Milli inkişafın prioritet xətti

 

Müasir qloballaşma dövründə bu və digər dövlətin beynəlxalq münasibətlər sisteminə qatılması, maraq və mənafelərini beynəlxalq hüququn verdiyi imkanlar hesabına təmin etməsi, sivil birgəyaşayış normaları ilə tənzimlənən dünya siyasətində iştirakı ilk növbədə onun daxili siyasətindən, demokratik normalara, insan hüquq və azadlıqlarına necə əməl etməsindən asılı vəziyyətə düşür. Beynəlxalq aləmdə yüksək səviyyədə təmsil olunmaq, dünya dövlətləri birliyində layiqli yer tutmaq istəyən hər bir dövlət daxildə vətəndaşlarının ümumbəşəri səciyyə daşıyan hüquq və azadlıqlarına, demokratik idarəetmə və vətəndaş cəmiyyəti prinsiplərinə əməl etməlidir.

Mürəkkəb və çətin mərhələlərdən keçmiş demokratik inkişaf təmayülünün əsas hədəfi dövlətin insanların şəxsi həyatına müdaxiləsini minimuma endirmək, vətəndaşların anadangəlmə təbii və sonradan qazanılmış hüquqlarını dönmədən yüksəltmək və qanunların aliliyini, fikir plüralizmini təmin etməkdən ibarətdir. Bu gün iqtisadi, siyasi, sosial inkişaf səviyyələrinin müxtəlifliyinə, liberal dəyərlərin mənimsənilməsi göstəricilərinin kəskin şəkildə fərqliliyinə rəğmən, demək olar ki, bütün ölkələr insan haqlarına sadiqliklərini birmənalı bəyan etmişlər. Siyasi liberallaşma və demokratikləşmə prosesinin genişlənməsi dövlətlərin fəaliyyətlərinin məhz bu prinsiplərə əsasən istiqamətləndirilməsini zəruri prosesə çevirmişdir.

XX əsrin sonlarında dövlət müstəqilliyini əldə etmiş Azərbaycan Respublikası demokratik və hüquqi cəmiyyət quruculuğu yolunu seçdiyini bəyan etsə də, yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə mühüm addımlar atmışdır. Ümummilli lider Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi modeli özünəməxsus uzaqgörənliklə əsaslandırmış, eyni zamanda bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini vurğulamışdır. Böyük strateq mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş, onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır.

Demokratik həyat tərzinin diktə etdiyi reallıq kimi, Azərbaycanda bazar iqtisadiyyatının fundamental prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı, sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçilmişdir. Uğurla reallaşdırılan bu strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmiş, bir sıra mərkəzi və dövlət idarəetmə orqanları ləğv edilmiş, digərlərinin tənzimləmə funksiyaları saxlanılmaqla təsərrüfat funksiyaları dayandırılmışdır. Heydər Əliyevin rəhbərliyi altında iqtisadi sahədə həyata keçirilən islahatların başlıca qayəsini həm də dövlətsizləşdirmə prosesinin sürətləndirilməsi - iqtisadi cəhətdən güclü və müstəqil milli şirkətlərin yaradılması, insanların biznes təşəbbüskarlığının, özünüifadə və özünütəsdiq imkanlarının artırılması, demokratik dəyərlərin ictimai şüurda möhkəmlənməsi kimi mühüm prinsiplər təşkil etmişdir. Ümummilli lider dəfələrlə bildirmişdir ki, Azərbaycan könüllü olaraq qoşulduğu demokratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül modelini özünün alternativsiz inkişaf strategiyası hesab edir. Eyni zamanda, tətbiq olunan hər hansı demokratik yeniliklərin xalqın milli xüsusiyyətləri, dünyagörüşü, ictimai şüur səviyyəsi ilə səsləşməsini vacib sayır: "Demokratiya daim inkişafda olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə təkamül yolu ilə olmalıdır. Çünki hər bir şeyə tezliklə nail olmaq çətindir".

1995-ci ildən respublikamızda hüquqi-siyasi və iqtisadi islahatların paralelliyi prinsipinin gözlənilməsi, Azərbaycanın inkişaf tempinə cavab verən siyasi liberallaşdırma siyasətinin aparılması Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının ana xəttini təşkil edir. Respublikamızın son 15 ildə demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.

