Azərbaycan - Yunanıstan
əlaqələrinin daha
da dərinləşməsi
üçün geniş
imkanlar var
Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti ölkəmizlə Avropanın
aparıcı dövlətləri
arasında əlaqələrin
keyfiyyətcə yeni mərhələyə qədəm
qoyması ilə müşayiət olunmaqdadır. Bunun nəticəsidir
ki, indi bir çox Avropa dövlətləri Azərbaycanın fəal tərəfdaşı kimi
çıxış edirlər.
Bu, Prezident İlham
Əliyevin Yunanıstana
dövlət səfəri
zamanı bir daha aydın oldu.
Qədim mədəniyyətinə görə
fərqlənən, beynəlxalq
siyasi və iqtisadi münasibətlər
sistemində öz yeri olan Yunanıstanla
Azərbaycan arasında
dostluq və mehriban əməkdaşlıq
əlaqələri ölkəmiz
dövlət müstəqilliyini
bərpa etdikdən sonra başlasa da, əslində bunun tarixi daha
qədimdir. Yunanıstan Prezidenti Karolos
Papulyasın təbirincə
desək, xalqlarımız
arasında əlaqələr
Prometeyin Azərbaycandan
odu gətirdiyinə həsr olunmuş əfsanənin vaxtlarına
təsadüf edir.
Bizans dövründə isə iki xalq arasında
təmaslar dayanmadan davam etmişdir.
Yunanıstan Azərbaycanın dövlət
müstəqilliyini tanıyan
ilk ölkələrdən biridir. İki ölkə arasında
diplomatik münasibətlər
1992-ci ilin aprelində
yaradılıb. Yunanıstanın
Azərbaycandakı səfirliyi
1993-cü il mayın 27-də fəaliyyətə
başlayıb, Azərbaycanın
Yunanıstandakı səfirliyi
isə 2004-cü il aprelin 16-da təsis olunub. Azərbaycan - Yunanıstan münasibətlərinin
göstəricisi olaraq
Yunanıstanın sabiq
prezidenti Konstantinos Stefanopulos 2004-cü il iyunun 20-22-də Azərbaycana rəsmi səfərə gəlib.
İyunun 21-də Azərbaycan Prezidenti İlham Əliyev və Konstantinos Stefanopulos təkbətək və geniş tərkibdə görüş keçiriblər.
Həmin
gün Yunanıstan Prezidentinə Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilib. Konstantinos Stefanopulos müasir yunan dili və
mədəniyyəti mərkəzinin
açılışında iştirak edib. Yunanıstan Prezidentinin səfəri zamanı iki ölkə arasında sərmayələrin qarşılıqlı
təşviqi və qorunması, beynəlxalq avtomobil daşınmaları
haqqında və gömrük işi sahəsində sazişlər
imzalanıb.
2004-cü il avqustun 12-16-da Azərbaycan Prezidenti İlham Əliyev Afinada keçirilən
XXVII Yay Olimpiya oyunlarının açılış
mərasimində iştirak
etmək üçün
Yunanıstana səfər
edib. Avqustun 13-də Prezident İlham
Əliyev və xanımı Mehriban Əliyeva mərasimə gəlmiş 120 ölkənin
dövlət və hökumət başçılarının
şərəfinə Yunanıstan
Prezidenti Konstantinos Stefanopulosun adından təşkil edilmiş ziyafətdə iştirak ediblər. Avqustun 15-də isə XXVIII Yay Olimpiya oyunları
çərçivəsində "Azərbaycan günü"
keçirilib. Cənab İlham
Əliyev avqustun 16-da Yunanıstanın Baş naziri K.Karamanlislə görüşüb. Görüşdə
Azərbaycan - Yunanıstan
münasibətlərinin vəziyyətinə
toxunan Prezident İlham Əliyev əlaqələrin, o cümlədən
enerji və digər sahələrdə
əməkdaşlığın uğurlu inkişaf etməsindən məmnunluğunu
bildirib.
