Səhraların Bayronu Müəmmar Qəddafi

 

 Birinci şəxs: Portiretdə sadə cizgilər

 

 O, 27 yaşında ərazisinin böyük əksəriyyəti səhralardan ibarət olan ölkəyə sahib olub və hökmranlığını 40 ildir davam etdirir…

Hələ də özünü dünyanın ən böyük xilaskarı sayır və böyük səylə "Qara qitə"də - Afrikada vahid dövlətin yaradılması uğrunda mübarizə aparır…

Qapa, qıvrım saçlar, qartal baxışlar, sirli cazibə və əlbəttə ki, ekstravaqant geyimlər onun portretinin əsas xüsusiyyətlərindəndir...

O, sadə bədəvi çadırında məskunlaşmağı dünyanın ən möhtəşəm saraylarında gecələməkdən üstün tutur, prezidentləri çadırında qəbul edir, xarici səfərlərində isə çadırını da, dəvələri ilə birgə özü ilə aparır…

Dövlət çevrilişi ilə hakimiyyətə gələn bu hərbçi can güvənliyini yalnız zərif cinsin uzunsaçlı gözəllərinə etibar edir. Ruhən şair olduğunu bildirir, özünü "səhraların Bayronu" adlandırır…

İnqilabın ruhunda olduğunu bildirir və özünün daha çox "Polkovnik", "Liviya inqilabının lideri" titulu ilə çağrılmasından xoşlanır. Dünya isə onu Müəmmar Qəddafi kimi tanıyır və bu adi adın doğurduğu qeyri-adi təəssüratları daim maraqla müşahidə edir.

 

İnqilabçı şagird

 

Müəmmar ben Məhəmməd Əbu Menyar Əbdül Səlim ben Həmid əl-Qəddafi Liviyanın Sirt şəhərində bədəvi ailəsində anadan olub. Onun doğum tarixi barədə rəqəmlər ziddiyyətlidir. Bəzi mənbələrdə Liviya rəhbərinin doğum tarixi 1940, bəzilərində 1942, bəzilərində isə 1944-cü il göstərilir. Dəqiq doğum tarixi ilə bağlı suallara Qəddafinin özünün də dəqiq cavabı yoxdur, amma bioqraflar bu tarixi 1942-ci ilə aid edirlər. Onun atası köçəri çoban, anası isə evdar qadın olub. Uşaqlıq dövrünü Qəddafi belə xatırlayır: "Mən müasir həyatın infeksiyasına yoluxmayan təmiz təbiətdə böyümüşəm. Xalqımın yaşadığı şəraiti daha yaxşı anlamışam, onun müstəmləkəçilik təzyiqi altında hansı iztirabları çəkdiyini yaşamışam".

Liviya prezidenti bildirir ki, böyüdüyü şərait ona həm də bir azadlıq hissi təlqin edib: "Biz bədəvilər təbiətin qoynunda azad şəraitdə yaşamağımızdan zövq alırdıq. Bizimlə hətta göy arasında da heç bir sədd yox idi". Qəddafi orta məktəbə 9 yaşında gedib və ailəsində ilk təhsil alan şəxs olub. Orta məktəbdə oxuyarkən 16 yaşlı Qəddafi gənclərdən ibarət gizli özək yaratdı. Bu özəyin əsas məqsədi Liviya İtaliya müstəmləkəçiliyndən azad olunduqdan sonra ölkədə yaradılan kral üsul-idarəsini devirmək idi. Həmin vaxt Liviyaya kral I İdris rəhbərlik edirdi.

Qəddafinin siyasi baxışlarının formalaşmasında Misir lideri Camal Əbdül Nasirin rolu böyük olub. Xüsusən də, onun yazdığı "İnqilabın fəlsəfəsi" kitabı Qəddafiyə böyük təsir göstərib. Elə Qəddafinin yaratdığı gizli təşkilatın niyyəti də Liviyadakı monarxiyanı Misirdə olduğu kimi devirmək idi. Hökumət əleyhinə çıxışları isə sonda onun məktəbdən xaric edilməsilə nəticələndi. Bununla belə, Qəddafi ali təhsil almaq niyyətindən daşınmadı. Onun ali təhsili barədə də məlumatlar doğum tarixi kimi ziddiyyətlidir. Qəddafinin bioqraflarından birinin yazdığına görə, o, Misurat şəhərində yerləşən ali məktəbin hüquq fakültəsinə daxil olub və 1964-cü ilə qədər burada ali təhsil alıb. Digər bioqraf isə bildirir ki, orta məktəbdən sonra Qəddafi Tripoli şəhərindəki Liviya Universitetinin tarix fakültəsini bitirib. Başqa bir məlumatda isə qeyd olunur ki, Qəddafi ölkənin ikinci ən böyük şəhəri sayılan Benqazidə ali təhsil alıb.

