ABŞ Cənubi Qafqazda etibarlı
tərəfdaş kimi Azərbaycanı görür
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi bu gün də dünyanın aparıcı ölkələrinin xarici siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. Elə bu səbəbdəndir ki, həm geosiyasi mövqeyinə, həm də enerji və digər ehtiyatlarına görə maraqlı xarici dövlətlərin, o cümlədən dünya siyasətində aparıcı rola malik olan ölkələrin Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsinə can atması aydın müşahidə edilməkdədir. Əlbəttə ki, daha genişmiqyaslı qarşılıqlı əməkdaşlığın gətirdiyi faydaları nəzərə alan Azərbaycan da müvafiq addımlar atmaqdadır.
ABŞ ölkəmizlə birgə
işləməkdə maraqlıdır
İstər beynəlxalq miqyasda oynadığı rola, istər regionda olan enerji və başqa maraqlarına, istərsə də ikitərəfli münasibətlərə görə, Azərbaycanla əməkdaşlığa xüsusi önəm verən dövlətlərdən biri də ABŞ-dır. Elə Azərbaycan tərəfi də fövqəldövlət sayılan ABŞ-la qarşılıqlı əməkdaşlığın daim inkişaf etməsinə və bunun hər iki tərəfə daha çox fayda verməsinə xüsusi diqqət yetirir. Bu mənada, Azərbaycan Prezident Barak Obamanın hakimiyyətə gəlişindən sonra Vaşinqton administrasiyası ilə əvvəlki qaydada yüksək səviyyəli əməkdaşlığın davam etdiriləcəyinə böyük ümidlə yanaşır. Prezident İlham Əliyev ABŞ-ın SNBC telekanalına müsahibəsində bu məqamla bağlı qeyd edir: "Biz yaxşı tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf etdiriləcəyinə ümidvarıq. Azərbaycan-ABŞ əlaqələrinin qurulmasından uzun zaman keçir. Tərəfdaşlığımızda enerji siyasəti mühüm rol oynayır. Əlaqələrimiz hər iki ölkənin milli maraqlarına uyğundur. Ümid edirik ki, bu müsbət meyil yeni administrasiya ilə də davam edəcəkdir".
Əslində, Obama administrasiyası da digər Amerika hökumətləri kimi, Azərbaycanla birgə işləməkdə maraqlı olduğunu bəyan edir. Bu fikri ABŞ-ın ölkəmizdəki səfiri Enn Dörsi də vurğulayır: "Amerika Birləşmiş Ştatları Azərbaycanla yanaşı çalışaraq ekstremist və nifrət daşıyan ideologiyalarla mübarizə aparır. Kosovodan İraqa və Əfqanıstana kimi bizim qoşunlar çətinliklərlə üzləşən xalqlara sülh və ədalət qurmaqda kömək edir. İslam Konfransı Təşkilatında müqəddəs islamın adından ekstremist planları naminə istifadə edənləri ifşa etmək üçün biz birgə mövqe nümayiş etdirmişik. Qəzzədən Kabula qədər qızğın münaqişələr və ümumi maliyyə böhranı kimi dünyadakı çağırışların saysız-hesabsız olmasına baxmayaraq, biz birgə işləsək, inkişafa nail olacağıq".
Qeyd edilənlər bir daha ABŞ-ın Azərbaycanla əməkdaşlığın inkişafına əvvəlki kimi xüsusi önəm verdiyini bariz şəkildə təsdiqləyir.
Azərbaycana ayrılan hərbi
yardımlar artır
Görünür, elə bu səbəbdəndir ki, bəzi vacib əhəmiyyət kəsb edən sahələrdə ABŞ-ın Azərbaycan və Ermənistanla əməkdaşlıq səviyyəsi ölkəmizin lehinə sürətlə dəyişir. Buna misal olaraq Amerikanın Azərbaycan və Ermənistana cari il ərzində ayırmaq istədiyi hərbi yardımların miqdarını göstərmək olar. Bu il ABŞ hökuməti Azərbaycanın hərbi potensialının gücləndirilməsinə, eyni zamanda, ölkə sərhədlərinin mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə 9,5 milyon dollar vəsait ayırmağı nəzərdə tutur. Ermənistana isə bununla bağlı edilən yardımlar təqribən 4 dəfə azaldılaraq 2,5 milyon dollara endirilib. Ümumiyyətlə, ABŞ hökuməti 2009-cu ilin federal büdcəsində Azərbaycana ayrılan yardımın məbləğini artırmağı planlaşdırır. Azərbaycana maliyyə yardımlarının artırılması zərurəti son illər ölkəmizin beynəlxalq antiterror əməliyyatlarında fəal iştirakı ilə əlaqələndirilir. Bildirilir ki, Azərbaycan terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləməklə yanaşı, ABŞ-la da fəal əməkdaşlıq edir. Məsələ ilə bağlı ABŞ Konqresində aparılan müzakirələr zamanı o da qeyd edilib ki, rəsmi Bakı Qərb ölkələri ilə təkcə hərbi sahədə deyil, iqtisadi-siyasi sferada da məhsuldar əməkdaşlıq qurub.
