
Avstriyanın Təhsil,
İncəsənət və
Mədəniyyət üzrə
Federal Nazirliyi beynəlxalq
əlaqələr şöbəsinin
müdiri Norbert Ridr,
ABŞ-ın Bakı ilə qardaşlaşmış
Hyüston şəhərinin
şura üzvü Çarlz Conson çıxış etmiş,
İslam mədəniyyəti
ili çərçivəsində
Bakıda keçirilən
tədbirlərdə iştirak
etmələrindən razılıqlarını
bildirmiş, belə mərasimlərin xalqlar arasında əlaqələrin,
dostluq münasibətlərinin
yaranmasında və daha da genişlənməsində
mühüm rolundan danışmışlar.
Sonda akademik Çingiz Qacarın həyat yoldaşı Aliyə xanım "Qədim Bakı" kitabının
yazılması tarixinin
bəzi məqamlarından
danışmış, tədbirin
təşkilatçılarına və iştirakçılara
minnətdarlığını bildirmişdir.
Milli Kitabxanada
təşkil edilmiş
"Azərbaycanın tacı
- Qarabağ", "Azərbaycanda
turizm" və digər mövzularda kitab stendləri qonaqların böyük marağına səbəb
olmuşdur.
Tədbirdə milli geyimli ansamblın
ifasında Azərbaycan
musiqisi səslənmişdir.
AzərTAc
Azərbaycan.-2009.-20 fevral.-S.8.