Bakıda "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının

 (2004-2008-ci illər)" icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

 

"Naxçıvan mebel fabriki sənaye kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Bəyməmməd Əkbərovun çıxışı

 

- Cənab Prezident!

Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan, Sizin rəhbərliyinizlə müasir dövrün reallıqlarına uyğun davam və inkişaf etdirilən sosial-iqtisadi inkişaf kursu ölkəmizi qısa müddətdə lider dövlətə çevirmişdir.

Ulu öndərimiz regionların inkişafına xüsusi diqqət yetirirdi. Bu siyasətin davamı olaraq 2004-cü il fevralın 11-də 2004-2008-ci illəri əhatə edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq olunmuşdur. Artıq Dövlət Proqramının təsdiqindən 5 il ötür. Onun uğurlu icrası nəticəsində Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da davamlı iqtisadi inkişafın təməli qoyulmuş, əmək tutumlu, rəqabət qabiliyyətli yeni istehsal və xidmət sahələri istifadəyə verilmişdir.

Belə ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında 140 yeni istehsal, 4 mindən çox infrastruktur, sosial və xidmət sahələri yaradılmış, yaxud yenidən qurularaq istifadəyə verilmiş, 37 mindən çox yeni iş yeri açılmışdır. Təkcə 2008-ci ildə muxtar respublika iqtisadiyyatına 300 milyon manatdan çox vəsait yönəldilmiş, 38 yeni istehsal sahəsi və 700-ə yaxın müxtəlif təyinatlı obyektlər tikilərək istifadəyə verilmişdir.

Yeni yaradılmış müəssisələrdə müasir avadanlıq və texnologiyalar tətbiq olunmuşdur. Bu isə istehsal olunan məhsulların rəqabət qabiliyyətli olmasına öz təsirini göstərir. Bu gün muxtar respublikada qurulan yeni müəssisələrdə beynəlxalq standartlara cavab verən məhsullar istehsal olunur. Muxtar respublikada yeni infrastrukturun yaradılması da diqqət mərkəzindədir. Əhalinin sosial təminatının və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, regionun enerji təhlükəsizliyinin təmin edilməsinə, ticarətin və turizmin inkişafı üçün yeni perspektivlər açan sahibkarlıq fəaliyyətinə etibarlı zəmin yaradılmışdır.

Ölkəmizin sosial-iqtisadi inkişafının gücləndirilməsinin mühüm amillərindən biri də sahibkarlığın inkişafıdır. Sahibkarların fəaliyyəti üçün əlverişli mühitin yaradılması Sizin daim diqqət mərkəzinizdədir.

Hörmətli Prezidentimizin bu fikirləri sahibkarlığın inkişaf göstəricisidir: "Sahibkarlığın inkişafına dəstək bundan sonra da davam etdirilməlidir", "Sahibkarlığın inkişafı olmadan Azərbaycanın hərtərəfli inkişafı davam etdirilə bilməz".

Bazar iqtisadiyyatı şəraitində yeni istehsal sahələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi, daxili bazarın qorunması, respublikamızda sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradılmışdır. Bu münbit şəraitin nəticəsidir ki, 2008-ci il muxtar respublikada ümumi daxili məhsulun (ÜDM) 86 faizi, kənd təsərrüfatında məhsul istehsalının 99,8 faizi, sənayedə məhsul istehsalının 82,3 faizi, nəqliyyatda isə xidmətlərin 80,6 faizi özəl bölmənin payına düşür.

Muxtar respublikada yeni qurulmuş müəssisələrdə bu gün 254 növdə və 606 çeşiddə məhsul istehsal olunur. Muxtar respublikamızın 83 növdə ərzaq, 141 növdə qeyri-ərzaq olmaqla, ümumilikdə, 224 növ məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir.

Sahibkarı olduğum "Naxçıvan mebel fabriki sənaye kompleksi" MMC-nin bugünkü fəaliyyəti sahibkarlığa göstərilən hərtərəfli dövlət qayğısının bariz nümunəsidir. Müəssisəmizdə istehsal edilən müxtəlif çeşidli yumşaq və divarboyu mebel dəstləri, mətbəx və ofis mebelləri, plastik kütlədən hazırlanan qapı və pəncərələr, müxtəlif növ mebel qapıları muxtar respublikamızda bu məhsula olan tələbatı tam ödəyir.

Cənab Prezident, fəaliyyətimizə göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, iqtisadiyyatımızın daha da güclənməsi üçün bütün qüvvələrimizi səfərbər edəcək, Azərbaycanımızın çiçəklənməsinə öz töhfəmizi verəcəyik.

Sağ olun.

 

 

Azərbaycan.-2009.-24 fevral.-S.3.