Ermənistanla bağlı Konqres nümayəndələri tam fərqli fikirlər səsləndiriblər. Bu ölkənin daxili problemləri, siyasi və iqtisadi sahədə qeyri-sabitlik diqqətə çəkilib. Qeyd edilib ki, Ermənistanda insan hüquqları, söz azadlığı ilə bağlı ciddi problemlər var, hüquq-mühafizə orqanları tez-tez zorakılığa əl atır. Ümumiyyətlə, ABŞ-da belə hesab olunur ki, rəsmi Yerevan son dövrlər beynəlxalq normalara və təhlükəsizlik prinsiplərinə zidd addımlar atır. Bu amilləri nəzərə alaraq Amerika qanunverici orqanı Ermənistana hərbi maliyyə yardımının həcmini 3 dəfə azaldıb. O da faktdır ki, Ermənistanın yürütdüyü siyasət Vaşinqtonun mövqelərinə ciddi zərbə vurur və bu, iki ölkə arasında əməkdaşlığa da təsirsiz ötüşmür. ABŞ isə regionda daha etibarlı və perspektivli dövlət ilə əməkdaşlıq etmək istəyir ki, bu da Azərbaycandır.
Qeyd edilənlər öz növbəsində ondan xəbər verir ki, erməni lobbisi ABŞ-ın xarici siyasətinə təsiretmə imkanlarından məhrum olub və Ağ evdə Azərbaycanı daha yaxın strateji tərəfdaş hesab edirlər. Bu tendensiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ölkəmizin lehinə yeni elementlərin ortaya çıxmasına da zəmin yarada bilər.
Onu da bildirək ki, son dövrlər ABŞ-da Azərbaycanın mövqeyini dəstəkləyən rəsmilərin sayı da artmaqdadır. Bu proses özünü Konqresdə daha aydın büruzə verir. Belə ki ABŞ-ın Şimali Karolina və Virciniya ştatlarından seçilmiş respublikaçı xanım Se Mayrik və demokrat Cim Moran Konqresin Azərbaycan məsələləri üzrə işçi qrupuna qoşulublar. Xanım S.Mayrik ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji və Kommersiya Komitəsinin, Cim Moran isə Assiqnasiyalar Komitəsinin üzvüdür. Yeni üzvlərin qoşulması ilə Konqresdə Azərbaycan məsələləri üzrə işçi qrupundakı konqresmenlərin sayı 42-yə çatıb və bu, ABŞ qanunverici orqanında ölkəmizin mövqeyinin daha da güclənməsindən xəbər verir. ABŞ Prezidenti Barak Obamanın seçki qərargahının rəhbəri olmuş Devid Plavın da Cənubi Qafqaz ölkələri sırasında ilk olaraq Azərbaycana gəlməsi Vaşinqtonun ölkəmizə xüsusi diqqətinin bir təzahürü sayıla bilər.
Yeni administrasiyanın xarici siyasətində
mühüm yer tutan ölkə
Bütün bunlar ABŞ administrasiyasının başladığı yeni xarici siyasətdə Azərbaycanın daha da önəmli yer tutduğundan xəbər verir. ABŞ-ın xarici siyasətinə yeni çalarlar verəcəyi və bununla bağlı, tezislər isə Avropada təhlükəsizlik probleminə həsr olunan 45-ci Münhen konfransında iştirak edən vitse-prezident Cozef Bayden tərəfindən açıqlanıb. Konfransda çıxışı zamanı ABŞ rəsmisi bununla əlaqədar qeyd edib: "Mən Avropaya yeni administrasiyamızın təmsilçisi kimi gəlmişəm ki, deyim, biz nəinki Vaşinqtonda, eləcə də dünyanın hər yerində Amerikanın münasibətlərinə yeni çalar vermək niyyətindəyik. Bu yeni ton ümumi çətinliklərə sinə gərməyə imkan verən güclü ikipartiyalılıqdan qaynaqlanır.
Amerika bundan sonra da ekstremizmə qarşı ümumi mübarizə çərçivəsində dünya boyunca müttəfiqlərinin köməyinə ehtiyac duyacaq. Biz təhlükəsizliyimizi bölüşürük. Odur ki, hörmət hissilə onu qorumaq məsuliyyətlərimizi də bölüşmək istərdik. Amerika daha çox iş görəcək. Bu, yaxşı xəbərdir, lakin pis xəbər budur ki, Amerika tərəfdaşlarından da iş görmələrini istəyəcək".
