Millətin milliliyini saxlayan amil

 

Hər bir dili yaşadan həmin dilin daşıyıcıları, ona beynəlxalq nüfuz qazandıran isə xalqın yetirdiyi tarixi şəxsiyyətlər olmuşdur. Doğma dilimizin qorunub saxlanmasında və bu gün dünya dilləri içərisində öz layiqli yerini tutmasında tarixi xidmətləri olan Mahmud Kaşğarinin (XI əsr), Mahmud Qaramanoğlunun (XIII əsr), Məhəmməd Füzulinin (XIV əsr), Şah İsmayıl Xətainin (XVII əsr) və başqalarının adlarını hörmətlə xatırlayırıq.

Millətin milliliyini saxlayan ana dilinə münasibət məsələsi YUNESKO-nun daim diqqət mərkəzində olmuşdur. Bu diqqətin məntiqi nəticəsidir ki, həmin mötəbər qurum 21 fevralı Beynəlxalq Ana Dili Günü elan etmişdir. Ana dili həqiqətən hər bir xalqın müstəqilliyinin göstəricisi, mənəviyyatının güzgüsüdür. Xalqların öz müqəddəratını ələ alıb, müstəqil dövlətlərini yaratmağa başlaması dövründə ana dili sosioloji hadisə kimi zamanın ən aktual və önəmli problemlərindən birinə çevrilmişdir. Müstəqillik əldə etmiş çoxmillətli ölkələrdə dövlət dilinin müəyyənləşdirilməsi prosesi də dil quruculuğu, xüsusən ana dili və dövlət dili probleminin nə qədər çətin və ağrılı olduğunu meydana çıxarmışdır. Bu baxımdan Hindistan, İndoneziya və Afrikanın bir sıra dövlətlərində müstəmləkə zəncirinin qırılıb atılmasına baxmayaraq, bu çoxmillətli ölkələrdə ana dili və dövlət dili münasibətləri bu gün də ciddi problem olaraq qalmaqdadır.

Azərbaycan dilinin inkişaf edib bugünkü səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlayaraq Heydər Əliyev dövlət dilinin qorunması, inkişafı və tədqiqi məsələsi ilə həmişə maraqlanmışdır. Həmin il noyabrın 1-də Azərbaycan Dövlət Universitetinin yarım əsrlik yubileyinə həsr olunmuş genişmiqyaslı toplantıda ittifaq mərkəzindən, bütün müttəfiq respublikalardan, xarici ölkələrdən gəlmiş müxtəlif nümayəndə heyətinin önündə imperiya əsarətində yaşadığımız 49 il ərzində ilk dəfə doğma Azərbaycan dilində nitq söyləməsi hamını, xüsusilə Kremlin nüfuzlu nümayəndələrini şoka salmışdı. Bu çıxış bir millət kimi özünü təsdiq etmək demək idi.

Ümummilli lider Heydər Əliyevin 1974-cü ildə respublikamızın bir qrup dilçi alimini Dövlət mükafatına layiq görməsi ana dilimizin statusunun daha da möhkəmləndirilməsinə xidmət edirdi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1978-ci ildə Konstitusiyanın 73-cü maddəsinə Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi bir maddə daxil edildi. Hər bir məsələnin imperiyanın ciddi nəzarəti altında olduğu o ağır dövrdə bütün müttəfiq respublikalar arasında ilk dəfə olaraq Azərbaycanda ana dilinə dövlət dili statusu verilməsi çox böyük hünər və qətiyyət tələb edirdi.

Ulu öndər Heydər Əliyev xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə gələndən sonra da ana dilinin qorunmasına, inkişafına xüsusi fikir vermişdir. 1995-ci il oktyabrın 13- AMEA-nın Rəyasət Heyətinin binasında keçirilən yığıncaqda Heydər Əliyevin ana dili ilə bağlı söylədiyi nitq dil məsələsinin yalnız dövlətçilik-qanunçuluq baxımından deyil, elmi-filoloji baxımdan şərhinə görə mütəxəssislərin diqqətini cəlb etmişdi. Görkəmli dilçi alimlərin fikirlərinin əhəmiyyətini nəzərə alan dövlət başçısı bu müzakirələri Prezident Aparatında davam etdirdi. Bu, Heydər Əliyevin Azərbaycan dilinə ciddi münasibət bəsləməsinin parlaq təzahürü idi.

