Bu torpağın altı da
qızıldır, üstü də...
Gədəbəydə
ötən ilin yekunlarına həsr olunmuş toplantıda
maraqlı bir fakt səsləndi - bir neçə aydan sonra
dağlar qoynunda qızıl zavodunun istifadəyə verilməsi
gözlənilir. Bu həmin obyektdir ki, əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuşdu. Ölkə başçısı İlham Əliyev
isə Gədəbəyə səfəri zamanı Beynəlxalq
Mədən Əməliyyatı şirkətində ərazini
seyr etmiş, yatağın iş planı, filiz nümunələri
ilə tanış olmuş, kollektivə uğurlar
arzulamışdı. İldə 1,5 milyon ton qızıl
filizi istehsal edə biləcək zavodun fəaliyyətə
başlamasına az qalır. Bununla da Gədəbəyin
quruculuq tarixinə yeni səhifələr yazılacaqdır.
Rayonda iqtisadiyyatın hər
sahəsində uğurlu işlər gedir. Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrası ilə başlanan yüksəliş xətti getdikcə
yeni vüsət alır. Keçən il 177,4 milyon manat
ümumdaxili məhsul istehsal edilmişdir ki, bu da əvvəlki
ildə olduğundan 16,7 faiz çoxdur. Rayon üzrə orta
aylıq əmək haqqı son beş ildə beş dəfə
artmışdır. Hesabat dövründə bitkiçilik,
xüsusən kartofçuluq sahəsində və
heyvandarlıq üzrə daha çox fərəhli işlər
görülmüşdür.
İndi ilin yekunları təhlil
olunur, yeni ilin vəzifələri və onun icrası
yolları müəyyən edilir. Bu mühüm məsələyə
həsr olunmuş rayon toplantısında RİH-in
başçısı Kamran Rzazadənin geniş və ətraflı
məruzəsi dinlənildi. Sonra ayrı-ayrı idarə və
müəssisə rəhbərləri, müxtəlif peşə
sahibləri çıxış etdilər. Yekdilliklə qeyd
olundu ki, qazanılan hər bir nailiyyət Azərbaycanı
inkişaf yoluna çıxartmış ümummilli liderimiz
Heydər Əliyevin yolunu uğurla davam etdirən ölkə
başçısı İlham Əliyevin inamla yeritdiyi dinamik
yüksəliş siyasətinin bəhrəsidir.
Gədəbəy camaatı
işgüzar, əməksevərdir. Dağlar qoynunda, necə
deyərlər, daşdan da çörək çıxara
bilirlər. Xüsusən maldarlıqda və kartofçuluqda
illər boyu zəngin təcrübə qazanıblar. Amma
Prezident İlham Əliyevin 2006-cı ildə rayona səfərindən
sonra bu yerlərdə, sözün tam mənasında, yüksəlişin
yeni mərhələsi başlandı.
İstər məruzədə
və istərsə də natiqlərdən əmək veteranı
İkram Məmmədovun, Novosaratovka kənd məktəbinin
müəllimi Qalina Əliyevanın, Aqroservisin direktoru Novruz
Mürsəlovun və başqalarının
çıxışlarında kənd təsərrüfatının
inkişafına dövlətin dəstəyindən minnətdarlıqla
danışıldı. Gədəbəyin torpaq sahibkarları
bu qayğı və diqqətdən müntəzəm surətdə
bəhrələnirlər. Məhsul
istehsalçılarına hər sahədə kömək
göstərilir. Prezidentin kənd təsərrüfatı məhsullarının
istehsalçılarına dövlət dəstəyi
haqqında 23 yanvar 2007-ci il tarixli sərəncamı və
2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı
müasir kəndi dirçəldib ayağa qaldırır. Hər
il torpaq sahibkarlarına 50 faiz güzəştlə gübrə,
yanacaq və mator yağı verilir. Təkcə bu hesaba gədəbəylilər
il ərzində 100 min manatdan çox yardım alıblar.
Elə bu qayğı və
köməyin nəticəsidir ki, rayonda ötən il məhsul
istehsalı xeyli artıb. Sahələrdən 200 min ton kartof
yığılıb ki, bu da əvvəlki illərdəkinə
nisbətən xeyli çoxdur. Bununla yanaşı toplantı
iştirakçıları gileyləndilər ki, min zəhmət
bahasına yetişdirilən məhsulun xeyli hissəsi
yığılıb evlərdə qalır. Torpaq
sahibkarları ikinci çörək sayılan kartofun tədarükü
və satışı ilə əlaqədar respublika səviyyəsində
müəyyən tədbirlərin görülməsinin
vacibliyini deyirlər.
Yığıncaqda belə
bir haqlı irad da səsləndi. Gədəbəy ən
böyük qoyunçuluq rayonlarından sayılır. Bu yerlər
məşhur dağ merinosunun vətənidir. Ənənə
davam edir. Mal-qaranın sayı ilbəil artır. Hazırda
dağlar qoynunda 80,6 min baş qaramal və 344 min baş
qoyun-quzu bəslənilir. Təkcə Dəyəqaramurad kəndində
mal-qaranın sayı 10 min başa çatır ki, bu da sovet
dövründə bütövlükdə rayon üzrə
olduğundan çoxdur. Qoyun-quzu əsasən
Ceyrançöldə qışlayır. Amma uzun illər Gədəbəy
rayonunun istifadəsində olan Ceyrançölün
qış otlaq sahəsi 2006-cı ildə Tovuz rayonuna
verilmişdir. Gədəbəylilər bu uyğunsuzluğun
aradan qaldırılmasını istəyirlər.