Amerikanın vitse-prezidenti xarici siyasətin konkret məsələlərinə və bu fonda ayrı-ayrı ölkələrə də toxunub. Bayden bu mənada ilk olaraq İranın nüvə proqramından söhbət açıb və Obama administrasiyasının İranla sülh naminə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Amerikanın vitse-prezidenti bildirib ki, Vaşinqton Fələstin münaqişəsinin həllini "iki dövlət" prinsipində görür və bunu reallaşdırmağa çalışacaq. O bildirib ki, Amerika Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülmüş Ərəb Sülh Təşəbbüsünün faydalı elementlərindən istifadə edərək İsrail və onun ərəb qonşuları arasında daha geniş sülhə nail olmaq niyyətindədir.
Ümumiyyətlə, islam dünyası ilə ABŞ hakimiyyətinin əməkdaşlığı haqda danışarkən Cozef Bayden Barak Obamanın inauqurasiya çıxışından sitat gətirib: "Biz yumruğunu açmağa hazır olanlara əl uzadacağıq". Daha sonra isə vitse-prezident bildirib ki, ABŞ özünün əsas qüvvəsini diplomatiyaya, demokratiyanın inkişafına və planetin mühafizəsinə yönəltmək niyyətində olduğu bir vaxtda, bütün vasitələr tükənəndə qüvvəyə əl atan müttəfiqlərini də öz münasibətlərini dəyişməyə çağıracaq. Onun sözlərinə görə, NATO dünyada təhlükəli qırğın silahlarının yayılmasının, terrorun qarşısının alınması üçün mümkün qədər mükəmməl təchiz olunmalıdır: "NATO enerji təhlükəsizliyinin genişlənməsinə xidmət etməli, bölgələrə çevik daxil olub-çıxmaq üslubunda fəaliyyət göstərə bilməlidir".
Rusiya ilə münasibətlərə gəldikdə, Cozef Bayden bildirib ki, son bir neçə ildə Rusiyanın şimal alyansı ilə münasibətlərində təhlükəli yayınma baş verib: "Biz Rusiya ilə heç də hər şeydə razılaşmayacağıq. Məsələn, Birləşmiş Ştatlar Abxaziya və Cənubi Osetiyanı heç vaxt müstəqil dövlət kimi tanımayacaq. Biz əminik ki, suveren ölkələr öz qərarlarını vermək və müttəfiqlərini seçmək haqqına malik olmalıdırlar. Bununla belə, hətta bir çox şeylərdə razılaşmasaq da, Rusiya və Amerika maraqlarının üst-üstə düşdükləri yerlərdə birgə fəaliyyət göstərməlidirlər. Belə yerlər heç də az deyil".
Vitse-prezident onu da vurğulayıb ki, Amerika raketdən müdafiə sistemlərini inkişaf etdirməkdə davam edəcək: "Lakin bu iş Avropa, NATO müttəfiqləri və Rusiya ilə məsləhətləşmə çərçivəsində görüləcək".
ABŞ-ın yeni administrasiyasının mövqeyindən razı qalan Rusiya tərəfi isə bəyan edib ki, Amerika Avropada raket əleyhinə müdafiə sistemini yerləşdirməkdən imtina etsə, Moskva "İsgəndər" tipli raketləri Kalininqradda yerləşdirmək planını təxirə sala bilər. Rusiyanın Baş nazirinin müavini Sergey İvanovun sözlərinə görə, ölkəsi Obama administrasiyası ilə ən qısa zamanda bununla bağlı danışıqlara başlamağa ümid edir. Sergey İvanov həmçinin raketdən müdafiə sistemi sahəsində Amerika ilə birgə işləməyə hazır olduqlarını vurğulayıb.
Bütün bunlar ABŞ-da yeni administrasiyanın hakimiyyətə gəlişindən sonra beynəlxalq miqyasda yeni siyasi mənzərənin formalaşa biləcəyindən xəbər verir. Həmçinin bir sıra prinsipial məsələlərdə Obama hakimiyyətinin tam fərqli mövqedən çıxış etməsi də istisna olunmur. Ancaq istənilən halda, aydın müşahidə olunan məqamlardan biri də odur ki, ABŞ xarici siyasətində Azərbaycanla əməkdaşlığa əvvəlki kimi mühüm önəm verir və bundan sonra iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da dərinləşəcəyi şübhə doğurmur.
Rasim Bayramov
Azərbaycan.-2009.-21
fevral.-S.1.