Milli Məclis Sədrinin
müavini slovakiyalı həmkarı ilə
görüşmüşdür
Xəbər verdiyimiz kimi,
Vyanada ATƏT Parlament Assambleyasının növbəti
qış sessiyasının işində iştirak etmək
üçün bu qurum yanında Azərbaycan nümayəndə
heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini
Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə
heyəti Avstriyada səfərdədir. Səfər çərçivəsində
nümayəndə heyəti bir sıra ikitərəfli
görüşlər keçirmək məqsədi ilə
Sloveniya və Slovakiyada səfərdə olmuşdur.
Fevralın 18-də Milli Məclis
Sədrinin müavini Bahar Muradova və MM-in İnsan
hüquqları daimi komissiyasının sədri Rəbiyyət
Aslanova Slovakiya parlamenti sədrinin müavini Anna Belausovova ilə
görüşmüşdür.
Qonaqları səmimiyyətlə
salamlayan A.Belausovova son görüşdən keçən
vaxt ərzində dövlətlərimiz arasında əlaqələrin
dərinləşdiyini qeyd etmiş və buna nümunə
olaraq, ötən ilin dekabr ayında hər iki ölkənin mədəniyyət
nazirlikləri arasında imzalanmış əməkdaşlığa
dair sazişi qeyd etmişdir.
B.Muradova səmimi qəbul üçün təşəkkür etmiş və imzalanmış sazişin ölkələrimiz arasında mədəni əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir. Qeyd edilmişdir ki, əlaqələrin bugünkü səviyyəsi hər iki ölkənin potensialına kifayət qədər cavab vermir. Həm hökumətlər, həm də parlamentlər vətəndaş cəmiyyətləri arasında əlaqələrin dərinləşməsi üçün səylərini gücləndirməlidir. İndiyədək ölkələrimiz arasında əksəriyyəti iqtisadiyyat sahəsinə daxil olmaqla, altı saziş imzalanıbdır. Yaxşı haldır ki, tenderdə qalib gəlmiş Slovakiya şirkəti Bakı-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı magistral yolunu beynəlxalq standartlara uyğun şəkildə tikərək vaxtında təhvil vermişdir. Azərbaycanın potensialını nəzərə alsaq, Slovakiya şirkətlərinin ölkəmizdə görəcəyi işlər hələ çoxdur.
Parlamentlərimiz arasında əlaqələrin dərinləşməsi, dostluq qruplarının fəaliyyətinin genişlənməsi, təcrübə mübadiləsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin reallaşması da diqqət mərkəzində olmalıdır.
Görüşdə, ölkələrimiz arasında iqtisadi, mədəni, turizm və digər sahələrdə əlaqələrin inkişafı, həmçinin parlamentlərarası münasibətlərin dərinləşdirilməsi imkanları müzakirə edilmişdir.
Qarşılıqlı əlaqələrin inkişafı ilə yanaşı, beynəlxalq təşkilatlar səviyyəsində səmərəli əməkdaşlığa nail olmaq üçün işlək mexanizmlərin tapılmasının vacibliyi vurğulanmışdır. Eləcə də Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatlar çərçivəsində müzakirəsi zamanı Azərbaycanın dost ölkələrin dəstəyinə ehtiyacı olduğu bildirilmişdir. Dünyanın ən mürəkkəb regionlarından biri sayılan Cənubi Qafqazda sülh və əmin-amanlığın əldə edilməsi bütün bəşəriyyətin marağında olmalıdır. Ötən ilin avqust ayında Gürcüstanda baş verən hadisələr, regionda separatçı ünsürlər və qeyri-qanuni silahlanma meyilləri böyük narahatlıq doğurur. Xüsusilə bu yaxınlarda Rusiyadan Ermənistana 800 milyon ABŞ dolları dəyərində silah-sursatın ötürülməsi regionda sülhün bərqərar olmasına böyük təhlükə yaradır.
Bildirilmişdir ki, ATƏT Parlament Assambleyasının iclasında ATƏT Parlament Assambleyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin hesabatı dinləniləcəkdir. Problemə yanaşmanın beynəlxalq hüquq normalarına və dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun şəkildə formalaşması üçün ATƏT-in üzvü olan ölkələrinin dəstəyi lazımdır. Azərbaycan tərəfi hesab edir ki, ATƏT Parlament Assambleyasının sessiyasında slovak dostlarımız bu məsələyə çox diqqətli yanaşacaqlar.
Dağlıq Qarabağ münaqişəsinə toxunan A. Belausovova qeyd etmişdir ki, ölkəsi bütün belə münaqişələrin nizamlanmasında beynəlxalq hüquq normalarına əməl edilməsini əsas şərt kimi qəbul edir. Bu səbəbdən də bir çox Avropa İttifaqı ölkələri Kosovonun müstəqilliyini tanısa da, Slovakiya Respublikası bunu beynəlxalq hüquqa zidd hesab edir və Kosovonun müstəqilliyini tanımayacaqdır. Slovakiya ikili standartların tətbiq edilməsinin daim əleyhinədir və dövlətlərin ərazi bütövlüyünə zərbə vuran istənilən növ separatizmi pisləyir.
Görüşdə, həmçinin Avropanın enerji təminatında çoxşaxəlilik məsələsi və Nabukko qaz kəməri layihəsinin gələcək potensialı da müzakirə edilmişdir. Bildirilmişdir ki, Azərbaycan neft-qaz resurslarının nəqlində çoxşaxəliliyin tərəfdarıdır və bunu real şəkildə həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Budapeştdə keçirilmiş Nabukko sammitində bir daha bildirmişdir ki, Azərbaycanın qaz resursları enerji təminatında çətinliklə üzləşən Avropa ölkələri üçün açıqdır və heç bir ölkə öz neft-qaz ehtiyatlarından siyasi şantaj vasitəsi kimi sui-istifadə etməməlidir. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çıxarmağa hazır olmaqla yanaşı, Mərkəzi Asiyanın enerji ehtiyatlarının Avropaya nəqlində tranzit ölkə rolunu da təklif edir. Azərbaycan öz dostlarının qaz böhranından çıxması üçün lazımi dəstəyi verməyə hazırdır.
Görüşdə iştirak edən Slovakiya Mədəniyyət Nazirliyinin dövlət katibi Yozef Lanq ölkələrimiz arasında mədəni əlaqələrin inkişafından bəhs etmiş və konkret əməkdaşlıq imkanlarına toxunmuşdur. Eyni zamanda, elm, təhsil sahəsində geniş əməkdaşlıq imkanlarının mövcudluğu qeyd edilmiş, elmi tədqiqat institutları arasında birgə layihələr, tələbə-müəllim mübadiləsi, kitabxana işi, kitabxanalarda rəqəmsal kataloqların hazırlanması və s. sahələrdə səmərəli işbirliyinin mümkünlüyü diqqətə çatdırılmışdır. Xüsusilə vurğulanmışdır ki, hər iki ölkədə mədəniyyət evlərinin yaradılması mədəniyyətlərin təbliği, mədəniyyətlərarası dialoqun inkişafı və xalqlarımızın yaxınlaşması sahəsində əhəmiyyətli rol oynaya bilər.
Görüşün sonunda B.Muradova Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun Slovakiya Milli Şurasının (parlament) Sədri Pavol Paşkaya ünvanladığı dəvət məktubunu təqdim etmişdir.
Görüşlərdə
Azərbaycanın Slovakiyada akkreditə olunmuş
Avstriyadakı səfirliyinin nümayəndələri də
iştirak etmişdir.
Azərbaycan.-2009.-21 fevral.-S.2.