Əfsanəvi futbolçumuz yad edildi

 

Fevralın 23- Azərbaycan dünya futbolunun ən görkəmli nümayəndələrindən biri Anatoli Banişevskinin anadan olmasının 63 ili tamam olmuşdur. Bu münasibətlə AFFA rəhbərliyi, ölkə futbol ictimaiyyətinin nümayəndələri veteran futbolçular mərhum idmançının məzarını ziyarət edərək qəbirüstü abidəsinin önünə əklil qoymuşlar.

İlk olaraq AFFA İcraiyyə Komitəsinin üzvü, professor Ələkbər Məmmədov çıxış edərək A.Banişevskinin futbolçu karyerası, həmişə "Neftçi" klubuna sadiq qalması barədə danışıb, mərhum futbolçu ilə bağlı xatirələrini yada salmışdır. AFFA-nın baş katibi Elxan Məmmədov Banişevskinin Azərbaycan futbolu tarixində əhəmiyyətli yer tutduğunu bildirib onun əziz xatirəsinin həmişə böyük hörmət hissilə anılacağını söyləmişdir. Sonra Regional Futbol Federasiyalarının prezidenti İskəndər Cavadov, RFF-in vitse-prezidenti Maşallah Əhmədov, futbol veteranları Siyavuş İbrahimov, Oqtay Abdullayev, Səmədağa Şıxlarov, Nazim Süleymanov başqaları çıxış edərək Anatoli Banişevski ilə bağlı xatirələrini yada salmış, onun parlaq xatirəsinin futbolsevərlərin yaddaşından heç zaman silinməyəcəyini söyləmişlər.

 

 

Azərbaycan.-2009.-25 fevral.-S.12.