Azərbaycan xalqını həqiqi müstəqilliyə qovuşduran, dayanıqlı demokratik inkişafın əsasını qoyan Heydər Əliyev dühasının zəngin dövlətçilik irsinin, unikal idarəçilik məktəbinin öyrənilməsi bu gün tarix və politologiya elmi üçün xüsusi aktuallıq kəsb edir. Xalqın taleyində müstəsna rol oynamış bu fenomen şəxsiyyətin fəaliyyətinin hər bir səhifəsi dərindən öyrənilməli, təhlil olunmalı və gələcək nəsillər üçün tarixə köçürülməlidir. Yalnız bu səbəbdəndir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirməklə yanaşı, onun əsrlər boyu sabit və davamlı inkişafını təmin edəcək alternativsiz milli inkişaf yolunu müəyyənləşdirmiş, milli sosial-iqtisadi inkişaf konsepsiyasının banisi kimi çağdaş tariximizdə əbədiyaşarlıq hüququ qazanmışdır.

Azərbaycanın qısa dövr ərzində keçdiyi demokratik inkişaf mərhələsinin mahiyyəti, ölkəmizdə liberal dəyərlərin təminatını sürətləndirən proseslərin inkişaf dinamikası, iqtisadi tərəqqinin keyfiyyətcə yeni mərhələsi olan modernləşmə xəttinin əsas seqmentləri, bir sözlə, qloballaşma dövründə milli inkişafın əsas hədəflərinin konkret elmi-nəzəri postulatlar şəklində ortaya qoyulması ölkə filosof və alimlərindən ciddi səylər, yeni cəsarətli yanaşmalar tələb edir. Son dövrlər bu istiqamətdə elmi araşdırmaların, qloballaşma dövründə demokratik inkişafın xarakteri ilə bağlı müxtəlif istiqamətli tədqiqatların artması bu baxımdan təqdirəlayiqdir. Ancaq etiraf etmək lazımdır ki, son illərdə Azərbaycanın müasir inkişaf strategiyası, ölkədə həyata keçirilən demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi ilə bağlı ən maraqlı, sanballı elmi-nəzəri yanaşmalara məhz Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin əsərlərində rast gəlinir. Akademik Azərbaycanın təcrübədə sınaqdan çıxmış milli inkişaf modelinin nəzəri əsaslarını yaratmaqla ölkənin fəlsəfi fikir tarixinə möhürünü vurmuşdur.

Görkəmli filosofun bir sıra fundamental əhəmiyyətli əsərlərində uğurlu sosial-iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsi kimi öz inkişafının yüksək mərhələsinə qədəm qoymuş müstəqil Azərbaycan dövlətinin və cəmiyyətinin iqtisadi, siyasi və sosial problemlərinin hərtərəfli təhlilinə geniş yer ayrılır. Qloballaşan dünyanın yeni reallıqları şəraitində respubikamızda iqtisadi və siyasi islahatların əsas təmayülləri, demokratikləşmə prosesinin fundamental cəhətləri, qərbləşmə və modernləşmənin cəmiyyətə təsiri kimi fundamental məsələlər geniş təhlil olunur.

Akademik Ramiz Mehdiyevin müəllifliyi ilə işıq üzü görən, öz sanbalı, aktuallığı, elmi-fəlsəfi və praktik əhəmiyyəti ilə cəmiyyətdə böyük rezonans doğuran "Demokratiya yolunda: irs haqqında düşünərkən" kitabı bu əsərlər sırasında xüsusilə seçilir. Azərbaycanda fəlsəfi-siyasi fikrə böyük töhfə olan bu kitabda bəşəriyyətin demokratik təkamül yolu, tarixi inkişafın ayrı-ayrı mərhələlərində demokratiyaya münasibət, ona maneə törədən qüvvələrlə demokratiyaya can atan insanlar arasındakı mübahisələr, mübarizələr araşdırılır. Akademik dünyada cərəyan edən demokratikləşmə prosesləri fonunda Azərbaycanda bu idarəetmə modelinin formalaşma və milli inkişaf xüsusiyyətlərini analitik-fəlsəfi rakursda təhlil etmişdir. Filosof bilavasitə içində olduğu siyasi hadisə və proseslərin, demokratik idarəetmə norma və metodlarının peşəkar planda fəlsəfi təsvirini verə bilməklə həm də böyük cəsarət nümayiş etdirmişdir.