Ali təhsilini başa vurduqdan sonra Qəddafi hərbi akademiyaya daxil oldu. Özünün dediyinə görə, bu akademiyaya daxil olmaqda əsas məqsədi Liviyaya siyasi dəyişikliklər gətirməyə nail olmaq idi. Akademiyanın ilk kursunda oxuyarkən o, dəniz sahilində yerləşən kiçik Tolmeyta kəndində gənc Liviya zabitlərinin ilk qurultayını keçirdi. Burada o, 1952-ci ildə Misirdə baş verən inqilabın məramını - "Azadlıq, sosialzm, bərabərlik" şüarını gənc zabitlər arasında payladı və onları bu amal uğrunda mübarizəyə dəvət etdi.

 

27 yaşlı dövlət başçısı

 

İnqilabi dəyişikliklərə meyilli olan Qəddafi həm də ən yaxşı kursantlardan biri hesab olunurdu. Hətta buna görə o, hərbi ixtisasını artırmaq üçün İngiltərəyə də göndərilmişdi. Qəddafiyə bütün ərəb dünyasında şöhrət gətirən hadisə isə 1967-ci ildə Misirlə İsrail arasında baş verən "altıgünlük müharibə" oldu. Həmin vaxt kral I İdrisin razılığı olmadan Qəddafi öz tabeliyində olan dəstəni Camal Əbdül Nasirə köməyə göndərdi. Bununla belə, gənc zabitlər arasında olan nüfuzu və dəstəyi sonda kral hakimiyyəti tərəfindən ona qarşı hər hansı ciddi tədbirin görülməməsi ilə nəticələndi.

Əvvəlki kimi o, ölkədə siyasi dəyişikliklərin olması arzusunda idi və bunun yalnız inqilabi yolla baş verməsinin mümkünlüyünü anlayırdı. İnqilabın ozamankı şəraitdə hərbçilər tərəfindən ediləcəyi təqdirdə uğurlu alınacağını başa düşən və kapitan rütbəsində olan Qəddafinin rəhbərliyilə 1969-cu il sentyabrın 1-də gənc zabitlərin komandası altında hərbçilər ölkənin bütün iri şəhərlərində dövlət çevrilişi həyata keçirdi. Paytaxt Tripolidə kral sarayı və digər dövlət müəssisələri, radio-televiziya ələ keçirildi. Xaricdə olan kral İdrisin devrildiyi və Liviyanın respublika elan olunduğu bildirildi.

Həmin dövrü isə Qəddafi özü belə xatırlayır: "Ola bilsin, mən hərəkatımızda aparıcı rol oynayırdım. Ancaq bu, "X" saatına qədər idi. Bundan sonra mən çevrilişdə iştirak edən adi iştirakçılardan biri idim". Çevrilişin ertəsi günü efirdə 27 yaşlı Qəddafinin sözləri ilə başalyan məhşur "Kommünike ¹1" səsləndi. Burada o deyirdi: "Liviya vətəndaşları! Ürəyinizdə olan gizli arzu və diləklərə, sizin fasiləsiz dəyişiklik və mənəvi oyanış tələblərinizə cavab olaraq üsyan barədə çağırışlarınızı eşidən və sizə sadiq olan ordu qüvvələri ölkədəki mürtəce və korrupsiyalaşmış rejimi devirib". Qəddafi həmçinin ölkədə olan xaricilərə də müraciət edərək onlar üçün heç bir təhlükənin olmayacağını və fəaliyyətlərini əvvəlki kimi davam etdirə biləcəklərini bəyan etdi. Bildirdi ki, baş verən hadisələr Liviyanın daxili işidir, hər hansı xarici dövlətə qarşı yönəlməyib və beynəlxalq razılaşmalara, müqavilələrə zidd deyil.

İnqilabdan sonra Qəddafi polkovnik hərbi rütbəsinə layiq görüldü və 1976-cı ildə general-mayor rütbəsi almasına rəğmən, indiyə qədər adətən "polkovnik" - deyə çağrılır.

