Tərifdən yuxarıda duran şair

 

Hələbdən, dahi şairimiz Nəsimiyə həsr olunmuş yüksək səviyyəli elmi konfransdan, şairin qəbrini ziyarətdən unudulmaz təəssüratlarla vətənə dönən kimi "Şeyx Nəsimi barədə tarixi həqiqətlər və həyəcanlı anlar" adlı məqalə ilə çıxış etdim ("Azərbaycan" qəzeti, 28.XI.08). Lakin konfransda Nəsiminin qəbrini tapan, əlyazma nüsxəsini əldə edən xalq şairimiz Rəsul Rzadan söz açsam da, məqaləmdə şairimizin xidmətlərini bir neçə cümlə ilə verməyi insafsızlıq əlaməti hesab etdim. Hələbdə olarkən Rəsul müəllimin gördüyü işin miqyasını daha dərindən duydum və qərara gəldim ki, qayıdan kimi şairə ayrıca məqalə həsr edim. "Azərbaycan" qəzetinin Yazıçılar İttifaqının yaranmasının 75 illiyi ilə bağlı İttifaqın sədri olmuş şəxsiyyətlər barədə yazılar vermək qərarı da köməyimə gəldi. Düşünürəm ki, buna mənəvi haqqım var. 1968-ci ildə Rəsul müəllimlə "Kərkük bayatıları" kitabımız çıxıb. O, tərtib etdiyim "Kərkük mahnıları" kitabımın redaktoru olub. Şairin anadan olmasının 80 illiyi günlərində İraq-türkman şairi Əbdüllətif Bəndəroğlu ilə "Sönməzlik rəmzi" adlı məqalə çap etdirmişəm ("Kommunist" qəzeti, 1990, 18 may). 2007-ci ildə Kərkükdə Ə.Bəndəroğlu ilə şairin böyük həcmli "Ağlayan çox, gülən hanı?" adlı kitabını dərc etdirmişəm.

 

İki zirvədən biri

 

Keçən əsrin 50-ci illərinin ikinci yarısı idi. Elmə, təhsilə, ədəbiyyata, musiqiyə sözlə deyilməyəcək bir yanğı, həvəs vardı. İnsanlar böyük intizarla bazar gününü gözləyər, radioda bir saatlıq muğamat konsertinə qulaq asardılar. Biz tələbələrin günü, demək olar ki, kitabxanalarda keçərdi. Tez-tez yazıçı və şairlərdən söz açar, mübahisələr edərdik. Mübahisəmiz ən çox da iki şair ətrafında olardı. Kimi S.Vurğuna, kimi isə R.Rzaya üstünlük verərdi. Qızğın mübahisələrimiz bəzən münaqişəyə səbəb olardı.

Bəs niyə məhz çağdaşımız olan bu iki şair haqqında fikir yürüdürdük? Sonralar başa düşdüm ki, mübahisəmiz ümummilli liderimiz Heydər Əliyevin göstərdiyi kimi, Azərbaycan sovet poeziyasının baniləri olan iki zirvə, poeziyamızın iki görkəmli siması ətrafında gedirmiş. Bunu Rəsul Rzanın S.Vurğunu Nəsimi, Füzuli, Vaqif və Sabirdən sonra Azərbaycanın ən görkəmli şairi kimi qiymətləndirməsində və Rəsul Rza ilə bağlı Məlik Cövdət Andayın "Sovetlər Birliyi gəzisi" yol qeydlərindən də görmək olur:

"Moskvaya vardığımız gün sormuşdum:

- Sovetlər Birliyinin indi ən məşhur şairi kimdir?

Bir az düşündükdən sonra

- Rəsul Rza - demişdilər.

Mənsə Yevtuşenkonun, Voznesenskinin adının çəkiləcəyini sanmışdım.

Başqa?

Rəsul Həmzət

O kim?

Dağıstanlı bir ozan.

Romançıları soruşaq dedim:

Ən məşhur romançınız?

Çingiz Aytmatov".

Bizcə, bu, şərhə, bəyana sığmayan, qürur hissi doğuran bir etirafdır. Bu etiraf ətrafında fikir yürütmək, həyatı boyu əksər məqamlarda birinci olan Rəsul müəllim haqqında yazmaq şirnikləndirici görünsə də asan iş deyil.

