"Anamın kitabı"

 

 Kitab haqqında danışmaq istəyirəm sizə. Həyatı, yaşamağı, sevməyi, sevinməyi öyrədən, kişiliyin, qürurun, ləyaqətin, Vətənin, torpağın nə olduğunu agah edən, halalın, haramın, ədalətin, yalanın, bu dünyanın, onun oyunlarının aşkar-gizli ünvanını göstərən, dostumuzun, düşmənimizin, yaxşımızın, yamanımızın, nəslimizin, kökümüzün, ağsaqqalımızın, öndərimizin kim olduğunu nişan verən kitab haqqında. Heç ola bilməz ki, hər hansı birimizin yetişdiyi mərtəbəyə çatmasında kitabın rolu, əməyi, əziyyəti olmasın. Hər şeyin təzəsi, dostun köhnəsi deyiblər. Kitab ömrün dan yerindən ta ki toran qovuşanınadək bizləri müşayiət edən yeganə vəfalı dostumuzdur.

 

Bakı küçələrinin "Qavroş"u

 

Hər səhər görürəm onu. Axşamdan qutuya yığdığı kitabları çıxarır, eyzən ana körpəsinin boyunu oxşayırmış kimi, birbəbir əlinə alıb nəsə dodaqaltı pıçıldaya-pıçıldaya tozunu silir, sonra da taxta parçalarından düzəltdiyi "piştaxtanın" üstünə düzür. Bu "vitrin"də hər kitabın öz yeri var. Kimlər yoxdu burada? Azərbaycan, rus və dünya ədəbi fikrinin klassikləri, korifeyləri bir-birlərinə sığınıb qışın sazağında sahiblərinin sınıq-salxaq vedrədə qaladığı ocağın istisinə qızınırlar.

Bu cür ürəkağrıdan səhnələri Bakının bir çox yerində müşahidə etmək mümkündür. Paytaxtımız tikilib-qurulduqca, yağışdan sonra artan göbələklər kimi çoxalan göydələnlər göyümüzü daraldıb havamıza qənim kəsildikcə, səkilərimizin "qonaq"larından biri də artdı. Nə qədər ağrılı olsa da, bir vaxtlar taxtalı evlərin, isti, səliqəli mağazaların bəzəyi, mətahı olan, əlamətdar günlərdə ən urvatlı hədiyyəyə çevrilən bu kitablar bu gün səfil-sərgərdan ömür sürməyə məhkumdurlar. Nə etməli, bu da bir tale, bir alın yazısıdır.

Əvvəlki ömürlərində beyinlərdə fikir okeanı, ürəklərdə sevgi vulkanı yaratmış kitabların bugünkü səmtsiz taleyi özünü həqiqi kitab aşiqi sayanları laqeyd buraxmır. Onları bir vaxtlar tamhüquqlu sakini olduqları isti, səliqəli dükanlardan "məhkəmə qətnaməsi" olmadan çıxarıb atıblar bayıra. Və bir gün ayılıb gördük ki, dəlisov Bakı küləyinin soyuğuna üşüyüb, istisində pörşələnən kitablar paytaxt küçələrinin "Qavroş"una çevriliblər. Fəqət, təslim olmurlar, hələ də bu millətə, insanlara lazım olduqlarını sübut etməkdə israrlıdırlar. Kimlərə? Şəhərin ən axar-baxarlı, bol müştərili məkanlarında yerləşmiş kitab mağazalarını özəlləşdirərək pal-paltar mağazasına, "gözəllik salonuna", baqqal dükanına çevirənlərəmi? Yəni anlaya, fərqinə vara biləcəklərmi bu adamlar həqiqi gözəlliyin, əsl qidanın xəzəl kimi xışıldayan əskinaslar deyil, mənəvi varidat sayılan kitablar olduğunu?!

