Bir gecənin qanla
yazılmış tarixi
Hərdən adama elə gəlir ki, vaxt ləng ötüb keçir. Bəzən də əksinə, elə bil zamanı külək qovub aparır. O müdhiş gecənin - Xocalı faciəsinin 17-ci ildönümü tamam olur. Amma illər keçməsinə baxmayaraq, həmişə bu hadisələr xatirələrdə, xəyallarda yaşayır, ürəkləri göynədir. Bu mənzərələr göz önündə, xəyallarda canlandıqca istər-istəməz düşünürsən: İlahi, nə idi o insanların günahı?!
Bir gecədə baş verən hadisələri, qan yaddaşımıza əbədi həkk olan qəddarlıq faktlarını həyəcansız, göynərtisiz, ürək ağrısız xatırlamaq mümkün deyil. Erməni basqınçıları bu hadisədə 613 nəfəri qətlə yetiriblər. Onlardan 106 nəfəri qadın, 59 nəfəri uşaq və yeniyetmə, 70 nəfəri ahıl idi. Səkkiz ailə bütövlükdə məhv edilib. 26 uşaq hər iki valideynini, 230 nəfər isə birini itirib. 487 nəfər əlil olub. 150 nəfərdən hələ də soraq yoxdur, onların qayıdacağına inananlar var. 1.275 nəfər soydaşımızı qan düşmənlərimiz əsir götürüblər...
Bu müsibət necə, kimlərin səriştəsizliyi ucbatından baş verdi? Nə üçün vaxtında tədbir görüb xocalılıları soyqırımından xilas etmədilər? Niyə şəxsi mənafelərini düşünənlər, millətin qanı üstə vəzifələrini qorumaq arzusunda olanlar hələ də layiqli cəzalarını almayıblar? Tez-tez eşidirik: Xocalı laqeydliyin, biganəliyin qurbanı oldu! Məlumdur, qarşı tərəf qəddar, amansız, vəhşi xislətliydi. Bəs respublika rəhbərləri niyə, nə üçün susublar? Ön cəbhədə səfərbərlik etməyiblər, xocalılılara kömək göstərməyiblər? Nə üçün onlar indiyə qədər haqq, ədalət məhkəməsi qarşısında dayanmayıblar? Bu suallara Xocalı Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Milli Məclisin deputatı Elman Məmmədov belə cavab vermişdi:
- Dağlıq Qarabağda mitinqlər, qanlı hadisələr 1988-ci il fevralın 12-də Əsgəranda başlayıb. O vaxt bizi Əsgəran Rayon Partiya Komitəsi fəallarının yığıncağına dəvət etmişdilər. Həmin tədbirdə respublika Mərkəzi Komitəsinin ikinci katibi Konovalov, Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin birinci katibi Gevorkov da iştirak edirdilər. İclas başlanan kimi ermənilər onları fitə basıb zaldan qovdular. 7 gündən sonra, fevralın 20-də vilayətin icraiyyə komitəsi azərbaycanlı deputatların iştirakı olmadan özünün qeyri-qanuni sessiyasını çağırdı və Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistanın tabeiliyinə keçməsi barədə qərar qəbul etdi. Bunun ardınca Ermənistan Ali Soveti "hökm verdi" - Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi barədə qərar çıxardı.