İqtisadiyyatın yüksəlişinə təkan verən amillərdən biri də özəl sektorun sürətli inkişafı ilə bağlıdır. Sahibkarlara münbit şərait yaradıldıqca onların fəaliyyət dairəsi genişlənir, məhsul istehsalı artır, gəlir, qazanc çoxalır. Təkcə son bir neçə il ərzində 182 sosial obyekt istifadəyə verilmişdir. Özəl sektorda sənaye məhsulunun istehsalı da getdikcə artır. Nəticədə büdcəyə daxilolmaların həcmi çoxalır. Keçən il yerli mənbələrdən büdcəyə 2 milyon manat vəsaitin gəlməsi gözlənilirdisə, ilin sonunda bu rəqəm təqribən 3 milyona çatdı. Başqa sözlə, nəzərdə tutulduğundan təqribən 1 milyon manat çox vəsait yığıldı.
Gəlir, qazanc artdıqca, quruculuq, abadlıq işlərinin miqyası da genişlənir. Dövlətin vəsaiti hesabına tikilən obyektlər bir yana, sahibkarlar da bu quruculuq işlərində fəal iştirak edirlər. Ayrı-ayrı iş adamları tərəfindən rayon mərkəzi ilə 15 kəndi birləşdirən Kiçik Qaramurad çayı üzərində 60 metr uzunluğunda körpü tikilmiş, Ağamalı və Qoşabulaq kəndlərindəki körpülər əsaslı təmir edilmiş, Slavyanka-Qoşabulaq yolunda cari təmir işləri aparılmışdır.
2008-ci il ümumən rayon üzrə abadlıq və quruculuğun yeni mərhələsi kimi əlamətdar olmuşdur. Ölkə başçısı İlham Əliyevin tövsiyəsi ilə Şəmkir-Gədəbəy yolunun yenidən qurulması demək olar ki, başa çatdırılıb. Küçələrə, yollara asfalt döşənib, sərhəd bölgəsindəki kəndlərə təbii qaz xətti çəkilib, bir sıra ictimai binalar və sosial obyektlər istifadəyə verilib. Xüsusən təhsil, səhiyyə, mədəniyyət ocaqları yenidən qurulur. Son illər 23 yeni məktəb binası tikilib, 24 bina əsaslı təmir olunub, 32 məktəbdə əlavə sinif otaqları istifadəyə verilib.
Eyni zamanda, akademik Zərifə Əliyeva adına Mərkəzi Rayon Xəstəxanasında genişləndirmə işləri aparılıb, Rüstəm Əliyev kənd xəstəxanası müasir avadanlıqla təchiz olunub, Qoşabulaq, Slavyanka, Düz Rəsullu, Novosaratovka kənd sahə xəstəxanaları əsaslı təmir edilib. Mədəniyyət obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də müəyyən işlər görülüb. Qaraməmmədli və Zəhmət kənd mədəniyyət evləri bərpa olunub, musiqi məktəbləri və kitabxanalar üçün yeni avadanlıqlar alınıb. Həmçinin müasir üslubda yenidən qurulmuş mərkəzi şəhər stadionu və Novosaratovka kəndindəki mini-futbol meydançası gənclərin ixtiyarına verilib.
Yerlərdə telekommunikasiya və rabitə obyektlərinin inşası sahəsində də xeyli işlər görülüb. Rüstəm Əliyev, Slavyanka, Ağamalı, Nərimankənd, Samanlıq, Qoşabulaq kəndlərində və başqa yerlərdə elektron avtomat telefon stansiyaları quraşdırılıb. Cari ildə isə daha 9 kənddə müasir tipli elektron ATS-in inşası nəzərdə tutulub.
Son vaxtlar Gədəbəydə inzibati binaların inşasına diqqət xeyli artırılıb. Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi üçün müasir quruluşlu inzibati bina tikilib. Maliyyə idarəsi və prokurorluq üçün yeni binalar isə inşa edilir. Bununla yanaşı, Qarabağ əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının inşasına başlanılıb. Bir sözlə, rayonda abadlıq və quruculuq işləri davam edir.
Tənqid və özünütənqid şəraitində keçən toplantıda vətəndaşların ərizə və şikayətinə, arzu və təkliflərinə baxılması vəziyyəti də ətraflı təhlil edildi. Bu sahədə sistemli surətdə müəyyən işlərin görülməsinə baxmayaraq, ayrı-ayrı qəsəbə və kəndlərdən respublika təşkilatlarına xeyli müraciət daxil olur. Qeyd edildi ki, ərizə və şikayətlərin əksəriyyəti torpaq məsələləri, təbii fəlakət nəticəsində dəymiş ziyanla əlaqədar yardım tələbi, məhkəmə qətnamələrinin icra olunmaması, mənzil məsələsi, ünvanlı sosial yardım, əmək haqqı və iş tələbi, enerji, qaz və su təchizatı və s. ilə bağlıdır. Toplantıda əhalinin həyat şəraiti ilə bağlı olan bu mühüm məsələlərə diqqətin daha da artırılmasının və hər bir müraciətə qayğı ilə yanaşılmasının vacibliyi xüsusi vurğulandı.
Toplantının sonunda ölkə başçısı İlham Əliyevə müraciət qəbul olundu.
Azərbaycan.-2009.-25
fevral.-S.10.