Bakıda "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının
(2004-2008-ci illər)"
icrasının yekunlarına həsr olunmuş konfrans
keçirilmişdir
Qusar Rayon İcra Hakimiyyətinin
başçısı Şair Alxasovun
çıxışı
- Möhtərəm cənab
Prezident!
İcazə verin, əvvəlcə,
Sizə bütün qusarlıların salamlarını, dərin
hörmət və ehtiramlarını çatdırım.
Deyim ki, hər bir qusarlı Azərbaycan kimi inkişaf edən,
çiçəklənən bir ölkənin vətəndaşı
olması ilə, Sizin kimi qurub-yaradan, müasir və
qayğıkeş Prezidenti ilə fəxr edir.
Ötən il
oktyabrın 15-də keçirilmiş prezident seçkilərində
Sizə səs verməklə, onlar həm Sizə, həm əbədiyaşar
Heydər Əliyev ideyalarına, həm də öz xoşbəxt
gələcəklərinə səs verdilər. Bu gün Azərbaycanın
tarixində çox böyük əhəmiyyət kəsb edən
bir dövrə yekun vururuq. Sizin uzaqgörənliyiniz və qətiyyətiniz
sayəsində, 2004-cü ildə hazırlanıb qəbul
edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı artıq böyük uğurla yerinə
yetirilmişdir. Bu müddətdə Azərbaycanın digər
rayonları kimi, Qusar rayonu da dinamik inkişaf yolu
keçmişdir. Sizin bölgələrin problemlərinə
diqqətlə yanaşmağınızın nəticəsidir
ki, son beş il ərzində Qusar rayonunda ümumi məhsul
istehsalı 2,8 dəfə, kənd təsərrüfatı məhsulları
istehsalı 2,1 dəfə, rayonun iqtisadiyyatına yönəldilən
investisiyalar 5,6 dəfə, büdcə xərcləri 5,1 dəfə,
orta aylıq əməkhaqqı isə 4,5 dəfə
artmışdır.
Qusar rayonunun ölkə
xəritəsindəki coğrafi və iqtisadi mövqeyi, təbii
sərvətləri və füsunkar gözəlliyi onu yerli və
beynəlxalq turizmin inkişafı üçün çox cəlbedici
bir bölgəyə çevirir. Rayonumuzda aparılan quruculuq
işləri bölgədə turizmin inkişafı
üçün möhkəm bünövrə yaradır. Belə
ki, ötən illər Qusarın təbii gözəlliyi
saxlanılmaqla çoxsaylı yeni sosial obyektlər inşa
olunmuş, müasir park və xiyabanlar salınmış,
şəhərin işıqlandırma sistemi yenidən
qurulmuş, şəhərdaxili küçələrə
ümumilikdə 200 min kvadratmetrə yaxın asfalt
örtüyü döşənmiş, mövcud çoxmənzilli
yaşayış binalarının əksəriyyəti əsaslı
təmir edilmiş, nümunəvi məhəllələr
salınmışdır. Qusar şəhəri də daxil
olmaqla 21 yaşayış məntəqəsinə təbii
qazın verilməsi bərpa edilmiş və beş il ərzində
30 kilometrdən çox müxtəlif diametrli yeni qaz xətləri
çəkilmişdir.
Eyni zamanda, 61 kilometr
uzunluğunda yeni su xətləri çəkilmiş, istismara
yararsız vəziyyətə düşmüş 30 kilometrdən
çox su xətləri yeniləri ilə əvəz
edilmişdir. Təkcə son bir ildə on kənddə
subartezan quyusu qazılmışdır. Bazar
iqtisadiyyatındakı müsbət meyilləri hiss edən
iş adamları Qusarda çoxmərtəbəli binaların
inşasına başlamışlar. Sizin təşəbbüsünüz
və Bakıdan şimal sərhədlərinə doğru
çəkilən və Cənubi Qafqazda analoqu olmayan
müasir beton avtomobil yolu bölgənin inkişafında, o
cümlədən Qusarın önəmli turizm və mədəniyyət
mərkəzinə çevrilməsində böyük rol
oynayacaqdır. Biz bunu yolun açılışından sonra
rayonumuza gələn qonaqların sayının nəzərəçarpacaq
dərəcədə artmasından hiss edirik.
Sizin
tapşırığınızla 29 kilometrlik Qusar-Laza yolunun
inşasına artıq başlanılmışdır. Biz
qusarlılar rayonumuza növbəti səfəriniz zamanı bu
yolun da təntənəli açılışında
iştirakınızı səbirsizliklə gözləyirik.
Qusarlılar inanırlar ki, yaxın gələcəkdə
rayonumuzun bütün kənd yolları belə yüksək səviyyədə
və keyfiyyətlə inşa ediləcəkdir.
Nəhayət,
açılışında iştirak etdiyiniz, özünəməxsus
memarlıq üslubunda inşa edilmiş Qusar Olimpiya Kompleksi bu
gün qapılarını rayon sakinlərinin üzünə
geniş açmışdır. Fürsətdən istifadə
edib, Sizə hesabat vermək istəyirəm ki, Qusar Olimpiya
Kompleksi bu gün tam gücü ilə işləyir. Yeri gəlmişkən
qeyd edim ki, rayonumuza gələn xarici qonaqlar bu kompleksin onlarda
doğurduğu heyranlıq, hətta mən deyərdim, həsəd
hisslərini gizlədə bilmirlər.
Möhtərəm cənab
Prezident!