Bu diqqətin nəticəsi olaraq ulu öndər 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Fərmanda Azərbaycan dilinin inkişafına dövlət qayğısının artırılması, ana dilimizin bütün kök çalarları ilə birlikdə dərindən öyrənilməsi, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi dövlət əhəmiyyətli bu işə nəzarətin gücləndirilməsi məqsədilə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi mühüm vəzifə kimi qarşıya qoyuldu.

Dahi siyasətçi 9 avqust 2001-ci ildə "Azərbaycan əlifbası Azərbaycan dili gününün təsis edilməsi haqqında" daha bir fərman imzaladı. Bu fərmanla ölkəmiz Kirill əlifbası ilə həmişəlik vidalaşaraq latın qrafikalı yeni əlifbaya keçdi. Bununla ulu öndər uzun illərdən sonra o qiymətli əlifbanı xalqımıza qaytarmaqla tarixi haqsızlığa son qoydu.

Dahi rəhbərin ana dili siyasətinin məntiqi nəticəsi olaraq Milli Məclis 4 yanvar 2003-cü ildə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qəbul etdi. Həmin qanuna əsasən dövlət qurumlarında yazışmalar keçirilən bütün rəsmi mərasimlər Azərbaycan dilində aparılır.

Ümummilli lider Heydər Əliyevin ana dilimizin inkişafı daha da təkmilləşdirilməsi istiqamətində yürütdüyü siyasəti Prezident İlham Əliyev hazırda uğurla davam inkişaf etdirir. Ölkə başçısının 12 yanvar 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncam ölkədə əlifba islahatının aparlıması sahəsində mühüm addım oldu.

Bu gün müxtəlif səbəblərdən dünyanın bir çox ölkəsinə səpələnmiş soydaşlarımız azərbaycançılıq ideyasına sadiq qalaraq zəngin dilimizi, adət-ənənələrimizi milli-mənəvi dəyərlərimizi yaşatmaqdadırlar. Xarici ölkələrdəki diasporlarımızın Azərbaycan dilində müstəqil qəzet jurnal buraxmaları, öz daxili imkanları hesabına doğma dilimizdə onlarca tədris müəssisəsi yaratmaları bu tədris ocaqlarında azərbaycanlı balalarının dilimizin incəliklərini öyrənmələri, həmin ölkələrin radio və televiziya kanallarında ana dilimizdə verilişlər üçün yer ayırmaları bu istiqamətdə həyata keçirilən digər tədbirlər, bütövlükdə Azərbaycan dilinin inkişafına tətbiqinə yönəlmişdir.

Təəssüf ki, bu gün bəzi kütləvi informasiya vasitələri, xüsusilə televiziya kanalları dilimizin saflığına, sözlərin düzgün tələffüzünə xələl gətirirlər. Verilişə çağırılan qonaqlar yarı rus, yarı Azərbaycan dilində danışır, aparıcıların çoxu əcnəbi sözləri verilişlərə gətirməklə tamaşaçıda narahatlıq doğurur. Vaxtilə Azərbaycan Televiziya Radio Verilişləri Komitəsində verilişlərin ədəbi dilimizdə yayımlanmasına xüsusi diqqət yetirilərdi. Mətni oxuyan diktorlar cüzi səhvə görə dərhal tamaşaçılardan üzr istəyərək səhvi düzəldərdilər. Onların belə səhvləri müzakirə obyekti olar, hətta yeri gəldikdə ciddi tədbirlər görülərdi. Bu televiziya radioda çalışanların məsuliyyətini artırardı.

Unutmamalıyıq ki, incə, zərif, zəngin ahəngdar Azərbaycan dilimizi qorumaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

 

 

Azərbaycan.-2009.-21 fevral.-S.5.