Badam çiçəklərinin ətri
İl mülayim gələndə
Bakıda badam ağacları lap yanvar ayında da
çiçək açır.
Məncə, badam çiçəkləri qışın oğlan çağında şaxta fəslinə meydan oxuyan yeganə çiçəklərdir.
Badam çiçəkləri bəzən bəmbəyazlıqda qarla bəhsə də girir. Bəlkə də badam çiçəyi yeganə çiçəkdir ki, qar lopalarının onun ləçəklərinə qonmasından qorxmur. Yəqin elə bunun müqabilində də qar lopaları çiçəklərin ləçəklərində əriməklə onlara can verir.
Mən Tanrı dərgahına ucalmış şairlərin və nasirlərin, rəssamların və bəstəkarların fəhmini, ruhunu, istedad təşnəsini badam çiçəklərinə bənzədirəm. Çünki sənət qüdsiyyətindən çələng hörənlər də zamanı, dövrü, müasirlərini qabaqlamaq qüdrətinə malikdirlər.
Nizami Gəncəvinin 800 il əvvəl yaratdığı "Xəmsə"si bu gün də dövlət siyasətçiliyinin, aqil hökmdar anlayışının, bəşəri insan anlamında mənəvi ləyaqətin, dini və sosial əxlaqın meyarlar ölçüsü kimi dəyərlidir, insan və cəmiyyət kodeksi əzəmətindədir.
İmadəddin Nəsiminin 600 il əvvəl söylədiyi "Ən əl-həqq" insanların idrakın gücü, əməllərin paklığı, zəkanın işığı ilə Tanrı həqiqətini dərk etməyin, haqqa qovuşmağın müqəddəs yoludur. Sufilərin fəlsəfi anlamında şəriət elmdir, təriqət yoldur, həqiqət isə Allaha çatmaqdır. Budur Nəsiminin çağdaş zamanımızda da əbədi görünən fəlsəfəsi: "Özündə ol ki, Allahda var olasan"...
Məhəmməd Füzuli dörd əsr əvvəl sözün əzəməti və idrakın qüdrəti ilə dünya poeziya kəhkəşanında "Leyli və Məcnun" kimi sönməz ulduz yaradıb. Rəvayətlə bədii gerçəkliyin əbədi nümunəsi kimi ucalığını həmişə saxlayan "Leyli və Məcnun" məhəbbət poeması bu gün də sevgi qüdsiyyətinin, aşiq ucalığının, eşq bakirəliyinin, sədaqət ülviyyətinin poetik-fəlsəfi rəmzi kimi möhtəşəm ədəbi abidə zirvəsindədir...
Səttar Bəhlulzadə yarım əsr əvvəl əfsanəvi gözəlliyə malik Göygölün rəsmini fırçaya alıb. Alıb və möcüzəli tablosuna "Kəpəzin göz yaşları" adını verib. Görənlər yaxşı bilirlər ki, real həqiqətdə Kəpəz Göygöldən bir qədər soldadır. Lakin dahi rəssam fəhmlə, vətənə məhəbbətinin işığıyla, hisslərinin çılğınlığıyla tablodakı kompozisiyada Kəpəzi bir qədər sağda verib. Beləliklə, "Kəpəzin göz yaşları" daha məhzun, daha nağılvari, daha dalğın, daha sirli, daha poetik duyğulardan don geyinib. Həmin tablo sanki bu gün düşmən tapdağında inləyən Kəlbəcərin Murovun sinəsindən süzülən və Kəpəzin bağrından keçən naləli, fəryadlı göz yaşlarıdır...
"Qarabağ şikəstəsi"nin ecazkar musiqi təranələrini xalq yaradıb. Adını da xalq qoyub. "Şikəstə" sözü bu musiqi abidəsinə möhtəşəm duyğular vüsəti verib, kədərin mənəvi harayına qanad taxıb. İndi gəl fəhmə inanma. "Qarabağ şikəstəsi" əzəmətli, möhtəşəm kədər harayı ilə bizi qeyrətə, torpaqları xilasa səsləyir...