Sovet dönəmində - Sovetlər İttifaqında yaşayan türkdilli xalqların milli şüurunun oyanışında misilsiz xidmətlər göstərən görkəmli türk şairi Nazim Hikmətin "hikmət dolu şeirləri ilə filosof, böyük fikir və zəka şairi" adlandırdığı Rəsul Rzanın istər poeziyasında, istərsə də publisistikasında fikirlər o qədər dərin, təsirli, mənalı və yenidir ki, onun cazibəsindən çıxıb bir söz demək həqiqətən də çətindir. Özgə bir yöndən də istər ölkə daxilində, istərsə də onun hüdudları xaricində, adlarının siyahısı 3-4 səhifəyə sığmayan elm, sənət bahadırlarının Rəsul Rzaya həsr olunan çoxsaylı məqalə və monoqrafiyaları, doktorluq və namizədlik dissertasiyaları, ithafları göz önünə gəlir.

Rəsul Rza vətən qarşısında xidmətlərinə görə əməkdar incəsənt xadimi, Azərbaycanın Xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara layiq görülən şair, müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının müdiri, Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri, Azərbaycan SSR Kinematoqrafiya naziri, ağır zəhmət tələb edən, ictimai fikir tariximizdə hadisə olan ilk Ensiklopediyamızın ilk Baş redaktoru və s. kimi məsul vəzifələrdə çalışmış, xalq məhəbbəti, nüfuz qazanmışdı. Azərbaycanda sərbəst şeirin əsasını qoyan, onun carçısı və hamisi, "Sərbəst şeir məktəbi"nin banisi də Rəsul Rza olmuşdur.

Suriyada Nəsiminin qəbrini tapan və ilk ziyarət edən, İraqda Füzulinin qəbrini ilk ziyarət edən (B.Vahabzadə və Q.Qasımzadə ilə birgə), onlar haqqında yeni söz deyən, Füzulinin ölməz "Leyli və Məcnun"unu, təkrarolunmaz qəzəllərini dili dilindən, dərdi dərdindən, sevinci, arzusu, həsrəti onunla bir olan doğma xalqının - azərbaycanlıların, yəni İraq türkmanlarının əhatəsində, onlar və bizlər üçün yazdığından ilk dəfə söz açan da məhz Rəsul Rza olmuşdur.

Lakin şairin titanik zəhmət bahasına əldə etdiyi uğurları, şan-şöhrəti artdıqca ona həsəd aparanların, qibtə edənlərin də sayı artırdı. Rəsul Rzanın poeziyamıza yeni ab-hava gətirməsi, şeirimizdə təzə məktəb yaratması bir çoxlarının ürəyinə yatmır, şairi ruhdan salmağa, sındırmağa çalışırdılar. O isə bədxahlarının arzusuna xilaf çıxaraq gecəni gündüzə qatıb işləyirdi. Həqiqət naminə deyək ki, şairi dəstəkləyənlər də az deyildi. Poeziya məsələlərində güzəştə getməyən, həmişə həqiqətin tərəfində olan Bəxtiyar Vahabzadə belələrindən idi:

Ey Rəsul, sən haqlısan,

Çünki sən öz əsrinə

Daha artıq bağlısan.

Sənət gülüstanına

Qədəm basandan bəri,

O köhnə ölçüləri

Cəsarətlə sən atdın.

"Məna, məna" - demədin

Sən mənalar yaratdın!

 

Ömrüm sənsiz olmasın

 

Həyatının bir çox illərində, xüsusən də repressiya illərində Rəsul Rzanın ən zəif yeri - müdafiəsi çətin olan yeri repressiyaya məruz qalmış bir nəslin qızı ilə evlənməsi idi. Şair repressiyanın şiddətlənən çağında - 1937-ci ilin fevralında evlənmişdi. Çətinliklərə baxmayaraq, bu ona başucalığı gətirmiş, ictimaiyyət arasında onun qorxmazlığı, cəsarəti, mərdliyi barədə fikir formalaşmışdı.

Bu baxımdan, şairin ömür-gün yoldaşı Nigar xanımın repressiyaya məruz qalmış başqa bir görkəmli nəslin nümayəndəsi Nəzakət xanım Ağazadəyə ünvanladığı şeiri səciyyəvidir:

 

Nə ata çörəyi yedik,

nə gördük qardaş sovqatı

Qamçıladı bizi acı-acı

Sərt üzlü yetimlik həyatı

Ömrün çətin yollarında

bizə yar oldu, Əli, Rəsul.

