Gürcüstanla Azərbaycan arasında problem doğura biləcək heç bir məsələ yoxdur

 

Oqtay Əsədov müstəqillik əldə etdikdən sonra Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin keyfiyyətcə yeni məna kəsb etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu gün Cənubi Qafqazda strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlmiş münasibətlərimiz əlaqələrimizin möhkəm təməl üzərində inkişafından xəbər verir. Dövlətlərimizin başçılarının görüşləri və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə güclü təsir göstərmişdir.

Milli Məclisin Sədri dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu yüksək dəyərləndirərək, deputatlarımızın müxtəlif beynəlxalq qurumlarda əməkdaşlığının və hər iki ölkənin qanunvericilik orqanlarında parlamentlərarası əlaqələr üzrə işçi qruplarında görülən işlərin əhəmiyyətini xüsusi vurğulamışdır. O demişdir ki, deputatların qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.

O.Əsədov bildirmişdir ki, bütöv bir regionun iqtisadi simasını dəyişə biləcək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişində daha da möhkəmlənmiş əməkdaşlığımız Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasının uğurla başa çatdırılması üçün əsaslı zəmin yaratmışdır. Ölkələrimizin əməkdaşlığından təkcə Azərbaycan və gürcü xalqları deyil, həm də Avropa dövlətləri yararlanırlar. Regionun gələcək inkişafı üçün ən əsas məsələ bu gün bölgədə mövcud münaqişələrin həlli, sülhün və əmin-amanlığın bərqərar olmasıdır.

Pridon Todua Azərbaycanda gördüklərindən məmnun olduğunu bildirmiş və demişdir ki, Gürcüstan ilə Azərbaycan arasında heç bir problem doğura biləcək məsələ yoxdur. Ortaya çıxan məsələləri isə işçi qrupları səviyyəsində həll etmək mümkündür. Bütün bunlar əlaqələrimizin yüksək səviyyədə olduğundan xəbər verir.

Qonaq Gürcüstanın üzləşdiyi ağır günlərdə Azərbaycanın həmişə gürcü xalqının yanında olduğunu məmnunluqla xatırlayaraq, Azərbaycanın dövlət başçısına və xalqına dərin minnətdarlığını ifadə etmişdir.

Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Görüşdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva, ölkəmizin Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstanın ölkəmizdəki səfiri Nikoloz Natbiladze və digər rəsmi şəxslər iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-24 fevral.-S.5.