Dilə münasibət Vətən sevgisidir

 

YUNESKO tərəfindən 21 fevralın Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsi haqqında qərar 1999-cu ildə verilib. Dünyanın ana dili uğrunda mübarizəyə qalxması çox mühüm əhəmiyyət kəsb edir. Bir daha təsdiqlənir ki, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilimizin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Bu faktdır ki, Azərbaycan dili öz şirinliyini ilk növbədə anamızın laylalarından alıb. Hələ körpəlikdən sözün nə olduğunu bilmədiyimiz çağlarda qulağımızı oxşayan səsin ahəngindəki qeyri-adi şirinlik ruhumuza axaraq bütün varlığımıza hopur. Bəlkə də buna görədir ki, insanlar arasında ünsiyyət yaradan bu vasitəyə Ana dili deyirik. Elə qucağında böyüdüyümüz, boya-başa çatdığımız, daşına, torpağına vurğun kəsildiyimiz, yolunda hər cür fədakarlığa hazır olduğumuz məmləkətimizə də Ana Vətən deyirik. Anaya məhəbbət dilə münasibəti formalaşdırır, dilə məhəbbət isə Vətən sevgisi deməkdir. Gərəkdir ki, hər kəs öz doğma dilində mükəmməl və səlis danışmağı bacarsın. Bu, tamam ayrı məsələdir ki, insan nə qədər çox dil bilsə, bir o qədər yaxşıdır.

Hələ sovet dönəmində ziyalılarımız, xüsusilə də şair və yazıçılar Azərbaycan dilinin saflığı uğrunda qətiyyətlə mübarizə aparırdılar. Lüğət tərkibinin məna çalarlarının zənginliyinə görə, dünyanın ən mədəni xalqlarının dil səviyyəsinə yüksəlmiş ana dilimizin mühafizəsi ilə əlaqədar milli ruhlu ziyalılar əllərindən gələni əsirgəmədilər. Səməd Vurğun, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Əli Tudə, Anar, Xəlil Rza Ulutürk, Məmməd Araz dillə bağlı möhtəşəm əsərlər yaratdılar. Xalq yazıçısı Mirzə İbrahimov dil uğrunda mübarizədə dövrün ziddiyyətləri, təzyiqləri ilə üzləşərək vəzifəsindən azad edildi, sərt münasibətlərlə üzləşdi, amma əqidəsindən dönmədi. Zaman böyük yazıçının arzularını təsdiqlədi. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük rol oynamışdır. Dilin inkişafı ilə bağlı ulu öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlarda, eləcə də tövsiyələrdə, çıxış və məruzələrdə vaxtaşırı bu məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı. Sovet dövründə qəbul edilmiş Konstitusiyada dilimizlə bağlı ayrıca bir maddə də var idi.

Hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin analoqu yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. Vaxtilə əcnəbi dillərə meyilli olan insanlar ana dilində danışmağı belə, özlərinə ar bilirdilər. Hətta elə bir məqam yaranmışdı ki, Azərbaycanın rəsmi dairələrində, iş yerlərində özgə dildə danışmağa üstünlük verilirdi. Quruluşun sərt rejimi bir sıra məmurlar arasında ögey münasibət yaratmışdı. O ziddiyyətli dövrdə yenə də Azərbaycanın yazıçı və şairləri dilimizin keşikçisi olmaq missiyasını ləyaqətlə yerinə yetirdilər. Onlar ana dilində yazıb-yaratdılar. Bunun da nəticəsində dilin şirinliyi, təbiiliyi qorunub saxlandı.

Əlbəttə, bizim milli varlığımızın əks-sədası ana dilimizdir. Onun başının üstünü almış təhlükəni də millətdən uzaqlaşdıran, dilin statusunu özünə qaytaran, ona yeni həyat verən məhz ümummilli lider Heydər Əliyev oldu. Ədəbiyyat və mədəniyyət xadimlərinin uzun illər sətiraltı mənalarda, bədii əsərlərdə, nitq və çıxışlarında çatmaq istədikləri arzularını yenə də ulu öndər reallaşdırdı.