Akademik Ramiz Mehdiyev giriş sözündə "Demokratiya yolunda: irs haqqında düşünərkən" adlı əsərinin yazılmasını zəruri edən məqamları önə çəkmiş, çağdaş tariximizin tarixçilər və filosoflar tərəfindən obyektiv surətdə qələmə alınması, mürəkkəb ictimai-siyasi proseslərin geniş ictimaiyyətə izah olunması vacibliyinə toxunmuşdur: "Ötən əsrin 70-ci illərindən etibarən dövlət idarəçiliyi sistemində olduğumdan mən bu illər ərzində Azərbaycanın hansı taleyüklü dəyişikliklərdən keçdiyini və müstəqilik illərində əldə etdiyi zirvələri dəqiq və aydın görürəm. Ancaq mən bu kitabı yazarkən heç də son həqiqəti əks etdirməyə iddia etmirəm, sadəcə, düşünürəm ki, bu təşəbbüs ölkənin elmi potensialını göstərilən problemin ciddi tədqiqinə istiqamətləndirə bilər. Təəssüf ki, bizim elmi ictimaiyyətin əhəmiyyətli hissəsi ötən əsrin 80-90-cı illərində mübtəla olduğu letargiya yuxusundan hələ çıxmayıb".

Kitabda tədqiq edilmiş məsələlərin aktuallığı, proseslərin dərin və sərrast elmi təhlili, düzgün və arqumentləşdirilmiş proqnozların verilməsi, hadisələr arasında məntiqi əlaqələrin tapılması, müəllif mövqeyinin olması xüsusi diqqəti çəkir. Əsərdə antik dövrlərdən bugünədək təkamül yolu keçmiş demokratiya, insan hüquqları və vətəndaş cəmiyyəti ideyaları geniş şərh edilmiş, məşhur nəzəriyyəçilərin, böyük filosof-alimlərin, siyasətçilərin, liderlərin demokratiya haqqında baxışlarına yer verilmişdir. Kitabın birinci fəslində müəllif yeni dövrün demokratiya fəlsəfəsinə toxunmuş, antik mütəfəkkirlərin, o cümlədən Jan Jak Russo, Şarl Montöskye və digər filosofların demokratiya nəzəriyyələrini təhlil etmişdir. İntibah nəzəriyyəçilərinin demokratiya ilə bağlı fikir və mülahizələrini ümumiləşdirən akademik Ramiz Mehdiyev dünya dövlətlərinin inkişaf yoluna çevrilmiş bu idarəetmə formasının səciyyəvi cəhətlərinə, uğur və çatışmazlıqlarına obyektiv nəzər salmışdır.

Akademik Ramiz Mehdiyevin 16 yanvar 2008-ci il tarixdə "Azərbaycan" qəzetində işıq üzü görmüş "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsəri də xüsusi sanbala və dəyərə malikdir. Əsərdə SSRİ-nin dağılmasından sonra postsovet respublikalarında özünü qabarıq göstərən demokratik tranzit probleminə toxunulur, bu xüsusda Azərbaycanın keçdiyi tarixi inkişaf yolundan bəhs olunur, aparılan iqtisadi, siyasi və hüquqi islahatlar nəzəri cəhətdən əsaslandırılır, eyni zamanda iqtisadi inkişafa adekvat olaraq həyata keçirilən demokratik təkamül konsepsiyasının mahiyyəti açıqlanır. Əsərdə demokratikləşmə xətti Azərbaycan dövlətçiliyinin inkişafının əsas vektoru və milli inkişaf strategiyasının həlledici amili kimi dəyərləndirilir. Həmçinin vurğulanır ki, demokratiya və onun ardınca gələn liberallaşma vətəndaşa maksimum azadlıqlar verməklə azadlıq ideyasının və səmərəli dövlətçilik konsepsiyasının birləşməsinin mahiyyətini müəyyən edir.