Cəlil Məmmədquluzadənin "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım..." harayı ilə yaratdığı söz inciləri, acı həqiqətlərə ayna tutmaq qüdrəti vətəni və vətənsevərliyi, milləti və millətsevərliyi dərk etməkdə bu gün də əxlaq kodeksimizdir...
Soltan Hacıbəyovun "Karvan" simfonik əsəri mədəniyyətimizin min illər boyu yol gələn əzəmətli, ləngərli musiqi qatarıdır. Dünənimizdən bugünümüzə mənəvi körpüdür. Bu musiqinin "karvan zınqırovları" duyğularımızı soykökümüzə ehtiram notlarında kökləyir, sabaha inama çağırır...
Ölkəmizin baş xanımı Mehriban Əliyevanın layihəsi və səyi, qətiyyəti və əzmkarlığı, zərif zövqü və duyğusal məhəbbəti ilə işıq üzü görən "Qarabağ xanəndələri" mədəniyyət tariximizdə şimşək kimi çaxdı. Bakıda doğulub YUNESKO-dan dünyaya boy atan "Qarabağ xanəndələri" adlı bu möhtəşəm sənət abidəsi Azərbaycan millətinin mənəvi sərvətlərinin sönməz ulduzu kimi bərq vurur. Həmin bərqin işığında dünya xalqları Azərbaycan mədəniyyətinin tarixi həqiqətlərini anlamaq, dərk etmək, dəyərləndirmək və sevmək məcburiyyətində qalırlar. Bax, budur millətsevərlik, xalqsevərlik, Vətənə övladlıq borcu...
İyirmi birinci əsrin əvvəllərində, təzə eranın başlanğıcında millətimiz də, məmləkətimiz də, ayrı-ayrı fərdlərimiz də çox-çox dürlü-dürlü, qəliz-qəliz problemlərlə üzləşirlər. Nəyəsə çarə axtarırıq, nəyinsə müsibətinə inanmağa başlayırıq, nəyinsə hələ də tərəddüdünü keçiririk, nəyinsə həqiqətə çevriləcəyinə inamımız artır...
Mənəviyyatımızın, əxlaqımızın, düşüncəmizin bu gün daha müasir görünən problemləri barədə yazıçılarımız yetmiş il, altmış il, əlli il əvvəl də əsərlər yazıblar. Fəhmlə yazıblar, daxili duyğuyla yazıblar.
Həmin müdrik yazıçılar zamanın siyasi burulğanlarından qeyrətlə, cəsarətlə "yan keçmək" üçün fikirlərinin zahiri tərəflərinə min bir "bəzək" vurublar. Lakin məram və məqsədlərinin təravətini və lətafətini qar altındakı bənövşə kimi təzə-tər saxlayıblar. Cəsarətlə, qeyrətlə, namusla saxlayıblar!
Zahirən sakit həyat tərzi sürən, daxilən burulğanlar fırtınalarından keçən belə sənətkarlardan biri də Mir Cəlaldır.
Azərbaycan gəncliyinin mübarizlik ruhunun formalaşmasını, azadlıq uğrunda çarpışmalarını xalqın idraki təkamülü kimi səciyyələndirən ilk nasirlərimizdən biri də Mir Cəlaldır.
Müsavat hakimiyyətinin başlıca prinsiplərini və ilk müstəqil cümhuriyyətimizi namərdcəsinə fəlakətə aparan yolun qat-qat qırışlanmış cığırlarını döyənəkdən təmizləyən qeyrətli qələm sahiblərimizdən biri də Mir Cəlaldır.
Kommunizmin dünyanın başının üstünü qara kabus kimi aldığı bir vaxtda "bu it uşağı bolşeviklər" ifadəsini işlətməkdə özündə cəsarət və qeyrət tapmış, sayı barmaqla hesablanan yazıçılardan biri də Mir Cəlaldır.
Dinə qarşı mübarizənin tüğyan elədiyi bir dövrdə, ömrünün 26-cı baharında Məşədi İslam obrazını müsbət insan, qeyrətli kişi timsalında yaradan cəsarətli yazıçılardan biri və birincisi də Mir Cəlal idi.
Biri də... biri də... biri
də... Mir Cəlaldır...
