Keçmiş sovet qoşunlarının Əfqanıstanı tərk etməsinin 20 illiyi ölkəmizdə də qeyd olunur

 

Dünən Bakıda keçmiş sovet qoşunlarının Əfqanıstanı tərk etməsinin 20 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev bildirmişdir ki, 1979-1989-cu illərdə Əfqanıstandakı hərbi əməliyyatlarda keçmiş sovet ordusunun 620 min zabit və əsgəri iştirak etmişdir. Onların 14453 nəfəri həlak olmuş, 417 nəfəri itkin düşmüşdür. 86 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilmiş, 200 min nəfər orden və medallarla təltif olunmuşdur. 1988-ci ildə imzalanmış Cenevrə sazişinə əsasən sovet qoşunları Əfqanıstanı tərk etməyə başlamış və bu proses 1989-cu il fevralın 15-də başa çatmışdır. Sonuncu sovet əsgərinin Əfqanıstanı tərk etdiyi gün hər il MDB ölkələrində qeyd olunur.

Əfqanıstandakı hərbi əməliyyatlarda keçmiş sovet ordusunun tərkibində 7500 nəfər azərbaycanlı iştirak etmişdir. Onların 208 nəfəri həlak olmuş, 417 nəfər əlil qayıtmış, 7 soydaşımız itkin düşmüşdür.

M.Vəliyev daha sonra demişdir ki, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, 1993-cü ildən mükəmməl təşkilat kimi fəaliyyət göstərməyə başlamışdır. Zəngin döyüş təcrübəsi olan Əfqanıstan müharibəsi veteranları 1993-cü ilin noyabrında Heydər Əliyevin müraciətinə ilk olaraq cavab vermiş və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişlər. Erməni işğalçılarına qarşı döyüşlərdə fədakarlıq göstərən Əfqanıstan müharibəsi veteranlarının 17 nəfərinə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmişdir.

Veteranlar Birliyinin sədri Əfqanıstan müharibəsi iştirakçılarına dövlət qayğısından söz açmışdır. Onların bir hissəsinin bu gün ölkəmizin güc strukturlarında fəaliyyətlərini davam etdirdiklərini bildirmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev demişdir ki, keçmiş sovet qoşunlarının Əfqanıstanı tərk etməsinin 20-ci ildönümünün ölkəmizdə də qeyd olunması Əfqanıstan müharibəsi veteranlarının Azərbaycan cəmiyyətində fəal rol oynadıqlarının göstəricisidir. Biz bir daha Əfqanıstanda döyüş yolu keçmiş insanları yada salır, qayıtmayanların xatirəsini anırıq. Əfqanıstan müharibəsi veteranları keçdikləri mübariz döyüş yolu ilə hörmət və ehtirama layiqdirlər. Əfqanıstanda döyüş yolu keçmiş soydaşlarımız ölkəmizdə gedən proseslərdə də fəal rol oynayıblar. İstər torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibədə, istərsə də digər məsələlərdə daim öz töhfələrini veriblər. Ermənistanla aparılan müharibədə Əfqanıstan müharibəsi veteranlarının hərbi səriştəsinə ehtiyac böyük idi. Onlar ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etdilər. Keçdikləri böyük məktəb, hərbi təcrübə Qarabağ müharibəsində öz sözünü dedi.

Öz növbəsində Azərbaycan dövləti də Əfqanıstan müharibəsi veteranlarına hər zaman diqqət və qayğı göstərir. Dövlət orqanları imkan daxilində onların sosial problemlərinə diqqət ayırır və mümkün qədər həllinə çalışır. Əfqanıstan müharibəsi veteranlarının sosial problemlərinin yoluna qoyulması ilə bağlı tədbirlər bundan sonra da davam etdirilir.

Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli çıxışında xatırlatdı ki, məhz ulu öndər Heydər Əliyev xalqın tələb və istəyi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Əfqanıstan müharibəsi veteranlarına münasibət kökündən dəyişmişdir. Elə bu tədbirin keçirilməsi də dövlətimizin veteranlara diqqətinin təzahürüdür. Azərbaycan azsaylı ölkələrdəndir ki, burada müharibə veteranlarının mənzil təminatına diqqət yetirilir.

O, Əfqanıstan Veteranları İctimai Birliyinin sanballı qurum olduğunu və Azərbaycan cəmiyyətində tutduğu yeri ilə seçildiyini bildirmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisinin müavini, general-mayor Elşad Babayev dedi ki, Əfqanıstan müharibəsi veteranlarının döyüş təcrübəsinə həmişə ehtiyac var. Azərbaycan dövləti bu insanların Qarabağ döyüşlərində göstərdikləri şücaəti həmişə yüksək qiymətləndirir. Əfqanıstan müharibəsində "Qırmızı bayraq" ordeni alan iki nəfərdən biri azərbaycanlıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin idarə rəisi İbrahim Heydərov, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Əlövsət Baxışov və başqaları Əfqanıstan müharibəsi veteranlarının keçdiyi döyüş yolundan, dövlətimizin bu insanlara diqqət və qayğısından söz açdı.

Yeri gəlmişkən, Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri Komitəsi keçmiş sovet qoşunlarının Əfqanıstanı tərk etməsinin 20 illiyi ilə əlaqədar yubiley medalı təsis etmişdir. Bu barədə məlumat verən M.Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu medalla təltif edildiyini diqqətə çatdırdı.

Yubiley medalı ilə Azərbaycan Respublikasının Baş naziri Artur Rasızadə, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, daxili işlər naziri Ramil Usubov, gənclər və idman naziri Azad Rəhimov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Prezidentin İcra Aparatının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli və ölkəmizin digər rəsmi şəxsləri, eləcə də Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etmiş soydaşlarımız təltif olunublar.

Tədbir bədii hissə ilə başa çatmışdır.

 

 

Rəşad Cəfərli

 

Azərbaycan.-2009.-22 fevral.-S.2.