Hərdənbir işimiz tərsə düşəndə, yaxud da nəsə bizi qane etməyəndə ötən günlərdən yana qərib bir xiffət bizləri tez-tez yoluxur. Özü də bu nostalji duyğuları təkcə gündəlik məişət qayğıları, həyatın felən çətinlikləri, ovqatla bağlı olsaydı, nə vardı ki!.. Teatrımız, musiqimiz, kinomuz, kitabımız, ünsiyyət mədəniyyətimiz və s. eyni depressiyanı yaşamaqdadır. Onların içindən hələlik məhz kitabla bağlı demək istərdim ki, orta statistik Bakı obıvatelinin mütaliəyə marağı əski sovet dönəmindəki Moskva, Sankt-Peterburq, Kiyev kimi iri şəhərlərin oxucusunun ənənəvi marağını qabaqlamasa da, geridə də qalmırdı. Bu məsələdə ailə, məktəb, ali təhsil müəssisələri öz sözünü deyirdi. İkinci tərəfdən, hər nəyi olmasa da, etiraf etməliyik ki, sovet ideologiyasının elm, təhsil və mədəniyyət sahəsində yeritdiyi siyasət həmişə məhsuldar, keyfiyyətli və aktual olub. Və kitaba məhəbbət bir ideologiya məsələsindən daha çox hər bir millətin, xalqın, insanın özünün fərdi məziyyətinə, əqli-intellektual və mənəvi-estetik keyfiyyət göstəricisinə çevrilib.

Bizim vaxtımızda bir mütaliə ənənəsi, prestiji vardı. Arzusunda olduğumuz kitabı almaq üçün köhnə sandıqları eşələyib, eləcə də məktəb, idarə və təşkilatları gəzərək "makulatura" toplayıb talona "çevirdiyimiz" günlərdən bizi elə də böyük bir zaman məsafəsi ayırmır. Məktəbdə "bulka pulu"ndan qənaət edib qonşuluqdakı kitab dükanına, universitetdə isə tələbə təqaüdünü alan kimi ilk növbədə "Kitab passajı"na enib əməlli-başlı "bazarlıq" etdiyimiz azmı olub? Mütaliə etməyin mənəvi ehtiyaca, zərurətə, kitab almağınsa ənənəyə, mədəniyyətə çevrildiyi həmin illər millətimizin mənəvi boyartımına, intellektual inkişafına barını, nəticəsini bu gün də tamsınıb hiss etdiyimiz əvəzsiz töhfələrini verdi.

Deyilənə görə, bəyənmədiyimiz sovet dönəmində bir milyondan bir qədər artıq əhalisi olan Bakıda 150-yə yaxın kitab mağazası vardı. Və intellektual səviyyəsi ilə tanınan paytaxt oxucusu bu mağazalarda zövqünə uyğun olaraq müasir və klassik Azərbaycan, rus, habelə dünya ədəbiyyatının incilərini, müxtəlif elmi-texniki nəşrləri əldə edə bilirdi. İndisə sayı üç milyon civarında olan paytaxt sakini özünün kitab təşnəsini söndürmək üçün iki əlin barmaqlarının sayına belə yetməyəcək ünvana baş çəkə bilər. Bu mağazaların da əksəriyyəti şəhərin mərkəzi hissəsində yerləşir. Əhmədlidə, Yeni Günəşlidə, Hövsanda, Şüvəlanda, Novxanıda... yaşayanların kitab nəyinə lazımmış?! Bas televizorun düyməsini, doyunca bax müxtəlif kanalların xalqa sırıdığı cılız, səviyyəsiz, əxlaq və zövqümüzə divan tutan bayağı şoulara. Kitabların tərbiyə etdiyi nəsil hara, müasir teleməkanın püskürdüyü şou üfunəti ilə nəfəs-nəfəsə duran nəsil hara?!

