Qəddarlığın son həddi

 

 Tarix boyu qanlı hadisələr, döyüşlər, qırğınlar çox olub. Amma Xocalı dəhşətinə, müsibətinə bənzəri olmayıb. Heç vaxt qarşıdurmalarda, müharibələrdə körpə uşaqlara atəş açmayıblar. Hamilə qadının sinəsinə süngü sancmayıblar. Ayağı güclə yer tutan ahıllara zor tətbiq etməyiblər. Gənclərin əl-ayaqlarını bağlayıb diri-diri yandırmayıblar. Bütün bu vəhşilikləri ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə etdilər. Qəddarlıqlarını, amansızlıqlarını tarixə qanla yazdılar.

Həmin müdhiş, ölümlü-itimli gecədə erməni qəsbkarlarının qənim kəsildikləri insanların ruhuna daim dualar oxunur. Kimdir onlar?

Məhbubə Qurban qızı Abışova: 1960- ildə Xocalıda anadan olmuşdu. Şəhər 1 nömrəli məktəbi bitirmişdi. Sonra Şuşa texniki peşə məktəbində dərzilik peşəsini öyrənmişdi. Gün-güzəranları, dolanışıqları pis deyildi. Nazim Əziz oğlu Abışovla ailə qurmuşdu. Bir qız, bir oğul anası idi. 17 ildir ki, onlardan - anadan, övladlarından xəbər yoxdur. Tanıyanlar gecə-gündüz həsrət çəkirlər.

Nuranə Qaryağdı qızı Quliyeva: Ruhu dinclik tapsın. Şəklindəki ifadəli baxışlarını görəndə kövrəldim, qələm əlimdən düşdü. Xəyal məni uzaqlara apardı. Handan-hana özüm-özümdən soruşdum: " idi 11 yaşında uşağın günahı, qəbahəti ki, onun sinəsini ermənilər dəlmə-deşik etdilər?" Ay Nuranə, ruhun şad olsun. Nahaq qan yerdə qalmayıb, qalmayacaq da.

Firuzə Musa qızı Hümbətova: 1934-cü ildə Kosalar kəndində anadan olmuşdu. Çətin, keşməkeşli həyat yaşamışdı. Ömründə bəlkə bircə dəfə toy günü üzü gülmüş, eyni açılmışdı. Yaradanımız ona dörd qız, iki oğul qismət etmişdi. Balalarının gələcəyinə inamla baxar, onların təlim-tərbiyəsinə qayğı göstərərdi. Alnının təri, əlinin qabarı ilə övladlarına çörək qazanırdı. Heyf, niyyətləri, arzuları ürəyində qaldı. Təkcə onun yox, övladlarının, gəlininin, nəvələrinin . Ermənilər onları da qətlə yetirdi.

 İqbal Qulu oğlu Aslanov: 1970-ci ildə Xocalıda anadan olmuşdu. 1 nömrəli orta məktəbi bitirmiş, sürücü peşəsinə yiyələnmişdi. İki il Amur vilayətində hərbi xidmətdə olmuşdu. Baş serjant idi. Vətənə qayıdan günün səhəri özünümüdafiə batalyonuna yazılmışdı. Ön cəbhədə həftələrlə səngərlərdə qaldı. Adı, hünəri dillər əzbəri idi. O dəhşətli, müsibətli gecədən sonra ondan da səs-soraq çıxmadı. 22 gündən sonra cəsədini tapıb Bakıdakı Şəhidlər xiyabanında dəfn etdilər.

Bir gecədə itkin düşənlərdən, əsir götürülənlərdən əlavə 600 nəfərdən artıq Xocalı sakini amansızlıqla məhv edildi. İnsan qiyafəli vəhşilər bu qanlı hadisəni törətdilər. Millətimizə qənim kəsildilər. Dilindən, dinindən asılı olmayaraq, dünyanın bütün insanları bilməlidir ki, ermənilər vəhşi xislətlidirlər. O millət xəyanətkar, arxadan zərbə vurandır. Gec-tez törətdikləri qanlı əməllərə görə haqq-ədalət qarşısında cavab verəcəklər.

 

 

Telman Ağaoğlu

 

Azərbaycan.-2009.-21 fevral.-S.6.