İnqilab baş verənə qədər Liviya ərazisində müxtəlif ölkələrin hərbi bazaları yerləşirdi. Ən böyük hərbi bazalar ABŞ-a məxsus idi. Xarici neft şirkətləri isə Liviya ərazisinin böyük bir hissəsini öz nəzarətləri altında saxlayırdı. Bununla barışmayan Qəddafi bildirirdi ki, ölkə ərazisində olan xarici hərbi bazalar Liviyanı tərk etməlidir. Məhz onun istəyilə 1970-ci ilin aprelində İngiltərənin, bunun ardınca isə ABŞ-ın hərbi bazaları Liviya ərazisindən çıxarıldı. Xarici neft şirkətlərinin gəlirlərindən isə Liviya üçün daha böyük pay tələb olunmağa başladı. Əks təqdirdə, həmin şirkətlər milliləşdirilirdi. Qəddafi neft hasilatından əldə olunan gəlirləri əsas etibarı ilə əhalinin sosial ehtiyaclarının qarşılanmasına yönəldirdi. Neft gəlirlərinin böyük olması, hətta bəzi illərdə 23 milyard dolları keçməsi artıq 1970-ci ilin ortalarında dövlət tərəfindən mənzil tikintisi ilə bağlı irimiqyaslı proqramların reallaşdırılmasına imkan verir, səhiyyə və təhsilin inkişaf etdirilməsinə şərait yaradırdı. Hətta Liviyanın ən ucqar rayonlarında belə, yeni məktəblər, xəstəxanalar, yaşayış massivləri tikilir, avtomobil və dəmir yolları çəkilirdi. Liviya cəmiyyətində artıq açıq transformasiya müşahidə olunur, həyat şəraiti yaxşılaşırdı.

 

"Yeni əsrin İncili"

 

Hakimiyyət dəyişikliyindən sonra İnqilab Komandanlığı Şurasının sədri və ali baş komandan vəzifələrini tutan Qəddafi Misir Prezidenti Camal Əbdül Nasirlə sıx əlaqələr saxlamaqda davam edirdi. Hər iki lider islama, vətənpərvərliyə və mənəviyyata əsaslanan sosializm cəmiyyəti yaratmağa çalışırdı. Lakin Nasirin ölümündən sonra Misirlə münasibətlərin pisləşməsi və onun varisi Ənvər Sədatın ABŞ-la, İsraillə daha çox yaxınlaşmağa cəhd etməsi Qəddafinin müstəqil idealogiya formalaşdırması ilə nəticələndi. Məhz elə bu dövrlərdə Qəddafi özünün "Üçüncü ümumdünya nəzəriyyəsi"ni yaratdığını bildirdi. Onun fikrincə, bu, Adam Smitin kapitalizm və Karl Marksın kommunizm nəzəriyyələrini əvəz etməli idi. Qəddafi belə hesab edirdi ki, Smitin nəzəriyyəsi yalnız elitanın rifahına xidmət edir, Marksınkı isə şəxsiyyəti boğur.

Qəddafi öz nəzəriyyəsinin mahiyyətini müəllifi olduğu üçcildlik "Yaşıl kitab"da əks etdirmişdi. O, "Cəmahiriyyə" adlanan sosial quruluşun yaradılmasını istəyirdi ki, burada "çoxluğun, xalq kütlələrinin dövləti" və ya xalq komitələri sistemi əsasında birbaşa demokratiya nəzərdə tutulurdu. Buna qədər mövcud olan bütün dövlət quruluşları isə qeyri-demokratik sayılırdı. "Yaşıl kitab" əsərini bu baxımdan Qəddafi "Yeni əsrin İncili" adlandırırdı.

"Üçüncü ümumdünya nəzəriyyəsi"nə uyğun olaraq Liviya dövlətində ciddi islahatlar başlandı. Respublikanın adı Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinə dəyişdirildi. Cəmahiriyyənin qanunvericiliyi Qurana, siyasi quruluşu isə birbaşa xalq hakimiyyətinə əsaslanırdı. Bundan sonra İnqilab Komandanlığı Şurası və hökumət buraxıldı, Cəmahiriyyə sisteminə uyğun yeni institutlar yaradıldı. Ümummilli Xalq Konqresi ali qanunverici orqan, Ali Xalq Komitəsi isə icraedici hakimiyyət elan olundu. Nazirlikləri xalq katiblikləri əvəz etdi. Xalq katibliklərinə rəhbərlik isə bürolar tərfindən həyata keçirilirdi. Liviyanın xarici ölkələrdə olan səfirlikləri də xalq bürolarına dəyişdirildi.