 

Fikir məbədi

 

...Qiymətli daş-qaş brendinin paytaxtımızdakı növbəti butikinin açılış mərasimində həmin şirkətin rəhbəri ilə yanaşı, Hollivudun ünlü qadın ulduzu da iştirak edirdi. Heç şübhəsiz, dünyanın bütün kişilərinin yuxusunu ərşə çəkmiş bu gözəllik ilahəsini bəlkə də ömründə adını belə eşitmədiyi Şərq şəhərinə gətirmək mağazanın "əvəzçiliklə" həm də yüksək hökumət vəzifəsi tutan sahibinə yuvarlaq bir məbləğə başa gəlmişdi. Məqsədimiz həmin mərasimdən reportaj vermək deyil, sadəcə, xəbərdarlıq etməkdir. Əgər haçansa könlünüzə kitabxananızı qədim və nadir nüsxələrlə zənginləşdirmək üçün məşhur "Bukinist" dükanını ziyarət etmək düşsə, əziyyət çəkməyin, həmin mağaza yoxdur daha. Ömrünü bazar iqtisadiyyatına bağışlamış 100-dən artıq mağaza kimi. Hər nədirsə, reallıqdır; müdhiş, miskin, lakin çılpaq və gerçək reallıq. Bir tərəfdə maddı anlamında var-dövlət, digər tərəfdə ruhani zənginlik. Bir tərəfdə gündəlik məişətin cılız yaşam, varolma mücadiləsi, digər tərəfdə əbədiyyət, gözəllik, mənəvi dəyərlər fəlsəfəsi. Axı kitab yalnız yaxşı günün həmdəmi deyil ki, üzüyə, bilərziyə, boyunbağıya dönüb barmağı, bıləyi, sinəni bəzəsin, o, uzun və çətin bir həyat yolunun dostu, yoldaşıdır, düşüncələrimizi qidalandıran münbit tarla, fikirlərimizə düzən və ovqat bəxş edən sakit arxdır, gələcəyimizdən soraq verən arzu kəhkəşanı, bir nəslin o birinə miras qoyduğu mənəvi vəsiyyətidir.

Bizi qınamayın, bazar iqtisadiyyatının tələblərini də, mülkiyyətin toxunulmazlığını, dükan sahibinin hansı mətahı satmaqda tam sərbəst olduğunu da anlayır və qəbul edirik. Amma kitaba marağın azalmasını oxucuda axtarmağı düzgün hesab etmirəm. Əgər girdiyimiz bir dükanda şəkər tozu yoxdursa, onu başqa dükanda axtarırıq. Bəs kitabı harada axtaraq? Bu, qədim olduğu qədər də həmişə aktual səslənən bir Çin məsəlində olduğu kimi, qaranlıq otaqda olmayan qara pişiyin axtarılmasına bənzəmirmi? Yaxud da başqa bir analogiya: yəqin razılaşarsınız ki, Moskva, Sankt-Peterburq dünyanın ən bahalı şəhərlərindəndir. Analoji olaraq həmin şəhərlərin mərkəzi hissəsində yerləşən ticarət obyektlərinin də satış, yaxud icarə haqqı "astronomik" rəqəmlərlə ölçülür. Lakin Bakısayağı meyarlarla yanaşsaq, paradoksdur; məgər Rusiya paytaxtının Tverskaya (Moskva Ticarət Evi), Novo Arbatskaya (Moskva "Kitab evi"), Myasnitskaya, Kuznetskiy most küçələrində, Kutuzov və Sülh prospektlərində, eləcə də inqilab beşiyinin məşhur Nevski, Liteynı, Liqovski, Lesnoy prospektlərində, Rubinşteyn küçəsində nəhəng kitab ticarəti mağazaları saxlayan sahibkarlar öz mənfəətlərinin qənimidirlərmi? Xeyr, sadəcə, həmin şəhərlərdə hələ də dövlətin mülkiyyətində (- ?!) olan mağazalar mövcuddur və rus biznes-elitası ciblə yanaşı, könül üçün də işləməyi bacarır.

Bəli, şimal qonşumuz da bazar iqtisadiyyatının güzəşt-filan tanımayan sınaqlarından keçməli oldu, orada da kitab dükanlarının əksəriyyəti ağır rəqabətə dözə bilməyib təyinatını dəyişmək məcburiyyətində qaldı. Ancaq iqtisadi vəziyyət avazıyan kimi mağazaların əksəriyyəti öz əvvəlki sevimli məşğuliyyətinə qayıtdı. Bu gün Bakı da dünyaya az qala iqtisadi möcüzə nümayiş etdirən bir ölkənin paytaxtıdır. Lakin təəssüf ki, pul qazanmağı bacaran sahibkar-həmvətənlərimiz hələ də fikir məbədi sayılan kitablara təəssübkeşlik haqqını qazana bilməyiblər.

