Heydər Əliyev: "Amansızlığına, vəhşiliyinə, kütləviliyinə törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq"

 

"Böyük Ermənistan" xülyasını Azərbaycan torpaqları hesabına reallaşdırmaq istəyən ermənilər tarix boyu xalqımızın başına olmazın müsibətlər gətirərək, saysız-hesabsız faciələrə bais olmuşlar. 1988-ci ildən başlayaraq öz mənfur siyasətlərini yeni mərhələyə keçirən faşizm ideologiyasına bürünmüş ermənilər xaricdəki havadarlarının köməyi ilə Dağlıq Qarabağ onun ətrafındakı 7 rayonu işğal etmiş, minlərlə dinc azərbaycanlını qətlə yetirmişlər. Öz çirkin ideologiyasını həm azərbaycanlıları bir millət kimi Yer üzündən silməklə həyata keçirməyi qarşısına məqsəd qoymuş Ermənistan hökuməti 1988-1994-cü illərdə insanlıq tarixinə qara ləkə olan onlarla faciəyə rəvac vermişdir. Onsuz da tarix boyu dəfələrlə acı günlər yaşamış Azərbaycan xalqı 17 il bundan əvvəl, 1992-ci il fevralın 26-da bu faciələrdən ən dəhşətlisi ilə üzləşdi. 366-cı motoatıcı alayın köməyi ilə Dağlıq Qarabağda azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edən erməni silahlı birləşmələri 613 nəfərin həyatına vəhşicəsinə son qoydular. Əsasən qocalar, qadınlar uşaqlar gözləri oyulmaqla, başlarının dəriləri çıxarılmaqla, bədən əzaları kəsilməklə, eləcə digər tükürpədici üsullarla qətlə yetirildilər. 1275 nəfər isə girov götürüldü, şəhər Yer üzündən silindi. Amma bu faciə xalqımızın iradəsini qıra bilməmiş, əksinə, onu daha da mətinləşdirmişdir.

Ümummilli lider Heydər Əliyev hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaşmışdır. Heydər Əliyev hər il faciənin ildönümündə keçirilən matəm mərasimlərində iştirak etmiş, Xocalı soyqırımını kədər hissi ilə xatırlamışdır. Xocalı faciəsini Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsil siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz eyni zamanda xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir.

Hələ on dörd il əvvəl - 1995-ci il fevralın 25-də Xocalı faciəsinin 3-cü ildönümü ilə bağlı M.Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən tədbirdə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev bu faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini bildirmişdir. 

 

 

Azərbaycan.-2009.-26 fevral.-S.3.