Qəddafi idarəçilikdə edilən dəyişikliklərdən sonra Ümummilli Xalq Konqesinin baş katibi seçildi. 1979-cu ildə baş katib postundan istefa verərək bütün rəsmi vəzifələrdən kənarlaşdı və yalnız rəsmi olaraq Liviya inqilabın lideri titulunu özundə saxladı. Rəsmi vəzifə daşımamasına rəğmən, Qəddafi ölkənin faktiki rəhbəridir.

 

Müxalifətçilərə qarşı böyük yürüş

 

Hakimiyyətə gəldikdən sonra Qəddafinin xarici siyasət məsələlərində mövqeyi bir qədər ziddiyyətli olub. Belə ki, o, Fələstində, Uqandada, Şimali İrlandiyada, Mərakeşdə, Sudanda, Anqolada, Mozambikdə, İspaniyada, Kolumbiyada, Türkiyədə bu dövlətlər tərəfindən terrorçu sayılan təşkilatlara dəstək verib. 1973-cü ildə Ərəb-İsrail müharibəsinin gedişində Liviya müxtəlif üsyançı Fələstin qruplaşmaları üçün sığınacağa çevrilib. "FƏTH İnqilabi Şurası"nın yaradıcısı və rəhbəri, məşhur terrorçu sayılan Əbu Nidal, həmçinin "Çaqqal Karlos" kimi tanınan venesuelalı İliç Ramires Sançes Qəddafi tərəfindən açıq himayə olunurdu. Qərb ölkələri bildirirdi ki, Liviya ərazisində terrorçuların təlim keçməsi üçün düşərgələr yaradılıb və bu düşərgələrdə dünyanın ən müxtəlif bölgələrindən olan terrorçu qruplaşmalar təlim keçir. Bunlara misal olaraq Almaniyadan "Qırmızı ordu fraksiyası", "Yaponiya Qırmızı ordusu" göstərilirdi. İsrail xüsusi xidmət orqanlarının məlumatına görə, artıq 1980-ci illərin ortalarında Liviya ərazisində belə düşərgələrin sayı 20-yə yaxın idi və orada təlim keçən terrorçuların sayı 7000-i aşmışdı.

Hakimiyyətə gəldikdən sonra Qərbdə o, ərəb dünyasının diktatoru kimi qəbul edilirdi. Ancaq Liviyalı polkovnikin hakimiyyətdə olduğu ilk yeddi il ərzində ölkədə bir dəfə olsun belə, ölüm hökmü icra edilməmişdi. 1980-ci illərin əvvəllərində vəziyyət dəyişdi. Qəddafi onun siyasətinə qarşı çıxanları təkcə Liviyada yox, ölkə ərazisindən kənarda da təqib etməyə başladı. Buna əsas səbəb isə müxalifətin ölkədə bəzi xarici dövlətlərin dəstəyi ilə çevriliş edə biləcəyinə dair Qəddafiyə çatdırılan məlumatlar idi. Bundan sonra Liviya xüsusi xidmət orqanları Cəmahiriyyənin real və ehtimal olunan düşmənlərini fiziki cəhətdən məhv etməyə başladılar.

Əlbəttə ki, bütün bunlar Qəddafinin özünün də həyatına ciddi təhlükə yaradırdı. Ümumiyyətlə, o, həyatı daim təhlükədə olan liderlər siyahısında yer alır və Liviya liderinə qarşı bir neçə sui-qəsd cəhdi olub. Məsələn, 1975-ci ilin iyununda hərbi parad zamanı Qəddafinin dayandığı tribuna atəşə tutulsa da, o, heç bir xəsarət almadan bu insidentdən salamat çıxa bildi. Cəmi bir ay sonra liviyalı zabit O.Moheyşinin rəhbərliyi altında bir qrup hərbçi çevriliş etmək və Qəddafini öldürmək istəsə də, planın üstü açıldı və qiyamçılar xaricə qaçmalı oldu. 1979-cu ildə Qahirədə yerləşən islam fundamentalistlərinin təşkilatı Qəddafi barəsində ölüm hökmü çıxardı. Liviya müxalifətinin lideri Məhəmməd Yossef Maqarifin yaratdığı "Liviyanın Xilası Milli Cəbhəsi"nin əsas məqsədi də Qəddafini fiziki cəhətdən məhv etmək idi. 1981-ci ildə Qəddafi və onun sudanlı həmkarı Cəfər Nimeyri biri-biri barəsində açıq şəkildə ölüm hökmü çıxardıqlarını bildirdilər. 1996-cı ilin fevralında Sirt şəhəri yaxınlığında Qəddafiyə qarşı daha bir sui-qəsd cəhdi edildi. Həmin vaxt onun kortejinə edilən bombalı hücum nəticəsində Qəddafinin bir neçə cangüdəni həlak olsa da, onun özü salamat qurtara bildi.