Sovet dövründə Şüvəlanda yaradıcılıq evində yazıçılarla olan görüşündə Heydər Əliyev belə bir cümlə işlətmişdir: "Sizə nə olub? Niyə doğma dilinizdə danışmırsınız?" Əlbəttə, cəmiyyətə ünvanlanan bu mesajın məna çaları çoxdur. Heydər Əliyevin Azərbaycan yazıçılarını, yaradıcılarını ana dili uğrunda mübarizəyə səsləməsi bütün vətəndaşların diqqətini bu yönə çəkmək idi.

Dövlət müstəqilliyini qazandıqdan sonra Azərbaycan dilinin tədqiqi və işlədilməsi ilə bağlı müxtəlif tədbirlər görüldü. "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun respublikamızda tətbiq edilməsi barədə 2003-cü il tarixdə fərman imzalandı. Konstitusiyamıza uyğun olaraq Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu nizamlandı. Bir daha həm öz vətəndaşlarımıza, həm də respublikamızda müəyyən işlər görən xarici iş adamlarına bəlli oldu ki, Azərbaycan dili ölkənin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilməlidir. Bununla bərabər onun qorunması və inkişafı da əsas məsələlərdən biridir.

Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında (2001-ci il) dəyərli nitq söyləyən ümummilli lider Heydər Əliyev planetin müxtəlif guşələrindən paytaxtımıza toplaşmış soydaşlarımıza üz tutaraq bir məsələni dəfələrlə vurğulayırdı ki, hər bir azərbaycanlı öz ana dilində təmiz danışmağa, həm də onu qorumağa borcludur. Unudulmaz Heydər Əliyev deyirdi: "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir".

"Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunun 6-cı maddəsinin ikinci bəndində oxuyuruq: "Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən, mülkiyyət formasından asılı olmayaraq dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır. Dublyaj olanun filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normasına uyğun olmalıdır". Sözsüz ki, qanunun bu tələbindən sonra dilin qorunması ilə bağlı televiziya verilişlərində, xüsusilə özəl kanallarda müəyyən normalara, Azərbaycan dilinin qrammatik qayda və qanunlarına mütləq əməl edilməlidir. Təəssüf ki, bu gün Azərbaycan teleməkanında müşahidə etdiyimiz qəribə ovqat, xoşagəlməyən məqamlar illərdir ki, davam etməkdədir. Çox halda dilimizin saflığını pozanlar məhz onun keşiyində dayanmalı insanların özləri olurlar. Xüsusilə bu məsələdə bir sıra televiziya aparıcılarının, qəzet redaktorlarının, müxbirlərin günahı çoxdur. Aparıcının dilindən qopan ifadələrin mənasını tapmaq üçün lüğət belə, kömək edə bilmir. Özəl teleradiokanallar bu məsələdə daha çox diqqət çəkməkdədir. Azərbaycan dilində mükəmməl danışa bilməyən, aparıcılıqdan çox uzaq kəslər şit, duzsuz danışıqları, yersiz zarafatları ilə tamaşaçını bezdirməkdə davam edirlər. Müxtəlif ləhcələr, şivələr teleməkanlara hücum edib. Bəzən də müxtəlif dillərdən gəlmə ifadələr aparıcının dilində o qədər lövbər salır ki, nəticədə qeyri-normal bir veriliş təqdim olunur. Dəfələrlə demişik və bir də təkrarlayırıq ki, bir sıra teleproqram və verilişlərin məqsədi sanki dili qılınclamağa, mənəviyyata zərbə vurmağa, sözün çürüyünü çıxarmağa xidmət edir.

Hələ də vəzifə başında olan məmurlarımızın bir çoxu ana dilimizdə danışa bilmir, sözü təhrif edərək onu mənasından çıxarıb başqa səmtə çəkir. "Yaylım atəşi"nə "yayılan atəş", "qabında olsun" əvəzinə "qabığında olsun", "mütəxəssis"ə "mütəəssiz", "müsahibə"yə "müsabiqə"E deyənlər var.