Postsovet məkanının milyonçu şəhərlərində iri kitab nəşriyyat evlərinin özünün mağazalar şəbəkəsi mövcuddur. Kitab bazarının inkişafına pozitiv təsir edən amillər sırasında stasionar və səyyar satış şəbəkəsinin inkişafı ilə yanaşı, əhalinin gəlirlərinin artmasını da göstərmək mümkündür. Lakin əfsuslar olsun ki, bizdə insanların maddi durumunun yaxşılaşması özünü daha çox zahiri-atributiv sferada - mobil telefonların, xarici avtomobillərin alışında sərgiləyir. Bahalı maşının, evin, məişət texnikasının kreditinə, sayı minləri keçmiş restoran və əyləncə mərkəzlərində kef-damağa pul tapan həmvətənlərimiz kitab görəndə rəhmətlik Sabirin, Zakirin, Mirzə Cəlilin həmişə müasir personajlarına çevrilirlər.

Kitab mağazalarının qəhətə çıxması bir yana, Bakıda kitabxanaların sırası da seyrəlməkdədir. 1996-cı ildə Azərbaycan hökuməti "Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında" qərar qəbul etmiş, üç il sonra isə "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. "Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır". Bu cümlə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" 20 aprel 2007-ci il tarixli Sərəncamından iqtibas edilib. Və həmin sərəncamın 2-ci bəndində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırılmışdır ki, müvafiq qurumlarla birlikdə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nı hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Adıçəkilən nazirliyin bu normativ sənədə reaksiyası özünü çox gözlətmədi. Belə ki, bu yaxınlarda informasiya portallarından birində ölkənin Mədəniyyət və Turizm Nazirliyi rəsmisinin kitabxanalarla bağlı belə bir fikri ilə qarşılaşdıq: "Lazımsız, dağılmış və oxucusu olmayan kitabxanalar öz fəaliyyətləri barəsində ciddi düşünməlidirlər və bağlanmalıdırlar". Məsləhətdən, ali məqamlı məmur məzəmmətindən daha çox sanksiyaya, sonun başlanğıcına bənzəyir, deyilmi? Bazar təfəkkürü ilə yanaşsaq, rentabelsiz fəaliyyət sahəsinin təyinatının dəyişdirilməsi zəruridir. Ancaq həmin bəyanatın bizi çox gözlətməyəcək nəticələrinin bu cür açıq mətnlə anons edilməsi xalqın "likbez"i sahəsində növbəti bir imkandan da məhrum olacağını vəd edir. Etmirmi? Elə isə oxuculara pulsuz xidmət göstərən bir kütləvi maarif müəssisəsinin özünü hansı vəsaitlə təmir etməli olduğu barədə təkliflərinizi verin. Kitabxanaların oxucusuz qalması nazirliyi çox narahat edir. Təsəvvür edin ki, valideynləri də uşaqlarının gedib məhz Mədəniyyət və Turizm Nazirliyinin tabeçilik qaydasında təmir edib isitməli olduğu kitabxanalarda xəstələnəcəyi "perspektivi" az narahat etmir. Görəsən, həmin qurumun sıradan şöbə müdiri belə bu gün kitabxanalarda hökm sürən bərbad şəraitdə işləməyi, "canını çoxdan tapşırmış" masa və stullardan, kif iyi verən kitablardan istifadə etməyi özünə rəva bilərdimi?

Amma öz aramızdır, şəhərdə az-çox salamat qalmış kitabxanalardan əcəb ofis, yaxud da dükan çıxardı ha!..

