Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

 

Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayaraq dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə milli maraqlara əsaslanan xətlə əlaqələrini inkişaf etdirir. Ölkə rəhbərliyinin beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmaqla yanaşı, onun beynəlxalq nüfuzunu da artırmışdır. Son beş ildə uğurla aparılan çevik diplomatiyanın nəticəsidir ki, Azərbaycan dünyanın demokratik dövlətləri və mötəbər təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirmişdir.

Böyük uzaqgörənliklə davam etdirilən xarici siyasət strategiyasının əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhəd və ərazi bütövlüyünün toxunulmazlığına hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi müsbət nəticələrə gətirib çıxarmışdır.

Hüquqi dövlət quruculuğu prosesində də respublikamız ATƏT, Avropa Şurası, BMT ilə sıx əməkdaşlıq edir. 2006-cı ildə Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri də ölkəmizin BMT-nin yeni yaradılmış İnsan Hüquqları Şurasına üzv seçilməsidir. İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycanın sıx əməkdaşlıq etdiyi təşkilatlardan biri də ATƏT-dir. Azərbaycan hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun əlavəsində ölkədə insan hüquqları sahəsində demokratik islahatların həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq nəzərdə tutulmuşdur.

İnsan hüquqları məsələlərinə Avropa İttifaqı ilə genişlənməkdə olan əməkdaşlıq kontekstində ayrıca diqqət yetirilir. Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında 2006-cı il noyabrın 14-də qəbul olunmuş Fəaliyyət Planında demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqlarının təmin edilməsi, qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlər daxil edilmişdir. Avropa İttifaqının bu Fəaliyyət Planının icrasının dəstəklənməsinə yönələn 2007-2010-cu illər üçün Azərbaycan üzrə Milli İndikativ Proqramında insan hüquqları sahəsində konkret əməkdaşlıq fəaliyyətlərinin müəyyən edilməsi nəzərdə tutulur.

İqtisadi islahatların davamlı xarakter alması, siyasi sabitliyin bərqərar olması, uğurla reallaşdırılan qlobal enerji layihələri ölkəmizin dünya miqyasında nüfuzunu artırmaqdadır.

Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qarşıda daha yeni perspektivlər açır. Davosda keçirilən Dünya İqtisadi Forumunda ölkəmizin yüksək səviyyədə iştirakı da buna bariz nümunədir. Forumda müasir dövrün siyasi-iqtisadi, eləcə də qlobal inkişafın əsas problemləri və işgüzar tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə predmeti olmuşdur. Forumda 100-dək ölkədən 2500-dən çox təmsilçinin, o cümlədən 41 dövlət və hökumət nümayəndələrinin iştirak etməsi bu tədbirin mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqlədi. Forumda dünya iqtisadi və maliyyə böhranının aradan qaldırılması, iqlim dəyişiklikləri məsələləri də diqqətdə saxlanılmışdır. Dünyada böhranlı vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişaf etməsinin və enerji təhlükəsizliyi məsələlərində ölkəmizin mühüm rola malik olmasının xüsusi qeyd edilməsi müsbət məqam kimi xarakterizə oluna bilər.

Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması və iqtisadi, siyasi sahədə qüdrətini ildən-ilə artırması dünyanın inkişaf etmiş dövlətlərinin ölkəmizə olan marağını artırmaqdadır. Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərinin inkişafına diqqət yetirdiyi ölkələrdən biri də Yunanıstandır. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa İttifaqı ilə sıx əməkdaşlıq prosesində Yunanıstanın dəstəyinə önəm verir.

Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün daha real imkanlar yaranmışdır. 1993-cü ildən etibarən Yunanıstan-Azərbaycan münasibətlərinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır. Hazırda Azərbaycan və Yunanıstan aparıcı Avropa strukturlarında yaxından əməkdaşlıq edir, müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Yunanıstan Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verir. Eyni zamanda, rəsmi Bakı Yunanıstan ilə bu cür əməkdaşlığın uğurla həyata keçirilməsi üçün konkret addımlar atır.

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Yunanıstana dövlət səfəri ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olduğunu təsdiqləməklə bir sıra mühüm nəticələrlə yadda qalmışdır. Səfərin nəticələri deməyə əsas verir ki, qloballaşan dünyada özünəməxsus yeri olan Yunanıstan əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara sürətli inteqrasiyasına ciddi maraq göstərir. Rəsmi Afina Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir. Yunanıstan Avropa İttifaqının birinci ölkəsidir ki, Azərbaycan qazını idxal edir və gələcəkdə enerjiyə artan tələbatlarını ölkəmizdən idxal edəcəyi neft və təbii qaz hesabına təmin etmək, beləliklə, həm də alternativ enerji mənbəyi qazanmaq niyyətindədir. Bundan başqa, respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Yunanıstan üçün də vacib önəm daşıyır.

Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri zamanı iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən mühüm sənədlər imzalanmışdır. Bu sırada Azərbaycan və Yunanıstan hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiya, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş, bərpa olunan enerji ehtiyatları və enerji səmərəliliyi sahəsində Anlaşma Memorandumunu misal göstərmək olar. Dövlət başçıları görüş zamanı ikitərəfli əlaqələrin Azərbaycan-Avropa İttifaqı əlaqələri çərçivəsində əhəmiyyətini vurğulayaraq qarşılıqlı münasibətlərin daha da genişləndirilməsini vacib saydılar. Dövlət başçısı İlham Əliyev Yunanıstan Prezidenti ilə görüşündə bütün sahələrdə əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir: "Mən Yunanıstanla Azərbaycan arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm. Yunanıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ölkələrimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq aləmdə uğurlu əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlarda, o cümlədən Avropa İttifaqının Yeni qonşuluq siyasəti proqramı və NATO-nun Fərdi tərəfdaşlığın fəaliyyət planı çərçivəsində sıx əlaqələrimiz məmnunluq doğurur. Son illərdə irimiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi, xüsusən Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində səylərimiz artıq öz bəhrəsini verməkdədir. Yunanıstanın ötən ilin noyabrında Bakı şəhərində keçirilən enerji sammitində təmsil olunması və sammit çərçivəsində imzalanmış bəyannaməyə qoşulması ikitərəfli və regional əməkdaşlıq üçün yeni imkanlar açır".

Azərbaycan və Yunanıstan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu ölkə başçıları tərəfindən bir daha ifadə edildi. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rola malik olduğu və ölkəmizlə bu sahədə də əməkdaşlığın dərinləşdirilməsi Yunanıstan rəhbərliyi tərəfindən xüsusilə qeyd olundu. Azərbaycan-Yunanıstan əlaqələrinin dinamik inkişafı qarşıda daha yeni imkanlar açır.

 

 

E.Hacıalıyev

 

Azərbaycan.-2009.-25 fevral.-S.5.