Alimin vətəndaş
fədakarlığı
Akademik, əməkdar
elm xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı,
"Şərəf" ordenli Akif Əlizadə 1934-cü
ildə tanınmış Azərbaycan həkimləri
Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində
anadan olmuşdur. Bu məşhur azərbaycanlı ailəsi
öz genetik kökləri ilə respublikanın bir çox
görkəmli şəxsləri ilə bağlıdır.
Onlardan Azərbaycan xalqının ən məşhur və
sevilən seyidlərindən biri Ağa Seyidəli
Mirmövsümzadəni, uzun müddət Bakı
quberniyası Şiələr Məclisinin sədri, sonralar isə
Azərbaycanın Şeyxülislamı kimi yüksək vəzifələri
tutmuş görkəmli din xadimi Axund ağa Əlizadəni,
Azərbaycan gənclərinin parlaq lideri Məsud Ağa Mehdi
oğlu Əlizadəni və başqalarını göstərmək
olar.
Orta məktəbi
gümüş medalla bitirmiş gələcək akademik Azərbaycan
Sənaye İnstitutuna daxil olur. Bu, heç də sadə qərar
deyildi, çünki ailədə tibb istiqaməti müəyyənedici
idi, gümüş medal sahibi isə o dövrlərdə
ölkənin istənilən ali məktəbinə müsabiqəsiz
daxil olmaq hüququna malik idi. Akif Əlizadə isə
geologiyaya üstünlük verdi. Lakin tibb peşəsi
ömrü boyu onun sevimli bir istiqaməti olaraq qaldı. Hələ
ilk illərdən başlayaraq onun xarakterinin əsas cizgiləri
uğursuzluqları dəf etməkdə mətinlik, qeyri-adi məqsədyönlülik,
şəxsi intizam, bekarçılıq və
nizamsızlığa qarşı dözümsüzlik
formalaşmağa başladı.
Tələbə elmi cəmiyyətində
fəal iştirakı, ciddi elmi işə həvəs
göstərməsi ilə nəticələndi və sonralar
seçdiyi bilik sahəsində yeni, hələ öyrənilməmiş
məsələlərə can atması gələcək
müqəddəratını müəyyən etdi. Məhz
buna görə də institutu bitirərək neft mədənlərində
quyuların tədqiqi üzrə texnik vəzifəsinin
icrasına başlasa da, yenidən elmə qayıtdı.
1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının
Geologiya İnstitutuna işə qəbul edildi. İnstitut həmişəlik
fəaliyyət məkanına çevrildi.
Qeyd etmək
lazımdır ki, Akif Əlizadənin bir alim kimi
inkişafı Azərbaycan geologiyasının qızıl
dövrünə təsadüf edir. Azərbaycanda geologiya elmi
60-70-ci illərdə özünün inkişaf zirvəsinə
yüksəlmişdi. Bu zaman bir neçə geoloq nəslinin
səyi nəticəsində regionun geoloji quruluşunun və
təkamülinin əsas cizgiləri müəyyən
edilmişdi. Bu fundamental nailiyyətlər bazasında Azərbaycan
geoloqları tərəfindən uzun illər ərzində
respublika iqtisadiyyatının sabit inkişafını təmin
edə biləcək neft və qaz, polimetal və filiz, qeyri-metal
faydalı qazıntı yataqları kəşf edilmişdir.
Bundan əlavə, son onillikdə neft sənayesinin yüksəlişi
və bir qədər gecikmiş olsa da, filiz sənayesinin
dirçəlişi - bütün bunlar o dövrün
geoloqlarının əməyinin bəhrəsidir. Həmin
dövrdə Azərbaycanda geologiya və geofizika sahəsində
elmi və pedaqoji məktəblər də
formalaşmışdı. Elmin sürətli inkişafı gənc
alim üçün olduqca əlverişli şərait
yaratmışdı. Ardıcıl olaraq əvvəlcə elmlər
namizədi, 35 yaşında isə doktorluq dissertasiyası
müdafiə etmiş A.Əlizadə SSRİ-də ən gənc
yüksək ixtisaslı mütəxəssislərdən biri
və Azərbaycan Elmlər Akademiyası sistemində ən
cavan direktor müavini olmuşdur.
Bir alim kimi Akif Əlizadənin
elmi maraq dairəsi regional geologiya, təbaşir
çöküntülərinin stratiqrafiyası, təbaşir
dövrünün mollüska faunası kompleksi haqqında təlim,
Aralıq dənizi vilayətinin təbaşir
onurğasızlar faunasına görə
paleobiocoğrafiyası, müxtəlif mollüska
qruplarının ümumi təkamül yollarının bərpası
kimi problem məsələləri əhatə edir. Fiziki-kimyəvi
üsulların ənənəvi paleontologiya və
stratiqrafiyaya tətbiqinin vacibliyini dərk edən alim ötən
əsrin 70-ci illərinin əvvəllərindən
başlayaraq izotop geokimyası üsullarının tətbiqi
ilə ilk tədqiqat işləri aparmış, Qafqazda təbaşir
dənizlərinin biogeokimyəvi rayonlaşdırılmasını
təklif etmiş, qədim dənizlərin və paleohövzələrin
geokimyəvi şəraitini, o cümlədən temperatur
rejimini öyrənmişdir.
