Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında

 

Fəsil 1. Ümumi müddəalar

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:

1.0.1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak - Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlərdir;

1.0.2. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması - cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlaka qanuni status vermək, onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə belə pul vəsaitləri və ya əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsidir;

1.0.3. pul vəsaitləri və ya digər əmlakla əməliyyat - pul vəsaitləri və ya digər əmlakla bağlı mülki hüquqların əldə edilməsi, həyata keçirilməsi, dəyişdirilməsi və ya onlara xitam verilməsinə yönəlmiş əməllərdir;

1.0.4. terrorçuluğun maliyyələşdirilməsi - pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, birbaşa və ya dolayı yolla terrorçuluğun törədilməsinə qəsdən yönəldilməsi və ya pul vəsaitlərinin və ya digər əmlakın qəsdən həmin məqsədlə toplanmasıdır;

1.0.5. maliyyə monitorinqi orqanı - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində müvafiq səlahiyyətləri həyata keçirən dövlət orqanıdır;

1.0.6. monitorinq - pul vəsaitləri və ya digər əmlakla aparılmış əməliyyatlar barədə monitorinq iştirakçıları, monitorinqdə iştirak edən digər şəxslər və ya nəzarət orqanları tərəfindən təqdim edilən, eləcə də mənbəyi məlum digər məlumatlar əsasında maliyyə monitorinqi orqanı tərəfindən həyata keçirilən nəzarət tədbirləridir;

1.0.7. monitorinq iştirakçıları - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunun 9-12-ci maddələrində nəzərdə tutulmuş tədbirləri həyata keçirən, bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan şəxslərdir;

1.0.8. monitorinqdə iştirak edən digər şəxslər - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən vəkillər, notariuslar, hüquqi xidmət göstərən digər şəxslər və ya auditor xidməti göstərən şəxslərdir;

1.0.9. nəzarət orqanları - monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən bu Qanunun 9-12-ci maddələrinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirən orqanlardır;

1.0.10. daxili nəzarət sistemi - hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən həyata keçirilən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan kompleks daxili nəzarət tədbirləridir;

1.0.11. müştəri - pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatın həyata keçirilməsinə dair monitorinq iştirakçıları və ya monitorinqdə iştirak edən digər şəxslərin hər hansı xidmətindən istifadə edən fiziki və ya hüquqi şəxsdir;

1.0.12. benefisiar - pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, habelə xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən fiziki şəxsdir;

1.0.13. valyuta sərvətləri - nağd xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarıdır;

1.0.14. xarici dövlətlərin siyasi xadimləri - hər hansı xarici dövlətdə mühüm ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər (dövlət və ya hökumət başçıları, nüfuzlu siyasətçilər, hökumət üzvləri, yuxarı instansiya məhkəmələrinin hakimləri, yüksək rütbəli hərbi qulluqçular, dövlət mülkiyyətində olan müəssisələrin rəhbər vəzifəli şəxsləri, siyasi partiya vəzifəli şəxsləri), onların ailə üzvləri və yaxın qohumları.

 

Maddə 2. Qanunun tətbiq dairəsi

 

2.1. Bu Qanun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməllərin aşkar edilməsi və qarşısının alınması məqsədilə pul vəsaitləri və ya digər əmlakla əməliyyat həyata keçirən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində pul vəsaitləri və ya digər əmlakla əməliyyatların aparılmasına nəzarəti həyata keçirən orqanların münasibətlərini tənzimləyir.

2.2. Bu Qanun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar olan və Azərbaycan Respublikasının yurisdiksiyasından kənarda həyata keçirilən fəaliyyətə münasibətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq qaydada tətbiq olunur.

 

Fəsil 2. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və ya terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması

 

Maddə 3. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər

 

3.0. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərə aşağıdakılar aiddir:

3.0.1. monitorinq;

3.0.2. hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin hazırlanması və tətbiq edilməsi;

3.0.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında müştərinin və ya digər şəxslərin məlumatlandırılmasının qadağan olunması;

3.0.4. Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə müəyyən edilmiş digər tədbirlər.

