Ölkəmizin hərtərəfli
inkişafına, zənginləşməsinə,
insanların firavanlığına
yönəlmiş siyasət
növbəti illərdə
də davam etdiriləcəkdir
Bakının
"Gülüstan" sarayında "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramının (2004-2008-ci illər)"
icrasının yekunlarına həsr olunmuş konfrans
keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə foyedə açılmış və ötən beş il ərzində bölgələrdə istifadəyə verilmiş, yerli şirkətlərə məxsus müəssisələrdə istehsal edilən müxtəlif növ məhsullardan ibarət sərgi ilə tanış oldu, Heydər Əliyev Fondunun, rabitə və informasiya texnologiyaları, mədəniyyət və turizm, gənclər və idman, nəqliyyat nazirliklərinin, "Azərenerji", "Azəriqaz", "Azərsu" səhmdar cəmiyyətlərinin və digər qurumların stendlərinə baxdı.
Prezident İlham Əliyevə məlumat verildi ki, Abşeron iqtisadi rayonunda sənaye və aqrar-sənaye kompleksi əsas iqtisadi potensialı təşkil edir. Ötən beş ildə iqtisadi rayonda ümumi məhsul istehsalının həcmi 2 milyon 885 min manatdan çox olmuş, 1565 yeni müəssisə yaradılmışdır. Bu müddətdə 49 min 386 yeni iş yeri yaradılmış, 16 yeni məktəb binası, 11 səhiyyə ocağı istifadəyə verilmişdir.
Dağlıq Şirvan iqtisadi rayonunda kənd təsərrüfatı, xalq sənətkarlığı, sənaye və turizm əsas yer tutur. Bu sahələrin hər birinin inkişafına xüsusi diqqət yetirilmişdir. Ümumi məhsul istehsalının 1 milyon 140 min manatlıqdan çox olduğu iqtisadi rayonda 350 yeni istehsal müəssisəsi yaradılmış, 21 min 332 yeni iş yeri açılmışdır.
Şəki-Zaqatala iqtisadi rayonunda əsas diqqət ixrac qabiliyyətli məhsulların istehsalına yönəldilmişdir. Bu rayonda əsas sahələr kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi, turizmdir. Ötən beş ildə ümumi məhsul istehsalının həcmi 2 milyon 520 min manatdan çox olmuş, 879 yeni müəssisə istifadəyə verilmiş, 40 min 509 yeni iş yeri yaradılmışdır.
Quba-Xaçmaz iqtisadi rayonu da ölkənin sosial-iqtisadi inkişafına layiqli töhfə vermişdir. Bu iqtisadi rayonda da yeni istehsal sahələri yaradılmış, iş yerləri açılmış, iqtisadi inkişaf sürətlənmişdir. İqtisadi rayon üzrə 2 milyon 787 min manatlıqdan çox məhsul istehsal olunmuş, 43 min 736 yeni iş yeri açılmış, 644 yeni müəssisə yaradılmışdır.
Gəncə-Qazax iqtisadi rayonu üzrə əsas iqtisadi göstəricilər kənd təsərrüfatı, xalq sənətkarlığı, sənaye, turizm və digər sahələrlə bağlıdır. İqtisadi rayon üzrə ümumi məhsul istehsalının həcmi 5 milyon 49 min manatdan çox olmuş, 1458 yeni müəssisə yaradılmış, 96 min 977 yeni iş yeri açılmışdır.
Lənkəran iqtisadi rayonunda əsas istehsal sahələrini aqrar-sənaye kompleksi, turizm təşkil etmişdir. İqtisadi rayon üzrə 2 milyon 458 min manatlıqdan çox məhsul istehsal olunmuş, 1082 müəssisə açılmış, 71 min 644 yeni iş yeri yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində mühüm işlər görülmüş, sənaye, kənd təsərrüfatı, xalq sənətkarlığı və digər sahələrdə yüksək nəticələr əldə edilmişdir. Ötən dövrdə ümumi məhsul istehsalının həcmi 3 milyon 345 min manatdan çox olmuş, 1236 yeni müəssisə yaradılmış, 37 min 73 yeni iş yeri açılmışdır.
Yuxarı Qarabağ iqtisadi rayonunda ümumi məhsul istehsalında kənd təsərrüfatı, sənaye və turizm sektorları üstünlük təşkil etmiş, 8 milyon 340 min manatlıqdan çox məhsul istehsal olunmuşdur. Rayonda 555 yeni müəssisə, 17 min 241 yeni iş yeri yaradılmışdır.
Aran iqtisadi rayonu da Dövlət Proqramının həyata keçirilməsində uğurlar qazanmışdır. Bu iqtisadi rayona daxil olan bölgələrdə iqtisadiyyatın əsas sahələrini kənd təsərrüfatı, sənaye, o cümlədən neft və qaz, tikinti materialları istehsalı təşkil etmişdir. Bu rayonda ümumi məhsul istehsalının həcmi 8 milyon 878 min manat olmuş, 2982 yeni müəssisə yaradılmış, 169 min 628 yeni iş yeri açılmışdır.
Dövlət başçısına neft və energetika, tikinti və tikinti materialları, yüngül sənaye, qida, turizm, səhiyyə, kənd təsərrüfatı, elektrotexnika, kompüter texnikası, rabitə, məişət avadanlığı, şərabçılıq sektorlarında yeni yaradılmış müəssisələrin məhsulları barədə ətraflı məlumat verildi. Bildirildi ki, bu məhsullar həm daxili bazara çıxarılır, həm də ixrac edilir.
Prezident İlham Əliyev sərgidəki eksponatları yüksək qiymətləndirərək, keyfiyyətli məhsul istehsalını artırmağın, xarici bazarda, xüsusilə də Avropa bazarında möhkəmlənməyin vacibliyini vurğuladı. Dövlətimizin başçısı dedi ki, gələcəkdə ölkəmizdə sahibkarlığın, özəl sektorun inkişafına diqqət və qayğı daha da artırılacaqdır.
Sonra konfrans başlandı.
Konfransda ölkənin müxtəlif regionlarından 600-dək iş adamı, beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanda təmsil olunan nümayəndələri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak edirdilər. Salona toplaşanlar Prezident İlham Əliyevi alqışlarla qarşıladılar.
Dövlətimizin başçısı
konfransı giriş nitqi ilə açdı.
Azərbaycan.-2009.-24 fevral.-S.1.