Bakıda "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının
(2004-2008-ci
illər)" icrasının yekunlarına həsr olunmuş
konfrans keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
- Son illər ərzində
hər il fevral ayında biz regional inkişaf proqramının
yekunları ilə bağlı
yığışırdıq, müzakirə edirdik və hər
il proqrama yeni əlavələr olunurdu. Bununla bərabər, mən
son beş ildə bölgələrə gedərkən, vəziyyətlə
yerlərdə tanış olarkən, əlbəttə ki,
proqramla əlaqədar lazım olan əlavə tədbirlərin
görülməsi haqqında müvafiq göstərişlər
vermişdim. Rayonların inkişafına dair çoxsaylı əlavə
sərəncamlar imzalanmış, əlavə vəsait
ayrılmışdır. Yəni proqram bir istiqamət idi və
əlbəttə ki, biz keçən illər ərzində
proqrama əlavələr etməklə onu daha da zənginləşdirdik.
Beləliklə, qarşıya qoyduğumuz məqsədlərə
çatmaq üçün daha da yaxşı şərait
yaradılmışdır.
Bir sözlə,
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı uğurla başa çatdı və növbəti
illər üçün yeni proqram da hazırlanıbdır.
Növbəti dövr başlayır, beşillik dövr
başlayır. Növbəti beş il ərzində çox
işlər görülməlidir. Əvvəlki illərdə
görülməmiş işlər, yaxud da ki,
yarımçıq qalan işlər başa
çatmalıdır, görülməlidir. Azərbaycanın
uğurlu gələcək inkişafını təmin etmək
üçün böyük investisiyalar qoyulmalıdır,
infrastruktur layihələri davam etdirilməlidir və yeniləri
başlanmalıdır. Azərbaycanın dövlət
investisiya layihələri də çox böyükdür,
çox genişdir və bu ilin investisiya proqramı da bir
neçə milyard dollar təşkil edir. Bu proqramın
icrası nəticəsində təkcə 2009-cu ildə hər
bir sahədə böyük işlər görüləcəkdir.
Ölkəmizin maddi imkanlarını nəzərə alaraq,
hesab edirəm ki, növbəti beş il ərzində infrastruktur
layihələrinin hamısını başa
çatdırmalıyıq. Hesab edirəm ki, buna imkan var və
biz bunu etməliyik.
Eyni zamanda, növbəti
beşillik proqram hazırlanarkən təbii ki, bölgələrdən
çoxsaylı təkliflər gəldi. Mən göstəriş
vermişdim ki, rayonlardan gələn təkliflər təhlil
edilsin və məhz onların əsasında biz regional
dövlət proqramının ikinci versiyasını qəbul
edək. Çünki bölgələrdə yaşayan
insanlar daha yaxşı bilirlər ki, hansı məsələ
həll olunmalıdır. Hesab edirəm ki, növbəti
beş ildə Azərbaycan bölgələrində,
bütövlükdə ölkəmizdə bu vaxta qədər
həllini tapmamış məsələlər həll
olunmalıdır və proqram məhz bu istiqamətə
yönəldilibdir. Növbəti proqram yəqin ki, yaxın
zamanlarda qəbul ediləcək, təsdiqlənəcəkdir.
Proqram çox konkretdir, onun üzərində uzun müddətdir
ki, iş gedir. Orada hər bir məsələnin həlli
üçün həm icra mexanizmləri, vaxt müəyyən
olunub və həm də maddi resurslar da hər il qəbul edilən
büdcədə göstəriləcəkdir. Beləliklə,
Azərbaycanın bölgələrinin hamısında
bütün lazımi tədbirlər görüləcəkdir.