 

Maddə 4. Monitorinq iştirakçıları

 

4.0. Monitorinq iştirakçıları aşağıdakılardır:

4.0.1. kredit təşkilatları;

4.0.2. sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri;

4.0.3. qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, qiymətli kağızların idarə olunması üzrə peşəkar fəaliyyəti həyata keçirənlər;

4.0.4. lizinq xidmətləri göstərən kredit təşkilatları;

4.0.5. pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr və digər təşkilatlar;

4.0.6. lombardlar;

4.0.7. investisiya fondları;

4.0.8. qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər;

4.0.9. öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı və ya dini təşkilat;

4.0.10. lotereya təşkilatçısı;

4.0.11. daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən hüquqi şəxslər.

 

Maddə 5. Monitorinqdə iştirak edən digər şəxslər

 

5.1. Vəkillər, notariuslar, hüquqi xidmət göstərən digər şəxslər və ya auditor xidməti göstərən şəxslər öz müştərilərinin aşağıdakı əməliyyatlarının aparılması zamanı bu Qanunun müştərinin və benefisiarın eyniləşdirilməsi, verifikasiyası, məlumatın sənədləşdirilməsi, saxlanılması tələblərinə və bu Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların təqdim edilməsi ilə bağlı tələbinə riayət etməlidirlər:

5.1.1. daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar əməliyyatlar;

5.1.2. müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması ilə əlaqədar əməliyyatlar;

5.1.3. müştərinin bank və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar əməliyyatlar;

5.1.4. hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkil edilməsi, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar əməliyyatlar.

5.2. Maliyyə monitorinqi orqanına məlumat vermiş vəkillər, notariuslar, hüquqi xidmət göstərən digər şəxslər və ya auditor xidməti göstərən şəxslər bu barədə informasiyanı yaymamalıdırlar.

5.3. Bu Qanunun 5.1-ci maddəsinin müddəaları vəkil və ya peşə sirrini təşkil edən məlumatlara şamil edilmir.

 

Maddə 6. Nəzarət orqanları

 

6.1. Nəzarət orqanlarına aşağıdakı orqanlar daxildir:

6.1.1. kredit təşkilatları, həmçinin lizinq xidmətləri göstərən kredit təşkilatları üçün - Azərbaycan Respublikasının Milli Bankı;

6.1.2. qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, qiymətli kağızların idarə olunması üzrə peşəkar fəaliyyəti həyata keçirənlər, lotereya təşkilatçısı, investisiya fondları üçün - qiymətli kağızlar bazarına nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;

6.1.3. sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər üçün - müvafiq icra hakimiyyəti orqanı;

6.1.4. poçt xidməti göstərən müəssisələr üçün - poçt xidməti göstərən müəssisələrə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;

6.1.5. öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən qeyri-hökumət təşkilatları və dini təşkilatlar üçün - müvafiq icra hakimiyyəti orqanları;

6.1.6. notariuslar və hüquqi xidmət göstərən digər şəxslər üçün - müvafiq icra hakimiyyəti orqanı;

6.1.7. vəkillər üçün - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası;

6.1.8. auditor xidməti göstərən şəxslər üçün - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Auditorlar Palatası.

6.2. Monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin fəaliyyətinə nəzarət edən orqan nəzərdə tutulmadığı halda, bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət maliyyə monitorinqi orqanı tərəfindən həyata keçirilir.

6.3. Nəzarət orqanları monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən bu Qanunun 9-12-ci maddələrinin tələblərinə əməl edilməməsini aşkar edərsə, onlara qarşı inzibati və ya qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirləri tətbiq etməli və bu barədə maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.

6.4. Lisenziya əsasında fəaliyyət göstərən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən bu Qanunda nəzərdə tutulmuş tələblərin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada onların lisenziyasının dayandırılması və ya ləğv edilməsinə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər tədbirlərin tətbiq olunmasına səbəb ola bilər.

 

Maddə 7. Monitorinq olunmalı pul vəsaitləri və ya digər əmlakla əməliyyatlar

 

7.1. Siyahısı və ümumi məbləğinin minimal həddi (bundan sonra - limit) Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatlar monitorinq iştirakçıları tərəfindən maliyyə monitorinqi orqanına təqdim olunur.

7.2. Məbləğindən asılı olmayaraq aşağıdakı pul vəsaitləri və ya digər əmlak, onlarla əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər monitorinq olunur:

7.2.1. pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar;

7.2.2. bu Qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatlar;

7.2.3. xarici dövlətlərin siyasi xadimlərinin bank hesablarından həyata keçirilən əməliyyatlar;

7.2.4. Azərbaycan Respublikasının yurisdiksiyasından kənardakı anonim hesabdan pul vəsaitlərinin daxil olması və ya Azərbaycan Respublikasının yurisdiksiyasından kənara anonim hesaba pul vəsaitlərinin köçürülməsi.