"Modernləşmə xətti yenə də gündəlikdədir" əsərində isə filosof sosial-iqtisadi inkişafın hazırkı mərhələsində ölkənin hansı istiqamətdə və nə kimi məqsədlər naminə getməli olduğunu elmi dəlillər, təkzibolunmaz mühakimə və müqayisələrlə diqqətə çəkmiş, modernləşmə prosesinin əsas inkişaf vektorlarını müəyyənləşdirməyə çalışmışdır. Akademik Ramiz Mehdiyev indiyəqədərki əsərlərində irəli sürdüyü bir konseptual tezisi daha da inkişaf etdirərək yazır ki, son 15 ildə Azərbaycanda həyata keçirilən milli demokratik keçidin mahiyyətini məhz iqtisadi firavanlıq müəyyənləşdirir. 2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi səmərəli inkişaf strategiyasını uğurla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyinin birinci dövründə məhz bu postulat əsas götürülmüş və iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Şübhəsiz, hər bir dövlətdə demokratikləşmə prosesinin həyata keçirilməsi üçün ilk növbədə insanın azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Demokratik cəmiyyətin əsas təməl prinsiplərindən biri də fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sisteminin təşəkkülü, xüsusi mülkiyyət formasının genişlənməsi, orta sahibkarlar sinfinin mövqelərinin möhkəmlənməsidir. Eyni zamanda, bu mühüm iqtisadi faktorların inkişafı üçün ümumi daxili məhsulun müəyyən bir səviyyəyə yüksəlməsi vacib məsələlərdən biri hesab olunur.

Akademik Ramiz Mehdiyev bütün bunları elmi təhlil süzgəcindən keçirərək "Modernləşmə xətti yenə də gündəlikdədir" əsərində yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi məsələlərə xüsusi yer verməsi əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. "Hazırda həyata keçirilən siyasi və iqtisadi islahatlar bir qədər başqa çalar alır. Bu, ölkənin inkişafında artıq yeni mərhələ olacaqdır. Deməli, iqtisadi islahatların ünvanı da yeni məna kəsb edir və onların məqsədi postsənaye cəmiyyətinin səciyyəvi cəhətlərini tam şəkildə mənimsəməkdən ibarətdir. Bununla bərabər, siyasi və iqtisadi islahatlar paralel şəkildə həyata keçiriləcək, çünki növbəti illər üçün əsas vəzifə Azərbaycan cəmiyyətinin demokratik konsolidasiyasıdır" deyən cənab Ramiz Mehdiyev ABŞ-ın tanınmış ictimai-siyasi xadimi F.D.Ruzveltin "ehtiyac və azadlığın bir araya sığışmaması" fikrinə iqtibas edir. Müəllif halqı olaraq vurğulayır ki, iqtisadiyyatla siyasətin səmərəli qarşılıqlı əlaqəsi son illərdə Azərbaycanın postsovet məkanında mühüm və ən intensiv inkişaf edən ölkəyə çevrilməsinə imkan yaratmışdır.

Akademik Ramiz Mehdiyevin son bir neçə ildə "Azərbaycan" qəzetində işıq üzü görmüş əsərlərinin toplandığı "Yeni siyasət: inkişafa doğru" adlı IV və V kitabları da ensiklopedik səciyyə daşıması, yüksək elmi-fəlsəfi siqləti ilə seçilir. Akademik Ramiz Mehdiyevin əsasən ötən beş ildə "Azərbaycan" qəzetində dərc edilmiş "Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmləndi və inkişaf etdi", "İlham Əliyevin uğurlu Prezidentlik fəaliyyəti Heydər Əliyev siyasi kursunun uzunömürlülüyünü təmin edir", "Demokratiya Azərbaycanın inkişafının əsas istiqamətidir", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı yeni milli strategiya xalqın rifahını yüksəldəcək", "Qloballaşma dövründə dövlət və cəmiyyət", "Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi kimi" əsərləri və onlar haqqında yazılmış rəylər toplanmışdır. Bu əsərlərin hər biri respublikanın çağdaş inkişaf vektorları, respublikamızın qloballaşan dünya iqtisadiyyatında və siyasətində yeri, milli demokratiya modeli, modernləşmə xətti, innovasion cəmiyyətin qurulması xüsusiyyətləri ilə bağlı dərin elmi-fəlsəfi fikir və mülahizələrin məcmusu kimi mühüm aktuallıq kəsb edir.

V kitabda isə akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərinə yazılmış rəylər toplanmışdır. Əsərdə bəşəriyyətin alternativsiz inkişaf yoluna çevrilmiş demokratikləşmə prosesləri və modernləşmə xətti respublikamızın hazırkı inkişaf strategiyası kontekstində elmi-fəlsəfi təhlil süzgəcindən keçirilmişdir. Gərgin elmi axtarışların, analitik təhlil, müqayisə və ümumiləşdirmələrin nəticəsi kimi ortaya çıxan əsərdə respublikamızda demokratik proseslərin sürətləndirilməsini şərtləndirən sosial-siyasi və iqtisadi amillər diqqətə çəkilmiş, vətəndaş cəmiyyətinin formalaşdırılması məqsədinə hesablanmış islahatlardan söhbət açılmışdır.