Son beş il ərzində
birinci proqramın icrası nəticəsində biz
gördük ki, əgər siyasi iradə varsa və yaxud
düşünülmüş siyasət varsa, hər bir məsələ
öz həllini tapa bilər. Bu gün səslənən
çıxışlarda və nümayiş etdirilən sərgidə
biz işlərimizin əyani nəticələrini
görürük. Azərbaycan iqtisadiyyatı 2,6 dəfə
artıbdır. Bəzi hallarda məsələni dərindən
bilməyən, yaxud bizim işlərimizə bir növ
kölgə salmaq istəyən mənbələrdən belə
bir fikir gəlir ki, guya buna ancaq neft amilinə görə nail
ola bilmişik. Bax bu gün icra hakimiyyəti
başçılarının çıxışlarında
səslənən rəqəmlər bütün bu
yanlış tezisi alt-üst edir. Demək olar ki, əksər
rayonlarda 2 dəfə, 2,5 dəfə, 2,8 dəfə iqtisadi
artım var. Bizim bölgələrimizdə neft hasilatı
yoxdur. Yəni orada artım məhz qeyri-neft sektorunun
hesabına baş veribdir. Bu artım məhz aparılan
islahatlar nəticəsində, ayrılan vəsait, verilən
kreditlər, sahibkarlığın geniş vüsət
alması nəticəsində baş veribdir.
Əlbəttə ki,
neft-qaz amili bu gün və gələcəkdə ölkəmizin
inkişafı üçün öz müsbət rolunu oynayacaqdır.
Necə ki, neft-qaz hasil edən bütün başqa ölkələrdə.
Ancaq bizim əsas vəzifəmiz, bir daha bunu xüsusi
vurğulamaq istəyirəm, ondan ibarətdir ki, qeyri-neft
sektorunu inkişaf etdirək. Mən giriş sözümdə
son illər ərzində neft-qaz sahəsində əldə edilmiş
nəhəng nailiyyətlər haqqında heç nə demədim.
Çünki, bu, bugünkü konfransın mövzusu deyildir.
Bunlar çox böyük, nəhəng layihələrdir ki,
Azərbaycan onların həyata keçirilməsinə nail
ola bildi. Tarixi əhəmiyyət daşıyan
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər
neft-qaz layihələri, bizim zəngin neft-qaz
yataqlarımızın işlənilməsi və hasilatın
artırılması, Azərbaycanın dünya miqyasında,
Avropa qitəsində enerji təhlükəsizliyi
baxımından mühüm ölkəyə çevrilməsi
- bütün bunlar reallıqlardır. Ancaq mən hesab edirəm
ki, bütün bunlarla yanaşı, bizim önəmli
uğurlarımız məhz qeyri-neft sektorunda baş veribdir.
Bir daha demək istəyirəm, mən tam əminəm ki,
növbəti beş il ərzində bütün vəzifələr
öz həllini tapa bilər. Nəzərə alsaq ki,
infrastruktur layihələrinin böyük bir hissəsi
artıq başa çatıb, növbəti illərdə biz
buna tam şəkildə nail olacağıq. Elektrik enerjisi,
qazlaşdırma - bu sahələrdə, demək olar ki, məsələlərin
böyük əksəriyyəti həll olunubdur.
Növbəti illər ərzində
içməli su təchizatı, meliorasiya, suvarma məsələlərinə
daha böyük diqqət göstərilməlidir. Biz növbəti
beş ildə tamamilə bu problemləri Azərbaycanda həll
etməliyik. Bunu etmək üçün artıq
böyük işlər başlanmışdır. Oğuz-Qəbələ-Bakı
su kəmərinin tikintisi uğurla davam edir. Bunu da mən
çox tarixi və önəmli hadisə kimi qəbul edirəm.
Bunun çox böyük rəmzi mənası var. Neft kəmərinin
fəaliyyəti hesabına əldə edilmiş gəlirlər
su kəmərinin tikilməsi üçün yönəldilibdir.
Bildiyiniz kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin
tikintisi birbaşa Azərbaycan Dövlət Neft Fondu tərəfindən
maliyyələşdirilir.