7.3. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin siyahısı maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilir. Həmin siyahı maliyyə monitorinqi orqanı tərəfindən birbaşa və ya müvafiq nəzarət orqanlarının vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərilir.

 

Maddə 8. Valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılmasının monitorinqi

 

8.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aşağıdakı əməliyyatlar barədə məlumatları dərhal maliyyə monitorinqi orqanına təqdim etməlidir:

8.1.1. bu Qanunun 7.2.2-ci maddəsində göstərilən şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması;

8.1.2. ilkin çıxış məntəqəsi bu Qanunun 7.3-cü maddəsində göstərilən dövlət (ərazi) olan valyuta sərvətlərinin hər hansı şəxs tərəfindən Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması.

8.2. "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən valyuta sərvətləri barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan məlumatlar həmçinin maliyyə monitorinqi orqanına göndərilir.

8.3. Bu Qanunun 8.1-ci maddəsində göstərilən məlumatların tərtib olunma forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

 

Maddə 9. Müştərilərin və benefisiarların eyniləşdirilməsi

 

9.1. Monitorinq iştirakçıları aşağıdakı hallarda müştərinin və benefisiarın eyniləşdirilməsi üçün tədbirlər görməlidir:

9.1.1. işgüzar münasibətlər yaradılmasından əvvəl;

9.1.2. limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl;

9.1.3. hesab açılmadan həyata keçirilməsi gözlənilən pul köçürməsindən əvvəl.

9.2. Əməliyyatın ümumi məbləği əməliyyatın icra olunmasından əvvəl məlum deyilsə, müştərinin və benefisiarın eyniləşdirilməsi əməliyyatın məbləğinin limitdən artıq olduğu müəyyənləşdiyi anda həyata keçirilir.

9.3. Hüquqi şəxsin eyniləşdirilməsi onun nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında təsdiq olunmuş surəti əsasında aparılır.

9.4. Fiziki şəxsin eyniləşdirilməsi şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

9.5. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin eyniləşdirilməsi şəxsiyyəti təsdiq edən sənəd və müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında aparılır.

9.6. Müştərinin adından çıxış edən səlahiyyətli nümayəndələr onların səlahiyyətlərini təsdiq edən sənədləri, habelə müştərinin fiziki və ya hüquqi şəxs olmasından asılı olaraq, bu Qanunun 9.3-9.5-ci maddələrində nəzərdə tutulan sənədləri təqdim etməlidirlər.

9.7. Eyniləşdirmə üçün təqdim olunan şəxsiyyəti təsdiq edən sənədin surəti, habelə müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin, hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında təsdiq olunmuş surətləri monitorinq iştirakçısında saxlanılmalıdır.

9.8. Monitorinq iştirakçıları bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan hallarda etibarlı mənbələr vasitəsilə müştəri və benefisiar barəsində əldə olunmuş eyniləşdirilmə məlumatlarının verifikasiyası üçün tədbirlər görməlidir.

9.9. Hüquqi şəxsin verifikasiyası üçün tətbiq edilən tədbirlər aşağıdakılardır:

9.9.1. hüquqi şəxsin təqdim etdiyi məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlarla üzləşdirilməsi;

9.9.2. hüquqi şəxsin fəaliyyəti barədə kütləvi informasiya vasitələrindən, internet informasiya ehtiyatlarından və ya rəsmi nəşrlərdən məlumatların əldə olunması;

9.9.3. əldə olunan yeni məlumatların əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatları ilə üzləşdirilməsi.

9.10. Fiziki şəxsin verifikasiyası üçün tətbiq edilən tədbirlər aşağıdakılardır:

9.10.1. doğum haqqında şəhadətnamə, pasport, sürücülük vəsiqəsi və ya digər rəsmi sənəd əsasında doğum tarixinin təsdiqlənməsi;

9.10.2. mənzil-kommunal xidməti və ya qeyri-yaşayış sahələrindən istismar haqqı üçün mədaxil qəbzləri, yaxud mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi əsasında yaşayış yeri üzrə qeydiyyatın təsdiqlənməsi.

