Bakıda "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının

 (2004-2008-ci illər)" icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

 

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun çıxışı

 

- Möhtərəm cənab Prezident!

- Hörmətli konfrans iştirakçıları!

Ölkəmizin hər yerində olduğu kimi, Dövlət Proqramının icrası Cəlilabad rayonunun da inkişafına güclü təkan vermişdir.

Möhtərəm cənab Prezident!

Sizə hesabat verərək bildirmək istəyirəm ki, göstərdiyiniz qayğı və diqqət nəticəsində son 5 ildə rayonumuzun inkişafının bütün göstəriciləri yüksələn xətlə davam etmişdir. Sizin birbaşa köməyiniz, rayona etdiyiniz səfərlər zamanı verdiyiniz tapşırıqlar nəticəsində Dövlət Proqramında Cəlilabad rayonu üzrə nəzərdə tutulmuş tədbirlərdən qat-qat artıq işlər görülmüşdür.

2003-cü illə müqayisədə 2008-ci ildə kənd təsərrüfatı məhsulları istehsalı 4,6 dəfə, sənaye məhsulları istehsalı 3,5 dəfə, əsas kapitala yönəldilən investisiyalar 16,3 dəfə, orta aylıq əməkhaqqı isə 4,6 dəfə artmışdır.

2004-2008-ci illərdə rayonda 57 istehsal və 383 xidmət obyekti istifadəyə verilmişdir. Həmin dövrdə 22 min 192 yeni iş yeri açılmışdır ki, onun da 13 min 116-sı daimidir. Bu sahədə tapşırığınızın icrası üçün bütün imkanlardan maksimum istifadə olunur. Tikintisi davam edən istehsal və sosial təyinatlı bir neçə obyektin istifadə verilməsindən sonra əhalinin məşğulluğunu təmin etmək üçün daha böyük imkanlar yaranacaqdır.

Möhtərəm cənab Prezident!

Rayonumuzun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Həmişə kəndə, onun sadə insanlarına qayğısını əsirgəməyən ulu öndərimiz torpağı kəndliyə qaytarmaqla onu yenidən bu torpaqların sahibi etdi. Siz isə, cənab Prezident, kəndlinin toxum, gübrə, damazlıq heyvanları, yanacaq, texnika ilə təmin edilməsinə dövlətimizin dəstəyini verməklə bu sahədə çalışan 100 minlərlə əhaliyə yeni həyat, yeni nəfəs verdiniz, onları ayağa qaldırdınız. Artıq aqrar bölmədə böyük canlanma əmələ gəlir, kəndlərdən şəhərlərə gedən insanlar yenidən torpağa üz tuturlar.

Kənd adamları qəbul etdiyiniz qərarların, imzaladığınız sərəncamların verdiyi imkanlardan bəhrələnərək hər il əkin sahələrini daha da genişləndirir, yüksək məhsul əldə edirlər. Son beş ildə rayonda görünməmiş miqdarda məhsul toplanmış, orta illik taxıl istehsalı 130 min tona, kartof istehsalı 110 min tona, süd istehsalı 50 min tona, ət istehsalı 10 min tona çatmışdır.

Sevindirici haldır ki, yaratdığınız münbit şərait adamlarda həm də əsl sahibkarlıq, təsərrüfatçı psixologiyası formalaşdırmışdır. Torpaq mülkiyyətçiləri artıq öz gəlir-çıxarlarını hesablamağa, daha sərfəli sahələrə üstünlük verməyə başlamışlar. Vaxtilə ənənəvi taxılçılıq və üzümçülük diyarı kimi tanınan Cəlilabadda indi faraş kartof istehsalı da mühüm yer tutur. Bu sahəyə son vaxtlar artan meylin əsas səbəbi bir tərəfdən istehsalçılara dövlətin yaratdığı şərait nəticəsində məhsulun maya dəyərinin aşağı düşməsi, digər tərəfdən isə rayonda hər il istehsal olunan faraş kartofun 70-75 faizinin qonşu ölkələrə ixrac olunması və yaxşı gəlir gətirməsi ilə bağlıdır. Vaxtilə Rusiyadan kartof gətirən ölkə indi Rusiyaya kartof göndərir.

