Xocalı
soyqırımının 17-ci ildönümü ilə əlaqədar
Xocalı məcburi köçkünlərinin Birləşmiş
Millətlər Təşkilatına, Avropa Şurasına,
Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatına
müraciəti
Biz - 1992-ci il fevralın 26-da
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin
Xocalı şəhərində erməni millətçiləri
tərəfindən törədilmiş
soyqırımının möcüzə nəticəsində
sağ qalmış şahidləri Birləşmiş Millətlər
Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatına, eyni
zamanda, dünyanın bütün mütərəqqi ictimaiyyətinə
növbəti dəfə böyük ümidlərlə
müraciət edir, Xocalı soyqırımına
hüquqi-siyasi qiymət verilməsinin zəruriliyini bir daha
sivilizasiyalı beynəlxalq aləmin nəzərinə
çatdırırıq.
İrandan Azərbaycana
köçmələrinin 150 illiyi münasibətilə
1978-ci ildə Dağlıq Qarabağda abidə ucaltmış
ermənilərin millətçi və ekstremist dairələri
tarixi Azərbaycan torpaqları hesabına xəyali
"Böyük Ermənistan" ideyasını
reallaşdırmaq məqsədi ilə son iki əsrdə
xarici havadarlarının köməyi ilə Azərbaycana
qarşı ardıcıl işğalçılıq siyasətini
həyata keçirmiş və məkrli niyyətlərinə
çatmaq üçün zaman-zaman çoxsaylı terror
aksiyaları və kütləvi qırğınlar, deportasiya
və soyqırımı kimi bəşəri cinayətlər
törətmişlər.
Çoxsaylı tarixi sənədlər
şahidlik edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə
Qafqazda öz tarixi-etnik ərazilərində etnik təmizləmə
və soyqırımı siyasətinə məruz qalan azərbaycanlılar
kütləvi surətdə qətlə yetirilərək dədə-baba
torpaqlarından deportasiya olunmuşlar.
1988-ci ildən
Ermənistanın Azərbaycana qarşı əsassız ərazi
iddiaları yenidən baş qaldırmış, heç bir
tarixi, siyasi, etnik əsası olmayan Dağlıq Qarabağ
fitnəkarlığına rəvac verilmişdir. Ermənistanda
öz tarixi-etnik torpaqlarında yaşayan 250 mindən artıq
azərbaycanlı 1988-1989-cu illərdə son nəfərinə
kimi deportasiya edilmiş, bu zaman yüzlərlə dinc sakin vəhşicəsinə
qətlə yetirilmişdir. Nəticədə Ermənistan
ermənilərin illərlə arzusunda olduqları monoetnik
dövlətə çevrilmişdir.
Artıq 20 ilə
yaxındır ki, Azərbaycan ərazisinin 20 faizi, o cümlədən
Dağlıq Qarabağ inzibati-ərazi bölgüsünə
daxil olmayan və 1990-cı illərin əvvəllərinədək
bütünlüklə azərbaycanlıların
yaşadığı 7 rayon Ermənistan silahlı qüvvələrinin
işğalı altındadır. 1 milyondan artıq azərbaycanlı
öz əzəli yurdlarından vəhşicəsinə
qovulmuş, on minlərlə adam qətlə yetirilmiş,
şikəst edilmişdir. Ermənistanın və
Dağlıq Qarabağın həbs düşərgələrində
qeyri-insani təhqir və işgəncələrdən əziyyət
çəkən 4500-dən çox azərbaycanlı əsir,
girov və itkin düşmüş insanın taleyi hələ
də məlum deyildir. İşğal zonasında yüzlərlə
şəhər və kənd, minlərlə ictimai-mədəni
tikili, təhsil və səhiyyə müəssisələri,
tarix-mədəniyyət abidələri, muzeylər, məscidlər,
müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar
yerlə-yeksan edilərək misli görünməmiş
vandalizmə məruz qalmışdır.
İyirminci əsrin 90-cı
illərinin əvvəllərində Qarabağın azərbaycanlılar
yaşayan Kərkicahan, Meşəli, Quşçular,
Qaradağlı, Ağdaban və sair kəndlərində erməni
silahlı quldurlarının törətdikləri kütləvi
qırğınlar, Bakıda və digər şəhərlərimizdə
həyata keçirilmiş qanlı terror aksiyaları, nəhayət,
Xocalı soyqırımı "məzlum və əzabkeş
ermənilərin" vicdanında əbədi qara ləkə
kimi qalacaq tarixi cinayətlərdir.
Acı təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, XX əsrin ən dəhşətli faciələri hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri sırasına 1992-ci ildə törədilmiş Xocalı soyqırımı da əlavə olunmuşdur. Həmin il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə vaxtilə yeddi min nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər (hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı). Həmin vaxta qədər Xocalı şəhəri artıq dörd aydan çox idi ki, erməni silahlı birləşmələri tərəfindən tam mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox sayda xəstələr, yaralılar, qocalar, qadınlar və uşaqlar var idi.
Həmin gecə Xocalı şəhəri yerlə-yeksan olundu. Əliyalın dinc mülki əhali kütləvi qırğına məruz qaldı - uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Erməni millətçiləri XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üzqaralığı olan növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq sırf təsadüflər nəticəsində xocalılıların bir hissəsi sanki tarixə şahidlik etmək üçün sağ qaldı.
Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 155 nəfərinin taleyi bu gün də məlum deyildir. Faciə nəticəsində 487 dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır.
Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.
Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik insan tərəfindən həyata keçirilmiş, XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bu tarixi cinayətin müəllifi özünü bütün dünyaya "əzabkeş və məzlum millət" obrazında təqdim edən davakar erməni millətçiliyidir.
Artıq 17 ildir ki, məcburi köçkün həyatı yaşayan biz xocalılılar dünyanın bütün sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara ürək ağrısı ilə, eyni zamanda, böyük ümidlərlə müraciət edirik. Biz inanırıq ki, dünyanın çox nüfuzlu beynəlxalq təşkilatları olan BMT, AŞ və ATƏT, sülhsevər qüdrətli ölkələr beynəlxalq hüquqa və bəşəri dəyərlərə məhəl qoymayan təcavüzkar bir dövləti - Ermənistanı haqq-ədalət prinsipləri ilə yaşamağa, qonşu dövlətlərlə normal münasibətlər qurmağa sövq edəcəkdir!
İşğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin indiyədək icra edilməməsi, ilk növbədə, həmin təşkilatın nüfuzuna ciddi zərbədir.
Biz əmin olduğumuzu bildiririk ki, dünya birliyi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyəcək, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, bir milyondan artıq qaçqın-köçkünün öz doğma yurd-yuvasına qayıtması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll olunması üçün ədalətli və obyektiv mövqe nümayiş etdirəcəkdir.
Bakı şəhəri, 17 fevral
2009-cu il
Azərbaycan.-2009.-25 fevral.-S.4.