9.11. Monitorinq iştirakçıları müştərinin işgüzar münasibətləri və həyata keçirilmiş əməliyyatlarına dair əldə olunmuş məlumatların mütəmadi qaydada yeniləşdirilməsi üzrə tədbirlər görməlidir.

9.12. Monitorinq iştirakçıları müştərinin və benefisiarın eyniləşdirilməsi üçün aşağıdakı hallarda əlavə eyniləşdirmə tədbirlərini tətbiq etməli və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq maliyyə monitorinqi orqanına məlumat verməlidirlər:

9.12.1. bu Qanunun 7.2-ci maddəsində nəzərdə tutulan hallarda;

9.12.2. müştəri və ya benefisiarla bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığı aşkarlandıqda;

9.12.3. müştərinin öz adından fəaliyyət göstərməməsi və ya üçüncü şəxsin adından çıxış etməsi barədə şübhə üçün kifayət qədər əsas yarandıqda.

9.13. Monitorinq iştirakçıları tərəfindən tətbiq olunan əlavə eyniləşdirmə tədbirləri aşağıdakılardır:

9.13.1. hesabların və işgüzar əlaqələrin yoxlanması və ya digər üsullarla əməliyyatın həyata keçirilməsi məqsədinin və əməliyyatın mahiyyətinin aydınlaşdırılması;

9.13.2. hüquqi şəxs olan müştərinin səhmdarlarının və onların iştirak paylarının öyrənilməsi;

9.13.3. digər etibarlı mənbələr vasitəsilə müştəri, benefisiar və əgər mümkündürsə, pul vəsaitlərinin və ya digər əmlakın mənbəyi barədə daha dəqiq məlumatların əldə edilməsi və üzləşdirilməsi.

9.14. Əməliyyatın tərəflərini bu Qanunla müəyyənləşdirilmiş qaydada dəqiq eyniləşdirmək mümkün deyilsə və ya müştəri və ya benefisiar barədə eyniləşdirmə məlumatlarının təqdim edilməsindən imtina edilirsə, monitorinq iştirakçıları müvafiq əməliyyatı həyata keçirməməlidirlər.

9.15. Monitorinq iştirakçılarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq müştərinin və benefisiarın eyniləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada əlavə sənədlərin təqdim olunması tələb edilə bilər.

9.16. Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidməti göstərən hüquqi şəxslər bu maddədə nəzərdə tutulmuş eyniləşdirmə tədbirlərini yalnız limitdən yuxarı məbləğdə nağd şəkildə aparılan əməliyyatlar həyata keçirilərkən tətbiq etməlidirlər.

 

Maddə 10. Eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması öhdəliyi

 

10.0. Monitorinq iştirakçıları bu Qanunun 9-cu maddəsində qeyd olunan eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmayıbsa, aşağıda göstərilən müddət ərzində məlumat daşıyıcılarında və ya elektron formatda saxlanmasını təmin etməli və həmin sənədləri zərurət yarandığı təqdirdə maliyyə monitorinqi orqanına təqdim etməlidirlər:

10.0.1. müştərinin, benefisiarın və ya səlahiyyətli nümayəndənin eyniləşdirmə sənədləri - müştərinin hesabının bağlanmasından və ya müştəri ilə hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı beş il;

10.0.2. müştəri tərəfindən həyata keçirilmiş pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlər (hesabdan çıxarışlar, əməliyyatların aparılması üçün əsas və s.) və bu Qanunun 11-ci maddəsi üzrə hazırlanan məlumatlar - əməliyyat başa çatdıqdan sonra ən azı beş il.

 

Maddə 11. Monitorinq iştirakçıları tərəfindən məlumatların maliyyə monitorinqi orqanına təqdim olunması

 

11.1. Monitorinq iştirakçıları bu Qanunun 7-ci və 9.12-ci maddələrində göstərilən hallarda aşağıdakı məlumatları maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş qaydada ona təqdim etməlidirlər:

11.1.1. əməliyyatın növü;

11.1.2. əməliyyatın həyata keçirilmə tarixi;

11.1.3. həyata keçirilən əməliyyatın məbləği;

11.1.4. əməliyyatı həyata keçirən hüquqi və ya fiziki şəxsin eyniləşdirilməsi üçün monitorinq iştirakçıları tərəfindən bu Qanunun 9.3-9.5-ci maddələrinə əsasən alınmış zəruri məlumatlar;

11.1.5. benefisiar haqqında məlumatlar;

11.1.6. əməliyyatın mahiyyətini, məqsədini, o cümlədən xronologiyasını təsvir edən məlumatlar;

11.1.7. əməliyyatın şübhəli olmasını şərtləndirən əsaslar.