Həmişə Cəlilabada şöhrət gətirmiş üzümçülüyün yenidən inkişafı Dövlət Proqramında da öz əksini tapmışdır. 1500 hektardan çox sahədə yeni yüksək məhsuldar üzüm bağları salınmış, xeyli adam işlə təmin olunmuşdur. Keçən il Qarazəncir kəndində Fransa və İtaliya istehsalı olan avadanlıqla dünya standartlarına cavab verən şərab zavodunun tikilməsi və 681 hektar əkin sahəsinin suvarılması üçün 4,2 milyon kubmetrlik Göytəpə su anbarının inşasının başa çatdırılması üzümçülüyə marağı daha da artırmışdır. Cəlilabad şərabı təkcə yerli bazara deyil, yaxın vaxtlarda artıq dünya bazarlarına da çıxa biləcəkdir.

Sahibkarlığın inkişafına ölkədə yaradılmış əlverişli şərait "Cəlilabad-broyler" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin də bərpa edilməsinə imkan vermişdir. Fabrik qısa müddətdə istehlakçılara 1379 ton yüksək keyfiyyətli quş əti satmışdır. "Aqrolizinq" ASC-nin Cəlilabad aqroservis müəssisəsinin yaradılması kənd əməkçilərinə göstərilən xidmətin səviyyəsini yüksəltmiş, onların güzəştli gübrə, toxum və mal-qara ilə təminatını yaxşılaşdırmışdır.

Cənab Prezident, Sizin tapşırığınıza əsasən rayonumuzun fermerləri Bakı şəhərində hər həftə keçirilən yarmarkalara bugünədək 32 adda 1260 ton müxtəlif kənd təsərrüfatı məhsulları çıxarmışlar. Bu yarmarkalar həm maneəsiz şəkildə öz məhsulunu satmaq imkanı əldə etmiş fermerləri, həm də yüksək keyfiyyətli məhsulu bazar qiymətindən 30-40 faiz ucuz qiymətə alan Bakı sakinlərini olduqca razı salır.

Ölkənin enerji təminatını yaxşılaşdırmaq üçün həyata keçirdiyiniz tədbirlər nəticəsində Astara modul tipli elektrik stansiyasının işə salınması rayonumuzun iqtisadi inkişafına əlavə təkan vermişdir. Artıq elektrik enerjisi verilişindəki bütün məhdudiyyətlər aradan qalxmış, yeni sənaye və kənd təsərrüfatı müəssisələrinin işə başlaması, mövcud obyektlərin normal fəaliyyəti üçün münbit şərait yaranmış, əhalinin sabit elektrik enerjisi ilə təchizatı yüksək səviyyədə təmin olunmuşdur.

Cəlilabad ulu öndərimizin aqrar siyasəti sayəsində vaxtilə ən çox üzüm və taxıl istehsal edən rayon kimi keçmiş sovetlər birliyinə səs salmış, şan-şöhrət qazanmış, əhalisi firavan yaşamağa alışmışdı. Ulu öndərin rayonumuza göstərdiyi qayğını davam etdirərək, cənab Prezident, Siz də diqqətinizi Cəlilabaddan əsirgəməmiş, onu ölkənin ən abad diyarlarından birinə çevirmisiniz. Zəhmətkeş, qədirbilən cəlilabadlıların qürurunu bir daha onların özlərinə qaytarmısınız. Bütün bunlara görə Cəlilabad əhalisinin cavanı da, qocası da Sizə öz səmimi minnətdarlıqlarını bildirir.

Möhtərəm cənab Prezident!