Siyasi rəqiblərinə qarşı amansız olan Liviya lideri dövlət məmurlarının da daim vəzifə yerdəyişmələrini həyata keçirirdi ki, bu da onların təsir imkanlarının artmasına və polkovniklə rəqabət aparmasına imkan vermirdi.

Qəddafinin bir sıra xarici ölkələrin, xüsusən də, Afrika dövlətlərinin daxili işlərinə qarışması, burada fəaliyyət göstərən müxtəlif qruplaşmalara hərbi və maddi dəstək verməsi halları da mövcud idi. Belə addımlar həmin dövlətlərlə Liviyanın münasibətlərini pisləşdirirdi. Əslində, burada Qəddafinin əsas məqsədi Vahid Ərəb Respublikasının yaradılması və özünün həmin dövlətin liderinə çevrilməsi idi. Bu məqsədlə o, Misirin, Əlcəzairin, Tunisin, Sudanın, hətta Maltanın da Liviya ilə birləşməsini istəyirdi.

 

Qərblə düşmənçilik

 

Hakimiyyətə gəldikdən dərhal sonra Qəddafi Çadla sərhəddə yerləşən Auzu rayonu ətrafında yaranan mübahisəni öz lehinə həll etməyə çalışdı. Hər iki tərəf bu rayonun ona məxsus olduğunu iddia edirdi. Həmin vaxt Çadda vətəndaş müharibəsinin yaşanmasından istifadə edən Qəddafi Auzuda fəaliyyət göstərən üsyançı qruplar vasitəsilə rayona nəzarəti ələ aldı. Rayonun Liviyanın nəzarətində olmasını rəsmiləşdirmk üçün Qəddafi hərbi gücə əl atsa da, ABŞ və Fransanın Çada verdiyi dəstək sayəsində məğlubiyyətə uğradı. Sonradan Haaqa məhkəməsi Auzunu Çadın ərazisi kimi tanıdığından Qəddafi ordusunu bu rayondan çıxarmalı oldu. Çadla yanaşı, Misirlə də 1977-ci ildə Liviya hərbi konflikt yaşayıb və bu, daha çox Qəddafinin Misiri Liviyaya ilhaq etmək niyyəti üzündən baş verib. Ancaq bu hərbi konfliktlərdə Misir ABŞ və İsraildən daim dəstək gördüyü üçün Liviya məğlubiyyətə uğradı. İki ölkə arasında münasibətlər yalnız Hüsni Mübarəkin Misiri Ərəb Dövlətləri Liqasına qaytarmasından sonra normallaşdı.

Hakimiyyətə gəldikdən sonra Qəddafinin ilk fəaliyyət istiqaməti ABŞ başda olmaqla Qərb dövlətləri tərəfindən elə də ciddi narazılıqla qarşılanmırdı. Bunun əsas səbəblərindən biri yüksəkkeyfiyyətli Liviya neftinin Qərb şirkətlərinin nəzarətində olması idi. Ancaq Qəddafinin öz təsirini Liviyanın xaricində də genişləndirməyə çalışması, Vahid Ərəb Dövləti yaratmaq üçün hərbi gücdən də istifadə etməkdən çəkinməməsi ona qarşı münasibətlərin dəyişməsinə səbəb oldu. Liviyanın 1973-cü ildə Qərbin İsrailə verdiyi dəstəyə cavab olaraq ərəb dövlətləri tərəfindən tətbiq edilən neft embarqosunda fəal iştirak etməsi Qəddafiyə qarşı münasibətləri daha da sərtləşdirdi. Elə bu vaxtlar Qəddafi İsrail dövlətinin açıq məhvinə dair çağırışlar etməyə başladı. Bu dövrdə İsrail ordusunun Sinay yarımadası üzərində Liviyaya məxsus sərnişin təyyarəsini vurması iki ölkə arasında münasibətləri daha da pisləşdirdi. ABŞ-ın İsraili dəstəkləməsi sonda Qəddafinin xarici siyasət kursunda SSRİ-yə meyillənməsinə səbəb oldu. 1975-ci ildən etibarən SSRİ ilə Liviya arasında münasibətlər özünün daha sürətli inkişaf mərhələsinə qədəm qoydu. SSRİ Liviyanın əsas silah təchizatçısına çevrildi. Liviyada neftin hasilatı, daşınması, emalı sahəsində əsas söz sahibi kimi SSRİ-dən olan mütəxəssislər çıxış etməyə başladılar. Qəddafi özü isə üç dəfə SSRİ-yə səfər edib. Onun SSRİ ilə yaxınlaşması və xarici dövlətlərdə fəaliyyət göstərən bəzi terrorçu qruplaşmalara Liviya tərəfindən verilən dəstəkdən sonra Qəddafi artıq ABŞ-ın bir nömrəli düşməninə çevrildi. İki ölkə arasında gərgin münasibətlər ABŞ Prezidenti Ronald Reyqanın dövründə özünün zirvə nöqtəsinə çatdı. Qəddafini "Yaxın Şərqin qudurmuş iti" adlandıran Reyqan Liviyada olan bütün amerikalıların buranı tərk etməsinə dair göstəriş verdi. Bunun ardınca Amerika administrasiyası Liviya neftinin təchizatına tam embarqo qoydu. Bu addıma cavab olaraq Qəddafi Ronald Reyqanı bütün Amerika hindularını azadlığa buraxmağa çağırdı.