11.2. Bu Qanunun 7.1-ci maddəsində göstərilən əməliyyatlara dair məlumatlar həmin əməliyyatın icra olunması haqqında sifarişin (tapşırığın) alınmasından sonra 3 iş günü ərzində təqdim edilməlidir.

11.3. Bu Qanunun 7.2-ci və 9.12-ci maddələrində göstərilən əməliyyatlara dair məlumatlar həmin əməliyyatın icra olunmasından əvvəl təqdim edilməlidir. Əməliyyatın icra olunmaması mümkün deyildirsə və ya əməliyyatın icra olunmamasının benefisiarın müəyyənləşməsinə maneə yaradacağı məlumdursa, monitorinq iştirakçıları əməliyyatın icrasından dərhal sonra maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.

11.4. Monitorinq iştirakçıları pul vəsaitləri və ya digər əmlakla əməliyyat barədə bu Qanunun 7.2-ci və 9.12-ci maddələrində göstərilən əməliyyatlara dair məlumatı maliyyə monitorinqi orqanına təqdim etdiyi vaxtdan iki iş günü ərzində həmin əməliyyatı icra etməməlidirlər. Bu müddət ərzində əməliyyatın dayandırılması barədə maliyyə monitorinqi orqanının göstərişi daxil olmazsa, monitorinq iştirakçıları əməliyyatı icra edirlər.

11.5. Bu Qanunun 11.1-ci maddəsində qeyd olunan məlumatlar vəziyyətin təxirəsalınmazlığı nəzərə alınaraq, şifahi şəkildə maliyyə monitorinqi orqanına verilə bilər. Həmin məlumatların dərhal yazılı şəkildə maliyyə monitorinqi orqanına təqdim olunması təmin edilməlidir.

11.6. Bu Qanunun tələblərinə əsasən maliyyə monitorinqi orqanına verilən məlumatlar məxfi saxlanılır. Monitorinq iştirakçılarından göstərilən məlumatlar yalnız cinayət prosesini həyata keçirən orqanlar tərəfindən cinayət təqibi ilə əlaqədar tələb edilə bilər. Bu halda göstərilən məlumatlar yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir.

11.7. Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında müştərinin və ya digər şəxslərin məlumatlandırılması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

 

Maddə 12. Hüquqi şəxs olan monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemi

 

12.1. Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Bu sistem ən azı aşağıdakılardan ibarət olmalıdır:

12.1.1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların hazırlanması;

12.1.2. müştərilərin, onların adından çıxış edən səlahiyyətli nümayəndələrin, benefisiarların, əməliyyatların eyniləşdirilməsinə və verifikasiyasına imkan verən daxili, mərkəzləşdirilmiş arxivin yaradılması;

12.1.3. məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsinə dair qaydaların hazırlanması;

12.1.4. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə əməkdaşlara mütəmadi təlimlərin keçirilməsi;

12.1.5. monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarının müəyyən edilməsi;

12.1.6. əməliyyatın həyata keçirilməsinin dayandırılması ilə əlaqədar meydana çıxa biləcək problemlərin həlli istiqamətində tədbirlər;

12.1.7. bu Qanunla tələb olunan qaydaların monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən tətbiq olunmasının səmərəliliyini yoxlayan daxili audit mexanizmi;

12.1.8. hüquqi şəxs olan monitorinq iştirakçılarında və monitorinqdə iştirak edən digər şəxslərdə rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsi;

12.1.9. fəaliyyət xüsusiyyətindən asılı olaraq, işə qəbul və işçilərin yoxlanması mexanizmlərinin, habelə xarakteri şübhə doğuran hər hansı əməliyyatın aşkarlanması, qarşısının alınması və lazımi məlumatların bu Qanunun 11-ci maddəsinə əsasən maliyyə monitorinqi orqanına təqdim olunması üzrə digər mexanizm və qaydaların hazırlanması.

12.2. Hüquqi şəxs olan monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin strukturu daxilində bu Qanunun 12.1.8-ci maddəsində qeyd olunmuş məsul şəxs yalnız hüquqi şəxsin rəhbərliyinə hesabat verməlidir.