Samur-Abşeron
kanalının tikintisinin də çox böyük əhəmiyyəti
var. Taxtakörpü su anbarı tamamilə su təhlükəsizliyi
məsələlərimizi təmin edəcəkdir. Bu da
çox önəmlidir. Xüsusilə indiki zəmanədə
nəzərə alsaq ki, Azərbaycanın su mənbələrinin
böyük əksəriyyəti ölkəmizin
hüdudlarının kənarında formalaşır, biz su təhlükəsizliyi
məsələlərinə çox ciddi
yanaşmalıyıq. Ekologiya Nazirliyi xətti ilə bölgələrdə
- Kür, Araz çayları boyunca yerləşən kəndlərdə
sutəmizləyici qurğuların quraşdırılması
və beləliklə, yüz minlərlə insanın təmiz
içməli su ilə təmin edilməsi məsələləri
də öz həllini tapır. Birinci mərhələdə
məhz o bölgələrdə yaşayan 400 min insan,
hansılar ki birbaşa çaydan, kanaldan götürdükləri
suyu dədə-baba qaydaları ilə təmizləməklə,
durultmaqla içirdilər, onlar artıq təmiz içməli
su ilə təmin olunacaqdır. Ümumi proqram isə 800 min əhalini
əhatə edir və göstəriş verilibdir ki,
bütün su mənbələrimiz, çaylarımız
olan yerlərdə insanlar ondan istifadə etdiyi halda, orada müasir
təmizləyici qurğular quraşdırılsın. Su həyat
deməkdir, sağlamlıq deməkdir. Növbəti illərdə
biz bu layihəni daha da geniş şəkildə həyata
keçirəcəyik və artıq digər göstərişlər
də verilibdir ki, Azərbaycan uzunmüddətli qaydada su təhlükəsizliyini
təmin edə bilsin.
Eyni zamanda, növbəti
beş ildə meliorasiya, suvarma sahəsinə böyük vəsaitlər,
sərmayələr qoyulacaqdır. Suvarılan sahələrin
artırılması ilə kənd təsərrüfatının
səmərəli inkişaf etdirilməsi çox
böyük əhəmiyyət kəsb edən məsələdir.
Ümumiyyətlə,
növbəti beş il ərzində ekoloji məsələlərin
həllinə daha böyük diqqət göstərilməlidir.
Bir müddət bundan əvvəl Azərbaycanda ekoloji vəziyyətin
yaxşılaşdırılması üçün
böyük ekoloji proqram qəbul edildi. Xüsusilə
Bakıda, Abşeron yarımadasında ekoloji vəziyyətin
yaxşılaşdırılması, neftlə çirklənmiş
ərazilərin təmizlənməsi, rekultivasiyası,
ağacların əkilməsi üçün lazımi tədbirlər
görülüb, göstərişlər verilibdir. Növbəti
illərdə bu məsələyə çox böyük
diqqət göstəriləcəkdir.
100 ildən çox -
Rusiya imperiyası zamanı, Sovet İttifaqı zamanı və
müstəqillik illəri ərzində Azərbaycanda neft
çıxarılırdı. Ancaq əfsuslar olsun ki, ekoloji məsələlərə
böyük diqqət göstərilmirdi. Ümumiyyətlə,
"ekologiya" termini Sovet İttifaqı zamanında
çox az işlənilirdi. İndi isə biz əsrlər
boyu çirklənmiş torpaqları təmizləməliyik.
Artıq bu proses başlanmışdır. Ekologiya Nazirliyi,
Dövlət Neft Şirkəti və digər qurumlar bu işlərlə
məşğul olur. Deyə bilərəm ki, ən
acınacaqlı yerlərdən biri olan Bibiheybət
buxtasının ətrafında artıq parklar salınır,
ağaclar əkilib, çirklənmiş gölməçələr
təmizlənir. Bu, çox böyük vəsait tələb
edir və biz o vəsaiti ayırırıq. Çünki bu,
birbaşa insanların sağlamlığına qoyulan vəsaitdir,
ekoloji vəziyyətin yaxşılaşmasına yönəldilən
vəsaitdir.
Yəni bizim hələ
həllini gözləyən işlərimiz çoxdur və
bəzilərinə belə görünə bilər ki,
ekoloji məsələlər sosial-iqtisadi inkişafla
birbaşa əlaqəsi olmayan məsələlərdir. Ancaq
belə deyil. Bu məsələlər hər bir ölkə
üçün çox əhəmiyyətlidir və təsadüfi
deyil ki, inkişaf etmiş ölkələrdə ekoloji məsələlərin
həllinə çox böyük diqqət göstərilir.
Azərbaycan da istisna olmamalıdır. Bizim bu sahədə
müəyyən uğurlarımız var, konkret proqramlar var.
Lakin görüləsi işlər həddindən artıq
çoxdur. Ancaq bununla bərabər, bu məsələlərin
həlli üçün lazımi qədər siyasi iradə
var.