Akif Əlizadənin
adı dünya elmi ictimaiyyətinə yaxşı
tanışdır. O, 1960-cı ildən Ümumittifaq
paleontoloji cəmiyyətin üzvü, Qafqaz regional stratiqrafik
komissiyanın sədri, SSRİ EA biosfera problemləri üzrə
elmi şuranın üzvüdür. Onun orijinal tədqiqatlarının
nəticələri yüksək qiymətləndirilmiş,
onların çox hissəsi dərslik və dərs vəsaitlərinə
daxil edilmişdir. Elm aləmi Azərbaycan aliminin xidmətlərinə
yüksək qiymət vermiş, belemnitlərin yeni ailəsi
("Akifibelidlər") onun adıyla
adlandırılmışdır. Bu, paleontoloq
üçün böyük şərəfdir.
Akif Əlizadənin
çoxsaylı fəaliyyətini şərti olaraq iki mərhələyə
ayırmaq olar - 1990-cı illərdən əvvəlki və
sonrakı dövrlər. Birinci dövr keçmiş
SSRİ-də bir çox alim və elmi rəhbərlərə
xas olan tipik inkişaf yolu olub formalaşmış elmi məktəblər
çərçivəsində aktiv yaradıcılıq fəaliyyəti,
dissertasiya müdafiəsi və elmi-təşkilatı işlərlə
səciyyələnir. Bunlar bir-birini tamamlayaraq alim və təşkilatçının
bütöv simasını müəyyən edirdi. Hərçənd
ki, elmi-təşkilatı karyerada onun fəaliyyəti
heç də həmişə asan olmamışdır.
Geologiya İnstitutu Akif Əlizadənin rəhbərliyi
dövründə (əvvəl 1970-ci ildən direktor
müavini, 1976-cı ildən isə direktor kimi) Azərbaycan
EA sistemində aparıcı elmi mərkəzlərindən
birinə çevrildi. İnstitutun elmi fəaliyyətinin
effektivliyi o dövrdəki ənənəvi göstəricilərə
- namizədlik və doktorluq dissertasiyalarının, monoqrafik əsərlərin,
keçici bayraqların sayına görə kifayət qədər
yüksək olmuşdur. Onlarla gənc tədqiqatçı
SSRİ-nin aparıcı elmi mərkəzlərinə məqsədli
aspirantura və doktoranturaya ezam edilirdi. İnstitut sürətlə
beynəlxalq səviyyəyə çıxırdı, dəniz
və okeanların öyrənilməsi üzrə beynəlxalq
okeanoloji ekspedisiyalarda iştirak edirdi.
Geologiya İnstitutunun
alimləri bir sıra geoloji istiqamətlər üzrə, o
cümlədən palçıq vulkanizmi və dərinlikdə
yatan neft-qaz yataqlarının formalaşmasının öyrənilməsi
sahəsində dünya elmində aparıcı yerlər tuturdular.
Geologiya İnstitutunun alimləri dünyada ilk dəfə
olaraq dəniz və okeanların su qatında submarin
qazohidratları və qazları aşkar etmiş və öyrənmişlər.
Nəhayət, başqa zamanlar - mürəkkəb və
ziddiyyətli 90-cı illər gəldi. Maliyyələşdirmənin
tamamilə kəsilməsi, ümumi ənənəvi əlaqələrin,
o cümlədən elm məkanında əlaqələrin
pozulması, ən qabiliyyətli, bacarıqlı kadrların
biznesə, xarici neft şirkətlərinə axını, sadəcə,
qazanc dalınca getməsi institutu real dağılma həddinə
gətirib çıxartdı. Digər tərəfdən, bu,
bir sürpriz oldu, institutun dünya elmindəki yeri hec də
onun əldə etdiyi real nailiyyətlərə uyğun gəlmirdi
və buna da informasiyanın zəif olması və xarici həmkarlarımız
tərəfindən kifayət qədər tanınmaması səbəb
olmuşdu. Həmin məqamda gələcək fəaliyyət
istiqaməti düzgün seçildi və bu yolun seçilməsi
sonralar özünü doğrultdu: dünya elminə sürətli
inteqrasiya, qabaqcıl texnologiya və metodlara yiyələnmə,
kadrların hazırlanması və təkmilləşdirilməsi.
