Azərbaycan Avstriya üçün xüsusilə maraqlı ölkədir

 

Xəbər verdiyimiz kimi, fevralın 19-da Vyanadakı "Hofburq" sarayında ATƏT Parlament Assambleyasının 8-ci qış sessiyası öz işinə başlamışdır.

Həmin axşam Avstriya Milli Şurasının (parlament) Sütunlu salonunda parlamentin prezidenti Barbara Prammerin adından sessiya iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilmişdir.

Qəbulda Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradovanın qəbul çərçivəsində Avstriya parlamentinin rəhbəri B.Prammer ilə söhbəti olmuşdur.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır. B.Prammer qeyd etmişdir ki, Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycan Avstriya üçün böyük maraq doğurur.

B.Muradova Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun dəvət məktubunu B.Prammerə təqdim etmişdir. Dəvət üçün təşəkkür edən B.Prammer ən yaxın fürsətdə Azərbaycana səfərini gerçəkləşdirəcəyini bildirmişdir.

 

 

Azərbaycan.-2009.-21 fevral.-S.2.