Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı
ilə bağlı dinləmələr keçirilmişdir
Fevralın 25-də Türkiyə
Böyük Millət
Məclisində (TBMM) Xocalı
soyqırımı ilə
bağlı dinləmələr
keçirilmişdir.
TBMM-nin sədr müavini Eyyub Gülpinarın sədrliyi ilə keçirilən geniş iclasda Türkiyə-Azərbaycan
Parlamentlərarası Dostluq
Qrupunun sədri Mustafa
Kabakçı əvvəlcə
türk dünyasının
böyük şairi Bəxtiyar Vahabzadəyə
Allahdan rəhmət diləmişdir.
Mustafa Kabakçı
çıxışına erməni jurnalistinin "Xaç naminə" kitabından sitatla başladı. Kitabda bildirilir ki, "Kaplan"
adlanan və cəsədlərin yandırılması
ilə məşğul
olan erməni qrupu martın 2-də 100 azərbaycanlının meyitini
Xocalının 1 kilometr
qərbində bir yerə gətirdi. Sonuncu yük maşınında 10 yaşlı
bir qız uşağı gördüm.
Başından və əlindən yaralı idi, üzü göyərmişdi. Soyuğa,
aclığa və yaralarına rəğmən
hələ sağ idi. Gözlərini ölüm qorxusu sarmışdı. Elə
bu zaman, Tiqranyan familiyalı bir əsgər onu cəsəd qalağının üzərinə
atdı. Sonra bütün cəsədləri
yandırdılar. Sanki yanan
cəsədlər arasından
bir fəryad eşitdim. Əlimdən bir şey gəlmirdi
və mən Şuşaya qayıtdım.
Onlar isə xaç naminə müharibəyə davam etdilər".
Bu qorxunc
vəhşətin hətta
erməni jurnalistində
də vicdan əzabı doğurduğunu
qeyd edən Mustafa Kabakçı faciənin
qurbanlarına Allahdan rəhmət dilədi və 17 il keçməsinə
baxmayaraq, onların yaxınlarına dərin hüznlə başsağlığı
verdi.
Mustafa Kabakçı
əlavə etmişdir
ki, Türkiyənin parlamentariləri Xocalı
soyqırımının dünya
parlamentlərində gündəmə
gəlməsini və
Ermənistanın işğal
altında olan Azərbaycan torpaqlarından
çəkilməsini, 1 milyona
yaxın qaçqın
və məcburi köçkünün doğma
yurd-yuvalarına qayıtmasını
daim izləyəcəklər.
İzmirdən olan millət vəkili Şenol Bal çıxışında
bildirmişdir ki, Xocalı soyqırımı
türk dünyası
və Azərbaycan üçün ən faciəli qətliam olmaqla yanaşı, insanlıq tarixində qara bir ləkədir.
Bildirdi ki, beynəlxalq insan haqları təşkilatlarının
hesabatlarına görə,
Xocalıda şəhid
olan mülki insanların sayı 613 nəfərdir. 487 nəfər
ağır yaralanmış,
1275 nəfər isə
əsir alınmışdır.
Təxminən 150 nəfər
hələ də itkin düşmüş sayılır. Aparılan araşdırmalar nəticəsində
bir çox cəsədin yandırıldığı,
hamilə qadınların
qarınlarının yarıldığı,
qətlə yetirilən
insanların gözlərinin
çıxarıldığı, cəsədlərin tanınmaz
hala salındığı
müəyyən olunmuşdur.
Əslində, ermənilərin
xarici havadarlarının
yardımı ilə Azərbaycan xalqına qarşı törətdikləri
qətliamlar 200 ildir davam edir. 1915-ci, 1918-ci və 1920-ci illərdə
yüz minlərlə
azərbaycanlı qətlə
yetirilmiş və yaxud doğma torpaqlarından didərgin
salınmışdır. Bugünkü
Ermənistan sərhədləri
daxilindəki torpaqlardan
ən az 250 min azərbaycanlı yurd-yuvalarını
tərk etmişdir. İndi də Ermənistan tez-tez atəşkəs rejimini pozur, beynəlxalq hüquq normalarına məhəl qoymayaraq işğalçı siyasətini
davam etdirir.
Xanım Şenol
Bal daha sonra demişdir ki, Türkiyə Fələstin
və Qəzzədəki
qətliamlara qarşı
öz qəti mövqeyini bildirmişdir.
Ancaq bu qətiyyətin daha güclüsünü Azərbaycan
türklərinə ermənilərin
apardıqları soyqırımına
qarşı da göstərilməsini arzu
edirəm. Türkiyə-Ermənistan
əlaqələrinin normallaşması
və sərhədlərin
açılması üçün
3 şərt yerinə
yetirilməlidir. Ermənistan
Türkiyənin ərazi
bütövlüyü və
sərhədlərini tanıdığını
dünya ictimaiyyəti
qarşısında bəyan
etməli, "soyqırımı"
iddialarına son qoymalı
və BMT qətnamələrinə
uyğun olaraq, işğal etdiyi Azərbaycan torpaqlarından
qeyd-şərtsiz çəkilməlidir.
Daha sonra söz alan millət
vəkili Rəşat Doğru demişdir ki, Xocalı
soyqırımı qurbanlarının xatirəsini anma
günü ərəfəsində TBMM-ə bir qanun layihəsi
barədə təklif təqdim etmişdir. Məqsəd
Türkiyədə soyqırımı qurbanlarının xatirəsini
anma gününün elan olunmasıdır. Mən, bu qanun
layihəsinin müzakirə olunmasını və nəticədə
Xocalı qətliamı qurbanlarının xatirəsini anma
gününün rəsmi şəkildə elan
olunmasını istəyirəm. Qardaş Azərbaycan
xalqı bununla bağlı Türkiyədən bir addım
gözləyir və bu istəklər mənim Azərbaycan
televiziya kanallarına dəvətlərim zamanı tez-tez
vurğulanmaqdadır.
Azərbaycan.-2009.-26 fevral.-S.1.