Bəli, hələ
çox-çox incə mətləblərə, məsələlərə,
hadisələrə, konfliktlərə, mübarizə
qarşıdurmalarına... toxunmaq olar ki, onları milli ədəbiyyatımıza
ilk dəfə Mir Cəlal gətirib.
Bunlar barəsində ədəbiyyatşünaslıq
tariximizdə müxtəlif xarakterli araşdırmalar
aparılıb, müxtəlif bədii səpkilərdə
yazılıb, yazılır və yazılacaq da.
Hətta Mir Cəlalın həyat
və yaradıcılığına, onun sənətkarlıq
xüsusiyyətlərinə, roman, povest və hekayə
janrlarına gətirdiyi özəlliklərə ayrıca
monoqrafiyalar həsr olunub, olunur və olunacaq da.
Eləcə də filologiya elmimiz
Mir Cəlal yaradıcılığının estetik prinsiplərini,
dil-ifadə səciyyələrini, forma-məzmun prinsiplərini,
mövzu-problematika əhatəsini araşdırıb,
araşdırır və araşdıracaq da.
Lakin "Mir Cəlal və
teatr" mövzusuna, demək olar, toxunulmayıb. Halbuki milli səhnəmizdə
bir sıra problemlərin qabarıq verilməsi digər
qüdrətli qələm ustalarımızla yanaşı,
Mir Cəlalın adı, Mir Cəlalın
yaradıcılığı ilə də bağlıdır.
Bu baxımdan hətta deyərdim
ki, o, bir yazıçı olaraq badam ağacı kimi
zamanın qış çağında "çiçək
açmaqdan" çəkinməyib. Həqiqətə
işıq salmaq cəsarətinin və xalqa məhəbbətinin
fırtınalı harayını qələmə
aldığı mövzunun canına-qanına
hopdurmağı, ideyanı qabarıq verməklə incə mətləbləri
həssaslıqla sətiraltı mənalarda
canlandırmağı bacarıb. Həmin əsərlər
günü bu gün də mənəviyyatımızda ətir
saçan çiçək zərifliyindədir.
Ona da əminəm ki, bu
çiçəyin hər bir ləçəyindən
ayrılıqda söz açılacaq. Mir Cəlalın Azərbaycanın
müxtəlif teatrlarda hazırlanmış hər bir əsərinin
tamaşasının məzmun və dəyərləri
ayrıca tədqiq ediləcək.
* * *
Mir Cəlalın zəngin və
əlvan yaradıcılıq irsini toplum halında
"Ömür ağacından yarpaqlar" və yaxud
"Badam çiçəklərinin zərif ləçəkləri"
adlandırmaq olar.
Açıqlayıram.
İlk növbədə ona
görə ki, dünyaya gələn, Allah verən taleyi
yaşayan və əbədiyyətə qovuşan hər bir
insanın öz ömür ağacı var. Təbii ki, hər
ağacın da müxtəlif meyvələri olur.
İkincisi. Mir Cəlalın
ömür ağacı özü kökü-köməci ilə
əzəmətli və çoxşaxəlidir:
adı və soyadı
böyük hərflərlə yazılan insan Mir Cəlal;
nasir Mir Cəlal;
publisist Mir Cəlal;
dramaturq Mir Cəlal;
ədəbiyyatşünas-alim
Mir Cəlal;
nəhayət, pedaqoq Mir Cəlal.
Obrazlı şəkildə,
bəlkə də lirik-romantik duyğular qoynunda mən bu
şaxələri kövrək yarpaqlar və zərif ləçəklər
kimi səciyyələndirirəm.
* * *
Elə buradaca badam
çiçəkləri ilə bağlı bir həqiqəti,
kövrək və həzin, tirtrək və munis bir
reallığı oxucularıma çatdırmaq istəyirəm.
Mir Cəlalın
yaradıcılığına dərindən bələd
olanlar bilirlər ki, badam çiçəkləri bu dahi
yazıçının qələmində çox-çox
məqamlarda ətir saçıb. Hətta bu adda əsəri
də var.
Mir Cəlalı şəxsən
yaxından tanıyan həmməslək dostları onu da
söyləyirlər ki, yazıçı badam çiçəklərindən
söhbət açanda onun çöhrəsi də bəyazlaşırdı,
baxışları nurlu və ətirli badam
yağışına çevrilirdi.