Sahibkarlığın
inkişafı son beş il ərzində Azərbaycanda
geniş vüsət almışdır. Bu gün Azərbaycan
sahibkarları nəinki daxili bazarı təmin edirlər, eyni
zamanda, onlar tərəfindən görülmüş işlər
nəticəsində çox yaxşı ixrac potensialı
yaradılıbdır. Çıxışların bəzilərində
bu barədə deyildi. İndi Azərbaycan məhsulları
dünya standartlarına cavab verir, beynəlxalq sertifikatlar
alır. Həm yeyinti sənayesində, həm tikinti sənayesində.
Emal müəssisələrinin fəaliyyəti genişlənir,
Azərbaycanda bölgənin ən böyük emal müəssisələri
yaradılır. Məsələn, Biləsuvar süd emalı
zavodu bu gün südlə nəinki Azərbaycanı,
bütün bölgəni təmin edəcəkdir. Yaxud bir
müddət bundan əvvəl İmişlidə tikilmiş
şəkər zavodu Azərbaycanın tələbatını
tam şəkildə ödəyir. Şəkər vaxtilə,
bütün dövrlər ərzində Azərbaycana xaricdən
gətirilirdi. Bu gün həm daxili tələbat ödənilir,
həm də ixrac edilir. Sahibkarlığın inkişafı
üçün gələcəkdə də lazımi tədbirlər
görüləcəkdir. Bu il Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən veriləcək kreditlərin həcmi
artırılacaqdır. Son dövrdə hər il 100 milyon
dollar səviyyəsində vəsait ayrılırdı. Bu il
daha da çox həcmdə ayrılacaqdır. Çünki əvvəlki
illərdə verilən kreditlər qayıtmağa
başlayıbdır. Bu da çox vacibdir. Yəni sahibkarlar əksər
hallarda kreditlərdən səmərəli istifadə ediblər
və o kreditlər qayıdır, qayıtdıqca, yenidən
iqtisadiyyatın inkişafı üçün kreditlər
şəklində güzəştli şərtlərlə
sahibkarlara veriləcəkdir. Sahibkarlığın
inkişafı üçün təkcə kreditlər, əlbəttə
ki, kifayət etməz.
Eyni zamanda, nəhəng
infrastruktur layihələri, yollar, elektriklə təminat, qaz xətlərinin
çəkilişi və əlbəttə ki, yerlərdə
sahibkarlıqla məşğul olanlara maksimum dəstək
olmalıdır. Mən çox şadam ki, son illər ərzində
bu sahədə çox böyük irəliləyiş əldə
edilib, qanunsuz müdaxilələrin sayı azalıb, - halbuki,
tamamilə aradan qaldırılmalıdır, - sahibkarlıqla
məşğul olmaq üçün prosedur qaydaları
tamamilə sadələşdirilibdir. "Bir pəncərə"
prinsipinin tətbiqi bu sahədə, demək olar ki,
böyük dönüşə səbəb oldu. Yerli icra
orqanlarının fəaliyyəti, əlbəttə ki,
çox vacibdir. Çünki bizim məqsədimiz bölgələrdə
sahibkarlığı inkişaf etdirməkdir və deyə bilərəm
ki, dövlət tərəfindən və Prezident tərəfindən
sahibkarlığın inkişafına çox böyük dəstək
var. Həm mənəvi dəstək verilməsi, həm də
dediyim kimi, dövlətimiz tərəfindən bu sahədə
işləyənlərin vəziyyətinin
yaxşılaşdırılması üçün əlavə
tədbirlər görülməlidir.
Bir sözlə, növbəti
beş il ərzində bu vaxta qədər həllini
tapmamış məsələlər, onların tam əksəriyyəti
bütünlüklə həllini tapmalıdır.
Mən beş il bundan əvvəl
qəbul olunmuş proqramın əsas məqsədləri
haqqında öz fikirlərimi söylədim. O məqsədlərin
hamısına biz çatmışıq, proqramı
artıqlamasilə yerinə yetirmişik. Növbəti beş
il üçün proqramın icrası nəticəsində
ölkə qarşısında duran əsas vəzifələr
icra olunacaq və ondan sonra əlbəttə ki, yeni məsələlər
ortaya çıxacaqdır. Həyat yerində durmur, öz
axarı ilə gedir və biz prosesləri qabaqlamalıyıq.
