Su gəlir gilə-gilə...

 

Qış son nəfəsini almaqdadır. Bir-birinə bağlanan günlər bizi yaza aparır. Yaz deyəndə yadımıza ilk növbədə xalqımızın milli qədim bayramı olan Novruz düşür. Xalq deyimlərində qış əsasən üç çillədən ibarətdir. Təsəvvürlərə görə, birinci Böyük çillə qışın başlanğıcından fevralın əvvəlinədək olan günlərdən ibarətdir. Böyük çillənin yarısı sayılan qışın "oğlan çağı" adlanan Kiçik çillə isə fevralın ilk iki ongünlüyüdür. Kiçik çillədən Novruz bayramınacan olan vaxta isə Boz ay deyirlər. Ayın belə adlanması onun buludlu, yağışlı, küləkli - bir sözlə, dəyişkən olması ilə bağlıdır.

Novruz ulu əcdadlarımızın qədim mərasimlərindən biri olmuş, insana həyat verən dörd ünsürün - Suyun, Odun, Küləyin (Yel), Torpağın ünsiyyətindən doğan mənaları özündə birləşdirməkdədir buna görə Novruza qədər olan çərşənbələrin hər birinin özünəməxsus ayin mərasimləri var. Bütün bunlar isə əslində, Novruzun gəlməsi ilə əlaqədar xalq tərəfindən geniş şəkildə qeyd olunur, bununla da, bir növ, əziz bayramımıza hazırlıq görülür. El arasında bu çərşənbələrə ilaxır çərşənbələr deyilir. Zərdüştlükdən islamdan çox-çox qədim olan Novruz xalqımızın sevdiyi, gözlədiyi, həvəslə, ürəklə, məhəbbətlə keçirdiyi milli bayramdır.

Ən qədim zamanlardan üzü bəri Novruza qədər ilin axır çərşənbələri xüsusi hazırlıq zənginliklə qeyd edilməkdədir. İnanclara görə, bu çərşənbələrin hər biri təbiətin dörd mühüm ünsürü ilə bağlıdır: Su, Od, Külək (Yel), Torpaq.

Novruzun müqəddəs çərşənbələrindən birincisi Su çərşənbəsi adlanır. Buna el arasında "Əzəl" çərşənbə, "Sular Novruzu", "Gül çərşənbə", "Gözəl çərşənbə", "Su çərşənbəsi" deyilir. Builki Novruzun Su çərşənbəsi fevralın 24-nə düşür. İnama görə həmin gün sular təzələnir. Gün doğmamışdan öncə insanlar bulaq üstə gedər, əl-üzünü yuyar, bir-birinin üstünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək təzə sudan çay qoyarlar. Deyirlər ki, həmin gün xəstələr su üstündən atlanıb təzə sudan içsələr şəfa taparlar. Hətta Su çərşənbəsi günü su üstündən keçənlər il boyu azar-bezardan uzaq olarlar.

Su çərşənbəsi günü bulaqların şəfası artar. Bəlkə buna görə ta qədimlərdə insanlar həmin gün su qırağında, bulaq başında, çay kənarında, suyu çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar. Belə nəğmələrin birində deyilir:

 

Suya gedən igidi,

Saçı məxmər təkidi.

Allah, məni su elə,

Su gözəllər yüküdü.

 

Deyimin gözəlliyinə bax. Gözəllərin yükü sudan ibarətdir. Bəlkə buna görə bulaqların aynasında güzgülənən qızların sevdası daha böyük dərin olur. Bu səbəbdən igidlər əlini qulağının dibinə verərək haraylayıblar: "Sudan gələn sürməli qız..." Neçə illərdir ki, bu nəğmənin həzin notları sevda dolu ürəklərin məlhəminə çevrilib. Suyun saflığına oxunan nəğmələrin, qoşulan bayatıların, deyilən müdrik fikirlərin, atalar sözlərinin, lətifələrin sayı bilinməz. Əsrlər boyu xalqımız suyun qüdrəti ilə bağlı dastanlar bağlayıb, nağıllar yaradıb:

 

Su gəlir gilə-gilə,

Bülbüllər gəlir dilə.

Yarımı bağda gördüm,

Batıbdır qızıl gülə.

