Bakıda "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının
(2004-2008-ci illər)"
icrasının yekunlarına həsr olunmuş konfrans
keçirilmişdir
"Biləsuvar AQRO" süd emalı zavodunun
direktoru Tahir Sadıqovun çıxışı
- Möhtərəm cənab
Prezident!
- Hörmətli
müşavirə iştirakçıları!
Müstəqil ölkəmiz
ulu öndərimiz Heydər Əliyevin yolu ilə inamla gedərək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
müdrik rəhbərliyi ilə son 5 ildə çox
böyük uğurlara imza atmışdır. Azərbaycanımız
çox sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm
qoymuşdur. Qlobal maliyyə böhranına baxmayaraq, ölkəmizin
bir nömrəli islahatçı ölkə kimi
tanınması, ümumi daxili məhsulun (ÜDM)
artımına görə lider dövlətlər arasında
birinci olması hamımızın qəlbini böyük
iftixar hissi ilə doldurur. Ölkə rəhbərliyi tərəfindən
qeyri-neft sektorunun, eləcə də regionların
inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər,
qəbul olunmuş və həyata keçirilmiş proqramlar
öz bəhrəsini verməkdədir.
Dövlət
Proqramının tərkib hissəsi kimi "Biləsuvar
AQRO" süd zavodu artıq fəaliyyətə
başlamışdır. Dəyəri 8 milyon manat olan süd
zavodunun tikinti-quraşdırma işləri 2008-ci ilin
sentyabrında tamamlanmış və Azərbaycan Prezidenti cənab
İlham Əliyevin 2008-ci il oktyabr ayının 7-də Biləsuvar
rayonuna səfəri zamanı bilavasitə xeyir-duası ilə
açılmışdır. Zavodda
quraşdırılmış avadanlıq Avropa ölkələrindən
alınmış ən müasir texnikadır. Zavodumuzun
tikintisinə sərf olunmuş 8 milyon manat vəsaitin bir
qisminin Sahibkarlığa Kömək Milli Fondundan
alınmış güzəştli kreditdən ibarət
olması biz sahibkarlara dövlət qayğısının
parlaq nümunəsidir.
Bildirmək istəyirəm
ki, regionda analoqu olmayan müəssisəmizin gün ərzində
emal gücü 200 tondur. Zavodumuz tam gücü ilə işlədikdən
sonra ölkəmizin daxili süd məhsullarına tələbatını
bütünlüklə ödəyəcək, eyni zamanda, quru
süd kimi mühüm məhsulu ixrac edə biləcəkdir.
Biz fəaliyyətə
başladıqdan sonra həm Biləsuvarda, həm də ətraf
rayonlarda əsas fəaliyyətləri kənd təsərrüfatı
və heyvandarlıqla bağlı olan insanlar "Biləsuvar
AQRO" süd zavodunun işə başlamasını ölkə
rəhbərliyinin, şəxsən cənab Prezidentin aqrar
sektora, kənd təsərrüfatı ilə məşğul
olanlara çox yüksək diqqət və qayğısı
kimi qiymətləndirir, böyük razılıq və minnətdarlıq
hisslərini çatdırırlar.
Hörmətli
müşavirə iştirakçıları, Azərbaycan
Prezidenti İlham Əliyev Biləsuvara səfəri zamanı
"Biləsuvar AQRO" süd zavodunun respublikamız
üçün əhəmiyyətini yüksək qiymətləndirərək
qeyd etmişdir ki, Azərbaycanda ilk dəfə quru süd
istehsal edən zavod tikilibdir və bu zavod Azərbaycanın
bütün tələbatını təmin edəcək,
eyni zamanda, çox böyük ixrac potensialına da malikdir.
Möhtərəm cənab
Prezident, icazə verin çıxışımın sonunda
bildirim ki, həm xarici, həm də daxili investorların Azərbaycan
iqtisadiyyatına həvəslə və çəkinmədən
sərmayə qoyması və səmərəli fəaliyyət
göstərməsi Sizin müdrik siyasətinizin nəticəsidir.
Sizi əmin etmək istəyirəm ki, biz sahibkarlar Azərbaycanımızın
sosial-iqtisadi inkişafı, xalqımızın xoşbəxt
və firavan həyatının təmin edilməsi ilə
bağlı iqtisadi siyasətinizin həyata keçirilməsində
daim Sizin yaxın köməkçiniz olacağıq.
Diqqətinizə görə
təşəkkür edirəm.
Azərbaycan.-2009.-24 fevral.-S.3.