ABŞ həmin dövrdə bəzi Qərb ölkələrində baş verən terror aktlarının arxasında Qəddafi hökumətinin durduğunu bəyan etdi. 1986-cı ildə Qərbi Berlində diskotekaların birində baş verən patlayışda iki amerikalı hərbçinin həlak olması və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bu hadisənin arxasında Liviya xüsusi xidmət orqanlarının durduğunu bildirməsi hadisələrin daha gərgin məcrada inkişafına səbəb oldu. 1986-cı il aprelin 15-də ABŞ hərbi təyyarələri Qəddafinin Tripoli ətrafındakı iqamətgahını bombardman etdi. Liviya lideri sağ qalsa da, 101 liviyalı, o cümlədən Qəddafinin yaşyarımlıq qızlığı həlak oldu.

 

Kremlin və Yeliseyin həyətində qurulan çadır

 

Bu hadisədən iki il sonra Qəddafi rejimiylə bağlı olduğu bildirilən ən məşhur terror aktı törədildi. Şotlandiyanın Lokkerbi şəhərində ABŞ-ın "Pan American" şirkətinə məxsus sərnişin təyyarəsi partladıldı, nəticədə 370 nəfər həlak oldu. Əsas şübhəlilər Liviya xüsusi xidmət orqanlarının əməkdaşları idi. Bundan sonra ABŞ və Böyük Britaniyanın səyləri ilə 1992-ci ildə BMT Liviyaya qarşı sanksiyalar tətbiq etdi. Elə həmin il Qərbin təzyiqi ilə Rusiyanın da Liviyaya qarşı embarqoya qoşulması nəticəsində bu ölkə tam təcrid vəziyyətinə düşdü. Liviyada əhalinin həyat şəraiti yenidən pisləşməyə başladı. Yaranmış vəziyyət inqilab liderini öz siyasi kursuna yenidən baxmağa vadar etdi.

Əvvəllər ərəb birliyinin yaranması uğrunda çıxış edən Qəddafi 1990-cı illərdən başlayaraq Ümumafrika inteqrasiyası barədə danışmağa başladı və ABŞ-ın nümunəsində "Afrika Birləşmiş Ştatları" və ya Avropa İttifaqına bənzər konfederasiya yaratmağı təklif etdi. Qəddafinin Afrika dövlətlərinin birliyinin yaradılmasına dair çıxışlar etməsinə əsas səbəb isə ərəb dövlətlərinin Liviyanın ağır günlərində ona heç bir kömək göstərməməsi ilə bağlı idi. Ümumafrika inteqrasiyası ideyası öz ifadəsini 2001-ci il martın 2-də yaradılan və qitənin 52 dövlətini özündə birləşdirən Afrika Birliyində tapdı.