Təəssüf, o dövrdə Azərbaycan Respublikasına rəhbərlik edən, milli ruhdan uzaq olan, qətiyyətsiz, səriştəsiz şəxslər bu taleyüklü məsələyə əhəmiyyət vermədilər. Qarabağda erməni-rus dilində çıxan "Sovetski Qarabağ" qəzetində ermənilər bəyanat yaydılar ki, Əbdürrəhman Vəzirov yalançıdır. O dövrdə Əbdürrəhman Vəzirov söz vermişdi ki, 1988-ci il avqustun 25-nə qədər Dağlıq Qarabağ ərazisində Ermənistandan gələn bir nəfər də olsun, azərbaycanlı qalmayacaq, onlar ərazidən çıxarılacaq. Həmin vaxt onun qəbuluna gələrək diqqətinə çatdırdıq ki, Ermənistandan gələn azərbaycanlılar Dağlıq Qarabağda yerləşdirilməlidir. Belə olarsa, ya onların Ermənistandan köçü dayanar, ya da ermənilər Dağlıq Qarabağdan çıxarılıb Ermənistana köçürülər. Bunu eşidən Əbdürrəhman Vəzirov məni və mənimlə birgə olan şəxsləri cinayətkar adlandırdı, hətta bizi həbs etdirməklə hədələdi. Xocalıda və ətraf kəndlərdə 4 il dinc əhali, sakinlər mühasirədə yaşadılar. 1991-ci il noyabrın 1-dən erməni amansızlığı daha da gücləndi, ətraf rayonlarla əlaqəmiz yalnız vertolyotlar və telefonla oldu. Vaxtaşırı 3 tərəfdən raket atəşinə tutulduq. Ermənilərin bu zərbələrinə cavab verməyə isə silah-sursatımız yox idi...
Xocalı faciəsindən bir neçə ay sonra respublika Ali Sovetinin deputat-istintaq komissiyası yaradıldı. Çoxları elə bildi ki, dövlət qurumları bu ağır faciəyə aydınlıq gətirəcək. Yenə təəssüf, komissiyanın gəldiyi nəticə kağız üzərində qaldı. Həmin sənəddən oxuyuruq: "Ə.Vəzirov Xocalı soyqırımına birbaşa cavabdehdir. Onun səriştəsizliyi, manqurtluğu, millətin taleyinə biganəliyi Qarabağ faciəsini daha da genişləndirdi və sürətləndirdi. Ermənistandan işgəncələrlə qovulmuş soydaşlarımızın Dağlıq Qarabağda yerləşməsinə Vəzirov razılıq vermədi. Əgər o, İrəvandan qovulmuş məcburi köçkünlərə orada məskunlaşmağa şərait yaratsaydı, ermənilərin işğalçılıq, qəddarlıq niyyətləri baş tutmazdı. Faciənin törənməsinə səbəbkarlardan biri də respublikanın başçısı Ayaz Mütallibovun siyasi, rəhbərlik səriştəsi olmamasıdır... Komissiya Xocalı soyqırımının əsas səbəblərini onun rəhbərliyi dövründə ölkədə yaranan ictimai-siyasi, hərbi, iqtisadi, mənəvi və hakimiyyət böhranında görür".
Xocalı faciəsindən əvvəl Qarabağ od tutub yanır, atəş səsləri səngimirdi. Torpaq, vətən uğrunda şəhid olanların sayı artırdı. Xarici qüvvələrə, konkret sovet ordusuna arxalanan ermənilər işğalçılıq niyyətiylə irəliləyirdilər. Həsənli, Kərkicahan, Malıbəyli, Cəmilli kəndlərində, Xocalıda, Şuşada ah-nalə ərşə çıxırdı. A.Mütəllibov isə vəzifəsini əldən verməməyə çalışırdı. Ərazilərimiz kəndbəkənd işğala məruz qalırdı. Doğrudur, Xocalıda, ətrafda baş verən hadisələr barədə rəsmi Bakı məlumatlıydı. Amma başda Ayaz Mütəllibov olmaqla, əlaqədar dövlət qurumlarının rəhbərləri susurdular. Kimi, nəyi, hansı məqamı gözləyirdilər, heç özləri də bilmirdilər.