Sizin tapşırığınıza əsasən rayonumuzda tikinti-abadlıq işləri də geniş vüsət almışdır. Bilavasitə Sizin tövsiyənizlə tikilən və açılışında iştirak etdiyiniz 5 hektarlıq Heydər Əliyev seyrəngahı indi cəlilabadlıların əsl istirahət mərkəzinə çevrilmişdir. Ümummilli liderimizin parkda ucaldılmış əzəmətli abidəsi və açılışında iştirak etdiyiniz muzeyi qədirbilən cəlilabadlıların ulu öndərin xatirəsinə ehtiramının parlaq təzahürüdür. Bundan başqa, göstərişiniz əsasında ayrılmış vəsait hesabına əhalinin mədəni istirahətinin təşkili məqsədi ilə Cəlilabad şəhərində 9 hektar sahəni əhatə edən 3 park salınmış, 4 hektar sahəni əhatə edən "Xatirə" parkı əsaslı şəkildə yenidən qurulmuşdur. Cəlilabad şəhərində xalçaçılıq, tikiş, konserv, çörək, mebel və dəmir-beton məmulatı sexləri, rayonun idarə və təşkilatları üçün 10-dan artıq yeni inzibati bina tikilmişdir. İqtisadiyyatın və sahibkarlığın sürətli inkişafı, əhalinin gəlirlərinin artması son vaxtlar 6 kommersiya bankına rayonda öz filiallarını açmağa imkan vermişdir.

Əvvəllər bərbad vəziyyətdə olan avtovağzal, rayon mədəniyyət evi, rayonlararası oftalmoloji xəstəxana, qonaq evi, 9 inzibati bina əsaslı təmir olunmuşdur. Şəhərin giriş hissəsi, Ələt-Astara şosesinin Cəlilabad şəhəri ərazisindən keçən hissəsi və Heydər Əliyev prospekti yenidən qurulmuş, 15 kilometr məsafədə yeni işıqlandırma sistemi quraşdırılmışdır. Açılışında iştirak etdiyiniz və regionda bənzəri olmayan yeraltı keçidin istifadəyə verilməsi əhali tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır.

Tapşırığınızla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 16 mənzilli 2 yaşayış binası tikilib istifadəyə verilmiş, hazırda isə 36 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Cəlilabad şəhərində tikilməkdə olan müalicə-diaqnostika və gənclər üçün istirahət mərkəzlərində işlər artıq sona çatır, olimpiya-idman kompleksində inşaat işləri sürətlə davam etdirilir. Bu binalar əhalinin sağlamlığının qorunması ilə yanaşı, öz əzəməti və arxitektura gözəlliyi ilə də şəhərimizə xüsusi yaraşıq verəcəkdir.

Ötən dövr ərzində rayonda abadlıq işləri yeni vüsət almış, Ələt-Astara şosesinin Cəlilabad ərazisindən keçən 37 kilometrlik hissəsinə, şəhərin 26 küçəsinə, 21 kilometr kəndarası yollara asfalt döşənmiş, 182 kilometr kənd yoluna çınqıl tökülmüş, avtomobil tıxaclarını aradan qaldırmaq məqsədi ilə köməkçi yollar və piyadalar üçün səkilər düzədilmişdir.

Ulu öndərimiz deyirdi ki, yol abadlıq, mədəniyyətdir. Sizin 2007-ci il aprelin 9-da rayonumuza səfəriniz zamanı verdiyiniz tapşırığa əsasən 67 kəndi əhatə edəcək 71 kilometrlik Cəlilabad-Yardımlı avtomobil yolunun çəkilişinə başlanmışdır. Bu hər iki rayonun əhalisinin sevincinə səbəb olmuşdur.

Möhtərəm cənab Prezident, icazə verin bütün bu tikinti-quruculuq işlərinə görə Cəlilabad camaatının ən səmimi minnətdarlığını Sizə bir daha çatdırım.

Möhtərəm cənab Prezident!

