Daxili İşlər
Nazirliyinin "Təhlükəsiz
şəhər" avtomatlaşdırılmış
idarəetmə mərkəzi
istifadəyə verilmişdir
Fevralın 24-də Bakıda Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə mərkəzi istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Daxili işlər naziri general-polkovnik Ramil Usubov mərkəzin açılışa hazır olması barədə raport verdi.
Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Binanın girişində ulu öndər Heydər Əliyevin "Polis peşəsi ağır peşədir, o, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir" müdrik kəlamı yazılmış xüsusi lövhə vurulmuşdur.
Dövlətimizin başçısı mərkəzin operativ müşahidə zalında videogörüntüləri izlədi.
"Təhlükəsiz şəhər" sistemi Prezident İlham Əliyevin 2004-cü il iyunun 30-da təsdiq etdiyi "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilən layihələrdən biridir. Sistemin məqsədi insan və vətəndaş hüquq və azadlıqlarını, əhalinin təhlükəsizliyini, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini hüquqazidd əməllərdən qorumaqdır. Təyinatı isə paytaxtda hüquq qaydasına riayət edilməsinə nəzarətin müasir informasiya-kommunikasiya texnologiyaları, o cümlədən videomüşahidə vasitəsilə həyata keçirilməsi, fasiləsiz şəkildə canlı izlənilməsi, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verməkdir.
Prezidentin tapşırığına əsasən, Bakı şəhərində bütövlükdə 4 minədək kameranın quraşdırılması planlaşdırılır. İlkin mərhələdə paytaxtda Türkiyənin "Ekin" şirkəti 555 videokamera quraşdırmışdır. Kameralar əsasən yol kəsişmələrində və əhalinin sıx olduğu ərazilərdə yerləşdirilmişdir. Ərazidə şübhəli əşya qeydə alınarkən idarəetmə mərkəzinə həyəcan siqnalı ötürülür. Axtarışda olan avtomobillərin müəyyən edilməsində xüsusi rol oynayan bu sistem dövlət nömrə nişanlarını avtomatik qeydə alır. Bundan əlavə, sistem baş vermiş yol-nəqliyyat hadisələrini də qeydə alaraq, yol-patrul xidmətlərinə məlumat ötürür.
İşıqforun qırmızı işığında keçən və digər yol hərəkəti qaydalarını pozan avtomobillər avtomatik müəyyənləşdirilir. Sistem həmçinin yollarda yaranmış tıxacların təhlilini aparır, avtomobillərin ümumi sayını müəyyən edir və sürətini ölçür. Beynəlxalq təcrübəyə əsasən, gələcəkdə respublikanın əsas avtomobil magistrallarında - Rusiya, Gürcüstan və İran istiqamətindəki yollarda videomonitorinqin aparılması nəzərdə tutulur. "Təhlükəsiz şəhər" sisteminin yaradılmasında dünyanın aparıcı şirkətlərinin avadanlığından istifadə olunmuşdur. Kameralar Yaponiyanın "Sanyo", videodivar Belçikanın "Barko", serverlər və şəbəkə avadanlığı isə ABŞ-ın "Sisko" və "HP" şirkətlərinin istehsalıdır. "Təhlükəsiz şəhər" sistemi layihəsinin icrasına 10 milyon manat vəsait ayrılmışdır. Quraşdırılmış videokameralardan 200-ü mərkəzdən idarə olunmaqla 360 dərəcə horizontal, 190 dərəcə vertikal dönür. Bütün kameralar videogörüntüləri optik şəkildə 36 dəfə, rəqəmli olaraq 16 dəfə yaxınlaşdıra bilir. Operativ müşahidə mərkəzində 24 ekrandan ibarət və hərəsi 80 düym ölçüdə olan videodivar quraşdırılmışdır. Hər bir ekran videogörüntüləri 1, 4, 6, 8, 9, 12 hissəyə bölür. Bu bölünmələr avtomatik qaydada aparıla bilər.
Mərkəzdə texniki təminat qrupu ilə birlikdə 50-yə yaxın işçi çalışır və hər gün 36 operatordan 12 nəfəri növbəyə çıxacaqdır. İşçilər informasiya və kommunikasiya üzrə ali təhsil almış və bir ildən çox iş təcrübəsi olan şəxslərdir.
Prezidentə məlumat verildi ki, qeydə alınan görüntülər bu mərkəzdən əlavə, nazirliyin inzibati binasında yerləşən qərargahda, Baş Mühafizə İdarəsində, Bakı Şəhər Baş Polis İdarəsində, paytaxtın bütün dövlət yol polisi qurumlarında və rayon polis idarələrində də müşahidə olunur. Görüntülər 30 gün sistemin yaddaşında saxlanılır. Zərurət yarandıqda isə daha uzun müddətə arxivləşdirilir.
Prezident İlham Əliyev ikinci mərtəbədə ümummilli liderimizin və dövlətimizin başçısının fəaliyyətini əks etdirən fotoguşəyə, idarəetmə mərkəzinin konfrans salonuna baxdı, "102 qərargahı", "102 operativ otağı" ilə tanış oldu.
Mərkəzin qeydə aldığı qanun pozuntuları və vətəndaşlara qarşı törədilən digər hüquqazidd əməllər barədə dərhal Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilir və bu məlumat yerli polis orqanlarına ötürülür. Yaxınlıqda xidmət aparan polis əməkdaşları dərhal hadisə yerinə və ya əraziyə göndərilir. "102" xidmətinin məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, polisin sosial funksiyalarını yerinə yetirmə səviyyəsinin düzgün qiymətləndirilməsi, əhalinin ona olan inamının daha da artırılması, nöqsan və çatışmazlıqlar barədə siqnallara vaxtında reaksiya verilməsidir. Təyinatı isə vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə çevik reaksiya verilməsindən, əməkdaşların qanunla müəyyən edilmiş vəzifələrini daha səmərəli yerinə yetirmələrinin təşkilindən, cinayət və hadisələr barədə daxil olmuş məlumatlar üzrə ərazi polis orqanlarında görülən işlərə mərkəzləşdirilmiş nəzarətin gücləndirilməsindən ibarətdir.
Xidmət sistemi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində növbə çəkən polisin post-patrul və yol-patrul avtomobillərinin yerini təyin etməyə, ən yaxında olan heyəti təxirəsalınmadan hadisə yerinə göndərməyə, onların hərəkət marşrutunu fasiləsiz izləməyə imkan verir. İlkin mərhələdə sistem Abşeron yarımadasını əhatə edir. Cari ildə onun genişləndirilərək respublikanın bütün ərazisini əhatə etməsi planlaşdırılır. "102" xidməti sistemi Almaniyanın "Siemens" şirkəti tərəfindən quraşdırılmışdır. Ümumi dəyəri 3,5 milyon avrodur.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, avtomatlaşdırılmış idarəetmə mərkəzinin ölkəmizin paytaxtında təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasına və kriminogen vəziyyətə nəzarətin daha səmərəli həyata keçirilməsinə imkan yaradacağını bildirdi.
AzərTAc
Azərbaycan.-2009.-25 fevral.-S.2.