Xocalı soyqırımı
ermənilərin türk
dünyasına qarşı
törətdikləri cinayətlərin
ən dəhşətlisidir
Fevralın 25-də Beynəlxalq
Humanitar Yardım üzrə Respublika Komissiyası, İstanbul Beynəlxalq Qardaşlıq
və Yardımlaşma
Dərnəyi beynəlxalq
humanitar təşkilatının
Azərbaycandakı Nümayəndəliyi
və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xocalı soyqırımının ildönümü
ilə əlaqədar
anma mərasimi keçirmişlər.
"Xocalı
qan yaddaşımızdır"
devizi altında təşkil olunmuş tədbirdə Xocalıdan
olan şəhid ailələri, Milli Məclisin deputatları, müxtəlif dövlət
qurumlarının nümayəndələri,
Azərbaycanda və Türkiyədə fəaliyyət
göstərən bir
sıra ictimai təşkilatların təmsilçiləri,
jurnalistlər iştirak
etmişlər.
Əvvəlcə şəhidlərin xatirəsi
bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyənin himnləri səsləndirilmişdir.
Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Dövlətqaçqınkomun
sədri Əli Həsənov, Türkiyənin
Bakıdakı səfirinin
birinci müavini Erkan Özoral, Milli Məclisin deputatları - Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin prezidenti
Novruz Aslanov və Elman Məmmədov,
Xocalı Rayon İcra
Hakimiyyətinin başçısı
Şahmar Usubov, Nümayəndəliyin baş
məsləhətçisi Ahmet Tecim, gənclər
və idman nazirinin müavini İntiqam Babayev, Prezidentin İcra Aparatının məsul əməkdaşı Rasim
Mirzəyev çıxış
etmişlər.
Natiqlər Xocalı
faciəsini ermənilərin
son iki yüz il ərzində
azərbaycanlılara qarşı
törətdikləri cinayətlərin
ən dəhşətlisi,
bütün türk dünyasına qarşı
terror aktı adlandırmışlar.
Xatırlatmışlar ki,
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə erməni silahlı qüvvələri
keçmiş sovet ordusunun 366-cı motoatıcı
alayının köməyi
ilə bu qədim Azərbaycan şəhərində 613 nəfər
dinc sakini qətlə yetirmişlər.
487 nəfər yaralanmış, 1275 xocalılı
əsir, 155 nəfər
isə itkin düşmüşdür. Xocalıda ermənilər faşistlərdən
də qəddar hərəkət etmiş,
bir gecədə bütöv bir şəhəri yer üzündən silmişlər.
Xüsusi vurğulanmışdır
ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra
Xocalı soyqırımı
barədə həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması üçün çox iş görülmüşdür.
Hazırda bu iş Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 2009-cu il
Azərbaycanda və Türkiyədə Xocalı
ili elan olunmuşdur. Bu çərçivədə
tədbirlərin keçirilməsində
və ümumiyyətlə,
faciə ilə bağlı fotoşəkillərin,
sənədlərin, kitab
və albomların hazırlanması və dünyada yayılmasında
Heydər Əliyev Fondunun müstəsna rolu vardır.
Çıxış edənlər bildirmişlər
ki, Xocalı soyqırımı qurbanlarının
xatirəsi heç vaxt unudulmayacaq, XX əsrin bu dəhşətli
faciəsi barədə
həqiqətlər gələcək
nəsillərə çatdırılmalı,
dünyada daha geniş yayılmalıdır.
Mərasimin sonunda 150 şəhid ailəsinə ərzaq bağlamaları verilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-26 fevral.-S.2.