1990-cı illərin sonunda Liviya Qərb ölkələri ilə münasibətlərini yenidən normallaşdırmaq üçün konkret addımlar atdı ki, bu da onun təcrid vəziyyətindən çıxmasında mühüm rol oynadı. Həmin vaxt Cənubi Afrika lideri Nelson Mandelanın və BMT-nin Baş katibi Kofi Annanın vasitəçiliyi ilə Qəddafi Lokkerbi faciəsində şübhəli bilinən iki liviyalını BMT nümayəndələrinə təslim etdi. Məhz bundan sonra BMT-nin Liviyaya qarşı tətbiq etdiyi sanksiyalar dayandırıldı. Qəddafinin İsraili məhv etmək ideyasından geri çəkildiyini bildirməsi, "Lokkerbi işi"nə görə Liviyanın məsuliyyət daşıdığını elan etməsi, nüvə silahının yaradılmasından rəsmən imtinası onun ABŞ-la münasibətlərinin yenidən düzəlməsinə səbəb oldu. Ərəb-İsrail münaqişəsinin həlli üçün Qəddafi çoxlarına utopik görünən bir təkliflə də çıxış etməyə başladı. Onun fikrincə, bu münaqişə vahid ərəb-yəhudi dövlətinin yaradılması ilə öz həllini tapa bilər. Həmin dövlətin adı isə, Qəddafiyə görə, "İzratin" olmalıdır. Ancaq bu vaxtlar Qəddafi yenə də əleyhinə yönələ biləcək çağırışlardan çəkinmirdi. Məsələn, Afrika sakinlərinə müraciətində bildirirdi ki, ağları "Qara qitə"dən qovmaq lazımdır. Onun fikrincə, irqin nümayəndələri uzun müddət Afrikanın təbii ehtiyatlarından istifadə etdiklərinə görə buranın yerli əhalisinə pul kompensasiyası verməlidirlər.

2004-cü ilin martında Britaniyanın Baş naziri Toni Bleyrin Liviyaya rəsmi səfəri Qəddafinin Qərb dövlətlərilə əlaqələrinin inkişafında xüsusi rol oynadı. Məhz bu səfərdən sonra Qəddafi çıxışlarının birində bildirdi ki, Liviyanın beynəlxalq təcridi onun yanlış siyasətinin nəticəsi olub. Həmin ilin aprelində son 15 ildə ilk dəfə olaraq Qəddafi Avropaya rəsmi səfərə çxdı. Brüsseldə Avropa Komissiyasının sədri Romano Prodi ilə görüşündən sonra Avropa İttifaqının Liviyaya qarşı tətbiq etdiyi 11 illik sanksiyalar ləğv olundu. Bu dövrdə ABŞ da Liviyaya qarşı sanksiyaların bir qismini ləğv etdi, 2006-cı ildə isə Dövlət Departamenti Liviyanı terroru dəstəkləyən ölkələrin siyahısından çıxardı. 2007-ci ildə Liviya Rusiya və Fransa ilə dəyəri milyardlarla dollar həcmində olan silah alışına dair müqavilələr imzaladı. Həmin ilin sonlarında Fransaya rəsmi səfər edən Qəddafi Yelisey sarayının həyətində qurulan böyük bədəvi çadırında Nikola Sarkozi ilə görüşündə iqtisadi sahədə də yeni razılaşmalara imza atdı.

2008-ci ilin aprelində Vladimir Putin Prezident qismində özünün son səfərini Liviyaya etdi və yenidən iki ölkə arasında dəyəri milyard dollarla ölçülən müqavilələr imzalandı. Ötən ilin noyabrın əvvəllərində isə Qəddafi Rusiyaya rəsmi səfərə gəldi. Burada da daha çox yadda qalan epizod onun Baş nazir Putini və Rusiyanın digər rəsmi şəxslərini Kremlin həyətində qurulmuş böyük bədəvi çadırında qəbul etməsi oldu.

Cari il fevralın 2-də Qəddafi bir il müddətinə Afrika Birliyinin sədri seçilib. O, yenidən vahid Afrika dövlətinin yaradılması təşəbbüsünü irəli sürsə də, bu təklif iştirakçılar tərəfindən rədd edilib.

 

"Cəhənnəmdə qaçış"

 

Keçmiş tibb bacısı Sofiyaya evli olan Qəddafinin 7 övladı - altı oğlu, bir qızı var. Oğullarından ikisi - Saadi və Seyf onun əsas varisləri sayılır. Saadi əl-Qəddafinin adı daha çox idmanla bağlıdır. 1996-cı ildə o, Liviya Futbol Assosiasiyasının prezidenti təyin olunub. Atası tərəfindən futbol yarışlarının keçirilməsinə qoyulan qadağanın ləğv edilməsinə nail ola bilib. Liviya milli yığmasında, daha sonra isə İtaliya klublarında oynayıb, hazırda futbol biznesinə investisiyalar yatırmaqla məşğul olur. 2005-ci ildə xüsusi təyinatlı Liviya ordusunda vəzifəyə gətirilən Saadi bununla təsir dairəsini genişləndirə bilib. Seyf əl-Qəddafi isə daha çox islahatçı kimi tanınır. O, milli resursların kiçik bir qrup oliqarxın əlində cəmləşməsinə qarşıdır. Qəddafinin yeganə qızı Ayişə isə Parisdə hüquq təhsili alıb və İraqın sabiq Prezidenti Səddam Hüseynin məhkəmə prosesində onun vəkillərindən biri olub. Qəddafinin kiçik oğlu Hannibalın isə adı daha çox qalmaqallarda xatırlanır. Ötən il İsveçrədə qaldığı hotelin personalını döydüyü üçün həbs olunan Hannibalın azad edilməsi məqsədilə Qəddafi bu ölkəyə qarşı müəyyən sanksiyalar tətbiq etmiş, hətta neft təchizatını dayandırmışdı. Yalnız Hannibalın azadlığa çıxmasından sonra İsveçrə ilə münasibətlər yenidən qaydaya düşdü.

