Bakıda "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının
(2004-2008-ci illər)"
icrasının yekunlarına həsr olunmuş konfrans
keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin
başçısı Heydər Abbasovun
çıxışı
- Möhtərəm cənab
Prezident!
- Hörmətli konfrans
iştirakçıları!
Sizə iftixarla hesabat
veririk ki, regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında Sabirabad rayonu üzrə nəzərdə tutulmuş
bütün tədbirlər müvəffəqiyyətlə
yerinə yetirilmiş, rayonumuz keyfiyyətcə yeni inkişaf
mərhələsinə qədəm qoymuşdur.
Böyük qürur
hissi ilə bildirmək istəyirəm ki, Sabirabad rayonunun
inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı
ilə bağlıdır. Ulu öndərimiz Azərbaycana rəhbərliyi
dövründə 14 dəfə Sabirabadda olmuş, hər gəlişi
ilə rayonun sosial-iqtisadi və mədəni inkişafına
böyük töhfələr vermişdir. Ümummilli
liderimizin ölkəmizə rəhbərlik etdiyi illərdə
rayonumuz kənd təsərrüfatında misilsiz nəticələr
əldə etmiş, çoxsaylı emal müəssisələri
yaradılmışdır. Nəticədə həmin vaxtlar
Sabirabad rayonu kənd təsərrüfatı məhsullarının
istehsalı sahəsində nəinki respublikada, hətta
keçmiş Sovetlər İttifaqında tanınmış
bir məkana çevrilmişdi.
Zati-aliləri, XXI əsrdə
Sabirabadın dirçəlişi və inkişafı isə
məhz Sizin möhtəşəm, uğurlu siyasətinizlə
bağlıdır. Sizin ölkədə həyata
keçirdiyiniz islahatlar Sabirabadın da simasını dəyişmiş,
rayonun iqtisadi inkişafına yeni nəfəs vermişdir.
Ölkədə sahibkarlığa göstərdiyiniz
qayğı və diqqət, iş adamlarına
yaratdığınız əlverişli münbit şərait
özəl sektorun inkişafına güclü təkan
vermiş, nəticədə rayonumuz kənd təsərrüfatı
rayonundan aqrar-sənaye rayonuna çevrilmişdir.
Son iki ildə sovetlər
dövründən qalmış Sabirabad konserv zavodu yenidən
qurulmuş, onun nəzdində ən müasir avadanlıqla təchiz
edilmiş, ümumi gücü ildə 20 milyon şərti
banka olan yeni istehsal sahələri yaradılmışdır.
Sahibkarlar artıq kəndlərə də investisiya yönəltməyə
başlamışlar. Kürkəndi kəndində ildə
müxtəlif çeşiddə 5 milyon şərti banka
şirə hazırlayan zavod istifadəyə verilmişdir.
Önəmli haldır ki, vaxtilə rayonda emal olunan kənd təsərrüfatı
məhsulları ancaq MDB məkanına
çıxarılırdısa, indi bu məhsullar Almaniya,
ABŞ, Kanada və Türkiyədə alıcıların rəğbətini
qazanmışdır.
Möhtərəm cənab
Prezident!
Bu gün ölkəmiz
tikinti meydanını xatırladır. Gündən-günə
tikinti materiallarına artan tələbat rayonumuzda da bu sahə
üzrə yeni istehsal müəssisələrinin
yaradılmasına təkan vermişdir. Uzun illər fəaliyyətsiz
qalmış mexaniki təmir zavodunun bazasında 2008-ci ildə
müasir avadanlıqla təchiz edilmiş alüminium kompozit
panelləri istehsal edən zavod yaradılmışdır.
Sutkada 4500-5000 kvadratmetr məhsul istehsal etmək gücündə
olan müəssisənin məhsullarına sifarişçilərin
sayı get-gedə artır. Məlumat verim ki, artıq zavodun məhsulları
daxili tələbatı ödəməklə yanaşı,
bir çox xarici ölkələrə də ixrac olunur.
Möhtərəm cənab
Prezident!
2008-ci il sentyabrın
26-da Siz rayonumuza səfəriniz çərçivəsində
sərnişin və yük liftləri istehsal edən zavodun fəaliyyəti
ilə tanış oldunuz. Ötən müddətdə zavod
300 ədəd lift hazırlayaraq sifarişçilərə
çatdırmışdır. Cari ilin əvvəlindən isə
bu müəssisə artıq Gürcüstana və
Qazaxıstana məhsul göndərməyə
başlamışdır. Əgər sifarişlər bu
cür davam edərsə, zavod 2009-cu ildə 5 min sərnişin
və yük liftləri hazırlaya bilər.
Ötən il tikinti məhsulları
istehsal edən, buraxılış gücü sutkada 500 ton
olan "Muğan Sement" zavodunda yüksək keyfiyyətli
sement istehsalına başlanılmışdır. Burada
istehsal olunan müxtəlif növ sement bütün ətraf
rayonların tələbatını tam ödəmək
iqtidarındadır. Rayonda 2008-ci ildə işə
düşmüş yumşaq tara fabrikində ildə 20 milyon
ədəd müxtəlif növ kisə istehsal olunur. Bu
müəssisənin özəlliyi ondadır ki, burada
çalışanların əksəriyyətini qadınlar təşkil
edir. Son iki ildə yaradılmış 10 istehsal müəssisəsində
ümumilikdə 1200 nəfərdən artıq işçi
qüvvəsi çalışır ki, onların da orta
aylıq əməkhaqqı 280 manatdır.