Onlar açıq ürəkli,

qaynar məhəbbətli

gənclər idi.

O zamanlar bizimlə

ünsiyyət bağlamaq

Sadə sevgi deyil,

böyük hünər idi.

 

Rəsul Rzanın mərdliyi, hünəri Nigar xanımın böyük ehtiramına səbəb olmuş, əbədi məhəbbətinə və sədaqətinə təkan vermiş, onun hissləri ölməz poeziya misralarına çevrilmişdi:

 

Sən olmasan, baharın,

yazın ətri olmazdı.

Sən olmasan bir dünya

Sevinc belə çox azdı.

Baharın çiçəkləri

açıb solmasın sənsiz.

Ömrüm sənsiz olmasın,

şerim olmasın sənsiz.

 

Kim bilir, bəlkə də Nigar xanımın ailəyə bəxş etdiyi bu böyük məhəbbəti, vəfası və sədaqəti Rəsul Rzaya daha da qol-qanad vermiş, şairin böyük arzularla yaşamasına və yaratmasına gətirib çıxarmışdır.

 

Axtarışlar

 

Rəsul Rzanın bütün fəaliyyəti, o cümlədən də Nəsimi ilə bağlı gördüyü işlər bir örnəkdir. Şairin Nəsiminin qəbrini axtarması, tapması yolunda xidmətləri nəsimişünas alim Əliəjdər Seyidzadənin şairə ünvanladığı bir məktubdan aydın görünür. Rəsul müəllimin oğlu, hörmətli Anar müəllimdən əldə etdiyimiz məktubda alim yazır:

"Çox hörmətli Rəsul Rza yoldaş!

Mən bilirəm ki, siz mənsiz də "Bakı" qəzetini oxuyursunuz. Ancaq mən hər halda özümə borc bilirəm ki, Nəsimi haqqında nə yerdə, nə yazsam, sizə ondan bir nüsxə təqdim edim. "Ədəbiyyat qəzeti"nə də bir şey vermək istəyirəm. Elmi məzuniyyətdən qayıtdım. Nəsimi haqqında Qərbi Avropa dillərində XVI əsrdə çap olunmuş üç kitab mənə məlum idi. Məzuniyyətdə daha üç kitab tapmışam. Onlardan ikisi yenə də XVI əsrdə Qərbi Avropa dillərində çap olunmuşdur. Hamısında qəbir məsələsi var. Üçüncüsü isə rus dünya səyyahı Fedoseyevdir. Bu müəllifdə qəbir məsələsi ayrıca qeyd edilməyir, lakin rəssam çəkən şəkildə "qələ" (qala - Q.P.) vardır və qəbirlər də göstərilmişdir".

Lakin bu faktlar Rəsul müəllimə hələlik ümid və gümandan daha çox nigarançılıq gətirirdi. Hələbə yola düşməzdən əvvəl akademik Həmid Araslı ona ürək-dirək verərək: "Nəsiminin qəbri Hələbdə olmalıdır. Siz yəqin onu görəcəksiniz" - demişdi.

Şair ürəyində fikirləşmişdi ki, kafirlikdə suçlu bilinən Nəsimini hansı cəsarətlə dəfn edib saxlaya bilərdilər. On dörd gün Suriyanı eninə-uzununa gəzib, nəhayət ki, Hələbə gəlib çıxmışdılar. Şair həyatının ən unudulmaz səhifəsi kimi Hələb valisi ilə görüşü belə xatırlayır: "Qubernator bizi qarşıladı, yer göstərdi, oturduq. O da oturdu. İlk tanışlıqdan sonra sual-cavab başladı. Sualların əksəriyyəti bu əyalətin iqtisadiyyatına aid idi. Nəhayət, qubernatora müraciətlə dedim:

- Hörmətinizə görə sağ olun! İcazə versəniz sizdən bir xahiş edərdim.

- Buyursunlar!

- XIV əsrin ikinci yarısında bu Hələb şəhərində bizim həmyerlimiz bir şair yaşayıb. Onun anadan olmasının 600 illiyi Sovetlər İttifaqında geniş bayram ediləcəkdir. Bu bayram YUNESKO xətti ilə bütün dünyada da təntənə ilə keçirilməli bir bayramdır. Əgər hörmətli qubernator İmadəddin Nəsimi adlı bir Azərbaycan şairi haqqında, onun qəbri, nəsli, əsərləri haqqında bir məlumat almaqda bizə mümkün olan köməyi göstərərsə, ona çox minnətdar olarıq.