İstər televiziya verilişlərində, istərsə də mətbuat səhifələrində son günlər "genosid" sözünü tez-tez işlədirlər. Halbuki bu sözün Azərbaycan dilində adı var - "soyqırımı". Bu fakta istinadən deyək ki, dilimizin mühafizəsi hələ də bərbad gündədir. Hər məsələdə bir hədd olmalıdır. Təbii danışmaq, yaxud da yazmaq fikrini, qəzəbini söyüşlə ifadə etmək deyil, bu, ən bəsit formada məişət pintiliyi ilə müqayisə edilə bilər. Bəzən qəzetlərdə elə ifadə oxuyursan ki, onu təkrarlamağa utancaqlıq duyursan. Dil həm də hər bir kəsin mənəviyyatının güzgüsüdür. Vay o hala ki, pinti dil sahibləri xarici ölkə televiziyalarının qonağı ola, ona da sual verilə. Alınan cavabı təsəvvür edirsiniz? Adam xəcalət çəkir. Təkcə dilin gözəlliyi pozulmur, mənəviyyata, mentalitetə, daha dəqiq desək, həmin adamın mənsub olduğu xalqın adına ləkə gətirilir. Bu yaxınlarda Azərbaycanın tanınmış müğənnilərindən biri, xalq artisti Türkiyə televiziyasının qonağı idi. Ona həmin məmləkətin tanınmış bir sənətçisi sual verdi: "Siz Türkiyəyə eşinizləmi gəlibsiniz?" "Xayır. Mən bura kəndimlə samovar (həyat yoldaşını nəzərdə tutur - F.X.) gətirməmişəm! Bir də burda o qədər samovar var ki" - deyə şit-şit güldü. Özgə millətin atalar sözündən qidalanan bu "zərif" xanım unudur ki, o, kiminsə şəxsi qonağı deyil, ağzına gələni danışır. Ona minlərlə göz baxır. Bu xəcalətin ağrısı kimə dəyir? Yadımdadır ki, ötən illərin birində Almaniyada olan bu xanım Qurban bayramı zamanı qoyun kəsən türklərə ağız büzərək "vallah bu vəhşilikdir" - demişdi.

İllərdir ki, televiziya verilişlərində aparıcıların əksəriyyəti Azərbaycan danışıq dilinə xas olmayan ahəngi özünəməxsus inadla davam etdirir. Sürətlə danışmaq, qışqırmaq, gurultulu hay-küy qoparmaq... Bu, müasirlik deyil, həm dilin evini yıxmaqdır, həm də tamaşaçının zövqünü korlayaraq əsəblərinə toxunmaqdır. Bu gün Azərbaycan teleməkanında maarifçilik ideyalarına xidmət edən verilişlər demək olar ki, çox azdır. Bəzən bu telekanalların ekranı bir-birinə o qədər bənzəyir ki, düşünürsən, bir müğənnidən neçə nüsxə var? Hansı kanalı açırsan, onun əcaib formasını, şit danışığını, yöndəmsiz hərəkətlərini görürsən. Niyə indiyə qədər özəl telekanalların birində Azərbaycan dilinin gözəlliyi ilə bağlı samballı bir veriliş hazırlanmayıb? Bəzən də elə insanlara efir vaxtı ayrılır ki, bütün danışığı boyu bir mükəmməl cümləsinə, məntiqli fikrinə rast gəlinmir. Nəyə görə, dilin başına xoşagəlməz oyunlar açan, qafiyə xatirinə yerinə düşməyən sözləri yan-yana düzən "şair"lərin yaradıcılıq gecəsinə baxmalı, sözlərinə yazılmış şit mahnılarına qulaq asmalıyıq? Məntiqsizliyə fikir verin, sevdiyi qıza elçi göndərən, bir tərəfdən də deyir: "Amma anam bilməsin". Gör neçə söz xiridarının goru çatladı. Dilə də bu qədər zərbə, sitəm vurub, onu belə gülünc vəziyyətə salarlar? Dil həm də mədəniyyət atributudur. Onun məntiqini qorumaq, ədəbli danışmaq söz sahibinin daxili aləmini göstərir.

Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanda göstərilir: "Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqdan bir neçə minillik tarixi yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır".

Təbii ki, dilin təşəkkülü müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili mürəkkəb bir yol keçmişdir. Biz dəfələrlə qəzetimizdə ana dili ilə bağlı müxtəlif problemlərə toxunmuş, dilimizə xələl gətirən nöqsanları göstərmiş, alimləri, ziyalıları, jurnalistləri ana dilimizin keşiyində dayanmağa səsləmişik. Unutmaq olmaz ki, dilimiz çox zəngindir, hər sözün neçə mənası, yozumu var. Ona görə də istər yazıda, istərsə də danışıqda məntiqli olmaq, sözü düzgün ifadə etmək lazımdır.

Qəzetdə dəfələrlə şəhərimizdəki reklam və elanların dili, eləcə də fəaliyyət göstərən şirkətlərin, müəssisələrin adları ilə bağlı müxtəlif qüsurların olduğunu yazmışıq. Amma hələ də heç nə dəyişməyib. Bəzən elə reklama rast gəlinir ki, mənası anlaşılmır. Bəzi mağaza və dükan adları lap əcaibdir. Hətta şəhərimizdə elə küçələr var ki, fasadlara vurulmuş reklamlara, adlara nəzər salanda hansı ölkədə olduğunu anlaya bilmirsən. Bakıda onlarla şadlıq sarayı var. Əksəriyyətinin də adı bizim dildə deyil. Niyə? Məgər orda ancaq xarici ölkədən gələn müsafirlər toy edir, ziyafət verir və yaxud da dincəlirlər? "Kleopatra", "Neapol", "Neolit", "Praqa", "Viktoriya", "Flaminqo", "Mona Liza", "Madonna", "Niaqara", "Oskar", "Kral", "İmperial", "İmperator", "Prins" kimi yad isimlərdə şadlıq sarayları quranlar məgər Azərbaycan dilində uyğun ad tapa bilməzdilərmi? Biz itirilmiş torpaqlarımızın adlarının şadlıq saraylarına, restoranlara verilməsinin də tərəfdarı deyilik. Təsəvvür edin ki, yurdumuzun dilbər guşəsi Şuşa yağı tapdağında tarmar olub. Soydaşlarımızın bir qismi Şuşadan didərgin düşərək yurd həsrətində saralır. Bir qismimiz isə bu adı daşıyan restoranda gecə-gündüz atılıb-düşür. "Xudafərin", "Xarı bülbül", "Xan qızı" (istər-istəməz Natəvan yada düşür), "Laçın" və digər bu kimi adların restoranlara verilməsi də xoşa gəlmir. Ad da tarixidir, məqamdır, onu da qorumaq gərəkdir.

Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci ildə ana diliylə bağlı imzaladığı fərmanda yazılırdı ki, qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsidir. Deməli, yenə də bütün fikirlər dilin üzərində cəmləşir. Ana laylasından rişələnmiş dilimizin saflığını qorumaq hər birimizin vətəndaşlıq borcudur. Dilə münasibət Vətən sevgisidir. Gələcək tarix bu gün yazılır. Təsəvvür edin ki, yüz ildən sonra tədqiqatçılar Bakıda olan tikililər və onların adları haqqında araşdırmalar aparır. Hər ad öz millətinin düşüncə tərzindən, təfəkküründən, ətrafa münasibətindən, mənəvi aləmindən xəbər verməlidir. Nahaq yerə deməyiblər ki, adlarda tarix yaşayır. Bu mənada dilimiz uğrunda mübarizə onun saflığı naminə çalışmaqdan ibarətdir.

 

 

Flora Xəlilzadə

 

Azərbaycan.-2009.-21 fevral.-S.5.