Cari ildə həmin
müəssisələrdə 120-130 milyon manatlıq sənaye
məhsulunun istehsalı nəzərdə tutulmuşdur ki, bu
da 2003-cü illə müqayisədə ən azı 20 dəfə
çoxdur. Bu müəssisələrin istehsal gücü
proqnozlaşdırılan səviyyəyə
qaldırılarsa, burada çalışan işçilərin
maaşlarının hətta 400-500 manata
çatdırılması mümkün olacaqdır.
Sizin sahibkarlara
yaratdığınız əlverişli şəraitin nəticəsidir
ki, əgər 2003-cü ildə sənaye istehsalının həcmi
ümumi daxili məhsulun cəmi 4,7 faizini təşkil edirdisə,
2008-ci ildə yeni sənaye müəssisələrinin işə
düşməsi ilə bu rəqəm 27 faizədək
yüksəlmişdir. Ancaq bu sahədə bütün
potensiallardan tam istifadə olunmamışdır. Hesab edirik ki,
2009-cu ildə bu rəqəm 60-70 faizə çatacaq, Sabirabad
rayonunun tarixində ilk dəfə sənaye məhsullarının
həcmi rayonun ümumi məhsul
buraxılışının əsasını təşkil
edəcəkdir.
Möhtərəm cənab
Prezident!
Sənayenin
sıçrayışla inkişafı rayonda yeni peşə
və ixtisaslara olan tələbatı ortaya
çıxarmış, peşə hazırlığı məsələlərinə
diqqətin artırılması zərurətini
yaratmışdır. Bunun üçün biz Sabirabad şəhərindəki
texniki peşə məktəbində müxtəlif peşələr
üzrə hazırlıq kursları təşkil etmişik.
Rayonda sənayenin
sürətli inkişafı, yeni iş yerlərinin
açılması gənclərin rayonda qalmaları
üçün əsaslı zəmin yaratmışdır.
Bütün bunların sayəsində ölkəmizdən
xaricə iş dalınca gedən gənclərimiz geri
qayıtmağa başlamışlar. Təkcə son iki ildə
geri dönənlərin sayı 850-ni keçmişdir.
Göstərilənlər
isə öz növbəsində, xidmət sahələrinin də
inkişafına təkan vermişdir. Xidmətlərin
ümumi çəkisinin artması ilə yanaşı,
onların çeşidi və keyfiyyəti də əhəmiyyətli
dərəcədə yüksəlmişdir. Təkcə bir rəqəmi
diqqətinizə çatdırmaq istəyirəm ki, əhalinin
xidmət sahələri üzrə aylıq xərcləri
2003-cü illə müqayisədə 3,4 dəfə
artmışdır.
Gənclərin asudə
vaxtlarının təşkili və sağlam həyat tərzi
üçün rayonda hər cür şəraitin
yaradılması bu günün ən aktual məsələlərindəndir.
Sizin təməlini qoyduğunuz və 2008-ci ildə
açılışını etdiyiniz Olimpiya-İdman
Kompleksi sabirabadlı gənclərə böyük hədiyyə
olmuşdur. Xeyir-duanızla ötən il istifadəyə
verilmiş Gənclər Mərkəzi də gənclərin
sevimli istirahət yerinə çevrilmiş, burada marketinq və
menecment, xarici dil, dizayn və arxitektura, stilist kursları təşkil
edilmiş, elektron kitabxana, dərnəklər, klublar fəaliyyətə
başlamışdır.
Möhtərəm cənab
Prezident!
Sizin bilavasitə rəhbərliyiniz
və tapşırığınız əsasında rayonda
abadlıq və quruculuq işləri geniş vüsət
almış, nəticədə Sabirabad şəhərinin
siması tamamilə dəyişmişdir. Burada yeni parklar və
xiyabanlar salınır, müasir işıqlandırma sistemi
quraşdırılır, küçələr və yollar
abadlaşdırılır.
Möhtərəm cənab
Prezident!
Siz Sabirabadda olarkən
"Sabirabad yeni inkişaf dövrünü
yaşayır" demişdiniz. Bu inkişaf bütün
ölkədə olduğu kimi, Sabirabadda da Sizin adınızla
bağlıdır. Əmin ola bilərsiniz ki, biz
sabirabadlılar həmişə olduğu kimi, Sizin ölkəmizdə
həyata keçirdiyiniz möhtəşəm quruculuq işlərində
yaxından iştirak edəcək, böyük diqqət və
qayğınıza əməli işimizlə cavab verəcək,
müstəqil Azərbaycanımızın inkişafı
naminə üzərimizə düşən bütün vəzifələri
layiqincə yerinə yetirəcəyik.
Diqqətinizə görə
çox sağ olun.
Azərbaycan.-2009.-24 fevral.-S.3-4.