Görəsən nəyə
görə?
Qüdrətli sənətkarın
oğlu, məşhur alim və diplomat Hafiz Paşayev söyləyir
ki, atam uşaq vaxtı çıxdığı doğma kəndi
Əndəbili bir daha görməyib. Bu həsrət, bu nisgil
həmişə onun qəlbində qövr eləyib.
İranda olanda qəti qərara gəldim ki, Təbriz
yaxınlığındakı Əndəbil kəndinə
gedim. Süni sədləri keçmək çətin də
olsa, getdim... Günəş bir boy qalxmışdı. Havadan
yazın ilıq nəfəsi təzə-təzə duyulurdu.
Kəndə çatanda heyrətdən donub qaldım.
Bütün kənd badam çiçəyinə
bürünmüşdü. Deyirdin bəs gəlin
köçən xanımdır. Elə oradaca, elə həmin
andaca bildim ki, atamın badam çiçəklərinə
ömürlük sevgisi haradan gəlirmiş.
Gördüyüm bu mənzərə atamın kövrək
uşaqlıq duyğularının bəmbəyaz
çiçək nəğmələri idi... Badam
çiçəkləri Mir Cəlalın 70 yaşında da
uşaq bakirəliyi ilə qorunan Vətən, yurd, doğma
ocaq sevgisi idi...
* * *
Mir Cəlal milli mədəniyyətimizə
yazıçı və ədəbiyyatşünas alim kimi
daxil olub. Filologiya elmləri doktoru, professor, əməkdar elm
xadimi idi.
1961-ci ildən
ömrünün sonuna qədər Azərbaycan Dövlət
Universitetinin (bugünkü Bakı Dövlət Universiteti) Azərbaycan
ədəbiyyatı tarixi kafedrasının müdiri işləyib.
1940-1970-ci illərdə filologiya elminə gəlmiş
şöhrətli alimlərin böyük əksəriyyəti
(məsələn, Firudin Hüseynov, Təhsin Mütəllimov,
Cəlal Abdullayev, Xalid Əlimirzəyev, İnayət Bəktaşi...)
Mir Cəlal alimlik məktəbinin yetirmələridir.
Ədəbiyyat və elm sahəsində
"Mir Cəlal" kimi tanınıb. Elmdə
qayğıkeşliyin, prinsipiallığın və
müdrikliyin timsalı kimi formalaşıb, şöhrətlənib
və sevilib.
Mir Cəlal!
Bu iki kəlmə görkəmli
bir insanın əzəmətli obrazı kimi
simvollaşıb.
* * *
Mir Cəlalın üç
cildlik seçilmiş əsərlərini Regionların
İnkişafı İctimai Birliyi çapa hazırlayıb.
Kitab "Çaşıoğlu" nəşriyyatında
işıq üzü görüb. Bəri başdan onu deyim
ki, cildlərin və mətnlərin bədii-estetik tərtibatına,
şriftlərdən tutmuş illüstrasiyaların çəkilməsinə
(rəssam Elçin Cabbarovdur) qədər bütün texniki
və bədii işlər yüksək peşəkarlıqla
görülüb. Cəsarətlə demək olar ki,
dünyada qəbul olunmuş kitab çapı mədəniyyətinin
bütün vacib səciyyələri Mir Cəlalın
seçilmiş əsərlərində özünün
yüksək peşəkarlıq təcəssümünü
tapıb.
Üçcildliyin tərtibçiləri
və redaktorları filologiya elmləri doktorları, professorlar
Nərgiz xanım Paşayeva və Təhsin Mütəllimovdur.
Ardıcıllıqla hər
cildin əvvəlində yazıçının "Dirilən
adam", "Bir gəncin manifesti" və "Yolumuz
hayanadır" romanları verilib. Hər cilddə romandan
sonra bu iri həcmli əsərlə təxminən eyni
dövrdə yazılmış hekayələr çap edilib.