Qubernator bir anlıq fikrə getdi, sonra öz köməkçilərindən birini çağırdı, ona nə isə dediE 15-20 dəqiqə sonra xəbər gətirdilər ki, Nəsiminin qəbri Hələbdədir. İstəsəniz onu indicə ziyarət edə bilərsiniz. Bu xəbərdən qubernator özü də məmnun idi. Bizim isə uçmağa qanadımız yox idi".

Nəsiminin qəbrini ziyarət etdikdən sonra Rəsul müəllim birbaşa Hələb kitabxanasına getmiş, elm aləmi üçün çox gərəkli məlumat əldə etmişdi. "Hələb tarixinə dair materiallar" kitabının VII cildinin 144-cü səhifəsində yazılmışdır:

"820 hicri (1417 miladi). Bu ildə Hələb şəhərində yaşamış mürtəd Nəsimi öldürülmüşdür. O, hürufilərin şeyxi idi. Hələbdə yaşamış bu şeyxin tərəfdarları çox idi. Onun təriqət tərəfdarlarının artdığını görən Sultan (Misir sultanı Müəyyəd - Q.P.) əmr edir ki, onun boynu vurulsun, dərisi soyulsun və dar ağacından asılsın".

Bu fakt şairin müasirləri İbn Həcər əl-Əsləqani (1372-1449), Şəmsəddin Səxavi (1427-1497), Müvəffəqəddin Əhməd ibn İbrahim əl-Hələbi (XV əsr) və başqalarının əsərlərində də yer alıb.

Nəsiminin çağdaşı İbn Həcər əl-Əsləqani (1372-1449) "Ənba əl-ğumr biənba əl-ümr" - "Həyat oğulları haqqında dolğun bilgi" əsərində xüsusi vurğulamışdır: "Onun başını kəsib dərisini soydular və cəsədini çarmıxa çəkdilər".

Göründüyü kimi, Nəsiminin diri-diri dərisinin soyulduğunu iddia edənlər yanılırdılar. Tarixi faktlara arxalanaraq Nəsiminin diri-diri dərisinin soyulmadığı fikrini də Azərbaycanda ilk olaraq Rəsul Rza söyləmişdir.

 

Şairin duyğularının izi ilə

 

Rəsul Rza Hələbə 1968-ci ilin noyabr ayında getmişdi. Biz də taledən gələn qismətdir ki, şairdən düz qırx il sonra Hələbə 2008-ci ilin noyabrında getmişdik. Fərq onda idi ki, Rəsul müəllim şairin qəbrini tapmaq ümidi ilə böyük istək və nigarançılıqla getmişdi. Biz isə onun izi ilə Nəsiminin qəbrini ziyarətə getmişdik. Onu da deyim ki, Rəsul Rzanın dahi şairimizin qəbrini tapıb onu ziyarət etməsi təkcə Azərbaycanda deyil, digər Sovet respublikalarında və Türkiyədə də rezonans doğurmuşdu.

Bu baxımdan, rus yazarı Sergey Borodinin şairə ünvanladığı məktub maraq doğurur:

Əzizim Rəsul!

Keçən həftə mən Hələbdə Nəsiminin qəbri üstünə getmişdim və orda bu gözəl şairin məzarına sizin qoyduğunuz əklili gördüm. Nəsimi nəslindən olan şeyx həm əklili, həm də sizin ora gəlişiniz haqqında söhbətləri ən əziz bir xatirə kimi hifz eləyir. Bunu sizə böyük fərəh hissi ilə çatdırıram, çünki sələflər haqqında xoş xatirə xələflər haqqında xatirələri də möhkəmləndirir.

Teymurləngin Azərbaycana hücumu haqqında romanımın bir neçə səhifəsini həsr etdiyim şairin türbəsi önündə sizin adınızla bax beləcə rastlaşdım.

