Bakıda "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının

 (2004-2008-ci illər)" icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

 

Gəncə "Kenmak-Medikal" şirkətinin baş direktoru Mirdaməd Məmmədovun çıxışı

 

- Möhtərəm cənab Prezident!

- Hörmətli konfrans iştirakçıları!

Dövlətimizin banisi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar və əldə edilmiş uğurlar onun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Azərbaycanda sahibkarlara göstərilən dövlət qayğısı, qanunvericilik bazasının getdikcə təkmilləşdirilməsi "Kenmak-Medikal" şirkətinin Cənubi Qafqaz regionunda səhiyyə müəssisələri üçün yüksək keyfiyyətli xüsusi tibbi mebel və inventar istehsal edən yeganə zavoda çevrilməsinə təkan vermişdir.

Şirkətimiz 2002-ci ildə Gəncə şəhərində yaradılmış və mütərəqqi texnologiyaların tətbiqi, yüksək ixtisaslı kadrların hazırlanması qısa müddətdə zavodumuzun istehsal etdiyi məhsulların çeşidinin genişləndirilməsinə səbəb olmuşdur. Müəssisədə 140 nəfər yeni iş yeri ilə təmin olunmuş və hazırda 200-dən artıq növdə professional tibb avadanlığının istehsalı təşkil edilmişdir.

Biz fəxrlə deyə bilərik ki, tibbi ləvazimatın istehsalında bizim şirkətimiz önəmli yerlərdən birini tutur və xarici həmkarlarımızın istehsal etdikləri məhsullarla tam rəqabət qabiliyyətlidir. Artıq bu gün bizim Azərbaycan məhsuluna bir çox xarici şirkətlər maraq göstərirlər və bu sahədə bir neçə konkret işlər görülmüşdür. "Kenmak-Medikal" öz məhsullarını artıq Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya və Qazaxıstan bazarlarına ixrac etmişdir. Bu isə Azərbaycanın və onun regionlarının digər dövlətlərdə tanınmasına bizim töhfəmizdir.

Azərbaycan bazarında qısa fəaliyyət müddətinə baxmayaraq müəssisəmiz bir çox özəl və dövlət xəstəxanalarını, klinikalarını, hospitallarını və poliklinikalarını tibbi avadanlıqla təchiz etmişdir. Onların sırasında urologiya xəstəxanası, B.Eyvazov adına Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutu, Plastik və Rekonstruktiv Cərrahiyyə Mərkəzi, yazıçılar poliklinikası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin poliklinikası və hospitalı, Gəncə uşaq xəstəxanası, Elmi Tədqiqat Kardiologiya İnstitutu, Siyəzən rayon mərkəzi xəstəxanası və s. vardır.

Məhsullarımızın keyfiyyətli olması, alıcılarımızın problemlərinə diqqətlə yanaşmamız, qiymət siyasətimiz və servis xidmətlərimiz alıcılarımızı həmişə razı salmışdır. "Kenmak-Medikal" MMC xüsusi tibbi mebelin istehsalı ilə yanaşı, eyni zamanda, orta məktəblər və ali təhsil ocaqları üçün də xüsusi inventar hazırlanması ilə də məşğul olur. Bu məqsədlə 2003-cü ildə şirkətin tərkibində xüsusi bir qurum-"Kenmak-School" yaradılmışdır. Ölkəmizin Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbulu haqqında sərəncamından sonra, eləcə də dövlətimizin və Heydər Əliyev Fondunun səhiyyə və təhsilin inkişafına göstərdiyi qayğı nəticəsində istehsal etdiyimiz məhsullara tələbat daha da artmışdır. Belə ki, şirkət Azərbaycanın bir çox bölgələrində kifayət qədər çox sayda məktəb, uşaq bağçası, kitabxana və ali təhsil ocaqlarını beynəlxalq standartlar səviyyəsində məhsulla təchiz etmişdir.

Müasir dizayna və yüksək keyfiyyətinə görə seçilən inventarların istehsalı ilə yanaşı, "Kenmak-School" şirkəti təhsil sahəsində bir çox novator ideyaları da həyata keçirir. Bu gün dünyada baş verən maliyyə böhranı bütün ölkələrə mənfi təsir etmişdir. Ancaq dövlət rəhbərinin göstərişi ilə həyata keçirilən iqtisadi islahat bu böhranın ölkəmizə çox az təsir göstərməsinə səbəb olmuşdur. Bu siyasi sabitliyin və iqtisadi inkişafın davam etdirilməsi üçün bundan sonra da səylə çalışacaq, möhtərəm Prezident İlham Əliyevə daim dəstək olacağıq.

Diqqətinizə görə sağ olun!

 

 

Azərbaycan.-2009.-24 fevral.-S.4.