Məsələn, birinci cilddə "Mərkəz
adamı", "Sara", "Bostan oğrusu",
"Ayaz", "Söyüd kölgəsi", ikinci cilddə
"Oğul", "Aqil", "Subaylıq fəlsəfəsi",
"Nazik mətləb", "Plovdan sonra",
üçüncü cilddə "Ərik ağacı",
"Ehtiram", "Möhür", "Kənd
"uşaqları", "Gülbəsləyən
qız"... və bu kimi yüksək bədii sənət
nümunələri olan hekayələr çap olunub.
Bu seçim, bu prinsip və
bu bədii düzüm ardıcıllığı çox məntiqlidir,
Mir Cəlal irsinin mahiyyət və məzmununa, dəyər və
fəlsəfi-estetik prinsiplərinə uyğundur.
Mir Cəlal haqqında, onun
çoxşaxəli yaradıcılığının
ayrı-ayrı incəlikləri barədə çox elmi-nəzəri
tədqiqatlar, məqalələr yazılıb, yazılır
və yazılacaq da. Üçcildliyin birinci cildi professor,
filologiya elmləri doktoru Nərgiz xanım Paşayevanın
"Yazıçı və zaman" məqaləsi ilə
başlayır.
Məqalə elmi sanbalı, ədibin
həyat və yaradıcılığı haqqında təzə
faktları, üslubu, səmimiyyəti və dil-ifadə zənginliyi
ilə diqqəti cəlb edir. Geniş mənada isə bu məqalə
Mir Cəlalın nəinki üçcildlikdə
toplanmış seçilmiş əsərlərinə, həmçinin
yazıçı-alimin bədii və elmi külliyyatına
çıraq tutur. Bu məqalədə Mir Cəlal müdrik
şəxsiyyət, qüdrətli alim, möhtəşəm
yazıçı və kamil filosof kimi təhlilə çəkilib.
Ədibin roman və hekayələrinin fəlsəfi dərinliyi,
psixoloji özəllikləri yüksək estetik meyarlarla,
xüsusi alim ehtiramı və nəzakəti ilə qələmə
alınıb.
Nərgiz xanım yazır
ki, Mir Cəlal "kölgədə bitən ağacın
kölgəsi olmaz" fikrini özünə sənət
devizi seçmişdi. Son dərəcə maraqlı və dəqiq
estetik-psixoloji təyindir. Bu prizmadan baxanda Mir Cəlal sənətinin
ənginlikləri daha aydın və daha füsunkar, daha lətafətli
və daha munis görünür.
Bu baxımdan professor Nərgiz
xanım Paşayevanın tezis şəklində söylədiyi
və qısaca şərhini verməyə
çalışdığı fikirlər əsl alim qənaətləridir.
Cəsarətlə deyirəm ki, həmin alim qənaətlərinin
hər biri ayrılıqda doktorluq səviyyəsində elmi
araşdırmalara mövzu ola bilər. Fikirlərimə
söykək üçün onlardan bir neçəsini diqqətə
çatdırmaq istəyirəm.
"Mir Cəlalın bənzərsiz
fərdi təbiəti, şəxsi xarakteri vardı".
"Böyük
gülüş ustaları olan Cəlil Məmmədquluzadənin
və Əbdürrəhim bəy Haqverdiyevin layiqli
davamçısı olan Mir Cəlalın satirik ədəbiyyatda
öz gülüşü vardı".
"Mir Cəlal
yaradıcılığında son dərəcə səmimi,
müdrik yumor aparıcıdır. Yumorlu kinayələrinin
misli yoxdur".
"Mir Cəlal lirik-romantik,
lirik-psixoloji, lirik-dramatik hekayənin də böyük
ustası idi".
"Mir Cəlalın bədii
qəhrəmanlarını yaşadan və yaşadacaq əsas
amil oradakı əsl sənət qüdrətilə
canlandırılmış insan xarakterləri və taleləridir!"
"Mir Cəlal Firudin bəy
Köçərlidən sonra Azərbaycan ədəbiyyatı
tarixini yazanlardan biri, professional Azərbaycan ədəbiyyatı
nəzəriyyəsinin ilk yaradıcısıdır".
"Mir Cəlal 1940-cı
ildə füzulişünaslığın təməlini
qoydu"...