12.3. Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər daxili nəzarət sistemlərini maliyyə monitorinqi orqanının tələblərinə uyğun olaraq hazırlamalıdırlar.

12.4. Rüblük dövriyyəsi əlli min manatdan az olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər daxili nəzarət sisteminin hazırlanması tələbindən azaddırlar.

 

Maddə 13. Nəzarət orqanları tərəfindən məlumatların maliyyə monitorinqi orqanına təqdim edilməsi

 

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə maliyyə monitorinqi orqanı məlumat əldə etmək üçün nəzarət orqanlarına sorğu ilə müraciət edə bilər. Bu zaman müvafiq məlumatlar maliyyə monitorinqi orqanına təqdim olunmalıdır.

 

Maddə 14. Monitorinq olunmalı əməliyyat barədə məlumatın təqdim edilməsinə görə məsuliyyətdən azad olunma

 

Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər, onların əməkdaşları, habelə nəzarət orqanlarının əməkdaşları monitorinq olunmalı əməliyyatlar barədə məlumatları bu Qanunun tələblərinə uyğun olaraq maliyyə monitorinqi orqanına təqdim etdikdə, bank sirri və ya qanunla qorunan digər sirrin yayılmasına, eləcə də məlumatın yayılması nəticəsində dəymiş maddi və mənəvi ziyana görə məsuliyyətə cəlb oluna bilməzlər.

 

Maddə 15. Əməliyyatın həyata keçirilməsi ilə əlaqədar məsuliyyətdən azad olunma

 

Əgər monitorinq olunmalı əməliyyat həyata keçirilmişdirsə və həmin əməliyyatın icrasına sərəncam vermiş monitorinq iştirakçılarının səlahiyyətli şəxsləri və ya monitorinqdə iştirak edən digər şəxslər ilə müştəri və ya benefisiar arasında cinayət törətmək üçün sövdələşmə mövcud deyildirsə, eləcə də monitorinq olunmalı əməliyyat haqqında məlumat bu Qanunun 11-ci maddəsinə müvafiq qaydada maliyyə monitorinqi orqanına təqdim olunmuşdursa, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər, habelə onların əməkdaşları məsuliyyətə cəlb oluna bilməzlər.

 

Maddə 16. Məlumatın verilməsindən imtina olunmasının qadağan edilməsi

 

16.1. Bank sirrinin və ya qanunla qorunan digər sirrin qorunması rejiminə əsaslanaraq bu Qanunun 11.1-ci maddəsində göstərilən məlumatların maliyyə monitorinqi orqanına təqdim edilməsindən imtina oluna bilməz.

16.2. Bu Qanunun tələbləri dövlət sirrini təşkil edən məlumatlara şamil edilmir.

 

Fəsil 3. Maliyyə monitorinqi orqanının fəaliyyətinin təşkili

 

Maddə 17. Maliyyə monitorinqi orqanı

 

17.1. Maliyyə monitorinqi orqanının səlahiyyətlərini həyata keçirən dövlət orqanını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

17.2. Maliyyə monitorinqi orqanı monitorinq iştirakçıları, monitorinqdə iştirak edən digər şəxslər, nəzarət orqanları və bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan məlumatları toplayır və təhlil edir.

17.3. Maliyyə monitorinqi orqanı monitorinq olunmalı əməliyyat barədə mənbəyi məlum olan məlumat aldıqda, araşdırma məqsədilə müvafiq sorğu göndərməklə monitorinq iştirakçılarından, monitorinqdə iştirak edən digər şəxslərdən, nəzarət orqanlarından və bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanından bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş məlumatları əldə etmək, habelə öz səlahiyyətləri daxilində aparılan təhlil zamanı zərurət yarandığı halda onlardan və digər dövlət orqanlarından əlavə məlumat almaq hüququna malikdir.

17.4. Maliyyə monitorinqi orqanı təqdim olunmuş məlumatların məxfiliyini və yalnız bu Qanunla nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün istifadəsini təmin etməli, habelə bu məlumatların təhlükəsizliyinin təmin olunması sistemini təşkil etməlidir.