 

Ən xoş arzularla

Sergey Borodin

 

Bağdad, 16 iyun 1972

 

Rəsul Rzanın üzə çıxartdığı əlyazma nüsxəsi, şairin qəbrinin, məqbərəsinin, məqbərənin həyətinin, Nəsimi küçəsinin 1968-ci ilin noyabrında Mürsəl Nəcəfov tərəfindən çəkilmiş rəsmləri, Rəsul Rzanın "Cahana sığmayan şairin qərib məzarı", "Böyük şair haqqında qeydlər", "Nəsiminin bir beyti haqqında" kimi məqalələri bu gün belə əhəmiyyətini itirməyən bir çox mətləblərdən söz açır.

Şairin 971 hicri (1564-cü il miladi) ilində əlyazmasının üzünü köçürüb bitirmiş katibin Nəsimini "Danışanların ən mahiri, bilik sahiblərinin və həqiqət axtaranların öndə gedəni" adlandırması göstərir ki, Nəsimi bəlağətli nitqi olan natiq, alim və məslək mücahidi olmuşdur. Rəsul Rzanın "Cahana sığmayan şairin qərib məzarı" məqaləsində möhtərəm prezidentimiz İlham Əliyevin təşəbbüsü və göstərişi ilə şairin məzarının və ətrafının abadlaşdırılması ilə məşğul olan memar və bərpaçıların köməyinə çatacaq bir çox məqamlar var.

Rəsul Rzanın Nəsiminin qəbrini ziyarətindən keçən bu qırx il ərzində şairin qəbrinin üstü götürülüb, həyətdə indi çarhovuz görünmür və s. kimi bir çox dəyişikliklər gördük.

Şairin məqaləsində alimlərimizin izinə düşəcəkləri məqamlar da az deyildir. Məsələn, şairin Nəsimi məqbərəsinin baxıcısı Hikmət Nəsimi ilə söhbəti bəlkə də illər boyu tədqiqatçıların axtardığı, lakin tapmaqda aciz olduqları cavablara bir aydınlıq gətirə bilər. Hikmət Nəsimidən soruşanda ki, şairin əlyazmalarından, kitablarından bir şey qalıbmı? O, atasından eşitdiyi bir məsələdən söz açıb. Məlum olub ki, 1968-ci ildən 60-70 il əvvəl Nəsiminin bir çox əlyazma və kitablarını kimlərsə Türkiyəyə aparıb.

Dövrü ilə müxalifətdə olan, "ağalar-qullar dünyası"nın əksliklərinə qarşı çıxan Nəsiminin aqibəti işgəncəli ölüm olan qismət payı barədə, mənə qalırsa, ən təsirli məqalə Rəsul Rzanın "Cahana sığmayan şairin qərib məzarı" yazısıdır.

Şairin Nəsimi yaradıcılığı ilə bağlı dediyi "Bu möhtəşəm ədəbi-elmi abidənin gözəl, dəqiq, maraqlı və uzunömürlü yaranmasında bir kərpic qoyanın da, yüz kərpic qoyanın da zəhməti hörmət və təqdirlə yad edilməlidir" kəlamı isə əslində tarixi şəxsiyyətlərimizin yaradıcılığı ilə məşğul olan gənc tədqiqatçılara onun vəsiyyəti və xeyir-duası kimi qiymət kəsb edir.

Rəsul Rza dünyanın bir çox ölkələrində olub. Hələ 1961-ci ildə Yuqoslaviyaya səfəri zamanı yazdığı "İnsan" şeirində göstərirdi: "İyirmi dörd ölkə gəzdim". Sovet sisteminin sərt qanunları yumşalmağa başlayandan sonra daha çox ölkələrdə olmuş (bizcə, Türkiyəni də ilk ziyarət edən Rəsul Rza olmuşdur), azərbaycanlı oxucuların səhih məlumata möhtac olduğu bir dövrdə yol qeydlərini yazmışdır. Lakin onun hər biri bir ömrə bərabər barlı-bəhrəli iki səfəri - Suriya və İraqa ziyarəti heç bir səfərlə müqayisəyə gəlməz. O, bu ölkələrə Azərbaycanın iki dahi şairinin - Nəsimi və Füzulinin görüşünə getmişdi.

 

Füzulini yetirən mühit

 

Rəsul Rza Füzulinin görüşünə daha əvvəl, 1959-cu ildə getmişdi. Kərbəlada dahi Füzulini ziyarət etdikdən sonra anlaşılmaz sevinc və duyğularla Kərkükdə Füzulinin yaradıcılığına qol-qanad verən toplumun nəvə-nəticələri, kötüçələri ilə görüşmüşdür. Həqiqət naminə deyək ki, əsasən Kərkük vilayətində toplu halda yaşayan, sayı 3 milyona yaxın türkmanları - azərbaycanlıları bizə ilk olaraq tanıdan da Rəsul Rza olmuşdur.

