Azərbaycan Dağlıq
Qarabağa dünya təcrübəsində mövcud
ən yüksək muxtariyyətin verilməsinə
hazırdır
Görüşdə İtaliya
nümayəndə heyətinin
rəhbəri Rikardo Miqliori bildirmişdir ki, İtaliya ATƏT-in
Minsk qrupunun üzvüdür
və bu səbəbdən də nümayəndə heyəti
sessiya çərçivəsində
münaqişənin hər
iki tərəfin nümayəndələri ilə
ayrı-ayrılıqda görüşərək
Dağlıq Qarabağ
probleminin nizamlanması
barədə fikirlərini
bölüşmək istəyir.
Azərbaycanın İtaliyadakı səfiri
Emil Kərimovla görüşünə
toxunan R.Miqlioriyə görə, hər iki tərəfin parlamentarları ilə görüşün məqsədi
münaqişənin dinc
yolla həllinə parlament diplomatiyası səviyyəsində töhfə
vermək niyyətidir. Ona görə
də münaqişənin
həll olunması istiqamətində Azərbaycan
tərəfinin mövqeyini
öyrənmək İtaliya
nümayəndə heyəti
üçün maraqlıdır.
Münaqişənin hazırkı vəziyyətinə
münasibət bildirən
Azərbaycan nümayəndə
heyətinin rəhbəri
Bahar Muradova demişdir ki, Azərbaycan Helsinki Yekun Aktının prinsip və müddəalarının
əldə rəhbər
tutulmasını vacib
hesab edir. Eyni zamanda,
Azərbaycan tərəfi
münaqişənin həlli
məsələsində dövlətlərin
suverenliyi və ərazi bütövlüyü
prinsipini əsas şərt kimi qəbul edir. Milli azlıqların öz müqəddəratını təyinetmə
prinsipi yalnız onların yaşadığı
dövlətin ərazi
bütövlüyü çərçivəsində
reallaşmalıdır. Sözsüz
ki, erməni tərəfi hazırkı
"status-kvo"nu saxlamaq
üçün danışıqları
uzatmağa çalışır.
Ermənistan tərəfi çalışır
ki, ilk növbədə
Dağlıq Qarabağın
statusu müəyyən
edilsin, sonra başqa məsələlər
müzakirəyə çıxarılsın. Azərbaycan
tərəfinin mövqeyi
isə belədir ki, BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsinin
və ATƏT-in müvafiq
sənədlərinin prinsipləri
əldə rəhbər
tutularaq, əvvəlcə
işğal edilmiş
ərazilər boşaldılmalı,
qaçqın və məcburi köçkünlər
öz torpaqlarına geri dönməli və onların təhlükəsizliyinə zəmanət
verildikdən sonra
status məsələsinin müzakirəsi
mümkündür. Dağlıq Qarabağın öz yurdundan qaçqın düşmüş Azərbaycan
icması torpaqlarına
geri qayıtmayınca,
statusdan danışmaq
olmaz. Azərbaycan ATƏT-in
B.Muradova daha sonra bildirmişdir
ki, Azərbaycan BMT-yə üzv qəbul edilərkən Dağlıq Qarabağ ölkənin ayrılmaz tərkib hissəsi kimi tanınmışdır. Azərbaycan öz
ərazisini heç kimə güzəştə
getməyəcəkdir və
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirmişdir
ki, Azərbaycan tərəfi Dağlıq
Qarabağa dünya təcrübəsində mövcud
ən yüksək muxtariyyətin verilməsinə
hazırdır.
İtaliyalı deputatların suallarına
cavab olaraq, münaqişə zamanı
Azərbaycanın verdiyi
qurbanlar, ölkədəki
qaçqın və məcburi köçkünlər
barədə statistik məlumatlar diqqətə
çatdırılmışdır. Münaqişə
barədə daha aydın təsəvvür
yaranması üçün
qeyd edilmişdir ki, ötən həftələrdə Qəzzə
bölgəsində gedən
döyüşlərdə 20 gün ərzində təxminən 1.200 insan həlak olmuşdusa, Azərbaycanın Xocalı
şəhərində Ermənistan
hərbi qüvvələri
tərəfindən bir
gecədə 612 nəfər
mülki insan qətlə yetirilmişdir.
İtalyanlar kimi qaynar xarakterə malik azərbaycanlılar xalqımıza
qarşı törədilmiş
bütün bu faciələr və haqsızlıqlardan sonra erməni tərəfi ilə sülh danışıqları aparır
və bu, bizim tərəfimizdən
edilən ən böyük güzəştdir.
Qeyd edilmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin kökündə
dayanan əsas məqsəd milli azlıqların öz müqəddəratını təyinetmə
hüququ deyil, Azərbaycan torpaqlarının
qəsb edilməsi və hələ də işğal altında saxlanılmasıdır.
İtaliya nümayəndə
heyətinin rəhbəri belə bir təklif irəli
sürmüşdür ki, ATƏT-in Minsk qrupunun üzvü
qismində Romada Azərbaycan və Ermənistan səfirləri
ilə görüşündə hər iki ölkənin bu
qurum yanında parlament nümayəndə heyətinin rəhbərləri
də çıxış etsinlər.
B.Muradova
bildirmişdir ki, Azərbaycan tərəfi sülhün bərqərar
olmasına yardım edəcək bütün səyləri dəstəkləyir
və bu təkliflə bağlı imkanlar nəzərdən
keçirilə bilər.
Elgün Niftəliyev
AzərTAc-ın xüsusi müxbiri
Vyana
Azərbaycan.-2009.-22 fevral.-S.2.