17.5. Maliyyə monitorinqi orqanı aparılmış təhlil nəticəsində həyata keçirilən əməliyyatda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinin əlamətlərini müəyyən etdikdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması ilə bağlı məlumatları prokurorluq orqanlarına, terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

17.6. Maliyyə monitorinqi orqanı öz vəzifə səlahiyyətlərini icra edərkən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən bu Qanunun tələblərinə əməl edilməməsinə dair məlumat əldə edərsə, həmin məlumatı göstərilən şəxslərə qarşı inzibati və ya qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlərin tətbiq edilməsi üçün müvafiq nəzarət orqanına təqdim edə bilər.

17.7. Maliyyə monitorinqi orqanının səlahiyyətləri bu Qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnamə ilə müəyyən edilir.

 

Maddə 18. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmalar barədə statistik məlumatların toplanması

 

18.1. Statistik məlumatların mərkəzləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı və prokurorluq orqanları öz səlahiyyətləri daxilində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmalar barədə statistik məlumatları altı ayda bir dəfə maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.

18.2. Bu Qanunun 18.1-ci maddəsində göstərilən məlumatların təqdim olunma forması müvafiq dövlət orqanları ilə razılaşdırılmaqla maliyyə monitorinqi orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 19. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatın icrasının dayandırılması

 

19.1. Maliyyə monitorinqi orqanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyat haqqında ona təqdim edilmiş məlumatlar əsasında həmin əməliyyatın icrasının dayandırılması barədə iki iş günü ərzində əsaslandırılmış qərar qəbul edə bilər. Bu halda maliyyə monitorinqi orqanı dərhal həmin əməliyyatı icra edən monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə müvafiq göstəriş göndərir.

19.2. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə dair şübhə yaradan əməliyyatın icrası maliyyə monitorinqi orqanı tərəfindən 72 saatdan artıq olmayan müddətə dayandırıla bilər.

19.3. Maliyyə monitorinqi orqanı əməliyyatın icrasının dayandırılması barədə qərar qəbul etdikdə həmin qərarı və müvafiq sənədləri dərhal cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi sahəsində cinayət təqibini həyata keçirən orqanlara göndərməlidir. Həmin orqanlar bu Qanunun 19.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində əməliyyatın icrasının daha uzun müddətə dayandırılması üçün cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görə bilərlər.

19.4. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə dair şübhə yaradan əməliyyatın icrasının dayandırılmasına dair müştəriyə məlumat verilməməlidir.

 

Maddə 20. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq

 

20.1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən dövlət orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq xarici dövlətlərin müvafiq səlahiyyətli orqanları ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, habelə həmin pul vəsaitləri və ya digər əmlakın əldə edilməsi üçün törədilən cinayətlər barədə məlumatların mübadiləsi, cinayət təqibi və məhkəmə qərarlarının icra olunması sahəsində əməkdaşlıq edirlər.

20.2. Maliyyə monitorinqi orqanı Azərbaycan Respublikasının qanunvericiliyinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq qaydada bu Qanunun 20.1-ci maddəsində qeyd olunan məlumatlara dair xarici dövlətin müvafiq səlahiyyətli orqanlarına sorğular verə, habelə onların müvafiq sorğusu və ya öz təşəbbüsü əsasında göstərilən məlumatları təqdim edə bilər.

20.3. Məlumat xarici dövlətin müvafiq səlahiyyətli orqanına yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə ziddiyyət təşkil etmədiyi və milli maraqlarına zərər vurmadığı halda, belə məlumatın verilməsi xarici dövlətin müvafiq səlahiyyətli orqanına cinayət təqibini başlamağa və ya müvafiq sorğunu göndərməyə əsas yaratdıqda verilə bilər.

20.4. Məlumat xarici dövlətin müvafiq səlahiyyətli orqanına o şərtlə verilir ki, həmin məlumatdan sorğuda göstərilməyən məqsədlər üçün istifadə olunmayacaqdır.

20.5. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar hüquqi yardım haqqında müvafiq sorğuların icrası, habelə bu sahədə xarici dövlətlərin məhkəmələrinin qərarlarının tanınması və icrası Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

20.6. Bu Qanunun 20.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müsadirə edilmiş pul vəsaitləri və ya digər əmlak Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tam və ya qismən müvafiq məhkəmə qərarının çıxarıldığı dövlətə verilə bilər.

 

Fəsil 4. Yekun müddəalar

 

Maddə 21. Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

Maddə 22. Qanunun qüvvəyə minməsi

 

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2009-cu il

 

Azərbaycan.-2009.-25 fevral.-S.2-3.