Ünvan reyestrinin aparılması və bələdiyyə torpaqlarının
hərrac vasitəsilə
satılması məsələləri
müzakirə edilmişdir
Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidmətində (DƏDRX) Azərbaycan
Respublikası Prezidentinin
"Azərbaycan Respublikasında
ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan
verilməsi Qaydaları"nın
təsdiq edilməsi haqqında" 2008-ci il 27
noyabr tarixli Fərmanından irəli gələn vəzifələrə,
hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə
torpağı üzərində
bələdiyyənin mülkiyyət
hüququnun qanunvericiliklə
müəyyən edilmiş
qaydada daşınmaz əmlakın dövlət
reyestrində qeydiyyata
alınması məsələlərinə
həsr olunmuş müşavirə keçirilmişdir.
Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri nümayəndələrinin, Bakı şəhərində fəaliyyət göstərən bələdiyyə sədrlərinin və digər qurumların təmsilçilərinin iştirak etdikləri müşavirədə DƏDRX-in rəisi Arif Qaraşov bildirmişdir ki, ünvan reyestrinin aparılması, ilk növbədə, daşınmaz əmlakın rəqəmli məlumat bazasının yaradılması baxımından əhəmiyyətlidir. Rəqəmli kadastr xəritələri hazırlandıqdan sonra ölkənin bütün yaşayış məntəqələrindəki daşınmaz əmlak və infrastruktur obyektləri haqqında müvafiq məlumatlar, o cümlədən onların ünvanları həmin xəritələr üzərində öz əksini tapacaqdır. Bundan sonra Azərbaycanda da daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, dünyanın bütün qabaqcıl ölkələrində olduğu kimi, rəqəmli xəritələr üzərində həyata keçiriləcəkdir.
A.Qaraşov demişdir ki, bələdiyyə mülkiyyətində olan torpaqların yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə icarəyə verilməsi, hərracdan əvvəl bələdiyyənin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qanunvericilikdə əksini tapmış müddəalar həm yerli özünüidarəetmə orqanlarının, həm də vətəndaşların mənafeyinə tamamilə uyğundur. Ölkə başçısının müvafiq fərmanı ilə müəyyən edilmiş bu qayda dövlətimizin torpaq siyasətinin həyata keçirilməsində çox mühüm əhəmiyyət kəsb edir.
Müşavirədə DƏDRX-in daşınmaz əmlakın kadastrı şöbəsinin müdiri Elxan Bayramov "Hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə torpağı üzərində bələdiyyənin mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələlərinə dair" təqdimatla çıxış etmişdir.
İşgüzar fikir mübadiləsi, canlı diskussiya şəraitində davam edən tədbirdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin məsul işçisi Zeynəb Dünyamalıyeva, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Aparatının rəhbəri Rafiq Süleymanov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə və başqaları çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirmişlər.
Müşavirədə Prezidentin İcra Aparatı regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Ramiq Həşimov çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirmiş, müzakirə olunan məsələlərin Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsinə zəmin yaradacağına əmin olduğunu bildirmişdir
Tədbirdə bələdiyyə sədrlərini maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-21 fevral.-S.3.