Sürətli tərəqqi göz önündədir

 

Cəlilabad rayonu ərazisinə çatanda əsrarəngiz mənzərə ilə qarşılaşırsan. Gözoxşayan taxıl zəmiləri bol məhsuldan xəbər verir. Üzüm bağlarında budama və digər aqrotexniki tədbirlər həyata keçirilir. Faraş kartof yetişdirənlər havaların əlverişli keçməsindən istifadə edərək əkini qısa müddətdə başa çatdırmağa çalışırlar. Başqa sözlə, yazın gəlişinə xeyli qalmasına baxmayaraq, sahələrdə qızğın iş gedir. Rayon mərkəzinə çatanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının burada böyük səylə həyata keçirildiyinin şahidi olursan. Yeri gəlmişkən, Cəlilabad keçən əsrin 70-80-ci illərində də respublikanın qabaqcıl rayonlarından biri olmuşdur. Lakin heç zaman rayonda belə genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri həyata keçirilməyib.

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov söhbət zamanı bildirdi ki, bu inkişafın bünövrəsini ulu öndər Heydər Əliyev qoyub. Sürətli tərəqqi Prezident İlham Əliyevin həmin siyasəti böyük uğurla davam etdirməsinin nəticəsidir. Dövlət başçısı 2004-cü ilin noyabrında, 2007-ci ilin aprelində və 2008-ci ilin sentyabrında Cəlilabadda olub, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqalları ilə görüşlər keçirib, neçə-neçə yeni tikililərin təməlqoyma və açılış mərasimində iştirak edib. Prezident rayonda görülmüş və həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək demişdir: "Son bir il ərzində burada çox güclü işlər görülüb. Bu inkişafı görəndə mən də çox sevinirəm. Cəlilabadın simasında biz Azərbaycanda son illər ərzində gedən işlərin nəticəsini görürük. Mən çox şadam ki, burada rəhbərlik də çox fəal işləyir". Bu qiymət cəlilabadlıları daha yaxşı işləməyə ruhlandırıb.

Cəlilabad rayonu haqqında söz açarkən ilk növbədə taxılçılıq yada düşür. Rayon bu sahədə həmişə öncül olub. Onu bir vaxt Azərbaycanın Ukraynası da adlandırıblar. Dövlət tərəfindən göstərilən diqqət və qayğı taxıl istehsalında keçmiş şöhrəti qaytarmağa imkan yaradıb. 2008-ci ildə hər hektardan 23,2 sentner məhsul əldə olunmuş, ümumi taxıl istehsalı 152,4 min tona çatdırılmışdır ki, bu da əvvəlki ildəkindən 25,5 min ton çoxdur.

Rayonda aqrar sahənin mühüm bir hissəsini üzümçülük təşkil edir. Onun inkişaf etdirilməsi üçün tədbirlər davam edir. Həmişə Cəlilabada şöhrət gətirmiş üzümçülüyün yenidən inkişafı Dövlət Proqramında da öz əksini tapmışdır. 1500 hektardan çox sahədə yüksək məhsuldar üzüm bağları salınmışdır. Keçən il Qarazəncir kəndində Fransa və İtaliya istehsalı olan avadanlıqların quraşdırıldığı dünya standartlarına cavab verən şərab zavodunun tikilməsi və 681 hektar əkin sahəsini suvarmaq üçün 4,2 milyon kubmetrlik Göytəpə su anbarının inşasının başa çatdırılması bu sahəyə marağı daha da artırmışdır. Cəlilabad şərabı tezliklə təkcə yerli bazara deyil, dünya bazarlarına da çıxarılacaqdır. Ümumiyyətlə, üzümçülər ötən il bağlardan 1792 ton məhsul götürmüşlər. Bu, əvvəlki ildəkindən 597 ton artıqdır.

