Bakıda "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının
(2004-2008-ci illər)"
icrasının yekunlarına həsr olunmuş konfrans
keçirilmişdir
Ağcabədi Rayon İcra Hakimiyyətinin
başçısı Şahin Məmmədovun
çıxışı
- Möhtərəm cənab
Prezident!
- Hörmətli konfrans
iştirakçıları!
Qürur hissi ilə bu
yüksək kürsüdən Sizə hesabat verirəm ki,
ölkənin ahəngdar inkişafını təmin etmiş
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında Ağcabədi rayonu üzrə nəzərdə
tutulmuş bütün tədbirlər böyük müvəffəqiyyətlə
yerinə yetirilmişdir. Ağcabədi rayonu indi yeni
inkişaf dövrünə qədəm qoymuş, öz
simasını dəyişərək abad bir diyara
çevrilmişdir.
Cənab Prezident,
bütün qarabağlılar, o cümlədən ağcabədililər
daim Sizin qayğınızı hiss edir, cəbhə bölgəsində
yerləşməsinə baxmayaraq yaşayır, qurur,
yaradırlar. Həyata keçirilən sosial-iqtisadi islahatlar
ağcabədililərin həyatında, onların maddi rifah
halının yaxşılaşdırılmasında
mühüm rol oynamışdır. Məhz bunun nəticəsində
son 5 ildə ümumi məhsul buraxılışı 2,8 dəfə,
kənd təsərrüfatı məhsullarının
istehsalı 1,7 dəfə, orta aylıq əməkhaqqı 5 dəfədən
çox artmışdır. Bu dövrdə 3 mindən
artıq sahibkarlıq subyekti fəaliyyətə
başlamış, 11 mindən çox yeni iş yeri
açılmışdır ki, onların da yarısından
çoxu daimi iş yerləridir.
Respublikamızda
sahibkarlığa yaradılmış münbit şəraitin
nəticəsi olaraq rayonumuzda sutkalıq gücü 40 ton olan
pambıq emalı, beton məmulatı zavodları,
"Hindarx" nar şirəsi istehsalı sexi tikilib istifadəyə
verilmişdir. Hər birində 150 nəfərin işləyəcəyi
2 süd emalı zavodunda, 200 nəfərin yeni iş yeri ilə
təmin ediləcəyi "Cahidoğlu" Məhdud Məsuliyyətli
Müəssisəsində isə tikinti-quraşdırma
işləri davam etdirilir.
Rayon
iqtisadiyyatının əsasını təşkil edən kənd
təsərrüfatının inkişafı məqsədi ilə
ən ağrılı problemin - suvarma suyu probleminin həlli
istiqamətində əsaslı tədbirlər həyata
keçirilmişdir. 1300 kilometr suvarma, 431 kilometr drenaj
kanalı lildən təmizlənmiş, 700 hektar sahənin
suvarılmasını təmin edən 7,6 kilometrlik Hindarx
kanalı bərpa edilərək istifadəyə verilmiş, kənd
təsərrüfatı məhsulları
istehsalçılarının əkin suyuna olan tələbatının
ödənilməsi üçün 152 ədəd subartezian
quyusu qazılıb işə salınmışdır. 8 min
hektar sahənin suvarılmasını təmin edəcək 19
kilometrlik Xanqızı kanalının bərpası isə
cari ilin aprel ayında yekunlaşacaqdır. Əhalinin içməli
suya olan tələbatının ödənilməsi məqsədi
ilə Yuxarı Qarabağ kanalından rayon mərkəzinə
7,2 kilometr məsafədən içməli su xətti çəkilmiş,
3 sutəmizləyici qurğu quraşdırılmış, 34
ədəd içməli su artezian quyusu istifadəyə
verilmişdir.
Cənab Prezident, Sizin
Ağcabədiyə səfərinizdən dərhal sonra
ayırdığınız vəsait hesabına 70 ildən
yuxarı məskunlaşma tarixi, 11 min nəfərdən
çox əhalisi olan Kəbirli, Mehrablı, Qaradolaq, Yeni
Qaradolaq və Aran kəndlərinin içməli suya olan tələbatı
ilə əlaqədar problem artıq öz həllini
tapmışdır. Sizin tapşırığınızla
hazırda Ağcabədi şəhərinin içməli su
təchizatı şəbəkəsinin yenidən qurulması
və kanalizasiya çəkilişi layihəsi üzərində
qızğın iş gedir.
Son 5 ildə rayonda
abadlıq və quruculuq işləri geniş vüsət
almış, tikinti-quraşdırma işlərinin həcmi
19,2 dəfə artmışdır. Heydər Əliyev
adına park, şəhərin küçə və
yolları yenidən qurulmuş, çoxmənzilli
yaşayış binalarının dam örtükləri və
fasadları əsaslı təmir edilmiş, 5 yeni inzibati bina
tikilib istifadəyə verilmişdir. Vaxtilə yararsız
binalarda yerləşən rabitə müəssisələrindən
21-i üçün yeni binalar tikilmiş, rayonumuzda ən
ucqar kəndlərdə belə əhaliyə nümunəvi
rabitə xidməti göstərilməsi təmin
edilmişdir. Tapşırığınızla 350 yerlik rayon
mədəniyyət evi ən müasir tələblər səviyyəsində
əsaslı təmir edilmişdir.