1994-cü ildə Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə "Əsrin müqaviləsi"
neft kontraktı imzalandı. Bu müqavilə uzun illər ərzində
Azərbaycanın inkişafının bütün sahələrini
əhatə etməklə oriyentir oldu. Hazırda bu strateji kurs
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir.
Həmin mürəkkəb
illərdə akademik Akif Əlizadə yeganə şansdan məharətlə
istifadə etdi. Simvolik əməkhaqqı ilə
dünyanın elm "bazarı"nın yeni şəraitində
çalışa bilən istedadlı komandanın fəaliyyətini
təşkil və təmin etməyi bacardı.
O illərdə neft
geologiyası və geokimyası institutu maliyyə, kadr və mənəvi
böhrandan tədricən çəkib çıxaran
lokomativ rolunu oynadı. Həmin elmi istiqamətin ardınca
üçüncü dövr stratiqrafiya və
paleontologiyası, struktur və regional geologiya istiqamətləri
böyük fayda gətirdi. Bu dövrdə eksperimental baza
haqqında düşünmək real olmadığı
üçün əsas diqqət kompüterləşdirməyə
və informasiyalı texnologiyalara, xüsusilə də, şərikli
elmi tədqiqatların maksimal inkişafına yönəldilmişdi.
Belə islahatların aparılması çox böyük təşkilatçılıq
məharəti tələb edirdi. Fasiləsiz təmaslar,
görüşlər, onlarla ölkəyə səfər,
çoxsaylı konfranslarda iştirak - bunlar Geologiya
İnstitutu direktorunun böyük təşkilatçılıq
işinin yalnız bir hissəsidir. Nəticə uğurludur.
Son on il ərzində dünyanın aparıcı neft şirkətlərinin
elmi mərkəzləri ilə birlikdə 50-dən artıq
elmi-tədqiqat işi yerinə yetirmişdir.
Eyni zamanda, kadr
hazırlığı və qabaqcıl texnologiyalara yiylənmək
məsələləri həll edilirdi. Cənubi Karolina, Yuta və
digər universitetlərə pesrpektivli gənc kadrlar
uzunmüdətli ezamiyyətə göndərilir, xarici
universitetlərin aparıcı alimləri Geologiya
İnstitutuna dəvət olunurdu. Bu, təbii olaraq institutun
çox da böyük olmayan maliyyə resurslarına təsir
göstərirdi. İnstitut 15 il ərzində, elə indi də
büdcədənkənar vəsaitlərlə öz tədqiqatlarını
təmin edir. Yeni maliyyə imkanları axtarıb tapmaq və ən
başlıcası, onları optimal bölüşdürmək
məsələsini "kiçik bir möcüzə"
adlandırmaq olar. Xarici neft şirkətləri elmi mərkəzlərinin
əməkdaşları ilə əlaqələrin genişlənməsi
xarici ölkə universitetləri ilə əməkdaşlığı
kəskin sürətdə aktivləşdirir. Bu, Azərbaycan
alim-geoloqlarının beynəlxalq nüfuzunun yüksəlməsi
və onların dünya elmi ictimaiyyətində statusunun xeyli
artması deməkdir. Geologiya İnstitutu Azərbaycan elmi
müəssisələri sırasında ən çox qrant
qazanan liderdir. İnstitut "Soros", "İNTAS",
"NATO", "CRDF", "KOPERNİCUS" kimi məşhur
fondlar, Ukrayna Elmi Fondu, Amerika Milli Elmi Fondu ilə
qarşılıqlı maraq əsasında fəaliyyət
göstərir və işləyir. Partnyorların
coğrafiyası qeyri-adi dərəcədə genişlənmişdir.
Bunlar Böyük Britaniyanın Kembric, Aberdin universitetləri,
ABŞ-in Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Kaliforniya
universitetləri, Massaçusets Texnoloji İnstitutu və bir
çox başqaları, Pyer və Mari Küri Universiteti, Neft
İnstitutu (Fransa), Karlsrue, Hannover universitetləri (Almaniya),
Moskva Dövlət Universiteti (Rusiya), Delft (Niderland), İstanbul
(Türkiyə) universitetləri və başqalarıdır.
MDB ölkələri və
Sakit okean regionu alimləri ilə əməkdaşlıq
aktivləşdirilir, əlaqələr bərpa etdirilir.
Yaponiya Milli Şirkəti, Cənubi Koreya institutları
(KİQAM), Çanq-Konq (Tayvan) Universiteti, İndoneziya Milli
Neft Şirkəti ilə müştərək işlərin
aparılması İnstitutun fəaliyyətinin yeni mərhələsi
ilə əlamətdardır. İndi cəsarətlə demək
olar ki, institutun şöhrəti təkcə milli və
regional səviyyədə deyil, o, artıq bu sahədə,
sözsüz, liderdir və bir sıra elmi istiqamətlər
üzrə regionun sərhədlərini
aşmışdır.