İraq-türkman folklorunun heyrətamiz gücə malik, ölməz sənət əsərləri səviyyəsinə yüksələn xoyratları (bayatıları) şairə dərin təsir bağışlamış, nəticədə bütün Azərbaycanı, o cümlədən də Kərkük Türkman elini heyran edən, həyəcansız oxumaq mümkün olmayan "Uzaq ellərin yaxın töhfələri" adlı çox sanballı, dissertasiya səviyyəli əsəri meydana gəlmişdir. Əsərdə şairin hiss və həyəcanı təsvir olunan hissə xüsusilə təsirlidir: "Kərküklü tanışlarımız Həsən İzzət və Məhəmməd Xurşid bizi şəhərlə tanış etdilər. Bir kitab mağazasına girdik...

Qoca dükançı qəfəsdən götürüb mənə verdiyi kitabları - "Kərkük xoyrat və maniləri"nin üçcildliyini vərəqlədikcə daxili bir həyəcandan boğazım qəhərlənir, ürəyim quş kimi çırpınır, sinəmdən çıxmaq istəyirdi".

Rəsul Rzanın hissi, həyəcanı vətənə dönəndən sonra da öz axarına düşməmişdi. Görkəmli türk şairi Nazim Hikmət şairin sevinc dolu ovqatını müşahidə edərək yazırdı: "Ötən il Rəsul Rza İraqa getmişdi. Qayıdanda əlində bir kitab gördüm. Elə bil şair əlində öz ürəyini aparırdı. Azərbaycancaya çox, lap çox yaxın olan bu şeirlər İraq türkmanlarının xoyratları idi".

Xüsusi qeyd etməliyəm ki, Rəsul müəllimlə birgə hazırladığımız "Kərkük bayatıları" (Bakı, Azərnəşr, 1968) kitabı Bakıda çap olunana qədər Azərbaycanda bir çoxları bayatını vaxtı keçmiş janr hesab edirdilər. Xoşbəxtlikdən xoyratların Bakıda çapından sonra birdən-birə bayatılara münasibət tamamilə dəyişdi. Azərbaycanda sərbəst şeir məktəbinin yaradıcısı olan Rəsul Rza özü də xoyrat janrının vurğunlarından birinə, bəlkə də birincisinə çevrilmişdi. Xoyrat və manilərlə ilgili hələ 1961-ci ildə "Uzaq ellərin yaxın töhfələri" və "Aşıq Yanıqlı bayatıları" (1964) əsərləri yazan şair, 1980-ci ildə "Yaralı Kərkükün bugünlü xoyrat və maniləri" şeirlər toplusunu çap etdirdi. Bir daha təsdiq etdi ki, əsl istedad sahibinin əlində xalq yaradıcılığının hətta ən qədim növü belə yeni dövrün fikrini ifadə etməkdə çox münasib forma olur.

Təsadüfi deyil ki, Rəsul Rza yazırdı: "Bugünkü sərbəst şeir, şübhəsiz, "Dədə Qorqud" dastanı, nağıllarımız, folklor nümunələrimizlə ilişkilidir".

Yaradıcılığının daha da müdrikləşdiyi, məşhur "Rənglər" silsiləsini yazdığı bir dövrdə və sonralar şairin bayatı janrına müraciəti bir daha təsdiq edir ki, ənənə Rəsul Rza kimi əsl sənətkarlar üçün təməldir. Büdrəməmək, yıxılmamaq üçün söykənəcəkdir, arxadır, xalqa bağlılıqdır. Şair haqqında zərgər dəqiqliyi ilə deyilmiş fikrin tutumuna fikir verin: "Şifahi xalq yaradıcılığı Rəsul Rza üçün elə ədəbi çeşmədir ki, oradan poeziyanın arteriya damarları ilə yeni obrazların həyatverici qanı axıb gəlir".

Şübhəsiz buna görədir ki, Rəsul Rzanın adı keçən hər üç əsəri nəinki Azərbaycanda, eləcə də İraq türkmanları arasında böyük əks-səda doğurdu, hadisəyə çevrildi.