 

Su çərşənbəsi ilə bağlı müxtəlif ayinlər, etiqadlar da var. Deyir, həmin gün bulaq başında, çay kənarında dayanan insanlar ürəklərindən keçənləri mütləq suya söyləməli, onun ayna ləpələrindən niyyətlərinin hasil olmasını arzulamalıdırlar. Suyun qüdrətinə inananlar, adətən, nikbin təbiətli olurlar. Ta qədimlərdən nənələrimiz suya baxaraq dodaqaltı pıçıldayırmışlar: "Suyun bəndinə qurban, belə, hər fəndinə qurban..." Su gələn yerlərə dirilik gələr, bar-bəhər göyərər. Susuz çöllərin sinəsi cadar-cadar olar. Su olan yerdə həyat var.

Su fallarına görə, Su çərşənbəsi günü insanlar bulaqdan su götürüb evə gətirərlər. Buna "Lal su" deyirlər. Çünki heç kəs danışmamalıdır. Bu suyun özgə hikməti olur. Suyu bir neçə piyaləyə töküb saxlayarlar. Qonum-qonşudakı qızlar bir yerə yığışaraq hərəsi öz bəxtinin üzüyünü saçına sürtüb suya atar. Üzük piyalənin divarına toxunaraq neçə dəfə cingildəsə, deməli, üzük sahibi o səsin sayına bərabər aydan sonra gəlin köçəcək. Su fallarının hər bir bölgədə özünəməxsusluğu var. Məsələn, bəzi yerlərdə iki iynənin başına pambıq dolayır, hərəsini piyalənin bir tərəfindən suya salırlar. İynələr piyalədə bir-birinə toxunsa, sevgililər tezliklə qovuşacaqlar.

Sübh tezdən su gələn yerdən 7 balaca daş gətirərlər. Onları evin küncünə ərzaq qablarının içinə atarlar ki, ailənin barı-bərəkəti daş kimi yerindən tərpənməsin, bol olsun.

Su ilə bağlı bayatılarda insanlar öz hisslərini, keçirdikləri həsrəti, qəmi dilə gətirərək sanki Tanrının bu nemətindən dərdlərinə əlac istəyirlər. Hər bayatının öz hikməti, mənası, təsir gücü var:

 

Su axar samanlıqdan,

Yol keçər qaranlıqdan.

Çalış yaxşılıq elə,

çıxar yamanlıqdan?

 

Su ilə bağlı tapmacalarda da qədim insanların təfəkkürü, düşüncə tərzi maraq dünyası var. Yığcam lakonik bilməcələrin hər biri qədim insanın ağlı, dərrakəsi, tapıntısı qarşısında bu gün müasir nəsli heyrətdə saxlayır: "Bir atım var alaca, özü gedər, yəhəri qalar". Açması körpü altında su. yaxud: "Adam deyil, hey qaçır, meşə deyil, səs salır" (çay), "Yer altında yaz gedir" (su).

Su ilə bağlı atalar sözü maraqlıdır. Bu hikmət dolu sözlərdə diqqət çəkən müqayisələr var: "Suyun lal axanı, adamın yerə baxanı", "Suda boğulan saman çöpündən yapışar", "Su bardağı suda sınar", "Sulu el abadan, susuz el viran olar", "Su axar çuxurun tapar". İnanclar da min illərin sınağından çıxıb. Ona görə insanlar həmişə özünü doğrultmuş, inanclara etiqad bəsləyirlər: "Su içərkən adamı ilan da çalmaz", "Qaynar suyu yerə tökməzlər", "Su içən adamı qəfil vurmazlar", "Yuxuda su görmək aydınlıqdır", "Odu su ilə söndürmək günahdır", "Su kiçiyindir, yol böyüyün", "Səfərə çıxanın arxasınca su atarlar".

Hətta qədim təbabətimizdə su ilə bağlı şəfalı məsləhətlər var. Su çərşənbəsində övladı olmayan qadının başından qırx cam su töksən niyyəti hasil olar. Qorxan adamın su çərşənbəsində başından su atsan, qorxusu keçər. Qorxan adama su içirdərlər. Bayılan insanın üzünə su çiləsən, özünə gələr. Təbiətdə müalicəvi əhəmiyyəti olan sular da var ki, insanlar müxtəlif xəstəlikləri o təbii nemətin köməyi ilə sağaldırlar.

Əziz oxucular, əzəl çərşənbəniz mübarək olsun! Atalar əbəs yerə deməyiblər ki, o, çərşənbələrin gözəlidir. Deyir, yuxuda su görmək aydınlıqdır. Belə xeyirli yuxular, günəşli səhərlər arzulayırıq sizlərə.

 

 

Flora Xəlilzadə

 

Azərbaycan.-2009.-24 fevral.-S.8.