Mömin müsəlman olan Qəddafi hələ uşaqlıq dövründən Quranı əzbər bilir. Hakimiyyətə gəldikdən sonra onun atdığı addımlardan biri də təqvim islahatları oldu. Ayların adı müsəlman təqviminə uyğun olaraq dəyişdirildi, il hesabı Məhəmməd peyğəmbərin vəfat etdiyi ildən aparıldı. Alkoqola və Qərb musiqisinə Liviyada qadağa qoyulsa da, Qəddafi qadınların diskriminasiyasına qarşı çıxması ilə də məşhurdur. Elə bunun nəticəsidir ki, Liviyada qadınların böyük əksəriyyəti hicab geyinmir. Mömin olmasına baxmayaraq, o, Liviyada radikal islamçıların məskunlaşmasına icazə vermir. Sevimli məşğuliyyəti at sürmək, ov etmək, kitab oxumaq və internet olan Qəddafinin real həyat tərzi də olduqca maraqlıdır. Onun iqamətgahı Bab əl-Əziziyə hərbi qarnizonunun binalarından biri və binanın həyətində qurulmuş çadırdır. Yaxınlıqda isə Qəddafinin 1986-cı ildə dağıdılmış əvvəlki iqamətgahı yerləşir. Həmin vaxtdan indiyə qədər bərpa olunmayan iqamətgah hazırda memorial kimi qorunub saxlanır. Bu iqamətgahın bombalanmasından və həyatına edilən bir neçə sui-qəsddən sonra Qəddafi heç vaxt bir yerdə iki gecə yatmır.

Bundan başqa, Qəddafi bir sıra qeyri-adiliklərinə görə də yaxşı tanınır. O, parlaq və qeyri- adi geyimlərə üstünlük verir. Xarici səfərlərində onu silahlı qadın cangüdənlər müşayiət edir. Bəzi səfərlər zamanı isə südlərini içmək üçün özü ilə dəvələr də aparır, ancaq daha çox Fransa mətbəxinin vurğunu olduğunu bildirir.

"Yaşıl kitab"la yanaşı, 1997-ci ildə Qəddafinin "Yaşasın əzilmişlərin dövləti" adlı kitabı da işıq üzü görüb. Bundan başqa, nağıllar və pritçalardan ibarət "Kənd, kənd. Yer, yer. Kosmonavtın intiharı və başqa nağıllar" adlı yığma əsərləri çap olunub. Xaricdə polkovnikin hekayə və esseləri "Cəhənnəmdə qaçış" adı ilə dərc edilib.

Liviya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Liviyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq və regional təşkilatlarda daim Azərbaycanın mövqeyini dəstəkləməsi, eyni zamanda "Lokkerbi işi" ilə bağlı Liviya üzərinə qoyulan BMT sanksiyalarının qaldırılmasının lehinə Azərbaycanın da səs verməsi iki ölkə arasında mövcud münasibətlərin inkişafda olduğunu göstərir.

Yarım əsr əvvəl dünyanın ən kasıb ölkələrindən biri olan Liviyanın indi dünyanın diqqət mərkəzində olmasının əsas səbəblərindən biri neftdirsə, digəri bu dövlətin lideri Müəmmar Qəddafidir. Çoxlarına utopik görünən ideyalarının reallaşmasından hələ də əl çəkməyən "dünya inqilabının bədəvisi" - Qəddafi bəşəriyyəti yaxşılığa doğru dəyişəcək inqilabın nə vaxtsa baş verəcəyinə inanır. Elə bu inam yəqin hələ uzun illər onun fəaliyyətinin əsasını təşkil edəcəkE

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-22 fevral.-S.4-7.