"Yeni siyasət: inkişafa doğru" adlı IV və V kitablarda toplanmış əsərlərdə yeni dünya nizamının bir sıra reallıqları açıq və cəsarətli şəkildə şərh olunur. Bu baxımdan müasir dünya siyasətində demokratikləşmə tendensiyası, ümumilikdə Azərbaycanda həyata keçirilən demokratik və hüquqi islahatların ölkənin iqtisadi inkişaf sürətinə adekvat olması məsələləri üzərində xüsusi dayanmaq olar. Kitabda respublikamızın seçdiyi inkişaf yolunun təməl prinsiplərinin müasir dövrün tələbləri baxımından elmi-nəzəri araşdırılmasına geniş yer verilmiş, iqtisadiyyatdan demokratiyaya, sabitlikdən modernləşməyə doğru tranzitin xüsusiyyətlərindən bəhs edilmişdir. "Yeni siyasət" dedikdə, müəllif ölkənin dinamik sosial-iqtisadi inkişaf sürətinin nəticəsi kimi demokratik islahatların sürətləndirilməsi üçün tamamilə fərqli, yeni imkanların yarandığını önə çəkir. Bu mərhələdə qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək onların həlli üçün maraqlı təkliflərlə çıxış edən akademik Ramiz Mehdiyev ölkənin perspektiv inkişafının - modernləşmə xəttinin mahiyyətini açmağa çalışır.

İnkişaf etmiş və demokratik inkişaf yolunda böyük təcrübə qazanmış Qərb ölkələrinin standartları ilə totalitar rejimlərdən yenicə xilas olmuş, keçid mərhələsini yaşayan ölkələrdə gedən prosesləri eyniləşdirmək cəhdi istənilən halda uğursuzluğa məhkumdur. Bu həqiqətin üzərində xüsusi dayanan Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev hesab edir ki, keçid cəmiyyətlərində demokratik transformasiyalar məxsusi sxem və daxili qanunauyğunluqlarla deyil, milli çərçivədə həyata keçirilir. Bu yanaşma demokratikləşmə prosesinin fundamental prinsiplərinə qətiyyən xələl gətirmir. Dövlət idarəçiliyinin demokratikləşdirilməsi, azad seçkilərin keçirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, siyasi plüralizmin bərqərar olması hər bir ölkə üçün universal dəyər olaraq qalır.

Görkəmli filosof əsərdə həmçinin vurğulayır ki, dünya miqyasında yeni iqtisadi və milli istehsal sahələri yaranmağa, insanın ümumbəşəri dəyərlərə yiyələnməyə başladığı bir məqamda Azərbaycanın dünyanın bu yeni nizamına qoşulması, qabaqcıl dünyaya inteqrasiyası, demokratik şüur cəhətdən yetkinləşməsi son dərəcə vacibdir. Respublikamız sivil demokratik dəyərlərin hansısa dövlətlərin maraqlarına uyğun şəkildə mənimsənilməsini, kənar diktələri qəbul etmir və demokratiyanın suverenliyi prinsipini müdafiə edir. Daha dəqiqi, demokratiyanın fundamental təməl prinsiplərini tam və qeyd-şərtsiz qəbul edərək onun milli modelinin tətbiqini vacib sayır.

Ümumiyyətlə, akademik Ramiz Mehdiyevin son illər yüksək peşəkarlıqla qələmə aldığı əsərlər Azərbaycanda həyata keçirilən çoxşaxəli iqtisadi və demokratik islahatların nəzəri əsaslarının konkret elmi postulatlar şəklində işlənib hazırlanmasına xidmət edir. Ölkənin ən yeni tarixinə orijinal və özünəməxsus yanaşmanı özündə ehtiva edən bu əsərlərdə yer almış fundamental tezislər müasir ictimai fikrin tədqiqatçılarının düzgün məcrada istiqamətləndirilməsi baxımından da son dərəcə əhəmiyyətlidir.

 

 

Asəf Zamanov,

fizika-riyaziyyat elmləri doktoru,

professor

 

Mönsüm Alışov,

pedaqoji elmlər namizədi,

dosent

 

Azərbaycan.-2009.-25 fevral.-S.5.