Heyvandarlıq sahəsində qazanılan nəticələr də sevindiricidir. Qaramalın sayı, ət, süd, yumurta istehsalı xeyli artırılmışdır. İndi rayonda kartof istehsalı da mühüm yer tutur. Bu sahəyə son vaxtlar artan meyilin bir səbəbi də istehsalçılara dövlətin yaratdığı şərait nəticəsində məhsulun maya dəyərinin aşağı düşməsi, digər tərəfdən rayonda hər il istehsal olunan faraş kartofun 70-75 faizinin xarici ölkələrə ixrac olunması və yaxşı gəlir gətirməsi ilə bağlıdır. Vaxtilə Rusiyadan kartof alan ölkə indi özü həmin ölkəyə kartof göndərir.

Hazırda rayonda ümumi tutumu 4,2 milyon kubmetr olan Göytəpə su anbarı inşa olunur. O, istifadəyə verildikdən sonra kənd təsərrüfatı məhsulları istehsalı daha da yüksələcəkdir.

Cəlilabad şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində inşa olunan obyektlərin yaraşığına və keyfiyyətinə xüsusi diqqət yetirilir. Heydər Əliyev seyrəngahı, yaxınlıqdakı təzə binalar, ulu öndərin adını daşıyan muzey, müasir işıqlandırma sistemi, avtovağzal binası və digərləri deyilənlərə misal ola bilər. Hazırda idman kompleksi, müalicə-diaqnostika mərkəzi, məktəblər, Qarabağ əlilləri və şəhid ailələri üçün 2 yaşayış binası və digər sosial əhəmiyyətli obyektlər inşa olunur.

Yollar abadlığın, inkişafın başlıca göstəricilərindən biridir. Ölkə başçısı 2007-ci il aprelin 9-da rayona səfəri zamanı Cəlilabad-Yardımlı yolunun çəkilməsi barədə Nəqliyyat Nazirliyinə tapşırıq vermişdi. Həmin tapşırığa əsasən, Cəlilabad şəhərindən Sərhədabad kəndinədək olan 7 kilometrlik yola yüksək keyfiyyətli asfalt döşənmişdir. Yolun qalan hissəsində iş bu il davam etdiriləcəkdir. Cəlilabad rayonu üzrə 40, Yardımlı rayonu üzrə isə 25 kəndi birləşdirən həmin yolun istifadəyə verilməsi nəticəsində nəqliyyat xidmətinin səviyyəsi yüksələcəkdir.

Sahibkarlığın inkişaf etdirilməsi daim diqqət mərkəzində olmuşdur. Həyata keçirilən tədbirlərin nəticəsində ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi artaraq 98 faizə çatmışdır. 2008-ci ildən "bir pəncərə" sisteminin tətbiq edilməsi biznes sahəsində problemlərin həllinə müsbət təsir göstərmiş, 2008-ci ildə sahibkarlara 14 milyon 526 min manat kredit verilmişdir.

İqtisadiyyatın inkişafı əməkhaqqının yüksəlməsinə müsbət təsir göstərmişdir.