Biz artıq bu gün
verdiyiniz dəstək sayəsində böyük cəsarətlə
irimiqyaslı, ölçülərinə görə indiyədək
analoqu olmayan turizm layihələrinə qoşuluruq. Mən
Sizin təşəbbüsünüz və xeyir-duanızla
Qusar rayonunun Laza və Aladaş kəndlərinə, eləcə
də Böyük Qafqaz sıra dağlarının yüksək
zirvələrindən biri olan Şahdağına yaxın ərazidə,
- bölgədə bənzəri olmayan Şahdağ
Qış-Yay Turizm və İstirahət Kompleksini nəzərdə
tuturam, - təbiətin füsunkar guşəsində beynəlxalq
standartlar səviyyəsində yaradılan bu kompleks respublika əhalisinin,
həmçinin xarici ölkələrin böyük maraq və
diqqətinə səbəb olmuşdur. Bu gün Şahdağ
sözü rayonumuzda ağsaqqaldan tutmuş məktəbliyədək
hamının dilindədir. Layihə rayona yeni iş yerləri,
investisiyalar, inkişaf, bir sözlə tamamilə yeni həyat
gətirəcəkdir.
Yaxın keçmişdə
qusarlılar heç təsəvvürlərinə belə gətirə
bilməzdilər ki, vaxt olacaq rayonun ərazisində dəniz səviyyəsindən
3 min metr hündürlükdə 340 yerlik dördulduzlu hotel,
lift bazası, xizək məktəbi, buraz yolları inşa
ediləcək, süni kanallaşdırma sistemi yaradılacaqdır.
Kim düşünərdi ki, dünyanın aparıcı
turizm şirkətləri Qusarda işləmək
üçün bir-biri ilə rəqabət aparacaqlar. Bəli,
indi bunlar günün reallığı, cənab Prezident,
Sizin apardığınız müdrik siyasətin nəticəsidir.
Biz əminik ki, bu layihə
müvəffəqiyyətlə həyata keçəcək,
bütün dünya özü üçün Qusar fenomenini
kəşf edəcəkdir. Gün gələcəkdir ki, biz
Qusarı İsveçrə ilə yox, İsveçrəni
Qusarla müqayisə edəcəyik. Biz buna ürəkdən
inanırıq.
Möhtərəm cənab
Prezident!
Biz çox sevinirik ki,
ulu öndərimiz Heydər Əliyev kimi Siz də Azərbaycanın
şimal qapısı sayılan Qusar rayonuna, onun sosial-iqtisadi
inkişafına həmişə böyük diqqət və
qayğı ilə yanaşırsınız. 2004-cü il
iyulun 21-də Qusar şəhərində rayon sakinləri ilə
görüşünüz zamanı dediyiniz sözlər hər
bir qusarlının ürəyində silinməz iz
buraxmışdır. Siz onda demişdiniz: "Mən Qusara
xüsusi diqqət göstərəcəyəm.
Çalışacağam ki, bu gözəl rayon daha da gözəlləşsin,
abadlaşsın. Mən daim qusarlılarla olacağam və biz
birlikdə böyük işlər görəcəyik".
Qusarlılar Sizin
qayğınızı həmişə hiss edir, onun konkret nəticələrini
görürlər. Son beş ildə rayonda həkim-ambulatoriya
kompleksi, elektron avtomat telefon stansiyaları, gənclər evi
inşa olunmuş və təkcə 2008-ci ildə mədəniyyət
sarayı, mərkəzi kitabxana, tarix diyarşünaslıq
muzeyi, N.Nərimanov adına mədəniyyət və istirahət
parkı əsaslı təmir edilmişdir. Qusara son səfəriniz
zamanı yeni xəstəxana binasının təməlinin
qoyulması da rayon əhalisinin sağlamlığına
göstərdiyiniz qayğının daha bir təzahürüdür.
Dediklərim rəhbərliyiniz altında
gördüyümüz işlərin yalnız bir hissəsidir.
Həqiqətən Sizin
ölkə daxilində nüfuzunuz, apardığınız
siyasət el arasında "insan simalı siyasət"
adı almışdır. Çünki bu siyasətin əsasını
insanlara qayğı təşkil edir. Sizin əhalinin sosial
problemlərinin həllinə dair verdiyiniz tapşırıq və
tövsiyələr hazırda respublikada elə bir sahə
yoxdur ki, orada mövcud problemin həlli istiqamətində
işlər görülməsin. Əhali ilə yerlərdə
keçirdiyimiz görüşlər bu məsələlərdə
bizə əvəzsiz kömək edir.
Sizin
tapşırığınızla daim əhali arasında
olur, müxtəlif sosial qrupların nümayəndələri
ilə görüşür və bir sözlə, cəmiyyətin
əhval-ruhiyyəsini həmişə hiss edirik. Ölkə rəhbərinin
qayğısını hiss edən insanlarda qurmaq, yaratmaq əzmi
durmadan artır. Ölkədə təhsil müəssisələrinin
maddi-texniki təchizatına göstərilən dövlət
qayğısı nəticəsində rayonda 2004-2008-ci illərdə
17 yeni məktəb binası inşa edilmiş, 8 məktəb
binası əsaslı təmir olunmuşdur ki, bu işlərin
əksəriyyətinin təşəbbüskarı və təşkilatçısı
Heydər Əliyev Fondudur. Rayon əhalisi, ziyalılar, Sizə
və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevaya təhsilə,
övladlarımızın gələcəyinə göstərdiyiniz
qayğıya görə öz minnətdarlıqlarını
bildirirlər.
Zati-aliləri, icazə
verin, Sizi əmin edim ki, faktiki olaraq bu gün
başlanğıcına start verilən növbəti
beşillik Dövlət Proqramı müstəqil Azərbaycanın
tarixinə inkişaf, intibah və çiçəklənmə
proqramı kimi daxil olacaq və biz qusarlılar bu
inkişafın önündə gedənlərin ilk
sıralarında olacağıq.
Diqqətinizə görə
minnətdaram.
Azərbaycan.-2009.-24 fevral.-S.4.