İnstitutun vizit
kartı dünya palçıq vulkanizminin paylanmasında məkan
və zaman qanunauyğunluqlarının və bu vulkanların
püskürmə mexanizminin analizi sahəsində aparılan
ilkin işləridir. Həmin işlər geofiziki sahələrin
uzunmüddətli vizual, aerokosmik, instrumental və telemetrik
monitorinqi və palçıq vulkanlarının fəaliyyət
məhsullarının izotop-geokimyəvi xassələrinin dərindən
öyrənilməsinə əsaslanır.
Ən yeni geofiziki,
xüsusilə, ən dərin seysmik və geokimyəvi
materiallar əsasında Cənubi Xəzər hövzəsinin
quruluşu və təkamülinin tədqiqi, dərinə
gömülmüş çöküntülərinin ən
mürəkkəb karbohidrogen sistemlərinin, yer təkinin
neftqazlılıq perspektivləri üzrə mühüm nəticələr
əldə edilmişdir.
Yüksək
texnologiyalar sahəsində dünyada lider olan Massaçusets
Texnologiyalar İnstitutu ilə birlikdə 10 ildən artıq
müddətdə kosmik geodeziya vasitəsilə Qafqaz,
Yaxın və Orta Şərq, Orta Asiya regionunda iri
blokların hərəkət sürətinin və istiqamətinin
öyrənilməsi üzrə işlər
aparılmışdır. Bu işlər nəticəsində
əldə edilmiş məlumatlar dünyanın ən
nüfuzlu elmi jurnallarında çap olunmuş, beynəlxalq
konqres və konfranslarda məruzə edilmişdir. Bu məlumatlar
bu gün geologiya sahəsində ən çox sitat gətirilən
və tələb olunan elmi işlərdir. İnstitut geologiya
elminin fundamental istiqamətləri ilə yanaşı,
respublikanın mühüm iqtisadi inkişaf problemlərinin həllində
də fəal iştirak edir.
Azərbaycan
höküməti tərəfindən təsdiq edilmiş
üç kompleksli elmi-texniki proqram bu gün İnstitutun fəaliyyətinin
prioritet istiqamətidir. Bunlardan biri, Azərbaycanın enerji təhlükəsizliyinin
təmin olunmasına yönələrək karbohidrogen
potensialının və regionda müasir geodinamik vəziyyətin
qiymətləndirilməsi, ikincisi, mineral xammalın
çıxarılmasında ekoloji təhlükəsiz
texnologiyaların işlənib hazırlanması,
üçüncüsü, Azərbaycanda geoloji müxtəlifliyin
və təbiət abidələrinin qorunub
saxlanılmasıdır.
Akif Əlizadənin rəhbərliyi
ilə yaradılmış və nəşr edilmiş səkkiz
cildlik unikal fundamental əsərlər - "Azərbaycan
geologiyası", habelə ensiklopedik "Azərbaycanın
mineralları" atlası öz elmi və maarifləndirici əhəmiyyətini
on illərlə qoruyub saxlayacaqdır.
İnstitut müntəzəm
olaraq respublika elmi-geoloji seminarlar, gənc alimlərin
müsabiqə və konfranslarını keçirir. Bu
konfranslar təcrübi baxımdan gənc alimlərin
respublikada geologiya və geofizika sahəsində
apardıqları elmi işlərin nəticələrinin
mübadiləsi üçün yeganə forumdur.
H.Zərdabi adına Təbiət
Tarixi Muzeyi direktorun xüsusi diqqət və qayğı
obyektidir. Muzeyin qorunub saxlanılması və fəaliyyət
göstərməsi, ayrıca büdcə maliyyəsi olmadan
paleontoloji və mineraloji kolleksiyaların toplanması və
yeniləri ilə zənginləşdirilməsi kimi işlər
mübaliğəsiz demək olar ki, akademik Akif Əlizadənin
fədakarlığının bəhrəsidir. Bu qəbildən
məşhur Britaniya Təbiət Tarixi Muzeyində yüz minlərlə
insanın iki il ərzində gəldiyi "Müqəddəs
odlar ölkəsi" sərgisinin təşkili və fəaliyyətini
də göstərmək olar.
Hazırda Milli Elmlər
Akademiyasının vitse-prezidenti vəzifəsində
çalışan Akif Əlizadə respublika miqyasında
mühüm elmi-təşkilatı məsələləri həll
edir. Mübaliğəsiz demək olar ki, o, Azərbaycanda
geologiya elmini xilas etmiş, qorumuş və zənginləşdirmişdir.
Mahmud Kərimov
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik,
Xoşbəxt Yusifzadə
Azərbaycan Dövlət Neft
Şirkətinin birinci
vitse-prezidenti, akademik
Azərbaycan.-2009.-24 fevral.-S.7.