Heydər Əliyev
Fondunun təşəbbüsü ilə yenidən qurulmuş
Üzeyir Hacıbəyli adına mədəniyyət və
istirahət parkında Qarabağ Muğam Mərkəzinin, gənclər
evinin, ahıllar istirahət klubunun inşa edilməsi nəinki
ağcabədililərin, bütün Qarabağ
camaatının böyük sevincinə səbəb
olmuşdur.
Cənab Prezident,
artıq Ağcabədi və 6 qonşu rayondan olan 70 gənc və
yeniyetmə bu mərkəzdə muğamın sirlərinə
yiyələnirlər.
Son 5 ildə rayonda sosial
sahədə də nəzərəçarpacaq dərəcədə
işlər görülmüşdür. Sizin diqqət və
qayğınız nəticəsində Ağcabədidə
ümumi şagird yeri 7 minə çatan 25 orta ümumtəhsil
məktəb binası tikilmiş, 10 məktəb binası əsaslı
təmir edilmişdir. 10 yeni səhiyyə obyekti istifadəyə
verilmiş, Ağcabədi rayon uşaq xəstəxanası,
rayon poliklinikası, doğum evi, 5 həkim ambulatoriyası, 8
feldşer-mama məntəqəsi əsaslı təmir
edilmişdir. Bu işlərin də əksəriyyəti Heydər
Əliyev Fondunun təşəbbüsü və dəstəyi
ilə həyata keçirilmişdir.
İcazə verin,
respublikamızda təhsilin, səhiyyənin, mədəniyyətin,
o cümlədən muğam sənətinin, milli mənəvi
dəyərlərimizin qorunub saxlanması və inkişaf
etdirilməsində misilsiz xidmətləri olan Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya
bütün ağcabədililərin dərin minnətdarlığını
çatdırım.
Möhtərəm cənab
Prezident!
Siz keçən ilin
soyuq yanvar günlərində Qarabağın dilbər guşələrindən
olan Ağcabədiyə səfər etdiniz. Ağcabədililər
həmin günü böyük qürur hissi və minnətdarlıqla
xatırlayırlar. Həmin gün Sizin iştirakınızla
ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsinin
və Heydər Əliyev muzeyinin açılışı
oldu. Sizin və Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın 24 mənzilli binanın
açılışında iştirak etməyiniz, həmin
binada yeni mənzillə təmin olunmuş şəhid ailələri
və Qarabağ müharibəsi əlillərinə orderlərin
və fərdi hədiyyələrin təqdim edilməsi nəinki
onların, bütün ağcabədililərin qəlbində
silinməz iz buraxmışdır. Bu əlamətdar hadisədən
9 ay sonra daha 16 şəhid ailəsi və Qarabağ
müharibəsi əlili yeni mənzillərlə təmin
olunmuşdur.
Rayonumuza səfəriniz
zamanı uzun illər təbii qaz yanacağından məhrum
olan Ağcabədiyə qaz nəqlinin ilk məşəlini
alovlandırmaqla Siz bizim həm ocağımıza, həm də
qəlbimizə hərarət bəxş etdiniz. Məhz Sizin
qayğınız nəticəsində 2008-ci ildə 5500 evə
qaz verilişi bərpa edilmişdir. Bu ildən isə Sizin
tapşırığınızla kəndlərimizə qaz nəqlinin
bərpasına başlanacaqdır.
Möhtərəm cənab
Prezident, bu gün Sizə hesabat verirəm ki, vətəndaşların
istək və arzularının yerinə yetirilməsi
onların müraciətlərinin məzmununu da dəyişmişdir.
İnsanlar artıq əmək şəraitinin yaxşılaşdırılması,
əməkhaqqının artırılması, bir sözlə,
həyat keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar
suallarla daha çox müraciət edirlər.
İnsanlarımızın Sizə, Sizin simanızda xoşbəxt
gələcəklərinə inamının nəticəsi
olaraq son 5 ildə rayon üzrə 98 min kvadratmetr fərdi mənzil
sahəsi tikilib istifadəyə verilmişdir ki, indi ağcabədili
ailəsinin hər bir üzvünə 15,5 kvadratmetr mənzil
sahəsi düşür. Rayon mərkəzində 7 mərtəbəli
120 mənzilli binanın tikintisi isə Ağcabədinin tikinti
sektoru üçün cəlbedici bölgəyə çevrildiyindən
xəbər verir. Əhalinin maddi rifahının yüksəlməsi
nəticəsində fərdi minik avtomobillərinin sayı son
5 ildə 2 min ədəd artaraq 8 mini keçmişdir.
Möhtərəm cənab
Prezident!
Siz daim
çalışırsınız ki, cəbhə bölgəsində
yaşayan soydaşlarımız yurd-yuvalarında özlərini
iqtisadi cəhətdən təminatlı, sosial cəhətdən
müdafiə olunmuş hiss etsinlər. Biz əminik ki,
işğalda olan torpaqlarımız Sizin rəhbərliyiniz
altında geri qaytarılacaqdır.
Möhtərəm
Prezident, cənab Ali Baş Komandan, biz qarabağlılar Sizə
inanır, Sizinlə fəxr edir, Sizə əzəmətli bir
dağ kimi güvənirik və hər an istənilən əmrinizi
yerinə yetirməyə hazır olduğumuzu bildiririk.
Diqqətinizə görə
sağ olun.
Azərbaycan.-2009.-24 fevral.-S.3.