1991-ci il dekabrın 17-də Xocalı RİH-in başçısı vəzifəsində işləyən E.Məmmədov prezident A.Mütəllibova ünvanladığı teleqramda yazmışdı: "Sizə məlumat verirəm ki, Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndləri ermənilərlə sovet hərbi kontingentinin birgə hücumları nəticəsində işğal olunur. Xocalının üstünə güclü hücum əməliyyatı hazırlanır. Erməni-sovet vertolyotlarının aramsız, çoxsaylı uçuşları da bunu sübut edir. Sizdən xahiş edirik ki, Xocalının müdafiəsi üçün təcili tədbirlər görülsün. Unutmayın, Xocalı DQ-də Azərbaycanın müdafiə mövqeyində əsas strateji ünvanlarından ən vacibidir". Həmin gündən iki ay keçdi, amma E.Məmmədovun teleqramı sanki daş parçası kimi qırx arşın quyunun dibinə düşdü. Bu da Xocalıya respublika rəhbərinin daha bir laqeydliyinin sübutudur.
Ermənilərin gücü çatmazdı ki, torpaqlarımıza, konkret olaraq Xocalının üstünə basqın etsinlər. Onlar 1985-ci ildə Xankəndiyə köçürülən sovet ordusunun 366-cı alayının texnikasına, silah-sursatına güvənirdilər. Alayın ikinci taborunun komandiri Seyran Ohanyan idi. Taborun 40 nəfər erməni millətindən üzvü, 24 tankı, 16 topu, nəqliyyat vasitələri, çoxlu silahları vardı. Onlar digər millətlərdən olan əsgər və zabitləri pulla ələ almışdılar. Alayın hərbi qulluqçusu Zinayev qanlı faciənin səhəri Tbilisidəki hərbi hissəyə gedərkən ondan 2 milyon rubl aşkarlanmışdı. Fevral ayının 27-də isə Bakıda, Binə aeroportunda polkovnik Oleq Deyçikov faciənin iştirakçısı kimi saxlanılmış, üstündə yarım milyon rubl olduğu aşkar edilmişdi. Bir sözlə, 366-cı alayın başqa millətdən olan hərbiçiləri ermənilərə satılmışdılar.
Fevralın 25-dən 26-na keçən gecə artıq heç bir müqavimət görməyən, quduzlaşmış düşmən tarixdə oxşarı olmayan vəhşiliklə Xocalıya doğru irəlilədi. Tankların nəriltisi, topların gurultusu yeri-göyü titrədirdi. Sakinlər şaxtalı havada, qaranlıqda güllə, mərmi atəşi altında ayaqyalın, başıaçıq üz tutdular dağlara, meşələrə. Şəhər alovlanır, evlər yanırdı. Xocalılılar hələ bilmirdilər ki, onların əsl faciəsi qabaqdadır. Var-dövlətlərini, olan-qalanlarını qoyub baş götürüb qaçırdılar. Bu qaçhaqaçda ana baladan, qardaş bacıdan ayrı düşürdü. Ahıllar işgəncəyə, zülmə dözmür, yerə yıxılırdılar. Əvvəlcədən düşünülmüş plan əsasında gavurlar el-obalarından baş götürüb qaçanları dağ cığırlarında, meşələrdə öldürürdülər. Üzüyü olanın barmağını, sırğası olanın qulağını kəsirdilər. Hamilə gəlinin sinəsinə süngü sancırdılar... Ağbirçəyi, ağsaqqalı diri-diri yandırırdılar...
Bakıda isə vəzifə uğrunda çəkişmələr, didişmələr səngimək bilmirdi. Ermənilərin törətdikləri qanlı olaylara etinasızlıq o həddə çatmışdı ki, dövlət televiziyası da uydurma bəyanat yaydı: "Dünən axşam ermənilər Xocalı şəhərinə hücum etmiş, iki nəfər yaralanmış, dörd ev yandırılmışdır".
