Kül olmuş şəhər
Xocalı toylu-düyünlü
günlərini yaşayırdı.
Buranın müəllimi,
polisi, həkimi, mühəndisi də öz yetirmələri idi. Xocalı günbəgün müasir
şəhərə çevrilirdi.
Böyüdükcə sanki ermənilərə
dağ çəkirdi.
Şəhərin sayrışan
işıqları gecələr
erməni quldurlarının
güllələrinin hədəfinə
çevrilsə də,
gündüzlər ev-ev,
məhəllə-məhəllə
böyüyürdü. Qısa
müddətdə əhalisinin
sayı 7 mini keçmişdi. Göyçədən, Zəngibasardan, Vedidən,
Qarabağın doğma
kəndləri - Daşbulaqdan,
Ağbulaqdan, Ballıcadan,
Qışlaqdan, qədim
Xankəndidən qovulan
soydaşlarımıza ana
qucağı olmuşdu
Xocalı. Fərqanədə
faciələrlə üzləşən
Ahıska türkləri
də burada təsəlli tapmışdılar.
Xocalı öz igidlərinin qanı bahasına qorunsa da, yuxarıdan başlanan xəyanət, biganəlik, eləcə də marıqda dayanan hiyləgər düşmənlər bu şəhərin ölüm
tarixini yazdılar. İndi varlığı bir nağıla dönüb Xocalının.
Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da yaradılmışdır. Sahəsi 0,97 min kvadratkilometr, əhalisi 24417 nəfər idi. Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Mərkəzi-Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində yerləşirdi.
Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala və Qırxqızdır (müvafiq olaraq 2843 və 2827 metr). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ-çəmən torpaqları mövcuddur. Meşələri fısdıq, cökə, ağcaqayın, qaraağac və digər ağaclar ilə dolu idi.
Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və sairə var. Xocalı qəbiristanlığı - son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanmış bəzək əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar - Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı var. Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası mövcuddur. İki istehkamdan ibarət qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 metrdir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır.
Rayonun Kərkicahan qəsəbəsində 3 qəbiristanlıq var idi. Burada 1400-cü illərə aid yazısı olan qəbirlər, Kilsəli deyilən yerdə alban məbədi, 800 il əvvələ təsadüf edilən müsəlman qəbiristanlığının qalıqları, alban pir-ocaqları və başqa tarixi abidələr mövcud idi. Rayonun Kosalar kəndinin ərazisində "Məhəmməd ağanın otağı" tarixi abidəsi, "Darılı Piri", "Ələm ağacı" ziyarətgahları və daş qəbirlər ulu keçmişimizdən xəbər verirdi. Rayonun Meşəli kəndi ərazisində - Meydan yaylağında müqəddəs ziyarətgah "Seyid qəbri" (ermənilər tərəfindən dağıdıldı), "Yeddi kilsə" (alban kilsəsi), bundan əlavə 4 yerdə alban kilsəsi var idi.
Ermənistanın işğal etdiyi Xocalı rayonunun tarixi, mədəni, şəhər və kəndləri dağıdılmışdır. Xocalı şəhərinin ən qədim qəbiristanlıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar, dini abidələr, Meşəlidəki "Seyid qəbri", ümumilikdə 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil müəssisəsi. 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti və s. yerlə-yeksan olunmuşdur.
Erməni barbarlığı Azərbaycan xalqının sinəsinə Xocalı adlı dağ çəkdi. On yeddi ildir ki, bu dağın acısını çəkirik. Bir vaxt yurdumuzda Xocalı adlı füsunkar şəhər var idi. İndi yerində özü boyda xarabalıq qalır.
Zəkurə Quliyeva
Azərbaycan.-2009.-24 fevral.-S.6.