 

Kitaba məhəbbət qıtlığı

 

Bəli, görünür, bir tərəfdən informasiya texnologiyalarının inkişafı, alternativ informasiya mənbələrinin yaranması, digər tərəfdən isə qarşısıalınmaz sürətlə gündəlik həyatımıza müdaxilə etmiş bazar qanunlarının neqativ təsiri sayəsində əbədi və bəşəri dəyərlərin keyfiyyət aşınmasına məruz qalması adamları kitab adlı mənəvi qidadan perik salıb.

Nə qədər utancverici olsa da, ibrət götürüləsi bir misal çəkmək istərdim. Türk dünyasının çox qiymətli yazılı abidəsi olan Mahmud Kaşğarinin "Divani-lüğət it-türk" əsərinin dilimizə çevrilməsinə zəhmətkeş alim dostumuz Ramiz Əsgər illərini sərf etdi. Ancaq Azərbaycanda bir "sinəsinə döyən" oğul, millətinin xeyirxah sevdalısı tapılmadı ki, həmin kitabın nəşrini boynuna götürsün. Kitab Türkiyənin doqquzuncu cümhurbaşqanı Süleyman Dəmirəlin himayəsi ilə işıq üzü gördü. Ankara R.Əsgərə "Türk dünyasına xidmət ödülü" verdi. Bizimkilərsə...

Yaxın günlərdə ölkəmizdə olmuş türk müğənnisi Ebru Polata konsert əsnasında azərbaycanlı pərəstişkarı 20 min avro dəyərində çanta bağışladı. Vətəninə dönər-dönməz "Kanal-1" televiziyasına müsahıbə verən xanım müğənni çantanın Azərbaycan nazirlərindən birinin oğlunun hədiyyəsi olduğunu etiraf etdi. Yenə də azərbaycanlı pərəstişkarı tərəfindən qiymətli hədiyyənin - 100 min dollarlıq mikrofonun sahibi isə növbəti türk müğənnisi Alişan oldu. "Star TV"-yə açıqlamasında müğənni bu bahalı hədiyyəni ona Anar "kardeşinin" verdiyini bildirib. Müqayisəyə gəlməsə də, cəhd edin; türk qardaşlarımız nəyə qiymət verir, Alişanın azəri "kardeşləri" nəyə?!

Kitab - üzərində hər kəsin öz intellektual və mənəvi "məhsulunu" yetişdirəcəyı mineral gübrədir. Tükənməmək, inkişafdan geri qalmamaq, ətrafındakıları dadlı fikir "meyvələri" ilə barındırmaq üçün mütləq oxumaq lazımdır. Oxucu isə bazar dili ilə desək, istehlakçıdır. Amma bu istehlakçılıq qida və gündəlik tələbat malları istehlakçılığından köklü şəkildə fərqlənir; mədəyə, geyim-kecimə deyil, təfəkkürə, ruha, intellektə, dünyagörüşünə... işləyir.

Bu gün mütaliəyə kütləvi marağın səngiməsini oxucu indefferentliyində axtarmaq, qeyd etdiyimiz kimi, kifayət qədər ciddi və aktual bir problemin dəyərləndirilməsində diletantlıq nümayiş etdirmək olardı. Kitab həm də dəyər yaradan bir əmtəə, onunla ticarəti isə marketinq məsələsi olduğu üçün özünə kompleks yanaşma tələb edir. Belə ki, müasir zövq və tələblərə uyğun ədəbiyyat yaranmalı, bu məhsulu nəfis şəkildə istehsal edəcək poliqrafik baza qurulmalı, düzgün qiymətləndirmə siyasəti aparılmalı və nəhayət, həmin məhsulu oxucuya çatdırmaq üçün müvafiq ticarət şəbəkəsi olmalıdır. Yalnız bu mərhələləri keçdikdən sonra insanların həqiqi kitab məhəbbətindən danışmaq mümkündür. Unutmayaq ki, uğursuz bir sevgi uzaqbaşı bir ailəni kor qoya bilərsə, kitaba məhəbbətin qıtlığı bütöv bir millətin faciəsinə çevrilə bilər.

 

 

Xalid Niyazov

 

Azərbaycan.-2009.-20 fevral.-S.9.