Uzun illər diqqətdən kənarda qalmış, çoxu yararsız vəziyyətə düşmüş məktəblər Dövlət Proqramının həyata keçirilməsi nəticəsində indi istilik sistemləri, müasir laboratoriyaları, idman salonları, avadanlığı olan yeni binalarla əvəzlənib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən əlavə Heydər Əliyev Fondunun təşəbbüsü ilə də bir çox işlər görülmüşdür. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" çərçivəsində Kövüzbulaq, Bəcirəvan, Günzəli, Cəlayir və Ağdaş kəndlərində 1680 yerlik orta məktəb binaları tikilmişdir. Fondun təşəbbüsü ilə Cəlilabad şəhərində tikilən akademik Zərifə Əliyeva adına 1100 yeri olan məktəb keçən ilin sentyabrında öz qapılarını şagirdlərin üzünə açmışdır. Müqayisə üçün deyək ki, əgər 1980-2004-cü illəri əhatə edən 25 il ərzində rayonda cəmi 8 məktəb binası inşa olunmuşdusa, 2004-cü ildən sonrakı beş il ərzində 30-a yaxın məktəb binası tikilmişdir. Ötən il Uzuntəpə kənd 1 saylı orta məktəbin müəllimi Tahir Tahirzadə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi hesab edilmiş, Cəlilabad şəhər 8 saylı orta məktəbin müəllimi Ayaz Həsənov respublikanın əməkdar müəllimi adına layiq görülmüş, Privolnoye kənd orta məktəbinin müəllimi Rüstəm Rüstəmov "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri böyük qayğı ilə əhatə olunmuşlar. Onlar üçün 16 mənzilli iki yaşayış binası tikilib istifadəyə verilmişdir. Hazırda 36 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Məcburi köçkünlərə əkin üçün bələdiyyə mülkiyyətindən 430 hektar torpaq sahəsi ayrılmış, onların 181 nəfəri daimi işlə təmin olunmuşdur. Şəhərdə tikilməkdə olan müasir diaqnostika və gənclər üçün istirahət mərkəzlərində işlər artıq sona çatır, Olimpiya idman kompleksində inşaat işləri sürətlə davam etdirilir. Onlar istifadəyə verildikdən sonra əhalinin sağlamlığını qorumaqla bərabər, öz arxitektura gözəlliyi ilə şəhərə xüsusi yaraşıq verəcək.

Cəlilabadda aparılan tikinti-abadlıq işlərinin geniş vüsətinə dair başqa misallar da göstərmək olar. Artıq Heydər Əliyev seyrəngahı əhalinin əsl istirahət mərkəzinə çevrilib. Ümumiyyətlə, Cəlilabad şəhərində 9 hektar sahəni əhatə edən 3 park salınmış, 4 hektar sahəni əhatə edən "Xatirə" parkı əsaslı şəkildə yenidən qurulmuşdur. Şəhərdə xalçaçılıq, tikiş, konserv, çörək, mebel və dəmir-beton məmulatı sexləri, rayonun idarə və təhşkilatları üçün 10-dan artıq yeni inzibati bina tikilmişdir. İqtisadiyyatın və sahibkarlığın sürətli inkişafı, əhalinin gəlirlərinin artması son vaxtlar 6 kommersiya bankının rayonda öz filiallarını açmaq imkanı yaratmışdır.

Rayonda əhalinin elektrik enerjisinə, təbii qaza, içməli suya olan tələbatının ödənilməsi sahəsində əsaslı dönüş yaranmışdır. Səhiyyə, rabitə, poçt, nəqliyyat, ticarət, ictimai iaşə xidmətlərinin səviyyəsi də xeyli yüksəlmişdir.

"Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" və "Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət Proqramı (2004-2008-ci illər)"nın icrası ilə əlaqədar bir sıra məqsədyönlü tədbirlər görülmüşdür. İl boyu tələbə gənclər, hərbçilər, müharibə və əmək veteranları, istehsalat qabaqcılları ilə mütəmadi görüşlərin, əlamətdar günlər və bayramlarla əlaqədar müxtəlif müsabiqələrin, yarışların və diskotekaların keçirilməsi, "Cəsurlar", "Şahin" və "Marş irəli" hərbi idman oyunlarının təşkil edilməsi gənclərin mənəvi, hərbi vətənpərvərlik və fiziki tərbiyəsinə, asudə vaxtın təşkilinə müsbət təsir göstərmişdir.

Cəlilabadlılar həmişə dövlətçiliyə, Heydər Əliyev siyasi kursuna sadiq olmuşlar. Rayon əhalisi 2003 və 2008-ci il prezident seçkilərində Heydər Əliyev kursuna, cənab İlham Əliyevə səs verdilər. İndi onlar qurub-yaratmaqla bərabər, martın 18-də keçiriləcək Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı ümumxalq sesverməsinə (referenduma) hazırlaşırlar.

 

 

Seyran Cavadov

 

Azərbaycan.-2009.-25 fevral.-S.6.