Uzun illər diqqətdən kənarda qalmış, çoxu qəza vəziyyətinə düşmüş məktəblər Dövlət Proqramının həyata keçirilməsi nəticəsində indi istilik sistemləri, müasir laboratoriyaları, idman salonları, avadanlığı olan yeni binalarla əvəzlənir. 2004-2008-ci illər ərzində açılışında iştirak etdiyiniz Alar kənd, habelə 8 kənd orta məktəblərinin binaları istifadəyə verilmiş, 4 məktəbdə 18 əlavə sinif otağı tikilmiş, 5 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Hazırda 4 kənddə hər biri 260 şagird yeri olan yeni orta məktəb binaları tikilir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən əlavə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir sıra işlər görülmüşdür. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Kövüzbulaq, Bəcirəvan, Çünzəli, Cəlayir və Ağdaş kəndlərində 1680 şagird yerlik orta məktəb binaları tikilmişdir. 2008-ci il sentyabrın 7-də rayona səfəriniz zamanı Fondun təşəbbüsü ilə Cəlilabad şəhərində tikilmiş akademik Zərifə Əliyeva adına 1100 şagird yeri olan möhtəşəm məktəb binasının açılışında iştirak etməyiniz təkcə müəllimlərin və şagirdlərin deyil, bütün rayon ictimaiyyətinin hədsiz sevincinə səbəb olmuşdur.

Sizin təhsilə göstərdiyiniz sonsuz diqqət və qayğını sübut etmək üçün belə bir müqayisə yerinə düşər: əgər 1980-2004-cü illəri əhatə edən 25 il ərzində rayonumuzda cəmi 8 məktəb binası inşa olunmuşdursa, 2004-cü ildən sonrakı beş il ərzində 30-a yaxın məktəb binası tikilib istifadəyə verilmişdir. Bir rayonun timsalındakı bu fakt bütövlükdə respublikada məktəb binaları tikintisinin ümumi mənzərəsini xarakterizə edir. Bütün bunlar ardıcıl surətdə apardığınız siyasətin təntənəsi və cəlilabadlılara bəslədiyiniz ehtiramın bəhrəsidir. Rayonumuzda təhsilin inkişafına göstərdiyiniz böyük qayğıya görə Sizə və görkəmli ziyalı Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.

Son illər rayonda 600-dən çox fərdi evin tikilməsi əhalinin rifahının yüksəlməsinin əsas göstəricisi sayıla bilər. Tikilən evlər nəinki şəraiti baxımından, həm də arxitektura görünüşü ilə də 5-10 il bundan əvvəl tikilən evlərdən müqayisəyəgəlməz dərəcədə fərqlənir. Bütün bunlar Sizin müasirlik və yenilik ideyalarınızın artıq adi insanların da təfəkkürünə sirayət etdiyinə sübutdur.

Zati-aliləri!

Dövlət Proqramının bəhrələrini ölkənin bütün vətəndaşları kimi hər bir cəlilabadlı ailəsi də öz üzərində hiss edir. Odur ki, 2008-ci il oktyabrın 15-də keçirilən seçkilər zamanı cəlilabadlılar, cənab Prezident, Sizə səs verdilər. Sizi ürəkdən sevən Azərbaycan xalqının bu seçimi son beş ildə zati-alinizin uğurlu siyasətinə, ölkənin inkişafına və tərəqqisinə verilən qiymətin bariz təzahürüdür.

Möhtərəm cənab Prezident!

Rayonumuzda olarkən demişdiniz: "İndi biz Cəlilabada yeni həyat veririk". Bəli, həqiqətən də bu gün Cəlilabad öz xoşbəxt günlərini yaşayır, əhali müdrik Prezidentinin rəhbərliyi altında böyük ümid və inamla sabaha doğru addımlayır. Müstəqil Azərbaycanın tərəqqisi naminə qarşıya qoyduğunuz vəzifələrin həyata keçirilməsi üçün bundan sonra da biz cəlilabadlılar bütün qüvvə və bacarığımızı sərf edəcəyik.

Diqqətinizə görə sağ olun!

 

 

Azərbaycan.-2009.-24 fevral.-S.4.