Ali Sovetin deputat-istintaq komissiyasının məlumatında oxuyuruq: "Qarabağ zonası üzrə Prezident nümayəndəsi Musa Məmmədov Ayaz Mütəllibova teleqram göndərmişdi: "Son vaxtlar bölgədə vəziyyət həddən artıq ağırlaşıb. Hərbi dəstələrin sayına, silahlanmaya, texnikaya görə ermənilər bizdən xeyli üstündürlər. Xarici qüvvələrə arxalanan düşmən aramsız hücum edir, yaşayış məntəqələrimizi yandırır, sakinləri qətlə yetirirlər. 4 aydan artıqdır ki, Xocalı ətraf mühitdən tamamilə təcrid olunub. Ərazini erməni hücumlarından yalnız bir neçə nəfər milis işçisi, yerli sakinlər qoruyur. Bu qüvvə hərbi-texniki baxımdan tam təchiz olunmuş erməni yaraqlıları ilə müqayisədə olduqca aşağı səviyyədədir..." Respublikanın başçısı bu vacib xəbərdarlığa, nümayəndəsinin məlumatına yenə də etinasız qaldı...
Ali Sovetin iclasında deputatlardan biri A.Mütəllibovdan soruşmuşdu: "Qarabağın, Şuşanın, Xocalının toxunulmazlığına, ərazi bütövlüyünə təminat varmı?!" O, soyuqqanlılıqla, biganəliklə cavab vermişdi: "Sualınızın cavabını bilsəydim, özümü dünyanın ən xoşbəxt adamı hesab edərdim". Bunu dövlət başçısı kreslosunda əyləşən şəxs deyirdi:
...Əsrin soyqırımından iki gün sonra Ağdamın mərkəzində iynə atsan, yerə düşməzdi. Vaxtilə xoş mahnılar, muğam sədaları eşidilən şəhərdə ah-nalələr, ağı fəryadlar ərşə ucalırdı. Canlarını amansızlıqdan, qəddarlıqdan qurtaranlar, doğmalarını itirənlər susmaq bilmirdilər. Qadınlar sinələrinə döyür, saçlarını yolur, kişilər haray-həşir qoparırdılar... Yaxınlarının cəsədləri çöllərdə, düzlərdə, meşələrdə qalıb. Nə etməli? Bu sualı kimə versinlər bilmirdilər. Ölkə rəhbərləri yenə də susur, mövqeyi bilinmir, qayğısı yoxdur. Meyitlər yollarda, dağlarda qalıb..." Hünərli, qeyrətli gənclərin bir çoxu irəli çıxıb Xankəndiyə qədər yürüş etmək istədiklərini bildirdilər. Qərara gəlindi ki, "özünümüdafiə" üçün hərbi hissədən vertolyot istəsinlər. İlk dəfə onda gördük ki, laqeydlik haqlı tələb qarşısında acizdir. Vertolyotla teleoperatorlar Seyidağa Mövsümov və Tahir Qarayev də getdilər...
Dəqiqələr ötüb keçirdi. İntizarlı baxışlar səmaya - vertolyotun qayıdacağı səmtə zillənmişdi. Axır ki, gözlənilən an gəlib çatdı. İki gün əvvəl evlərində, həyətlərində yaşayan, bu müsibəti, qəddarlığı ağıllarına gətirməyən uşaqların qanlarına boyanmış, dəhşətdən gözləri böyüyüb donmuş cəsədlərini gördük. İlahi, o nə fəryad, ah-şivən idi?!
Meşələrdən, yollardan, düzlərdən cənazəsi gətirilən kimlərdir? Allahverdi Səttar oğlu Ağayev. On il əvvəl Xocalıda anadan olmuşdu. Altı yaşından yuxusu ərşə çəkilmiş, səksəkəli günlər yaşamışdı. "Qrad", "Alazan"ların gurultusu, nəriltisi altında üçüncü sinifdə oxuyurdu. Gələcəyə ümidlə baxırdı, arzuları sonsuz idi. O müdhiş, şaxtalı-boranlı gecədə atası ilə birgə baş götürüb qaçmışdı ki, canını ölümdən qurtarsın. Heyif...