Nərgiz xanım bu qəbil
fikirlərini Mir Cəlalın bir əsərinə
yazdığı epiqrafla və onun açması ilə
tamamlayır. "Bəzi ulduzlar kiçik olduqları
üçün yox, yüksəkdə olduqları
üçün görünmürlər". Bəli, Mir Cəlal
heç vaxt ləyaqət və şərəf
ucalığından, möhtərəmlik və müdriklik,
aqillik və kamillik, qüdsiyyət və ülviyyət zirvəsindən
enmədi.
* * *
Mir Cəlal
ömrünün müdrik çağlarında Fransada olub.
Bu səfərdən təəssüratlarını, orada
görüşdüyü insanlarla ünsiyyətlərinin səmimiliyini
"yol qeydləri" janrında yazdığı essedə
söz boyunbağısına düzüb. "Fransanın
yolları ilə" adlanan məqalə rus dilində
çıxan "Azərbaycan ədəbiyyatı"
("Literaturnıy Azerbaydjan") jurnalının 1961-ci il,
4-cü sayında çap olunub. Məqalədən
görünür ki, ədib Fransanın ictimai-siyasi və mədəni
tarixini çox dərindən bilirmiş. Fransanın Tulon,
Marsel, Kann, Nim, Nitsa şəhərləri, ilk növbədə
Paris, buradakı Luvr muzeyi, xiyaban və tarixi abidələr,
fransız xalqının zəngin mədəniyyəti barədə
səmimi duyğularını qələmin gücü ilə
vəsf edib. İnsan xoşbəxtliyinə xidmət edən
reallıqları qətiyyət və cəsarətlə qələmə
alıb. Bunlar hamısı öz yerində, çünki
oxuculara yaxşı məlumdur ki, Mir Cəlal qələmi
yalan və riyadan çox-çox uzaq idi. Burada başqa bir incə
mətləbə heyrətlənməmək mümkün
deyil.
Orta və yaşlı nəslə
yaxşı məlumdur ki, keçən əsrin
altmışıncı illərində kapitalist ölkəsinə,
xüsusən Fransa kimi məmləkətə səfərə
getmək çox müşkül məsələ idi.
Xüsusən də eyni ölkəyə ikinci dəfə getmək
və yaxud bu arzuda olmağı dilə gətirmək
özü təəccüblü səslənirdi. Qəribədir,
Mir Cəlal adıçəkilən essedə hiss və
duyğularını səmimi verməklə yanaşı,
yazısını "Əziz dostlar, görüşənə
kimi!" ifadəsi ilə bitirib.
Niyə "qəribədir"
sözünü işlətdim?
Bəli, bir sıra mətləblərdə
olduğu kimi, bu dəfə də Mir Cəlal fəhmi, Mir Cəlal
uzaqgörənliyi, Mir Cəlal arzusu yenə reallaşdı.
Reallaşdı, amma düz 47 il sonra. 2008-ci ilin dekabrında
Mir Cəlalın 100 illik yubileyi
* * *
Mir Cəlalın
yaradıcılığının əsas estetik səciyyələri:
dil-ifadə vasitələri
çox şirəli, təbii və mənaca tutumludur;
zəngin müşahidə
qabiliyyəti və onu bədii əsərdə məharətlə
ümumiləşdirmək səriştəsi vardı;
əsərlərinin
kompozisiyaları sadə və əlvandır. Roman və
povestlərində bu əlvanlığa monumental əzəmət
hakimdir;
həcmindən asılı
olmayaraq, əsərlərində qurduğu konflikt ictimai-sosial
məzmununa görə tutumlu, psixoloji cəhətdən
estetik məntiqlidir. Bu konfliktlərin dərinliyində fəlsəfi
zənginlik var və həmin zənginlik
çoxqatlıdır;
silsilə obrazlar toplusunda hər
personaj öz tipik xarakter səciyyələrinə malikdir. Ona
görə də Mir Cəlalın xarakterlər qalereyası
son dərəcə zəngin və əlvandır, parlaq və
canlıdır;
yazıçının əsərlərindəki
vətənpərvərlik ideyaları ideoloji cəhətdən
dürüst olmaqla yanaşı, güclü emosional-psixoloji