Xüsusən də qüdrətli qələmin məhsulu, poetik sözün əsl nümunəsi olan "Uzaq ellərin yaxın töhfələri" əsəri.

Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, görkəmli folklorşünas alim Əta Tərzibaşı "Qardaşlıq" dərgisində böyük həcmli, dərin mənalı məqalə ilə çıxış etdi. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, dəfələrlə ölkəmizi ziyarət edən, oxucularla "Ədəbiyyat qəzeti"ndə dərc edilən çox maraqlı "Dayı Mehdi" hekayəsi ilə tanış olan Mövlud Taha Qayaçı Rəsul müəllimə məktub ünvanladı: "Dəyərli ağabəyim, "Uzaq ellərin yaxın töhfələri" başlıqlı yazınızı oxurkən "Bir dərdlinin dərmanın o dərdə düşəndən sor" xoyratını xatırladım. Biz soydaşlarınıza göstərdiyiniz eyi duyğularınız üçün sizə bilməm minnətdarlığımızı nasıl bildirim?

Ağabəyim, rus hərfləri ilə türkcə oxumağı bu dəyərli yazınız sayəsində öyrəndiyimi bildirməliyəm. Könül dilər ki, daha böyük fayda vermək üçün onu yeni türk hərfləri ilə basdırasınız".

İllər keçdi, Mövlud Taha Qayaçının bir vaxt bizə əlçatmaz görünən arzusu yerinə yetdi - sovet sistemi çökdü, Azərbaycanda latın qrafikasına keçildi.

"Uzaq ellərin yaxın töhfələri", "Aşıq Yanıqlı bayatıları" və "Yaralı Kərkükün bugünlü xoyrat və maniləri" həm Azərbaycanda, həm də İraqda latın qrafikası ilə qədərincə çap olundu. Təəssüf ki, Rəsul müəllim bunları görmədi.

Yeri gəlmişkən, Dr. Ə.Bəndəroğlu ilə Rəsul Rzanın Kərkükdə çap etdirdiyimiz "Ağlayan çox, gülən hanı?" (Kərkük, 2007, 182 s.) kitabına "Uzaq ellərin yaxın töhfələri", "Aşıq Yanıqlı bayatıları" və "Yaralı Kərkükün bugünlü xoyrat və maniləri" şeirlər silsiləsini də daxil etdik. Elə kitabın adı da şairin kərküklü qıza həsr etdiyi 8 bəndlik "Ağlama, gözəl, ağlama" şeirindən götürülmüşdür:

 

Ağlayan çox, gülən hanı?

Göz yaşını silən hanı?

Matəm tutub bu dünyanı

Ağlama, gözəl, ağlama!

 

Ölümünə bir il qalmış "Yaralı Kərkükün bugünlü xoyrat və maniləri" əsərini yazan (1980) Rəsul Rza sanki İraqın, xüsusən də Kərkükün bu gününü təsvir edib. Güman ki, şairlərdə olan hissiyyatla, duyumla gələcəkdə baş verəcəkləri görmək qabiliyyətinə görədir ki, onları yer üzündə peyğəmbərlərdən sonrakı yerdə hesab edirlər. Rəsul Rzanın timsalında bunu aydınca görürük. "Yaralı Kərkükün bugünlü xoyrat və maniləri" deyilənlərə dayaq olur:

 

Kərkükün baş qalası,

Divarı daş qalası.

Ölü ana yanında

Tökür qan-yaş balası.

Bağdaddan karvan gəlir,

Dərdli, pərişan gəlir.

Kimlər qurban kəsilib -

Sularım al-qan gəlir?

 

Atlarım,

İlxı-ilxı atlarım.

Bir çətin günə düşdüm

Ağladı xoyratlarım.

Bağdad qızıl, gümüşdü,

Bağdada yanğın düşdü.

Belə qara günləri

Bağdad haçaq görmüşdü?

 

Görülən işlər bəhrəsini verməyə başladı. Dostu İhsan Doğramacının xahişi ilə "Qardaşlıq" dərgisinə müsahibə verən ulu öndərimiz Heydər Əliyev bəyan etdi:

"Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır" (Bax: "Qardaşlıq" dərgisi, ¹8, İstanbul, 2002, s. 4).

Ehtimal etmək olar ki, ümummilli liderimiz bu müsahibəni verəndə Rəsul Rzanın və bizim tədqiqatlarımızdan xəbardar olmuşdur.