Biz uzağa baxmalıyıq, gələcəyə
baxmalıyıq. Həm bugünkü problemlərin həlli
üçün çalışmalıyıq, həm də
öz addımlarımızla, siyasətimizlə, qəbul
edilmiş proqramlarla ölkəmizin uzunmüddətli,
dayanıqlı inkişafını təmin etməliyik. On ildən
sonra, əlli ildən sonra elə olmalıdır ki, Azərbaycan
daim çiçəklənsin, Azərbaycan xalqı
yaxşı yaşasın. Azərbaycanın bölgədəki
və dünyadakı mövqeləri daha da möhkəm olsun,
biz buna nail ola bilmişik.
İndi ölkəmiz
çox etibarlı tərəfdaş kimi tanınır. Daxildə
hökm sürən sabitlik, vətəndaş həmrəyliyi,
xalqla iqtidar arasında olan birlik və daxili proseslərin
müsbət istiqamətdə inkişafı, əlbəttə
ki, Azərbaycanın beynəlxalq mövqelərini də
möhkəmləndiribdir. Eyni zamanda, beynəlxalq mövqelər
Azərbaycan üçün yeni əlavə şəraitin
yaradılmasına gətirib çıxarır.
Çünki bizim imkanlarımız artır, təsir dairələrimiz
genişlənir. Azərbaycan xarici əməkdaşlığa
həmişə hazır olan ölkədir və bu istiqamətdə
həm xarici investisiyaların cəlb edilməsi
üçün, həm də regional əməkdaşlıq
məsələlərində bizim təşəbbüskar
olmağımız - bütün bunlar ölkə haqqında
kifayət qədər dolğun təəssürat yaratdı.
Əlbəttə ki, bunun böyük əhəmiyyəti var.
Ancaq ən böyük əhəmiyyəti ondan ibarətdir
ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, Azərbaycan
daha möhkəmlənsin, qüdrətlənsin, zəngin,
inkişaf etmiş ölkəyə çevrilsin. Azərbaycan
xalqı sülh, əmin-amanlıq, rifah içində
yaşasın, yoxsulluq tamamilə aradan qaldırılsın və
ölkəmizin uzunmüddətli inkişafı təmin
olunsun. Bu, bizdən asılıdır. Bu gün verilən qərar
həm indi üçün, həm gələcək
üçün öz təsirini göstərəcəkdir.
Bu vaxta qədər verilən bütün qərarlar
düzgün olmuşdur. Verilən bütün vədlər həyatda
öz yerini tapmışdır. 2003-cü ildə prezident
seçkiləri ərəfəsində verilən
bütün vədlər həyatda öz əksini tapdı.
Elə bir məsələ yoxdur ki, həll olunmasın, yaxud
da verilən vəd icra olunmasın və ya
yarımçıq qalsın. Bunun da çox böyük əhəmiyyəti
var. Ona görə ki, bir tərəfdən, bütün
arzularımız həyatda öz əksini tapır, digər tərəfdən,
bu gün iqtidara xalq tərəfindən olan etimadı daha da
artırır. Azərbaycan xalqı yaxşı bilir ki, əgər
nə demişiksə, onu edəcəyik. Onu da yaxşı
bilir ki, biz Azərbaycanın hərtərəfli
inkişafı üçün və müstəqilliyin
möhkəmlənməsi üçün səylərimizi əsirgəmirik.
Azərbaycan tam şəkildə müstəqil ölkədir,
müstəqil siyasət aparır. Bu siyasətin mənbəyi
xalqdır, bu siyasət də xalq üçün
aparılır. Mən sizə və bütün Azərbaycan
xalqına növbəti beş il ərzində səmərəli
fəaliyyət arzulayıram. Əminəm ki, nəzərdə
tutulmuş bütün vəzifələr uğurla icra ediləcəkdir
və ölkəmizin hərətərəfli inkişafı
təmin olunacaqdır.
Sağ olun.
AzərTAc
Azərbaycan.-2009.-24 fevral.-S.5.