və bədii-fəlsəfi duyğularla süslənib;
dövrün vacib
ictimai-siyasi, mənəvi-əxlaqi problemlərinə toxunan
müəllifin fikirləri bəşəri duyğularla zənginliyi,
ülviyyət və qüdsiyyəti ilə həmişə
çağdaş səslənir;
tarixi mövzulardan bəhs edən
əsərlərində real və sərt, mürəkkəb
və təzadlı görünən həqiqətləri bədii
həqiqətdə ustalıqla təcəssüm etdirib. Onun
tarixi romanları bəhs etdiyi dövrə apaydın ayna tutan
bədii salnamə yüksəkliyindədir;
Mir Cəlalın
ayrı-ayrı əsərlərindəki bədii qənaətləri
həmişə sərt reallıqdan, müdrik
yazıçı təxəyyülünün qanadlı zənginliyindən
şirələnib;
Mir Cəlal insanların fərdi
psixoloji münasibətlərinin pəncərəsindən bəşəri
problemlərə çıraq tuta bilib. Bir fərdin mənəvi-əxlaqi,
sosial-ictimai problemi bədii dəyərlərinə görə
xalqın problemi səviyyəsinə qaldırılıb;
Mir Cəlal milli ədəbiyyatımızda
"kiçik adam" problemini öz əsərlərində
Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy
Haqverdiyev ənənələrinə sədaqətlə və
tamamilə yeni baxım bucağından daha da
canlandırıb;
Mir Cəlal vətən həsrəti,
vətən nisgili problemini milli ədəbiyyatımızda
yeni kontekstdə və təzə ictimai-sosial baxım
bucağından işləyib.
* * *
Mir Cəlalın elmi fəaliyyətinin
başlıca nəzəri-estetik səciyyələri:
milli irsin klassik nümunələrinə
dərindən bələdliyi vardı və onlara ülvi məhəbbətlə,
yeni və orijinal baxım bucağından yanaşırdı;
tədqiqat zamanı gəldiyi
elmi qənaətlərini bütün parametrlərdən
sübuta yetirməkdə israrlı və müdrik
görünür;
elmdə "Mir Cəlal məktəbi"
yaradıb və onun sanballı elmi-nəzəri prinsiplərini,
poetika səciyyələrini formalaşdırıb;
"Mir Cəlal məktəbi"nin
üç əsas şərti bu gün də
özünün elmi dəyərini, estetik mahiyyətini və
nəzəri gücünü itirməyib:
a) elmi prinsipiallıq;
b) opponentlə mübahisə
mədəniyyəti;
c) qənaətlərini təsdiqləməkdə
idraki əzəmət.
* * *
Mir Cəlalın əsas
insani keyfiyyətləri:
daxilən kübar, nurlu,
çöhrəsi işıqlı idi;
cəmiyyətdəki
davranışlarında, insanlara münasibətlərində
möhtəşəm bir bəyzadəlik vardı;
həssas olduğu qədər
də səmimi və mehriban idi;
lap gənc yaşlarından
ağsaqqal müdrikliyi ilə istedadlı tələbələrinə
dayaq durub;
cəmiyyətin bütün
təbəqələrində müdrik davranış tərzi
ilə ucalıqda dururdu;
hələ
sağlığında öz timsalında, həyat
amalında aşağıdakı fenomenlərini yaradıb:
"Mir Cəlal
kişiliyi!"
"Mir Cəlal mərdliyi!"
"Mir Cəlal müdrikliyi!"
"Mir Cəlal dəyanəti!"
"Mir Cəlal səmimiyyəti!"
"Mir Cəlal
paklığı!"
"Mir Cəlal
insanlığı!"...
Adi bir oxucu kimi sevinirəm
ki, bu müqəddəs mənəvi-əxlaqi keyfiyyətlərdən
mənə də pay düşüb. Bu qismətin hərarəti
və işığı, nuru və paklığı ilə
Mir Cəlal fenomeni qarşısında ehtiramla baş əyib,
yazıma nöqtə qoyuram.
İlham Rəhimli,
sənətşünaslıq
doktoru,
professor
Azərbaycan.-2009.-25 fevral.-S.8.