2008-ci il avqustun 9-da isə Yunanıstanın inkişaf naziri Xristos Foliasın başçılıq etdiyi
nümayəndə heyəti
"Azərbaycan və
Türkmənistanın neft
və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya: əməkdaşlığın strategiyası" mövzusunda
keçirilən konfransda
iştirak etmək üçün Azərbaycana
səfər edib. Nümayəndə heyətini
qəbul edən Prezident İlham Əliyev Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın müxtəlif sahələrdə,
o cümlədən iqtisadi,
enerji və digər sahələrdə
genişləndiyini, Yunanıstanın
inkişaf nazirinin Azərbaycana səfərinin
isə bu əlaqələrin daha da möhkəmləndirilməsinə
xidmət edəcəyini
bildirib.
Bütün bunlar iki ölkə
arasındakı münasibətlərin
uğurla inkişafda olduğunun təzahürüdür. Yunanıstanla
Azərbaycan arasında
müxtəlif beynəlxalq
qurumlar - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,
Avropa İttifaqı, Avropa İttifaqının
yeni qonşuluq siyasəti proqramı və NATO-nun fərdi tərəfdaşlığın fəaliyyət planı çərçivəsində də səmərəli əməkdaşlıq mövcuddur.
Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün öncə Yunanıstana etdiyi dövlət səfəri isə təsdiq etdi ki, iki ölkə
arasında əlaqələrin
daha da inkişafı
üçün yaxşı
prespektivlər var. "İnanıram
ki, bu səfər
ölkələrimiz arasında
münasibətlərin inkişafında
mühüm rol oynayacaqdır. Keçirdiyimiz görüşlər, apardığımız danışıqlar
və fikir mübadiləsi, habelə
imzalanmış sənədlər
əlaqələrimizin inkişafına
və genişlənməsinə
öz töhfəsini
verəcəkdir. Aramızdakı siyasi dialoq yüksək
səviyyədədir", - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan Prezidentinin
Yunanıstana dövlət
səfəri çərçivəsində
iki ölkə arasında imzalanan gəlirlərə və əmlaka görə vergilərə münasibətdə
ikiqat vergitutmanın aradan qaldırılması
haqqında konvensiya, hava əlaqələri haqqında saziş, informasiya və kommunikasiya texnologiyaları
sahəsində əməkdaşlıq
haqqında saziş, bərpa olunan enerji ehtiyatları və enerji səmərəliliyi sahəsində
anlaşma memorandumu əlaqələrin daha da genişlənməsi üçün yaxşı
hüquqi əsas yaradır.
Azərbaycan Prezidentinin səfəri zamanı keçirilən
görüşlərdə əsas müzakirə mövzularından biri enerji təhlükəsizliyi
sahəsində əməkdaşlıq
məsələləri olub. Məlum olduğu
kimi, son illərdə
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq
genişlənib və
bu məsələdə
Yunanıstanın rolu
önəmlidir. Yunanıstan Avropa
İttifaqına üzv
olan ilk ölkədir ki, enerji sahəsində
Azərbaycanla əməkdaşlıq
edir. Ölkəmizin
təşəbbüsü ilə Bakı -Tbilisi - Ceyhan və Bakı - Tbilisi - Ərzurum
kimi irimiqyaslı beynəlxalq enerji layihələrinin həyata
keçirilməsi, eləcə
də Avropanın enerji təhlükəsizliyinin
təmin olunması istiqamətində digər
səylər, misal üçün, Azərbaycan
qazının və neftinin Avropa bazarlarına çıxarılmasında
əlverişli tranzit
ölkə olan Türkiyə ilə Yunanıstan arasında qaz kəmərinin istifadəyə verilməsi
artıq öz bəhrəsini verməkdədir.
Azərbaycanla Yunanıstan arasında turizm, gəmiqayırma, alternativ enerji, kənd təsərrüfatı
və digər sahələrdə əməkdaşlığın
yaxşı perspektivləri
var. Lakin Prezident İlham Əliyevin bəyan etdiyi kimi, iqtisadi münasibətlərimizin bugünkü
göstəriciləri ölkələrimizin
potensialına cavab vermir. İki ölkə arasında
ticarət dövriyyəsi
və sərmayə qoyuluşunun həcmi daha da artmalıdır.
Yəqin ki, bu məqsədlə Afinada iki ölkənin
iş adamlarının
iştirakı ilə
keçirilmiş biznes
forumunun nəticələri
iqtisadi əlaqələrin
genişlənməsinə təsirsiz ötüşməyəcək.
Rəşad Cəfərli
Azərbaycan.-2009.-22
fevral.-S.1.