 

Bax, o belə şair idi

 

Rəsul Rza İraqda, xüsusən də Kərkük ellərində çox sevilən şairlərdəndir. Təsadüfi deyildir ki, kərküklü müğənni və bəstəkar Əbdülvahid Kürəçi oğlu şairin "Beşik nəğməsi" şeirinə nəğmə bəstələmiş, Həsən İzzət Çardaxlı isə həmin şeirə "Layla" adlı ayrıca məqalə həsr etmişdir:

Layla məhəbbət bağçasından dərilən bir dəstə güldür. Solmaz, inciməz, incitməz.

Layla açılmayan tilsimli qapıları açan anaxtardır!

Sadəcə analar əlində cocuqları uyutmaq üçün sehrdir.

Layla cocuqla ana arasında qıldan incə, poladdan qüvvətli bağdır, gözlə görülməz, əl ilə tutulmaz, barmaqların ucu hiss eləməz bir bağ!

Əzəldən bəri axan bir sevgi qaynağıdır, qurumaz, axdıqca axar!E

Laylanı Rəsul Rza yazmışdır. O, 1910-cu ildə Azərbaycanın Göyçay rayonunda doğulmuşdur. İlk təhsilini Göyçayda almışdır. İlk şeiri 1927-ci ildə basılmışdır. Qırxdan artıq kitab yazmışdır. Kitablarının bir çoxu yabançı dillərə çevrilmişdir. Ərəbcəyə çevrilən xeyli şeiri var.

Bir çox önəmli vəzifələr görmüş, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru olmuşdur. İraq və daha başqa ərəb ölkələrini ziyarət etmişdir. Sovetlər Birliyinin yüksək fikirli şairlərindən biri sayılır (Bax: "Yurd" qəzeti, 6.III.87).

Rəsul Rza dünyanın bir çox ölkələrində tanınan, kitabları və şeirləri çap olunan şairlərdəndir. Məsələn, Kanadada ən çox sevilən, şeirləri və bukletləri dönə-dönə çap olunan şairdir. Azərbaycanda çoxları bilmir ki, indi xalq mahnısı kimi tanınan nəğmələrin çoxunun sözləri Rəsul Rzaya məxsusdur.

Şairin poeziya nümunələrinə Tofiq Quliyev, Emin Sabitoğlu, Vasif Adıgözəlov, Ələkbər Tağıyev, Niyazi, Süleyman Ələsgərov, Telman Hacıyev, Rauf Hacıyev, Polad Bülbüloğlu, Əbdülvahid Küzəçioğlu və b. insanı valeh edən neçə-neçə mahnılar bəstələmişlər. Onların arasında "Üzüyümün qaşı firuzədəndir", "Ala gözlü yar", "Gilavar", "Axşam görüşləri", "Bəlkə yarım gələr oldu", "Əhdimizə inan yar", "İnsaf da yaxşı şeydir", "Bakı", "Gəncə", "Sənə də qalmaz", "Yeddi çinar" kimi Azərbaycan radiosunun qızıl fondunda yer alan unudulmaz mahnılar var.

Rəsul Rza şəxsiyyəti, onun ecazkar və heyrətamiz poeziyası o qədər güclüdür ki, istər doğma vətəndə, istərsə də onun hüdudlarından kənarda şairə neçə-neçə özünə layiq şeirlər həsr olunmuşdur və bu şeirlər şairin şəxsiyyətinə və poeziyasına bir güzgü tutur və şairin daha yaxşı tanınmasına, sevilməsinə kömək edir. Aleksey Markovun "Əzizim Rəsul" adlı şeirindən verdiyimiz sətirlərdə olduğu kimi:

 

Təravətli, odlu şerin

Yarıb keçir sərt illəri.

Köks ötürüb bir vaxt yəqin,

Deyəcəklər: "Rəsul Rza -

Bu ilhama qadir idi.

Bax, o belə şair idi!

 

Və nəhayət, Rəsul Rzanın məhsuldar yaradıcılıq yolunu izlədikcə ixtiyarsız düşünürsən ki, istər sağlığında, istərsə də qoyub getdiyi irsi ilə əsl şairlər həmişə xalqın görən gözü, döyünən ürəyi məqamında dururlar.

 

 

Qəzənfər Paşayev

Rəsul Rza mükafatı laureatı

 

Azərbaycan.-2009.-20 fevral.-S.10.