Sevinc Əkbər qızı Quliyeva birinci sinfə gedirdi. "Əlifba"nı vərəqləyəndə top-tüfəng səsi eşitməsin deyə, qulaqlarına pambıq basardı. Fevralın 25-də ad günüydü. Sevinmək, fərəhlənmək əvəzinə, valideynləri ilə birgə üz tutublar qaçmağa. Qara Qaya səmtdən keçəndə düşmən gülləsi onu da əbədi susdurdu.
Əntiqə İsfəndiyar qızı Şükürova 1934-cü ildə Şuşanın Xəlfəli kəndində dünyaya göz açmışdı. Sonra ailələri ilə birlikdə Xocalıya köçmüşdülər. Uzun müddət kənd təsərrüfatı sahəsində çalışmış, qabaqcıl əməkçi kimi tanınmışdı. Onun, iki oğlunun - Vaqifin, Akifin də cəsədlərini gətirdilər...
Bir gecədə erməni zülmündən can qurtara bilməyənlərin, amansızlıqla öldürülənlərin hamısının adını sadalamaq bu kiçik yazıda mümkün deyil. Sağlıq olsun, nahaq qan yerdə qalmaz. Bəşər boyu haqq namərdliyə, ədalət nadanlığa qalib gəlib. Hələlik isə xalq şairi Zəlimxan Yaqubun misraları az da olsa çoxlarına təskinlik verir:
Kədər düşdü payına,
Səndən çətin yayına.
Hay vermədik hayına,
Layla, Xocalım, layla...
Bu torpağın canısan,
Selə dönmüş qanısan.
Sən kimin qurbanısan?
Layla, Xocalım, layla...
Tarixə qanla
yazılmış faciənin növbəti
ildönümündə gördüyü müsibətləri
canında, göz yaddaşında yaşadan, Xocalıda
- Dərdimiz ağır,
yaddan çıxan deyil. Amma ümidlə yaşayırıq.
Xoşbəxt gələcəyimizə, doğma yurd yerlərimizə
qayıdacağımıza inanırıq. Dövlətimizin
başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin
qətiyyətlə dediyi fiikr bütün məcburi
köçkünlər kimi, biz xocalılılara da
böyük ümid verir: "Qarabağ torpağının,
ermənilər tərəfindən zəbt edilmiş ərazilərimizin
bir qarışını da güzəştə getməyəcəyik.
Çalışırıq ki, məsələni sülh,
danışıq yolu ilə həll edək. Əgər
qarşı tərəf xoş niyyətimizi qəbul etməsə,
daha sərt mövqe tutmağa da hazırıq". Biz
dövlətimizin gücünə, qüdrətinə
inanırıq. Ölkəmizdə sosial-iqtisadi vəziyyət
yüksəlib, güzəranımız
yaxşılaşıb. Ən əsası, güclü,
qüdrətli ordumuz var. İnanırıq ki, qanımız
yerdə qalmayacaq. Tezliklə el-obalarımıza
qayıdacağıq.
...Sənə qarşı
biganə, etinasız münasibət göstərənlər,
qədir-qiymətini bilməyənlər, sakinlərinə
laqeyd olanlar niyə, nə üçün unutdular ki, Azərbaycanımızın
ayrılmaz hissəsisən, Xocalı?! Sənin uğrunda
döyüşlərdə qəhrəmanlıqla həlak
olanların, günahsız qurbanların, 17 il əvvəl
qış gecəsində soyuq-sazaqdan donanların müqəddəs
ruhları bizləri qoynuna qayıtmağa, səni düşmən
tapdağından azad etməyə çağırır,
Xocalı! Sən yaddaşımızda yaşayan dərdimiz,
bir gecənin qanla yazılmış faciəsisən,
Xocalı!
Telman Ağaoğlu
Azərbaycan.-2009.-22
fevral.-S.3.